Azərbaycan millətçiliyinin yaranmasından günümüzə qədər qısa təsviri
29-05-2022, 00:15
“Reallıq olduqca aydındır: ehtimal edilən ‘millətçilik dövrünün sonu’ qətiyyən üfüqdə görünmür. Həqiqətən də, millətçilik dövrümüzün siyasi həyatındakı ən universal legitimləşmiş dəyər olaraq qalır… Millətçilik nəzəriyyəçiləri millətçiliyin ‘siyasi’ gücü ilə fəlsəfi kasadlığı və hətta uyğunsuzluğu fonunda tez-tez çaş-baş qalırlar. Başqa sözlə, əksər digər siyasi nəzəriyyələrdən fərqli olaraq, millətçilik heç vaxt öz böyük mütəfəkkirlərini yetişdirməyə müvəffəq olmadı: onun nə Hobsları, nə Tokvillərı, nə Marksları, nə də Veberlərı var.”
— Benedikt Anderson
Giriş
Ernest Qellner yazır ki, “millətçilik millətlərin şüurunun oyanması deyil; olmayan millətlərin icad edilməsdir.”[2] Bu sözləri Azərbaycan millətçiliyinə də aid etmək olar: yəni aydın məsələdir ki, Azərbaycan milləti Azərbaycan millətçiliyini yaratmamışdır, tam əksinə, yerli elitalar tərəfindən formalaşdırılmış Azərbaycan millətçiliyi Azərbaycan millətini yaratmışdır. Ancaq Andersonun da razılaşdığı kimi, Qellner eyni zamanda millətlərin formalaşması üçün lazım olan xammal rolunu oynayacaq ‘həqiqi’ icmaların da mövcud olduğunu qeyd edir.[3] Aydındır ki, bizim bölgədə də Rusiyanın regionu işğalından sonra meydana çıxan Cənubi Qafqazın yerli müsəlman elitasının millətçiliyinə təkan verəcək və Azərbaycan millətini xəyal etməyə şərait yaradacaq belə bir “həqiqi icma”, başqa sözlə, xammal mövcud idi.
Benedikt Anderson Xəyali İcmalar adlı fundamental əsərində yazır ki, “millət qan birliyi deyil, dil birliyi ilə təsəvvür ediləndir’” və “dil barədə ən vacib şey onun xəyali icmalar yarada, xüsusi həmrəyliklər inşa edə bilmək qabiliyyətidir.” Azərbaycan milləti də Andersonun təsvir etdiyi xəyali icma anlayışına çox uyğundur. Bu millətin qurulması üçün xammal rolunu oynamış Cənubi Qafqazın çoxetnoslu müsəlmanları isə artıq uzun müddət idi ki, bir-birinə eyni dil – türk dilinin yerli dialekti ilə bağlı idilər. Cənubi Qafqazın müsəlman əhalisinin xeylisi üçün bu yerli dil onların ana dili, digərləri üçün isə lingua-franca (fərqli dilləri olan icmaların bir-biri ilə təmas qurmaq üçün istifadə etdiyi ortaq dil) idi.
Anderson daha sonra yazır ki, “icmalar saxta/orijinal olmaqları ilə deyil, xəyal edildikləri üslubla bir-birindən fərqləndirilməlidir.”[5] Azərbaycan millətçiliyinin banilərindən biri olan Əhməd bəy Ağaoğlu isə bu üslubu belə təsvir edirdi: “Batı hayatı bütünüyle bizim hayatımızın bütününe galebe çalmıştır. Bundan dolayı kurtulmak, yaşamak, varlığımızı devam ettirmek istiyorsak hayatımızın bütünüyle, – yalnız elbiselerimiz ve bazı müesseselerimizle değil – kafamız, kalbimiz, görüş tarzımız, zihniyetimiz ile de ona uymalıyız. Bunun dışında kurtuluş yoktur.”
Azərbaycan millətçiliyinin mənşəyi Rusiya işğalından sonra formalaşmış yeni yerli intellektualların başlatdığı modernləşmə/qərbləşmə prosesi və onların ənənəvi elitaya qarşı üsyanı ilə şübhəsiz ki, sıx bağlıdır. Bu məqalədə də məhz Azərbaycan millətçiliyinin başlanğıcından – yəni XIX əsrin ortalarından bu günə qədərki mürəkkəb inkişafını və dəyişikliklərini xronoloji qaydada təsvir edəcəyəm. Lakin əvvəlcə Azərbaycan türk millətini qurmaq üçün istifadə edilən xammal haqqında çox qısa bir giriş vermək istərdim.
XI əsrdə Oğuz türkləri tərəfindən Səlcuqlu İmperiyası qurulduğu gündən bəri, türk sülalələri adı çəkilən regionun əsas hakim elitası olub. Bölgə XIII və XIV əsrlərdə böyük Monqol İmperiyasının tərkibinə daxil olduqda da türk tayfaları əhəmiyyətli siyasi rol oynamağa davam etdilər və XV əsrin əvvəllərində hakim statuslarını bərpa etdilər. Yüz il sonra, XVI əsrin əvvəllərində Səfəvi sülaləsi adı altında İran İmperiyasının yenidən ortaya çıxmasından sonra da, qızılbaşlar adlandırılan şiə türk tayfaları imperiyanın faktiki rəhbər və hərbi elitası idilər. Səfəvi sülaləsinin etnik kökləri mübahisələndirilsə də, Rocer Savorinin də qeyd etdiyi kimi, imperiya qurulduğu vaxtda “qızılbaşlar, Səfəvi şahlarının özləri kimi, sarayda normalda Azəri türkcəsində danışırdılar.” Əlavə olaraq, Səfəvilərdən sonra İran taxtında oturan Əfşar və Qacar sülalələri özlərini İran hökmdarları hesab etsələr də, heç şübhəsiz ki, etnik türk mənşəli idilər.
1919-cu ildə birinci Azərbaycan Respublikasının yaranmasından sonra yeni hökumət ilk rəsmi nümayəndə heyətini İran sarayına göndərir. Nümayəndə heyəti Qacar ailəsinin iki üzvündən ibarət idi və onlar İrana rəhbərlik edən qohumlarına Azərbaycan Respublikasının yaranmasını rəsmi şəkildə elan etməli idilər. Görüş zamanı Qacar şahı Azərbaycan elçisi Ismayıl Xan Ziyadxanov-Qacardan farsca danışıb-danışmadığını soruşur. İsmayıl Xan “bəli” deyib, fransız, fars və rus dilləri də daxil olmaqla, bir neçə xarici dildə danışdığını əlavə edir. Bu cavabın dərhal arxasınca İsmayıl Xan Azərbaycan türkcəsinə keçərək şaha xitab edir ki, onda olan məlumata görə, əlahəzrət şah da öz ana dilində (yəni Azərbaycan türkcəsində) mükəmməl danışır. Şah İsmayıl xanın bu sözlərinə gülümsəməklə cavab verir. Bu hadisə Azərbaycan millətçilik hərəkatının yaranmasından on illər sonra baş vermişdi və o vaxta qədər hərəkat bir çox mərhələdən keçərək formalaşmışdı.
Yaranış: Dili silahlandırmaq
Anderson yazır ki, “ilk dəfə on səkkizinci əsrdə Avropada yayılan iki təsəvvür formasının – roman və qəzetin əsas strukturunu nəzərdən keçirsək, millətin xəyali icmasının yaranmasını ən uyğun şəkildə izləyə bilərik.”[9] Azərbaycanda da bu proses məhz roman və qəzet ilə başlayıb. Mərhum professor Tadeuş Svyataçovski yazırdı ki, “xoşbəxtlikdən Azərbaycan intelligensiyası hələ erkən mərhələsində parlaq və intellektual uğurları olan bir insan yetişdirdi və o, öz yazılarında bu intelligensiyanın gələcəkdəki əsas mövzularını müəyyən etdi. Qafqaz canişininin dəftərxanasında tərcüməçi olan Mirzə Fətəli Axundzadə ilk növbədə Azərbaycan dilində Avropa üslubunda ilk pyeslərin müəllifi kimi şöhrət qazandı.”[10] Axundzadə bədii əsərlərində yerli sadə danışıq türkcəsini yazı dili kimi istifadə edib, onun standartlaşması istiqamətində mühüm addım atmaqla müasir Azərbaycan millətinin formalaşmasına əhəmiyyətli töhfə verdi. Robert Denisin yazdığı kimi, “1857-ci ildə Mirzə Fətəli Axundzadənin Azərbaycanda dil islahatları sahəsində irəli sürülmüş təklifləri bir vaxtlar lüğət tərkibi bərabər şəkildə ərəb, fars və türk dillərindən ibarət olan Azərbaycanın hibrid yazı dilinin bu gün mövcud olan Azərbaycan ədəbi dilinə çevrilməsi uğrunda bir əsr davam edəcək gərgin səylərə təkan verdi.”
