Azərbaycansayağı satınalma
14-04-2016, 15:58
Bir neçə gün bundan öncə internetdə bir imkanlı həmyerlimizin erməni əsgərlərinə pul müqabilində təslim olmaq təklifinə rast gəldim. Feysbukda o xəbərə hətta ikrahla bir-iki cümləlik şərh də yazdım. Bu fikrə etiraz edən də oldu, dəstəkləyən də. Etiraz edənlərin arqumenti bu idi ki, erməniyə veriləcək həmin pulu şəhid ailəsinə versinlər. Etiraz eləmirəm, amma niyə həmin pulu? Qoy elə şəhid ailəsinə də pul versinlər, təslim olmaq üçün erməni əsgərinə də. Razılaşaq ki, əgər bir dənə də olsun erməni əsgəri təslim olarsa, bu bizlərdən də kiminsə şəhid olmamağı deməkdir. Əgər hardasa insan ölümünə yol verməmək şansı varsa, bu şansdan istifadə etmək lazımdır.
Mən özüm Birinci Qarabağ döyüşü veteranıyam. Ölüm haqqında ordan-burdan eşitməmişəm, yanımda snayper gülləsindən başı dağılmış silah yoldaşımdan tutmuş, döyüş meydanında can verən erməni və azəri əsgərlərini gözümlə görüb ürəyimlə ağlamışam. Təkcə ölənlərin halına deyil, onların yaxınlarının vəziyyətini göz qabağına gətirərək necə iztirab çəkəcəklərini bildiyimə görə. Kim olursa-olsun, hətta heyvanın belə ölümünə və onların yetim qalan balalarının halına çox kədərlənirəm. Ona görə də ölümün qarşısını ala biləcək hər hansı bir ideyanı dəstəkləyirəm. O cümlədən, həm cənab prezidentimizin stol arxasında oturub danışıqlar aparmasını, bu danışıqlar nəticəsində bircə belə kənd alınacaqsa, qoy olsun, çünki həmin kəndi almaq üçün insanlar ölməyəcək, həm də imkanlı həmyerlimizin pulla azərbaycansayağı satınalma ideyasını, çünki bu zaman erməni əsgərinin heç olmasa, kimisə öldürməyəcəyinə görə. Axı erməni əsgəri də bizimkilərə noxud atmır, güllə atır. Mən heç cür azərbaycanlı əsgərinin qeyrətinə, cəsarətinə və bacarığına şübhə etmirəm, sadəcə imkan varsa ki, bu işi ölümsüz həll edək, niyə də bu şansdan bəhrələnməyək?
Əsil güc ağlın gücüdür, qolun, ya silahın yox. Əgər kimsə Brüs Linin kinosunda döyüşmək üçün bir adaya yarışmaya gəmi ilə gedərkən özünü öyən bir döyüşçünün gəmidən düşürdərək pərt edib davasız qalib gəldiyini xatırlayırsa, mənim nə demək istədiyimi anladı.
İndi keçək satınalma məsələsinə. Doğrusun deyim ki, bu ideya bəlkə beş ildir ki mənim beynimdə fırlanırdı. Amma heç cür bunu kimə və necə çatdırmağı bilmirdim. Mən bu ideyanı az qala detallarına qədər cözmüşəm. Gecələr səhərə qədər yata bilmirdim, hər dəfə cəbhədən şəhid xəbərini alanda, Minsk qrupunun turistlərinin nəticəsiz danışıqlarının televiziya görüntülərini görəndə, yatağımda Qarabağı almağın daha hansı yolu ola bilər sualı ilə uyumağa çalışanda Allaha yalvarırdım ki, bizə bir yol göstərsin. Beləcə illər öncə əvvəlcə bu ideyanı verən həmyerlimiz kimi, ağlıma alqı-satqı məsələsi gəldi. Ona görə yox ki, mən də bir azərbaycanlı kimi bu xəstəliyə yoluxmuşam. Sadəcə millətimizin xüsusiyyətlərini araşdırıb, məhz bu variantın daha uğurla həyata keçirilə biləcəyini bildiyim üçün. Axı bütün dünyada həm bizim alqı-satqı sahəsində uğurlarımız (göyərtidən tutmuş neftə qədər), həm də dünya güclərinin məhz bu davadan nəsə maddi bir şey umduqları göz qabağındadır. Bunu heç kim dana bilməz.
