Bu nə RƏZALƏT: Cənnəti cəhənnəmdə axtaranlar... - Üzünüzü MİLLİ QİBLƏMİZƏ - Qarabağa çevirin...

22-04-2016, 14:09           
Bu nə RƏZALƏT: Cənnəti cəhənnəmdə axtaranlar... - Üzünüzü MİLLİ QİBLƏMİZƏ - Qarabağa çevirin...
Bir neçə gün əvvəl bütün ölkəmiz qaynadı. Ruhumuz coşdu. Millət və dövlət olaraq bütünləşdik. Ordumuzun Qarabağ cəbhəsindəki uğurları Azərbaycanı 20 ildən artıqdır ki, QARAMATA bürüyən ab-havadan xolas etdi.

İlk dəfə idi ki, millət olaraq qürülandıq, sevindik, ağladıq, bütünləşdik. İlk dəfə idi ki, millət olaraq "SAVAŞ!!!" deyə bağırdıq, ATƏŞKƏSİ LƏNƏTLƏDİK!

İlk dəfə idi və millətimizin bu ovqatı dövlətimizə, onun başında oturanlara əlavə ruh verdi, stimul verdi, imkan tanıdı ki, QARABAĞIN AZADLIĞI missiyasını daha da böyük coşqu ilə həyata keçirsin...

Bunların hamısı gözəl idi, gözəldir...

Bu gün, az əvvəl oxuduğum bir xəbər isə rəsmən məni sarsıtdı. Xəbərin başlığı belə idi: "VİP Həcc ziyarəti üçün ayrılan yerlər dolmaq üzrədir"

Xəbərin mətnini də təkrar olaraq diqqətinizə təqdim edirik: "Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərdən VİP ziyarət üçün nəzərdə tutulan yerlər dolmaq üzrədir. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, VİP ziyarət yeri üçün ayrılan 750 yerdən cəmi 200 yer qalıb. Nisbətən zəif şəraitli ziyarət növü üçün ayrılan 750 yer üçünsə 300-ü dolub.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır".

AYDIN OLDUMU?

Nəyi və niyə demək istədiyimiz aydın oldumu?

Yəni aramızda hələ də CƏNNƏTİ QAZANMA FÜRSƏTİNİ burnunun ucunda qoyub, bu gün cəhənnəm hesab olunacaq ünvanlarda CƏNNƏT axtaranlar var və onlar yetərincə imkan sahibləridir.

Bu gün əgər bizim 550 nəfərimiz 4500 dollar pul verib VİP şəkildə HƏCİ adını almaq istəyirsə və bunu cənnət yolçuluğunun şərti hesab edirsə, deməli, hələ də müalicə olunmağa ehtiyacı olanlarımız var.

Bu gün hər bir Azərbaycan vətəndaşı üşün ən yaxşı ibadət ünvanı Qarabağ cəbhəsidir. Allah bizə belə bir fürsəti tanıyıb ki, cənnətimizi məsafə qət etmədən, evimizin kandarındaca qazanaq.

Qarabağda şəhid olmaq ən yüksək mərtəbədir...

Döyüşməkdən ehtiyat edirsənsə, həmin o 4500 dollarla neşə şəhid ailəsinin könlünü ovundurmaq, yaralı əsgərimizin yarasını bağlamaq olardı... Həmin o pullarla düşmən üzərinə yeriyən ordumuza dəstək olmaq olardı...

Bu qədərmi uzaqdasınız bu MİLLƏT və DÖVLƏTDƏN?!

Allah Sizin ziyarətinizi qəbul etməyəcək. Buna əmin ola bilərsiniz. Həccin elə əsas şərti də bunu gün kimi ortaya qoyur.

Hələ də gec deyil...

Üzünüzü MİLLİ QİBLƏMİZƏ - Qarabağa çevirin...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.