Axundzadənin sadələşdirilmiş dili Azərbaycan türkcəsində müstəqil çap mətbuatının qurucusu olan Həsən bəy Zərdabi tərəfindən mənimsənildi və inkişaf etdirildi. Andersonun xəyali icma nəzəriyyəsinə uyğun olaraq Aleksandr Benninqsen yazırdı ki, “1875-ci ildə maraqlı və zəngin Azəri mətbuatı doğulub çiçəkləndi.” Zərdabinin qəzeti olan Əkinçinin dili praktik olduğu üçün ümumi əhali tərəfindən nisbətən asanlıqla oxuna bilirdi.[14] Əkinçi Osmanlı İmperiyasında tənzimat islahatı dövründə səhnəyə çıxdı. Mütərəqqi islahatlar ideyasından razı qalan qəzet islahatçılara heyranlığını açıq şəkildə ifadə edərək Osmanlı aləmində baş verən hadisələrin xəbərləri və təhlillərinə böyük yer ayırırdı.
Lakin Azərbaycan xalqının formalaşmasındakı böyük qabaqcıl töhfələrinə baxmayaraq, Axundzadə və Zərdabi məsələləri o qədər də sadə deyil. Onların heç vaxt müasir Azərbaycan kimliyi kimi bir mənsubiyyəti olmayıb. Tənqidi düşüncəni gücləndirib yerli əhaliyə mütərəqqi düşüncələr təqdim ediblər, lakin modernləşmə səyləri ilk növbədə müsəlman kimlikləri və İslam dünyasının ümumi tənəzzülünə dair narahatlıqları ilə bağlı idi. Özlərini geniş müsəlman dünyasının nümayəndələri hesab edir və tənqidlərini bütövlükdə İslam dünyasına yönəldirdilər. Bu müsəlman kimliyi Azərbaycanın yeni yaranan millətçi elitasının erkən nəsilləri arasında hələ bir müddət aparıcı olacaqdı.
Bu erkən nəsil yerli islahatçıların bir çox nümayəndəsi nəinki özünü müsəlman hesab edir, Axundzadədən fərqli olaraq, həm də müsəlman kimliyini əziz tutur və müsəlman dünyasının tənəzzülündə İslam dinini günahlandırmırdı. Onlar islahatlarla əsl İslamın bərpasını irəliyə doğru əsas yol olaraq görürdülər. Həmin azərbaycanlı modernistlərin tənqidlərinin əsas hədəfi despotik monarxlarla yanaşı, müsəlman dünyasının tənəzzülündə məsul gördükləri ruhani sinif, yəni ənənəvi elita olan din xadimləri idi. Məsələn, bu cür mülahizə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış görkəmli azərbaycanlı yazıçı Nəcəf bəy Vəzirovun müəllifi olduğu Müsibəti-Fəxrəddin pyesində xüsusilə qabarıq şəkildə ifadə olunur. Əsərin süjeti Prosper Merimenin klassik Kolomba əsəri ilə çox oxşardır. Vəzirovun qəhrəmanı, Avropa təhsilli gənc Fəxrəddin vətəninə qayıtdıqdan sonra qan davası ilə üzləşir. Fəxrəddin iki ailə arasındakı qan davasını dayandırmağa çalışır, amma sonda özü onun qurbanına çevrilir. Fəxrəddin monoloqlarından birində öz nəslinin modernistlərinin ideologiyasını aşağıdakı sözlərlə ifadə edir: “Bizim kimi vəhşi tayfanın dünya üzündə gərək yеri olmasın … Mollalar bizim axırımızı yеtirdilər… Hеyf sənə, gözəl şəriət! Hеyf sənə, gözəl İslam ki, biz vəhşi olub, qədr-qiymətini qanmırıq!”
Bu cür islamçılıq bəzi azərbaycanlı modernistlər tərəfindən heç vaxt əsas siyasi ideologiya olaraq tərk edilmədi. Məsələn, Vəzirov ilk Cümhuriyyət dövründə islamçı bir siyasi partiyanın liderlərindən idi. Lakin modernləşmə hərəkatında dünyəviliyin dərinləşməsi, eləcə də pangermanizm və xüsusən də panslavizmin təsirləri ilə İslam kimliyi Azərbaycan millətçiliyinin əsas dəyəri olaraq tədricən arxa plana keçdi. Axundzadə və onun fikirləri sonradan gələnlər üçün zəmin hazırladı.
İran millətçiliyi
Robert Denisin dil islahatı ilə bağlı məqaləsində qeyd etdiyi kimi, Axundzadə xeyli yazısını farsca yazmışdır. Hətta bəzi İran alimləri onu İran millətçiliyinin banisi adlandırırlar və bunun üçün güclü əsasları da var.[18] Axundzadə əslində İslama hücum edir, onu və müqəddəslərini qədim İranla müqayisə edərək, açıq şəkildə sonuncuya valehlik nümayiş etdirir, birincini isə sərt tənqidə məruz qoyur. Bir çox azərbaycanlı modernistin İslam millətçiliyindən dünyəvi-etnik versiyaya keçərkən əvvəlcə baxışlarını İrana çevirməsi heç də sirr deyil. Yuxarıda göstərildiyi kimi, azərbaycanlılar əsrlər boyu İran dövlətinin bir hissəsi kimi ona siyasət, mədəniyyət, din və dil vasitəsilə bağlı olublar. Azərbaycan həm də çoxsaylı irandilli əhalinin vətəni idi. Əlavə olaraq, Cənubi Qafqaz müsəlmanları arasında Azərbaycan türkcəsi danışıqda lingua-franca idisə, fars lisanı elita təhsilinin əsas dili idi. Bakının keçmiş hökmdarlarının nəslindən olan, XIX əsrin məşhur intellektualı Abbasqulu Ağa Bakıxanovun dediyi kimi, “bölgəmizin əhalisi yazışmaları fars dilində aparır. İnsanlar bu dili bilirlər və tam düzgün olmasa da, farsca yaza bilirlər, türkcə isə onların danışıq dilidir.”[19] Məsələn, 1875-ci ildə Əkinçidə bir yazıçı təklif edirdi ki, Osmanlı İmperiyasındakı tənzimat islahatları haqqında daha yaxşı məlumat əldə etmək üçün İstanbulda nəşr olunan qəzetləri Qafqaza gətirmək lazımdır. Lakin müəllif əlavə edirdi ki, “İstanbul şəhərində müsəlmanlar üçün çox qəzet çap olunur, amma onlar Osmanlı dilində olduğuna [görə] bizim üçün elə ləzzət eləməz, lakin Əxtər qəzeti fars dilində çap olunduğuna və fars dili bizim vilayətlərdə çox işləndiyinə [görə] ümidvarıq ki, onu bizim tərəflərə gətirdən çox ola.”
Bu fenomen yəqin ən yaxşı şəkildə Çikaqo Universitetinin professoru Ada Holli Şisslerin Azərbaycan millətçiliyinin qurucularından olan Əhməd bəy Ağaoğlu haqqında yazdığı dissertasiyasında və sonrakı kitabında təsvir edilib. O, yazır ki, “Ağaoğlu karyerası ərzində özünü bir neçə cür xarakterizə edib. Karyerasının əvvəllərində görünür, özünü iranlı hesab edirdi, lakin sonradan türk olduğunu qətiyyətlə söyləyirdi.”[21] Ağaoğlu Parisdə oxuyarkən bəzi fransız dövri nəşrləri üçün doğma bölgəsi haqqında İran cəmiyyəti adlı bir sıra məqalələr də yazıb. Yaxud da məsələn, 1918-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini elan edən Milli Şuranın rəhbəri Məhəmməd Əmin Rəsulzadəni götürək. Bundan əvvəlki onillikdə o, İran məşrutə hərəkatında böyük rol oynadı. O, fars dilində çap olunan ilk peşəkarcasına redaktə edilmiş İran inqilabi dövri nəşrinin (İran-e-Nov) baş redaktoru idi.[22] Sonralar pantürkizmin qətiyyətli təbliğatçısı olmasına baxmayaraq, Rəsulzadə İrana olan bağlılığını heç vaxt tamamilə tərk etmədi. İlk Cümhuriyyətin süqutundan sonra yazılmış və Azərbaycan dövləti ideyasına həsr olunmuş Əsrimizin Siyavuşu kitabı Azərbaycanı böyük fars şairi Firdovsinin qəhrəmanı Siyavuşla müqayisə edir. Rəsulzadə hesab edir ki, “[q]ədim Siyavuş İran-Turan qanından doğulub-böyümüş bir şəxs idi.”