Mən istərdim ki, bu plan imkanlı adamlara çatdırılsın və bu işə bir nəfər yox, 1000 nəfər qoşulsun. Açıq Səhmdar Cəmiyyət kimi. Buna təxminən 50 milyard pul lazımdır. Adama 50 milyon dollar pul düşür, elə də çox deyil. Bizdə belə adamlar, məmurlar ordusu, Azərbaycanda və ondan kənarlarda biznesmenlər ordusu və s. çoxdur. Sadəcə səmimi əməkdaşlıq edib bir-birimizin ayağını dartmadan bunu təşkil etmək lazımdır. Kimsə milyard, kimsə 5-10 milyon qoya bilər. Sonra da bu pulun müqabilində Zəngəzurun qubernatoru və ya Ağdərənin İcra başçısı olmaq olar. Ya da hər hansı bir zavod-fabrik sahibi olmaq olar. Elə bilin ki, mən sizə biznes-plan yazıram. Bu pulun 20 milyardı Rusiya dövləti üçün, 20 milyardı ermənilər üçün, 10 milyardı da ABŞ və Avropa Birliyindəki Qarabağ məsələsindən yararlanmaq istəyənlər üçün. Yadınızdadırsa, Ermənistana 5 rayonumuzu qaytarmaq üçün internetdə qeyri-rəsmi 5 milyard dollar pul təklif edilmişdi və həmin təklifə də qeyri-rəsmi 5 deyil, 10 milyard dollar istənilmişdi və söhbət orda da bağlanmışdı. Demək, onlar da pul istəyirlər və pula görə ermənilər Ermənistandan hara desən, hətta Rusiyaya da köçərlər. Bəli, bəli, erməniləri Rusiyaya köçürmək. Bu, yaxşı biznesdir. Bundan Rusiya da udacaq, Azərbaycan da, ermənilər də, ABŞ və Avropa da.
“Satınalma” biznes-planı belədir.
1) Rusiya ilə danışıb uzaq Sibirdə tən ortada indiki Ermənistanın sahəsi qədər torpaq sahəsi almaq. O torpaqlar onsuz da istifadə olunmur və meşə-taxta, faydalı qazıntılar və s. bizneslər üçün əlverişli yerlərdir. Bildiyimə görə orda boşalmış şəhər və kəndlər də var. Rusiya üçün bu yerlərin məskunlaşması, biznes qurulması və dövlətə xeyir gətirilməsi vacib məsələlərdəndir.
2) Əvvəlcə Qarabağdakı ermənilər üçün (birinci hərbçilər üçün) təkliflər tərtib olunur, təyyarələrdən onlar üçün səpələnir (hamıda internet yoxdu axı, həm də vərəqlər təslim üçün rəsmi bir sənəd olacaq. Dünya buna etiraz etməyəcək, adam öldürmürük ki). Təkliflərdə aşağıdakılar nəzərdə tutulacaq.
a. Qarabağda təslim olan hər əsgərə 5000 dollar, aşağı ranq zabitlərə 10000 dollar, yuxarı ranq zabitlərə 50000 dollar, generallara 100000 dollar təklif olunur.
b. Əgər zabit tabeçiliyində olanları da özü ilə gətirib təslim edirsə, onda ona əlavə hər əsgərə və zabitə görə 2000 və 5000 dollar ödənilir. İndi hesablayın görün general öz ordusunu təslim edərsə, nə qədər qazanar? Çox cəlbedici təklifdi. Bir də ki, bu hərbçilər bizə əsir düşmürlər ki. Biz onlara daha yaxşı həyat təklif edərək 3-cü tərəfə ötürürük.