Pantürkizm
Azərbaycan millətçiliyini formalaşdıran yeni elitanın qətiyyətlə anti-mütləqiyyətçi və anti-monarxist olması təəccüb doğurmamalıdır. Avropa maarifçiliyi, Fransa və Amerika inqilablarının ideyalarına aşiq olan Azərbaycan intellektualları özlərini mütləqiyyətə və onun hökm sürdüyü rejimlərə (İranda, Osmanlıda, yaxud da Rusiyada) qarşı mübarizə aparmalı olan demokratlar hesab edirdilər. Bütün bu ölkələrdəki inqilabi və konstitusiya hərəkatlarındə fəal iştirak edirdilər. Bu ölkələrdə mütləqiyyətin istənilən şəkildə güclənməsi irtica hesab edilir və onun meydana gəldiyi ölkədən yadlaşma ilə nəticələnirdi. Siyasi hadisələr bu ölkələrə qarşı simpatiya və ya antipatiya yarada bilirdi. Azərbaycan intellektualları yüksəlişdə olan inqilabi hərəkatlarda fürsət axtarırdılar və dəyişiklik səyləri uğursuz olduqda isə həmin ölkələrə olan rəğbətləri sona çatırdı. Məsələn, bu, Osmanlı İmperiyasında tənzimat islahatlarının uğursuzluğa uğramasından sonra baş vermişdi və Sultan II Əbdülhəmid Azərbaycan intellektuallarının ən çox tənqid etdiyi şəxslərdən birinə çevrilmişdi. İlk rus inqilabı və İranda məşrutə hərəkatı uğursuzluqla nəticələnəndə də eyni hal təkrarlanmışdı, İran hökmdarları Mirzə Ələkbər Tahirzadə (Sabir) və Mirzə Cəlil Məmmədquluzadə kimi Azərbaycan ədiblərinin daimi hədəfinə çevrilmişdilər.
Gənc türklərin Osmanlı İmperiyasında hakimiyyətə gəlməsini isə yeni Azərbaycan elitası sevinclə qarşılamış və dərhal Osmanlıdakı siyasi proseslərə qoşulmuşdu. Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə kimi bir çox azərbaycanlı ictimai-siyasi xadimlər orada baş verən dəyişikliklərin bir hissəsi olmaq üçün Türkiyəyə getmişdilər. Ən başlıcası, bu hadisələr türk kimliyinin tam mənimsənilməsi və gənc Azərbaycan intellektualları arasında pantürkist ideologiyanın millət quruculuğunun əsas dəyəri kimi möhkəmlənməsi ilə nəticələnmişdi. Əlavə olaraq, azərbaycanlı və Rusiyanın digər bölgələrindən olan pantürkistlər Türkiyədəki osmanlıçılıq və pantürkizm arasındakı daxili debatlarda fəal iştirak edir, sonuncunun qəti müdafiəçiləri kimi çıxış edirdilər.
Nəhayət, Aleksandr Benninqsenin yazdığı kimi, “mədəni cəhətdən müstəqil, iqtisadi cəhətdən çiçəklənən, lakin siyasi cəhətdən ayrı-seçkiliyə məruz qalan Azəri icmasında XX əsrin əvvəllərində güclü və inkişaf etmiş milli hərəkatın ortaya çıxması ilə meydana gələn möhkəm bir milli şüur təşəkkül tapmışdı .” Bu, əsasən pantürkistlərin rəhbərlik etdiyi bir hərəkat idi. Siyasi cəhəttən aktiv olan azərbaycanlı intellektuallar arasında solçularla yanaşı, islamçıların da olduğuna şübhə yoxdur. Amma onlar arasında ən güclüsü məhz pantürkist hərəkat idi. Bu pantürkist düşüncə tərzi və ideologiyası 1917-ci il rus inqilabı boyunca və türk dilini dövlət dili elan edən qısa ömürlü ilk cümhuriyyət dövründə (1918-1920) Azərbaycanın ictimai və siyasi həyatına hakim olmuşdu. Rəsulzadə İstanbulda ikən yazdığı Azərbaycan Cümhuriyyəti kitabında qeyd edirdi ki, “[h]ərbi-ümumidən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda vaqe Təbriz ilə həvalisinə deyilirdi. Hərbdən və böyük Rusiya ixtilalından sonra dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın şimalında Cənubi Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır.”
Erkən Sovet dövrü
Azərbaycan millətçi elitasının sovetləşmədən əvvəl müəyyənləşdirdiyi bir çox əsas tendensiyalar 1920-ci illər ərzində yeni kommunist rejimi tərəfindən davam etdirildi. Əvvəla, SSRİ Orta Asiyada apardığı təcrübələrdən fərqli olaraq, Azərbaycan üçün yeni bir ad icad etmədi və respublikanın Sovetdən əvvəlki adını, yəni Azərbaycan adını qəbul etdi. İnqilabdan əvvəl formalaşmış Azərbaycan xadimləri ictimai-siyasi və mədəni həyatda aparıcı rol oynamaqda davam edirdi, hətta bəziləri sürgündən qayıdaraq Sovet rejiminin yerliləşdirmə (коренизация) siyasəti adı altında sürətlənmiş dövlət quruculuğuna qoşulmuşdu. Kelsi Rays öz doktorluq dissertasiyasında “erkən Sovet Azərbaycanını formalaşdıran lider” kimi qələmə verdiyi Sovet Azərbaycanın ilk xalq maarif komissarı Dadaş Bünyadzadənin şəxsiyyəti ilə bağlı yazır ki, “onun 1920-ci ildə təhsil islahatı üçün təqdim etdiyi fikirlər 1906-cı ilin islahatçı baxışlarından [yəni əsrin əvvəllərində Rusiya İmperiyasındakı türkçü reformistlərin təkliflərindən] çox da fərqlənmirdi.”[26] Sovet dərsliklərində Azərbaycan əhalisinin əksəriyyətinin yerli dili Türk dili olaraq adlandırılmağa davam edirdi və Sovet pasportlarında onların etnik mənsubiyyəti türk olaraq göstərilirdi.
1926-cı ildə SSRİ ilk Türkologiya Konfransını Bakıda keçirdi və bu konfrans hər şeydən əvvəl əlifbanın ərəb qrafikasından latına keçməsinə yönəlmişdi. Konfransın aparıcı xarici nümayəndələrindən biri yuxarıda adı çəkilən – Azərbaycan pantürkizminin qurucularından olan azərbaycanlı intellektual, jurnalist və naşir Əli bəy Hüseynzadə idi. 1906-1907-ci illərdə o, Füyuzat jurnalının baş redaktoru idi. Leah Feldmanın yazdığı kimi, 20-ci əsrin əvvəllərində “redaktoru görkəmli pantürkçü mütəfəkkir Hüseynzadə olan Füyuzat jurnalı beynəlxalq türk oxucuları arasında ortaq etno-linqvistik kimlik yaratdı. ‘Turan’ şeirində Hüseynzadə Macarıstan, Osmanlı İmperiyası və Orta Asiyadakı türk xalqlarının icmasından bəhs edir … Bu modeldə turanlıların ortaq türk dil mənşəyi ortaq düşmən olan Rusiya imperiya hakimiyyətinə qarşı vahid cəbhə təklif edir. Turanın linqivistik və mədəni əlaqələrinə əsaslanan Hüseynzadə jurnalın islahatçı məqsədlərini ‘türkləşmək, islamlaşmaq və müasirləşmək’ kimi açıqlayaraq izah edir ki, ‘düşüncə sistemimizə türk həyatı və İslama bağlılıq rəhbərlik edir. Həm də müasir Avropadan sivilizasiyanın faydalarını əldə etməyə çalışmalıyıq.’” Əli bəy Gənc Türklərin hakimiyyətə gəlməsindən sonra İttihad və Tərəqqinin rəyasət heyətinə qoşulmaq üçün Rusiyanı tərk edərək Osmanlı İmperiyasına köçmüşdü. 1920-ci illərin Stalin Ensiklopediyasının ilk versiyasında Azərbaycan dilinə aid məqalədə yeni Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələri arasında ilk olaraq məhz pantürkist Əli bəy Hüseynzadənin adı çəkilirdi. Lakin onilliklər sonra, Sovet İttifaqının dağıldığı vaxt, onun kim olduğunu yalnız bir neçə mütəxəssis bilirdi. 1930-cu illərin ikinci yarısında Stalinin həyata keçirdiyi kəskin dəyişiklikdən sonra sovetlərdə Hüseynzadənin mirası tərk edilmiş və unutdurulmuşdu.
Azərbaycan etnik kimliyinin icad edilməsi
Stalinin “islahatları” dilin adının rəsmi olaraq Türk dilindən Azərbaycan dilinə və Sovet pasportlarında da etnik mənsubiyyətin türkdən azərbaycanlıya dəyişdirilməsi ilə nəticələndi. Sonradan yazı üçün istifadə olunan əlifba da latın qrafikasından kiril qrafikasına keçirildi. 1930-cu illərdə, Stalin repressiyaları dövründə, inqilabdan əvvəlki Azərbaycan intelligensiyası demək olar, tamamilə sıradan çıxarıldı. İnqilab öncəsi Azərbaycan ədəbiyyatının böyük bir hissəsi pantürkist burjua mədəniyyəti kimi qadağan edildi. Ermənistan, Azərbaycan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası bölündü və hər biri SSRİ daxilində ayrıca müttəfiq respublikaya çevrildi. Bütün bu dəyişikliklərlə sovetlər öz rəhbərlikləri altında, ərazi və coğrafi prinsiplərə əsaslanan etnik Azərbaycan milləti ideyasını reallaşdırmağa başladı. Azərbaycançılıq adlandırıla biləcək etnik millətçiliyin bu yeni mərhələsi kökləri inqilabdan əvvəlki dövrlərə gedib çıxan yerli intelligensiyanın rəhbərlik etdiyi etnik pantürkist millətçiliyi əvəzləməli idi.
Krista Qoff yazır ki, “Moskva və Ankaranın münasibətləri pisləşdikcə, bu cür qarışıq etnik sərhədlər getdikcə daha da arzuolunmaz hala gəlirdi. Buna görə də Azərbaycan milləti ideyasının kökləri Rusiya İmperiyasının son dövrlərində fəaliyyət göstərən yerli intellektuallara gedib çıxsa da, onlarınkı pantürkist elementləri də özündə ehtiva edən və Rusiya İmperiyasındakı azəriləri İrandakı azərilərlə əlaqələndirən ekspansionist bir baxış idi. Bunun əksinə olaraq, 1930-cu illərin sonlarında Azərbaycan millətinin bolşevik tərifi ölkə daxilinə baxır, millətin köklərini SSRİ-dəkı azərbaycanlı türklərdə tapmağa, onu ölkə sərhədlərindən kənardakı türk-fars dünyasından təcrid etməyə çalışırdı. Stalin repressiyası dövründə Azərbaycan millətinin bolşevik öncəsi və ya türk-fars yanaşmasını qəbul edən bir çox tarixçi, dilçi və yazıçısı Sovet Azərbaycan milləti anlayışı partiya tərəfindən standartlaşdırıldıqca, repressiyaya məruz qaldı.”
İkinci Dünya Müharibəsi Azərbaycan millətçiliyinə gözlənilməz təkan verdi. Qoff yazır ki, “bir çox respublikalarda müharibə təcrübələri yerli liderləri və milli xüsusiliyi cəsarətləndirdi.” Müharibə dövründə Azərbaycanda isə bu proses daha da irəli getdi. Stalinin hərbi-siyasi addımları Azərbycan millətçiliyinə yeni impuls vermiş oldu. 1941-ci ildə Sovet qoşunları İranın şimalına girdi və Stalin Sovet hakimiyyətinin ilk 20 ilində formalaşan, inqilabdan əvvəlki intellektualların pantürkist irsini sərt şəkildə tənqid etməyə alışdırılmış bir çox gənc azərbaycanlı ədibi və jurnalisti İranın şimalına, oradakı türklər arasında millətçilik, separatizm ideyalarını təbliğ etməyə göndərdi. Sovet İttifaqında qadağan edilmiş ədəbiyyat indi İranda yayılmaq üçün yenidən ərəb qrafikası ilə nəşr olunurdu. Sovet Azərbaycanının gənc yazıçıları Sovet İttifaqında ikən tənqid və hücum etdikləri ədəbiyyatı və mövzuları indi İran azərbaycanlıları arasında təbliğ etməli idilər.
1945-ci ildə İranda Azərbaycan Milli Hökuməti quruldu. Bir il ərzində iki Azərbaycan muxtariyyəti mövcud olacaqdı. Biri Sovet İttifaqında, digəri isə paytaxtı Təbriz olmaqla İranda. Stalin İranın şimalında Kürd Mahabad Respublikasını da yaratdı. Lakin 1946-cı ildə Qərb dövlətləri və mərkəzi İran hökuməti ilə razılığa gəldikdən sonra Stalin İrandan çıxmaq qərarına gəldi və mərkəzi İran hökuməti Azərbaycan Milli Hökumətinə dərhal son qoydu. Minlərlə İran türkü və kürdü SSRİ-yə qaçdı. İrandakı Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri bir il sonra Sovet Azərbaycanda şübhəli avtomobil qəzasında öldü. Onun sağ əli Məhəmməd Biriya 20 ilini Sovet həbsxanalarında keçirdi, İslam İnqilabından sonra İrana qayıtdı və orada yenidən təqiblərə məruz qaldı.
İranda millətçiliyi təbliğ etmək üçün göndərilən Sovet Azərbaycanının yazıçıları və jurnalistləri isə orada nisbətən sərbəst bir mühitdə fəaliyyət göstərirdilər və geri qayıtdıqdan sonra Sovet Azərbaycanının özündə milli hisslərin canlanmasına böyük töhfə verdilər. Stalinin ölümündən sonra, Xruşşov istiləşməsi dövründə, onlar Sovet Azərbaycanında rəhbər vəzifələrə yüksələ bildilər. Millətçi ziyalılar yenidən hakimiyyətdə idi.[33] Məhz bu vaxt İranın şimalına istinadən deyilən Cənubi Azərbaycan ifadəsi Sovet azərbaycanlılarının leksikonuna geniş şəkildə daxil oldu. 1954-cü ildə Milli Elmlər Akademiyası tərəfindən hazırlanan müharibədən sonrakı ilk Azərbaycan tarixi dərsliyinin layihəsinə “Türkmənçay müqaviləsindən sonra XIX əsrdə Cənubi Azərbaycan” adlı xüsusi bir fəsil daxil edildi. Lakin kitab nəhayət, 1960-cı ildə nəşr olunduqda bu fəsil oradan çıxarılmışdı. 1956-cı ildə Azərbaycan Ali Soveti rus dili ilə yanaşı, Azərbaycan dilinin də Sovet Azərbaycanının dövlət dili adlandırılması haqqında qanun qəbul etdi. 1989-cu ilə qədər Azərbaycan yeganə müsəlman Sovet respublikası idi ki, burada yerli dil dövlət dili statusu daşıyırdı. Yüksələn millətçiliyin digər bir göstəricisi də yeni doğulmuş uşaqlara ərəb və ya fars mənşəli adlar əvəzinə türk mənşəli və ya Türkiyə türklərinin istifadə etdiyi adların qoyulmasında nəzərəçarpacaq artımın olması idi.
Qoff yazır ki, “1956-cı ildə Xruşşovun gizli nitqindən sonra yerli elitanın başçılıq etdiyi milliləşdirmə siyasəti və populyar millətçilik ictimai səhnəyə daxil oldu, bununla da mərkəzin məqbul hesab etdiyi kommunist milli davranışlarla, yolverilməz hesab etdiyi millətçi fikir və kimliklər arasındakı sərhədlər itdi. Azərbaycan azsaylı respublikalardan idi ki, orada yerli rəhbərlik Moskvanın respublikaların öz yollarını getməsinə nə qədər icazə verəcəyi limitini yoxlayaraq tapdı. Onilliyin sonunda respublikanın ən yüksək rəhbərliyi millətçilikdə günahlandırılaraq vəzifədən uzaqlaşdırıldı.”[35]
Əgər postmüharibə dövründə Qərbdə əsasən solçularla liberallar idarəçi establişmentə qarşı etirazlara qalxırdılarsa və bu da ABŞ-da Vətəndaş Haqları hərəkatı, yaxud Avropada 1968-ci il kimi hadisələrin baş verməsinə səbəb olurdusa, Sovet İttifaqında və ümumən sosialist dünyasında məhz millətçilik sol kommunist ideologiyasının əsas rəqibinə çevrilirdi. 1960-cı illərdə Qərbdə universitetlərə və akademiyaya, xüsusən də Sovet və Şərqi Avropaşünaslıq sahələrinə yeni nəsil gənc sol yönümlü alimlər üz tutarkən,[36] sosialist dünyasında millətçi ziyalılar təhsil və elm müəssisələrində ən güclü qüvvəyə çevrilirdi. Buna görə də, Azərbaycanda yerli dilin dövlət dili olaraq qəbul edilməsinin və Macarıstanda baş verən qanlı hadisələrin eyni ildə – 1956-cı ildə baş verməsi heç də təsadüf deyil. Bunlar sosialist dünyasında millətçiliyə əsaslanan antisovet hisslərinin artmasının əlamətləri idi. Professor Qoffun qeyd etdiyi Azərbaycanda yüksələn millətçiliyə qarşı Sovet rəhbərliyinin hücumu, bizim fikrimizcə, bir növ ABŞ-dakı makkartizmə bənzəyir. Makkartizm ABŞ-da artan solçu hisslərə cavab idisə, Sovet rəhbərliyinin yerli azərbaycanlı liderlərə və ziyalılara qarşı reaksiyası sonuncular arasında artan millətçilik hissinə cavab idi.
Bu yüksələn Azərbaycan millətçiliyinin zirvəsi 1967-ci ilin yazında, Avropada daha bir qanlı hadisədən – yəni 1968-ci ildə Çexoslovakiyadakı üsyandan bir il əvvəl baş verdi. Azərbaycan Kommunist Partiyasının katibi olmuş yazıçı və teatr rejissoru Şıxəli Qurbanovun lobbiçiliyi sayəsində azərbaycanlıların Novruz bayramını Bakının küçələrində təntənəli şəkildə qeyd etməsinə icazə verildi. SSRİ tərəfindən dini bayram hesab edilən Novruz 1930-cu illərdən bəri qadağan edilmişdi. İndi camaat arasında olduqca məşhurlaşan Qurbanovun Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə gətiriləcəyi barədə şayiələr dolaşırdı. Lakin eyni ildə qırx iki yaşlı Qurbanov diş həkiminə baş çəkərkən qəflətən öldü. Ölümünün rəsmi səbəbi olaraq anesteziyadan qaynaqlanan anafilaktik şok göstərilirdi.