c. Pullar ələ verilmir, Rusiya banklarında hesab açılıb ora köçürülür. Amma əvvəlcə erməni hərbçiləri Rusiya ərazisindəki bizim aldığımız boş şəhərlərdəki evlərə köçürülür, onlara evin kupçası verilir və qeydiyyata alınır. Bu, rusların marağında olacaq, çünki həm bu torpaqların pulu ödənilib, həm də bura köçənlərin pulu onların ölkəsinə xərclənəcək. 20+20 = 40 milyard dollar. Bank hesabındakı pul hissə-hissə hər ay qeydiyyatdan təkrar keçdikdən sonra verilir. Əgər kimsə Rusiya sərhədini hər hansı tərəfə keçsə, həmin puldan məhrum olur. Ermənilər həmin şəhərdə işlə təmin olunur. Pulu çox olan ermənilərin biznes yaratmağına və həmyerlilərini işlə təmin etməyə rahat imkan yaradılır. Nəzarət mexanizmini işləyib təkmilləşdirmək də olar. İnsana daha nə lazımdır, Rusiyada ev, iş və bankda pul, yaşa daa. Belə şəraiti qoyub çətin ki kimsə yenidən Qarabağa qayıdıb özünü güllə qabağına versin. Hər halda Rusiyada yaşamaq Ermənistanda yaşamaqdan daha yaxşıdır. Lazımdırsa, qoy Rusiya onlar üçün muxtariyyət də versin, Birobicandakı kimi. Lap Respublika versin, onsuz da Rusiyanın ortasından heç yerə birləşmək mümkün olmayacaq.
d. Təklif vərəqində təslim olmağın qaydaları dəqiq yazılır, məsələn kimə nə qədər pul veriləcək, hansı şəraitdə yaşayacaq, sənədləri özü ilə gətirmək, harda təslim olmaq (Rusiya, Azərbaycan, Gürcüstan ərazilərində) və s.
3) Qarabağdan sonra həmin təklifləri dəyişilmiş variantda Ermənistan əhalisi üçün də verilsin. Rusiya ərazisində onlar da torpaq, pulsuz ev və işlə təmin olunsun. Hər birinin bank hesabında isə ilk 3 ayı dolanmaq üçün bir necə min dollar pul da qoymaq olar. Əlbəttə ora köçən adamlar öz sərvətlərini də özləri ilə götürə bilərlər.
4) Rusiya əvvəlcə onlara rus pasportu paylayır, sonra öz təyyarələri ilə Rusiyaya daşıyır. Bilet pulunu sonra onların bank hesabından çıxır. Bu da Rusiya sərnişin aviasiyasına milyonluq biznes imkanı.
5) Boşalmış Qarabağ ərazisi tam bizə qalır, boşalmış Ermənistan ərazisi isə Rusiya və Azərbaycan arasında bölünür. Tarixi torpaqlarımız – Zəngəzur, Göyçə və s. bizə qaytarılır, qalanı Rusiyaya verilir. Rusiya burdan da qazanır. Pulsuz torpaqlar, təbii sərvətlər və s.
6) Rusiya Turkiyə və Azərbaycanla həmsərhəd olur və bu üç dövlət aralarında anlaşma, dostluq və bir-birlərinə təcavüz etməyəcəkləri və digər dövlətlərə də öz ərazilərindən bir-birlərinə qarşı hərbi məqsədlə istifadə etmələrinə icazə verməyəcəklərinə dair müqavilə imzalayırlar.
7) Azərbaycan ABŞ və Avropanı inandırır (müqavilə və ya hər hansı yolla, üstəgəl 10 milyard da pul ödəyir) ki, Rusiyanın vassalı olmayacaq, müstəqil siyasət yürüdəcək, enerji layihələri davam etdirəcək və s.
Bu plan utopiya kimi görsənə bilər, amma belə planlar dünya tarixində çox cızılıb və həyata da keçirilib. Elə Ermənistanın “Dənizdən dənizə” layihəsi kimi. Olmayan yerdən özlərinə ölkə yaratdılar və indi də Krasnodardan üzü bəri yayılırlar. Bu “Azərbaycansayağı satınalma” biznes-planının da siqnalları artıq 5 ildir ki, kainata göndərilib və demək toxumu səpilib, göylər tərəfindən müəyyən şərait də yaranıb. Sadəcə inanıb həyata keçirmək üçün real addımlar atmağa başlamaq lazımdır.
Şahin Cəfərli