Sovetin təbliğ etdiyi Azərbaycan millətçiliyinin təsirləri
Sovet rəhbərliyi Azərbaycanda millət quruculuğu prosesinə gətirdiyi dəyişikliklərlə pantürkçülüyün təsirini neytrallaşdırmaq qərarına gəldikdə, bu, bəzi proseslərə təkan verdi ki, onlardan bəzilərinə qısaca toxunmaq istərdim.
a) Assimilyasiya
Assimilyasiya ilk növbədə azərbaycanlı türk olmayan müsəlman azlıqlara təsir etdi. Qoffun yazdığı kimi: “1939-cu ildə Sovet respublikalarında yaşayan azlıqlar siyahıyaalmada nəzərə alınmamaqla, əksərən yaşadıqları respublikanın əsas etnik çoxluğunun tərkib hissəsi kimi göstərilirdilər. Məsələn, 1926-cı il siyahıyaalınmasında tatlar olaraq təsnif edilən insanlar 1939-cu ildə indi azərbaycanlı (rus yox) kimi qeyd edilirdi.”[38] Qısası, bu, pantürkist millətçiliyindən Azərbaycan millətçiliyinə keçid demək idi. Sovetlərin yeni fərqli etnik Azərbaycan milləti icad etmək fikri əslində məhz Azərbaycanın qeyri-türk müsəlman etnik azlıqlarının tədrici assimilyasiyasına rəvac verirdi. Türk mənşəli əksəriyyət üçün sovetlərin Azərbaycanlı millətinin icadı onları etnik qardaşlarından, xüsusən də Türkiyədəkilərdən, uzaqlaşdırmaq məqsədilə aparılan dil islahatları və etnik mənsubiyyətlərinin adının dəyişdirilməsi ilə nəticələnmişdi. Müsəlman qeyri-türk azlıqlar üçünsə bu, respublikanın titullu millətinə, yəni türk azərbaycanlılara assimilyasiya olunmaq və bu prosesdən doğan digər nəticələr demək idi.
Ancaq bu, ümumi mənzərənin yalnız bir hissəsidir. Başqa bir assimilyasiya, yəni azərbaycanlıların tədricən yuxarıdan aşağıya ruslaşdırılması da davam edirdi və bu proses 1970-80-ci illərdə xüsusilə sürətlənmişdi. Bu dövr rusdilli orta məktəblərin Azərbaycanın müxtəlif bölgələrinə yayılması ilə əlamətdar olmuşdu. Gürcüstanın paytaxtı Tbilisidən fərqli olaraq, Bakıda rus dili, millətçi ədiblər istisna olmaqla, özünü yerli siyasi və mədəni elita arasında dominant dil kimi gücləndirdi. Getdikcə daha çox insan uşaqlarını rus məktəblərinə göndərməyi üstün tutur və ən əsası, rus dili yerli elitanın ailələrində ünsiyyət dilinə çevrilirdi. 1970-80-ci illərdə Bakının mərkəzində Azərbaycan dilində danışmaq mədəni inkişafdan geri qalma əlaməti kimi qəbul edilirdi. Sovet və hətta postsovet Azərbaycanında bir çox yüksək rütbəli məmurlar və mədəni elitalar ya ana dilində danışa bilmirdilər, ya da pis danışırdılar. Bütün bu dəyişikliklər bir ömür ərzində, çox sürətlə baş verdi.
b) Tarixçilər arasında bölünmə
Sovet siyasəti tərəfindən formalaşdırlan Azərbaycan milləti ideyasının başqa bir əhəmiyyətli nəticəsi də yerli ziyalılar daxilində, xüsusən də tarixçilər arasında yaranan nəzərəçarpacaq bölünmə idi. Azərbaycan millətçi tarixçiləri iki rəqib düşərgəyə bölünmüşdü. Tarixçilər müasir Azərbaycan ərazisində mövcud olan bütün dövlətləri və millətləri əhatə edərək coğrafi yanaşmaya əsaslanan tarix yazırdılar, bu zaman bir qrup həmin dövlət və millətləri sadəcə Azərbaycan, azərbaycanlı kimi təqdim edirdilər. İkinci qrup isə pantürkçülər idi. Onlar Azərbaycan ərazisində məskunlaşmış qədim xalqların və dövlətlərin türk mənşəli olmasını sübut etməyə çalışırdılar. Nüfuzlu ədiblərin xeylisi məhz sonuncu qrupu dəstəkləyirdi və onlar getdikcə daha çox antisovet və antiestabişment kimi qəbul edilərək ictimaiyyətin də rəğbətini qazanırdılar.
Əks-reaksiya
Sovet və ümumi sosialist məkanında millətçiliyin artması, şübhəsiz ki, Sovet rəhbərliyi üçün ciddi narahatlıq mənbəyi idi və mərkəzi hökumət buna təhlükəsizlik, hüquq-mühafizə orqanlarında işləmiş insanları rəhbər təyin etməklə cavab verirdi. 1967-ci ilin mayında Yuri Andropov SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK – КГБ) rəhbəri oldu və bir ay sonra ona yaxın olan Heydər Əliyev Azərbaycan SSR-də yerli DTK-nın sədri vəzifəsinə gətirildi. İki il sonra Əliyev Azərbaycan Kommunist Partiyasının rəhbəri oldu. Bu vəzifəni 1954-cu ildən bəri elmlə bağlı ictimai xadimlər tuturdu, indi isə iş professional xüsusi xidmət orqanları işçilərinə tapşırılırdı. Belə dəyişikliyə rəsmi səbəb kimi korrupsiyaya qarşı mübarizə ehtiyacı göstərilirdi, amma əsas səbəb sözsüz ki, sovet və ümumən sosialist məkanında yüksələn millətçiliklə bağlı narahatlıq idi. Heydər Əliyev 1971-ci ildə yerli Kommunist Partiyasının yığıncağında Azərbaycan tarixçilərini millətçilik hisslərini qızışdırmağa görə sərt şəkildə qınamışdı. Dörd il sonra, 1975-ci ildə Azərbaycan Sovet hakimiyyəti, sonradan Elçibəy ləqəbini götürən pantürkçü şərqşünas alim Əbülfəz Əliyevi məhz millətçilik ittihamı ilə həbs etdi. Həbsindən təxminən on beş il sonra Elçibəy xalqın dəstəyi ilə müstəqil Azərbaycanın son kommunist liderini vəzifəsindən uzaqlaşdırıb, ölkənin qısamüddətli ikinci prezidenti olacaqdı.
Korrupsiyaya qarşı mübarizəyə gəldikdə isə qeyd etmək lazımdır ki, Heydər Əliyev hakimiyyəti dövründə korrupsiya Sovet Azərbaycanda ən yüksək səviyyələrə çatdı. Professor Cəmil Həsənlinin yazdığı kimi, Rusiya Dövlət Müasir Tarix Arxivində (РГАНИ) Sovet Azərbaycanı hakimiyyəti dövründə Əliyevin korrupsiyada iştirakına dair dörd qovluq, 400 səhifəlik sənədlər mövcuddur.[40] Sabiq Rusiya prezidenti, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş Boris Yeltsin öz xatirələrində bu qovluqlardan birini Qorbaçova apardığını və onu ifrat korrupsiyaya bulaşmış Əliyevi Siyasi Bürodan qovmağa təşviq etdiyini yazır. Cənubi Qafqazın təbii sərvətlərlə ən zəngin respublikası olmasına baxmayaraq, daha yüksək korrupsiya nəticəsində Azərbaycan qonşuları ilə müqayisədə inkişafdan geri qalırdı. Sara Krombaxın dissertasiyasında qeyd etdiyi kimi, “ASSR regionda əhalinin ən kasıb yaşadığı respublika idi və DQMV-nin [Dağlıq Qarabağ Muxtar Vilayəti] Azərbaycan daxilində vəziyyəti digər regionlarla müqayisədə nisbətən yaxşı vəziyyətdə olsa da, yenə də Ermənistan SSR ortalamasından geri qalırdı.”[42] Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməməsi Dağlıq Qarabağ ermənilərinin separatizmə haqq qazandırmaq üçün istifadə etdikləri arqumentlərdən biri idi.
Ən əsası, Əliyev Sovet Azərbaycanı liderlərinin ənənəvi yerlibazlığını ifrat səviyyəyə çatdırdı və bu, şübhəsiz ki, yüksələn Azərbaycan millətçiliyinə ciddi zərbə oldu. Hans Meissnerin yazdığı kimi, “1969-cu ildə Moskva Heydər Əliyevi Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin edəndə o, dərhal partiya və administrativ aparatı təmizləməyə başladı … yerli və şəxsi meyarlara uyğun olaraq yeni adamlar işə götürdü … yeni adamları əsasən öz bölgəsi Naxçıvan və Ermənistandan olan dostları arasından seçirdi. Bununla da Əliyev bütün respublikanı əhatə edən himayəçi şəbəkəsinin rəqibsiz rəhbəri oldu.” Əliyevin yerlibazlığı respublikanın Elmlər Akademiyasında və universitetlərində əsas rəhbər vəzifələr də daxil olmaqla, elm-təhsil sahəsinə də sirayət etdi. Bu, naxçıvanlılar və Ermənistandan olan azərbaycanlılardan ibarət yeni bir elita yaratmağa yönəlmiş yuxarıdan aşağı siyasət idi. Əliyevin yerlibazlığı yalnız qohumları və dostları ilə məhdudlaşmırdı – naxçıvanlılar və Ermənistandan olan azərbaycanlılar birdən-birə imtiyazlı zümrəyə çevrildilər. Bu, ən azından, ictimai fikirdə belə görünürdü və bu mövzuda çoxlu zarafatlar meydana gəlib. Bu zarafatlardan biri, məsələn, Bakıya gələn bir naxçıvanlıdan bəhs edir. O, respublika hökumətində nazir vəzifəsində çalışan qohumunun yanına gedir və nazir müavini təyin edilməsini xahiş edir. Qohumu boş yer olmadığını deyəndə naxçıvanlı hazırkı nazir müavininə üz tutub, onun hansı bölgədən olduğunu soruşur. Nazir müavini Naxçıvan və Ermənistandan başqa bir bölgənın adını çəkir və naxçıvanlı nazir qohumunu danlayaraq deyir ki, ‘bu nazir müavini vəzifəsi boşdur, amma sən boş yer olmadığını bildirirsən.’
Moskva rəhbərliyi təbii ki Əliyevin həddindən artıq korrupsiya və yerlibazlığından xəbərdar idi, amma buna dözürdü. Sovet arxivlərində olan sənədlər göstərir ki, Əliyevin Sovet dövründə Moskvada nüfuzlu şəxslərin və qurumların sədaqətini əldə etmək üçün istifadə etdiyi rüşvətxorluq təcrübəsi postsovet Əliyevlər hakimiyyətinin Qərbdəki nüfuzlu insanları və təşkilatları Azərbaycandakı kobud insan haqları pozuntularına göz yummaları məqsədilə satın almaq üçün istifadə etdiyi kürü diplomatiyasına[45] çox bənzəyir. Ancaq düşünürəm ki, Moskvanın Əliyevin korrupsiyasına dözməsinin tək səbəbi rüşvətlə satınalma bacarığı deyildi. Şübhəsiz ki, Moskva ifrat yerlibazlığın azərbaycanlılar arasında daxili ziddiyyətlər yaratmaqla Azərbaycan millətçiliyini zəiflətdiyini görürdü. Təsadüfi deyil ki, Əliyev, həmçinin onun Bakıdakı müttəfiqi və varisi olan Kamran Bağırov (o, Ermənistan azərbaycanlısı və Əliyevin uzaq qohumu idi) vəzifədən azad edildikdə, Moskva onların yerinə rəqib klanlardan – Qarabağ və Şirvandan olan Vəzirov və Mütəllibovu təyin etdi. Moskva hesablanmış böl və idarə et əsaslı siyasət yeridirdi. Həm Vəzirov, həm də Mütəllibov Əliyev şəbəkəsinə qarşı kütləvi təqiblər başlatmışdılar və eyni zamanda öz bölgələrindən olan insanları yüksək vəzifələrə çəkməklə, eyni cür yerlibazlılıqla məşğul olurdular. Ancaq onların Əliyevin regional şəbəkəsini dağıtmaq məqsədləri uğursuzluğa düçar oldu. Region Azərbaycan millətçiliyinə yeni impulslar gətirəcək, sosialist dünyasının dağılmasını sürətləndirəcək hadisələrin baş verdiyi yeni bir dövrə qədəm qoydu.
DQMV erməniləri Azərbaycan SSR-dən ayrılmaq tələbi ilə hərəkat başlatdılar. Viken Çeteryan haqlı olaraq yazır ki, ermənilər “[s]əfərbərliklərinin Azərbaycanda simmetrik bir səfərbərlik yaradacağını və Dağlıq Qarabağ probleminin müasir Azərbaycan milli kimliyinin təməl daşına çevriləcəyini təsəvvür edə bilmədilər.” İmperiyanın son dövrlərində milli səfərbərliyə təkan verən, lakin İkinci Dünya Müharibəsindən sonrakı dövrdə aktiv şəkildə yalnız bir neçə azərbaycanlı tarixçi arasında qalmış ermənilərlə köhnə qarşıdurma yenidən alovlandırıldı.
Pantürkizmin dirçəlişi
1988-ci ildə Azərbaycan xalqı Dağlıq Qarabağ ermənilərinin ayrılmaq tələblərinə etiraz etmək üçün küçələrə axışdı. Çox keçmədən bu etirazlardan sonra geniş kütlələrin dəstəklədiyi Xalq Cəbhəsi adlı qeyri-rəsmi, nüfuzlu bir təşkilat meydana gəldi. Yuxarıda adı çəkilən pantürkist dissident və şərqşünas alim Elçibəy təşkilatın lideri oldu. Tomas de Vaalın dediyi kimi, “1988-ci ildə Azərbaycan hələ də Sovet İttifaqının ən mühafizəkar respublikalarından biri idi və yuxarıların demək olar ki, qətiyyən fərqli siyasi düçüncəyə qarşı dözümlülüyü yox idi. Ermənistanda yerli Kommunist Partiyası funksionerlərinin çoxluğu yeni millətçi hərəkatla işləməyə hazır olduqlarını göstərdilər və millətçilər hakimiyyəti nisbətən rahat şəkildə ələ keçirdilər; Azərbaycanda isə iqtidar və müxalifətin razılıq əldə etməsi üçün heç bir ortaq nöqtə və gələcəyin nə olacağı ilə bağlı fikir birliyi yox idi.”[47] Buna görə də Xalq Cəbhəsi hakim partiya nomenklaturasının ən şiddətli rəqibinə çevrildi.
1990-cı ilin yanvarında Sovet qoşunları, ölkənin müdafiə naziri Yazovun iddia etdiyi kimi, millətçilərin hakimiyyəti Kommunist Partiyasından almasına yol verməmək üçün Bakıya daxil oldu. Yüzdən çox mülki şəxs öldürüldü. Azərbaycan Kommunist Partiyasının lideri Vəzirov Moskvaya qaçdı və onun yerinə Ayaz Mütəllibov təyin edildi. Lakin 1990-cı ilin yanvar hadisələrindən sonra yerli xalqın gözündə Sovet hakimiyyəti tamamilə iflasa uğradı və küçələrdə müstəqillik səsləri eşidildi. Yerli partiya nomenklaturası millətçi hərəkata müqavimət göstərməyə davam etsə də, bölündü. Daxili regional rəqabət qarşıdurmaları gücləndirdi. Heydər Əliyevə sadiq olanlar Xalq Cəbhəsi ilə Mütəllibova qarşı birləşdi. Xalq Cəbhəsi Əliyevi Mütəllibovun başlatdığı hücumlardan müdafiə edirdi. Mütəllibov isə Əliyevin yenidən respublikanın siyasi həyatına qayıtmasının qarşısını almaq istəyirdi. 1990-cı ildə Azərbaycan Ali Sovetinə seçkilər keçirildi. Qanun pozuntularına və Kommunist Partiyasının inzibati üstünlüyünə baxmayaraq, 70 illik Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq çoxsaylı müxaliflər Azərbaycanın qanunverici orqanına – yerli Ali Sovetə seçilməyi bacardılar. Yeni seçilmiş müxalif deputatların əksəriyyəti Xalq Cəbhəsinə sadiq idi və parlamentdə küçənin səsini təmsil edirdilər. Lakin Gürcüstan və Ermənistandan fərqli olaraq, Xalq Cəbhəsinin şiddətli müqavimətinə baxmayaraq, Azərbaycan Ali Sovetindəki kommunist çoxluq Sovet İttifaqının taleyi ilə bağlı Qorbaçovun referendumunda iştirak etməyə səs verdi. Referendum 1991-ci ilin yazında keçirildi və Mütəllibov saxtalaşdırılmış seçki nəticələrini (rəsmi nəticələrə görə azərbaycanlıların 90%-dən çoxu SSRİ-də qalmağa səs vermişdi) Moskvaya bildirdi. Lakin Mütəllibovun 1991-ci ilin avqustunda Moskvadakı çevriliş cəhdini dəstəkləməsi onun mövqeyini daha da zəiflətdi. Sovet İttifaqı 1991-ci ildə dağıldı və Mütəllibov saxta seçkilərlə ölkənin ilk prezidenti seçilsə də, bir neçə ay sonra Xalq Cəbhəsi onu devirdi. Tezliklə Elçibəy respublikanın prezidenti oldu. Əslində, bütün Cənubi Qafqazda müxalif millətçi alimlər hakimiyyətə gəldi. Əvvəlcə Gürcüstanda ədəbiyyat professoru və yazıçı Zviad Qamsaxurdiya, sonra isə Ermənistanda şərqşünas professor Ter-Petrosyan prezident seçilmişdilər.
Pantürkist Elçibəy hakimiyyətinin ilk təşəbbüslərindən biri ölkənin dövlət dilinin Azərbaycan dilindən türk dilinə dəyişdirilməsi oldu. Pantürkist millətçilik özünün ən güclü dövrünü yaşayırdı. Bu millətçilik böyük ictimai dəstəklə 70 illik kommunist idarəçiliyindən sonra hakimiyyətə gəlmişdi. Eyni zamanda 1991-ci ilin sentyabrında Heydər Əliyev də doğma Naxçıvan Muxtar Respublikasında yenidən hakimiyyətə qayıtdı və bölgəni Bakıdan ayrı bir siyasi qurum kimi idarə etməyə başladı. Əliyev həm Mütəllibov hökuməti, həm də Elçibəy hökumətinin Naxçıvanın işlərinə müdaxiləsinə müqavimət göstərirdi. Elçibəyin prezidentliyi uzun sürmədi. O, 1993-cü ildə hərbi çevriliş nəticəsində devrildi və fürsətdən istifadə edərək Heydər Əliyev kütləvi ictimai dəstək ilə Bakıda rəhbərliyi ələ keçirdi. Köhnə Kommunist Partiyası elitası qısa müddətdə itirdiyi hakimiyyətə qayıtdı. Əslində, yeni müstəqillik qazanan Cənubi Qafqaz respublikalarında prezident olmuş, demokratik yolla seçilmiş keçmiş millətçi müxaliflərin hamısı ya qaçmalı, ya da istefa verməli oldu.
Sülalə millətçiliyi / Yeni Azərbaycançılıq
1993-cü ildə Azərbaycanın üçüncü prezidenti olan Heydər Əliyevin geniş koalisiyası var idi. Keçmiş nomenklaturanın xeyli hissəsi bir vaxtlar Mütəllibovun Əliyevin siyasi istəklərini boğmasını dəstəkləmişdi, indi isə küçədən gəlmiş Xalq Cəbhəsinə nifrət edən nomenklatura Əliyevin tərəfdarına çevrildi. Bir vaxtlar Mütəllibova qarşı Xalq Cəbhəsinə qoşulan Əliyevin regional tərəfdarları da indi liderlərinin yanında idilər. Bundan əlavə, Elçibəyin pantürkizmi etnik azlıqların narazılığına səbəb olmuşdu. Azərbaycan müsəlmanlarının yarı rəsmi lideri sayılan şeyxülislam Allahşükür Paşazadə parlamentdəki çıxışında Xalq Cəbhəsi hökumətini tənqid edərək onu “türkün türkdən başqa dostu yoxdur” düşüncəsi ilə siyasət yürütməkdə ittiham etmişdi.
Əliyev gözlənildiyi kimi, dövlət dilinin adını türk dilindən Azərbaycan dilinə qaytardı. 1994-cü ildə Əliyev pantürkist düşərgəsindən olan ziyalılarla Sovet tipli Azərbaycan millətçiliyini müdafiə edən alimlərin iştirakı ilə təşkil etdiyi məclisdə dilin adı məsələsini müzakirəyə çıxardı.[50] 1995-ci ildə qəbul edilən yeni Konstitusiyada dövlət dilinin adı Azərbaycan dili olaraq bərpa edildi.
Əliyev siyasi partiyasını Yeni Azərbaycan adlandırdı. Elçibəyin pantürkist millətçilik versiyasının əksinə olaraq, Əliyev Sovet tipli etnik Azərbaycan millətçiliyini canlandırırdı. Amma Əliyevin yeni azərbaycançılığı çox vacib yeni elementi də özündə ehtiva edirdi. Napoleon kimi, o da millətçi monarxiya[51] qurmağı hədəfləyirdi və oğlunu varisi olaraq yetişdirirdi. 2003-cü ildə Əliyevin oğlu şiddətli etirazlar və opponentlərin kütləvi təqibləri ilə nəticələnən olduqca mübahisəli seçkilərdə ölkənin başçısı oldu. Oğul İlham Əliyev sülalə millətçiliyi ideyasını daha da irəli apardı və atasının adı ətrafında Sovet stalinist üslubunda bir şəxsiyyətə pərəstiş qurmağa başladı. Heydər Əliyevə indi Azərbaycan millətinin qurucusu ünvanı verilirdi.
İlham Əliyev bu təbliğatı gücləndirmək üçün Azərbaycan tarixinin, xüsusən millətin əziz tutduğu iki ən yaddaqalan dövrü tez-tez hədəf alır. Birincisi, əlbəttə ki, ilk Azərbaycan Cümhuriyyətinin mirasıdır. Demək olar ki, hər fürsətdə Əliyev ilk Cümhuriyyəti pisləyir, onu İrəvanı Ermənistana verməkdə günahlandırır və bunu cinayət adlandırır.[53] Əliyev bu cümhuriyyətin müstəqilliyini formallıq kimi qiymətləndirir və hətta Azərbaycanın milli simvollarının qəbulunu xarici dövlətlər və generallarla razılaşdırmalı olduğunu söyləyərək onun imicini ləkələməyə çalışır. Cümhuriyyətin əhəmiyyətini şişirtməməyə və tarix kitablarını onun öz tarix versiyasına görə yazmağa çağırır.[54] Hakim partiyanın rəhbər şəxsləri Cümhuriyyətin demokratik sisteminin onun daxili zəiflik mənbəyi olduğunu və məhz bunun sonda onu süquta aparması fikrini dönə-dönə təbliğ edirlər.[55] Əliyev daha da sərt ittihamlarla keçmiş Xalq Cəbhəsi hökumətinə hücum edir. Onları çevrilişlə hakimiyyətə gələn və bununla da Ermənistan qoşunlarının ölkə torpaqlarını ələ keçirməsinə imkan verən xainlər adlandırır.
Epiloq
Şübhə yoxdur ki, hazırda İlham Əliyev sülalə hakimiyyətini daha da möhkəmləndirməyi və gələcəkdə hakimiyyəti varisinə problemsiz ötürməyi özünün ümdə vəzifəsi sayır. 2017-ci ildə həyat yoldaşını birinci vitse-prezident təyin etməklə Əliyev hakimiyyəti ailəsinin əlində saxlamağın onun üçün ən böyük prioritet olduğunu açıq şəkildə nümayiş etdirdi. İndiyə qədər Əliyev bu siyasəti geniş ictimaiyyətin bəyənmədiyi, lakin repressiya qorxusundan açıq şəkildə müqavimət göstərə bilmədiyi bir mühitdə aparırdı. Qarabağ müharibəsindəki uğur isə Əliyevə əvvəllər heç vaxt sahib olmadığı böyük populyarlıq qazandırdı. Qalibiyyət ona millətçiliyin köməyi ilə monarxiya qurmaq məqsədini daha da inamla həyata keçirmək şansı verdi. Mayk Rapport yazır ki, 19-cu əsrin ortalarında “Avropa populyar mühafizəkarlığı və millətçiliyi avtoritar hökumətlərin liberal müxalifəti sıxışdırmaq və zəiflətmək üçün istifadə edə biləcəyi bir vasitə idi.”[57] Əliyev də bu yolla gedir və müharibənin yaratdığı millətçi şövqün sönməməsi üçün əlindən gələni edir. Tez-tez irridentist iddialarla millətçi hissləri qızışdırır, təbliğat maşınını – dövlətin nəzarətindəki media, təhsil müəssisələri, ölkə daxilində və xaricindəki hökumətyönümlü QHT-lər, xaricdəki hökumətyönlü diaspor təşkilatları və sosial mediada nəhəng trol ordusunu gücləndirərək dolayı yolla sistemli şəkildə millətçiliyi alovlandırır. Onun elə də gizlədilməyən irridentist iddiaları monarxiyanı qorumaq naminə millətçi hisslər üzərində qurulan əvəzedilməz və təsirli bir vasitəyə çevrilib. Qələbədən sonra sevincli və özünə inamı artan ictimaiyyət, azərbaycançılıq / pantürkist hisslərinə əsaslanan bu irredentist görüşü / illüziyanı coşğuyla dəstəkləyir. Kütlə hətta “Azərbaycanın hədəflərinə çatması naminə daha çox dost qazanmağa və düşmənlərini susdurmağa kömək etdiyi üçün” Qərb institutlarına və siyasətçilərinə rüşvət verilməsinə – yuxarıda qeyd olunan korrupsiyaya açıq şəkildə haqq qazandırmağa da başlayıb.
Əliyev son onilliklərdə əsasən pantürkist Xalq Cəbhəsi hökumətinin qalıqları ilə təmsil olunan, liberal-demokratik dəyərlərin daşıyıcısı olduğunu iddia edən, amma Əliyevlə rəqabətini əsasən millətçilik diskursu üzərində quran müxalifətə və vətəndaş cəmiyyətinə də bu diskursda qalib gəlib. Almanların 1848-ci il inqilabında uğursuzluğunun səbəbini izah edərkən Rapport yazır ki, “alman ‘qırx səkkizincilər’ təkcə idealist deyildilər: onlar da hakimiyyət, ələlxüsus da alman gücü ilə maraqlanırdılar və almanların gələcəyi ilə bağlı debatlar bunu aydın şəkildə göstərirdi. Milli birlik və siyasi azadlıq arasında seçim etmək məcburiyyətində qaldıqda, bəzi istisnaları çıxmaq şərti ilə liberallar birincini seçmişdilər. Bu, bəlkə də, 1848-ci ilin daha dərin faciəsi idi: hətta liberallar da azadlığı milli hakimiyyətə qurban verməyə hazır idilər.”[58] Bunu müasir Azərbaycana da şamil etmək olar. Liberal-demokratik Azərbaycan müxalifəti pantürkizm və mühafizəkarlıqdan əl çəkə bilmədi və ən əsası, liberal ideyaları millətçiliyə qurban verdi. Türkiyəni son Qarabağ müharibəsində fəal tərəfdaşına çevirməklə isə Əliyev hətta pantürkist diskursda belə müxalifətdən daha bacarıqlı olduğunu göstərdi. Liberal-demokratlıq iddiasında olan müxalifətin daha radikal populizmə əl ataraq Əliyevin Qarabağdakı qələbəsinə kölgə salmaq cəhdləri isə onlara çətin ki geniş ictimai dəstək qazandırsın. Millətçi diskurs yarışmasında Əliyev açıq və rəqabətsiz qalibdir. Bunun Azərbaycan xalqının taleyinə necə təsir edəcəyi isə gələcəkdə məlum olacaq.
İstinadlar
[1] Anderson, Benedict. Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism. Revised edition. London New York: Verso Books, 2016, pp. 3, 5.
[2] Gellner, Ernest. Thought and Change. Midway Reprints. University of Chicago Press, 1978, 168.
[3] Anderson, Imagined Communities, 6.
[4] Anderson, Imagined Communities, pp. 133, 145.
[5] Yenə orada. 6.
[6] Aghoglu, Ahmed. Üç Medeniyet. Üçüncü nəşr. Doğu Kitabevi, 2013, 8-9. https://turuz.com/storage/users/bey-1395/0926-uch_Medeniyet-Ahmet_Aghaoghlu.pdf. [Daxil olunub 07.27.2021].
[7] Savory, Roger. Iran Under the Safavids. 1st edition. Cambridge: Cambridge University Press, 2007, 213.
[8] Əlimərdan bəy Topçubaşovun şəxsi arxivi. Paris, Centre d’études des mondes russe, caucasien et centre-européen. Luggage 6.
[9] Anderson, Imagined Communities, 24-25.
[10] Swietochowski, Tadeusz. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge: Cambridge University Press, 1985, 24.
[11] Denis, Robert. “Azərbaycanda Sovetöncəsi Dil İslahatı Uğrunda Hərəkat: ümumi baxış,” Bakı Araşdlrmalar İnstitutu, 1 May, 2018, https://bakuresearchinstitute.org/az/azerbeycanda-sovetoncesi-dil-islahati-ugrunda-herekat-umumi-baxis/.[Daxil olunub 07.27.2021].
[12] Denis, “Azərbaycanda Sovetöncəsi Dil İslahatı.”
[13] Bennigsen, Alexandre. Azerbaidzhan. Occasional Paper / Kennan Institute for Advanced Russian Studies; No. 61. Washington, D.C: Wilson Center, Kennan Institute for Advanced Russian Studies, 1979.
[14] Denis, “Azərbaycanda Sovetöncəsi Dil İslahatı.”
[15] Vəzirov, Nəcəf bəy. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, 139.
[16] Göyüşov, Altay. Azərbaycanda İttihadçılıq. Bakı: İrşad, 1997, 76.
[17] Denis, “Azərbaycanda Sovetöncəsi Dil İslahatı.”
[18] Zia-Ebrahimi, Reza. The Emergence of Iranian Nationalism: Race and the Politics of Dislocation. Columbia University Press, 2016.
[19] А. К. Бакиханов, A, K. Сочинения, записки, письма. Баку: Элм, 1983, 252.
[20] Həsənzadə, Turan, və Əziz Mirəhmədov, red. Əkinçi. 1875-1877 (Tam Mətni). İkinci nəşr. Bakı: Avrasiya Press, 2005, 122. http://elibrary.bsu.edu.az/files/books_460/N_152.pdf. [Daxil olunub 07.27.2021].
[21] Shissler, Ada Holland. Between Two Empires: Ahmet Agaoglu and the New Turkey. London, 2002, 2.
[22] Hodaei, Əlirza. “Qlobal tarix dövründə milli hekayətlərə yeni baxış: Məhəmməd Əmin Rəsulzadə və İran əlaqəsi,” Bakı Araşdırmalar İnstitutu, 24 may, 2019, https://bakuresearchinstitute.org/az/rethinking-national-narratives-in-the-age-of-global-history-mahammad-amin-rasulzadeh-and-the-iranian-connection-az/ . [Daxil olunub 07.27.2021].
[23] Rəsulzadə, Məhəmməd Əmin. “Əsrimizin Siyavuşu.” 1920-ci ildə Lahıcda yazılıb. https://www.azadliq.org/a/26823199.html. [Daxil olunub 07.27.2021].
[24] Bennigsen, Azerbaidzhan.
[25] Rəsuzladə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 11. http://anl.az/el/emb/Cumhuriyyet/kitablar_az/1990-732.pdf. [Daxil olunub 07.27.2021].
[26] Kelsey Rice, “Forging the Progressive Path: Literary Assemblies and Enlightenment Societies in Azerbaijan, 1850-1928 (PhD diss., University of Pennsylvania, 2018), 129-130.
[27] Feldman, Leah. On the Threshold of Eurasia: Revolutionary Poetics in the Caucasus. Ithaca: Cornell University Press, 2018, 100-101.
[28] “Азербайджанский Язык.” ed. Nikolai Marr, In Большая Советская Энциклопедия. Москва: Советская энциклопедия, 1926, 666.
[29] Goff, Krista A. Nested Nationalism: Making and Unmaking Nations in the Soviet Caucasus. Ithaca New York, 2021, 21.
[30] Goff, Nested Nationalism, 106.
[31] Şub, Esfir. Arazın o Tayında. Sənədli film, 1947. https://www.youtube.com/watch?v=sEuraKhXi-A. [Daxil olunub 07.27.2021].
[32] Bax: Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946. Lanham, Md, 2006.
[33] Bu dövr üçün bax: Həsənli, Cəmil. Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, ziyalılar, xalq (1959-1969). Bakı: Qanun, 2019.
[34] История Азербайджана, том I (макет). Баку: Издательство Академии Наук Азербайджанской ССР, 1954.
[35] Goff, Nested Nationalism, 106.
[36] Lipset, Seymour Martin, and Gyorgy Bence. “Anticipations of the Failure of Communism.” Theory and Society 23, no. 2 (April 1, 1994): 169–210.
[37] Ələkbərov, Ə. Sovet Azərbaycanı. Novruz Bayramı. Sənədli film. Azərbaycanfilm, 1967. https://www.youtube.com/watch?v=EP9UenBzsh0. [Daxil olunub 07.27.2021].
[38] Goff, Nested Nationalism, 23.
[39] Həsənli, Cəmil. “Feysbuk paylaşımı,” 16 iyun, 2018. https://www.facebook.com/CamilHasanli/posts/1167112603430323/. [Daxil olunub 07.27.2021].
[40] Həsənli, Cəmil. “Feysbuk paylaşımı,” 4 aprel, 2021. https://www.facebook.com/photo?fbid=3868757433202294&set=a.600060956738641. [Daxil olunub 07.27.2021].
[41] Ельцин, Борис. Исповедь На Заданную Тему. Рига: Rukitis, 1990. https://www.litmir.me/br/?b=8385&p=28. [Daxil olunub 07.27.2021].
[42] Crombach, S. G. Ziia Buniiatov and the Invention of an Azerbaijani Past, 2019, 128. (Ph.D. dissertation, Amsterdam School for Regional, Transnational and European Studies.)
https://dare.uva.nl/search?identifier=30eae29c-7a86-4739-a09e-1d761223b8ff. [Daxil olunub 07.27.2021].
[43] Meissner, Hannes. “Informal Politics in Azerbaijan: Corruption and Rent-Seeking Patterns.” Caucasus Analytical Digest, November 2, 2011, 6. https://css.ethz.ch/content/dam/ethz/special-interest/gess/cis/center-for-securities-studies/pdfs/CAD-24-6-9.pdf. [Daxil olunub 07.27.2021].
[44] Российский Государственный Архив Новейшей Истории, фонд 100, опись 6, дело 41, лист 90.
[45] Vəliyev, Toğrul. “Azərbaycan və beynəlxalq korrupsiya qalmaqalları,” Bakı Araşdırmalar İnstitutu, 3 iyun, 2021, https://bakuresearchinstitute.org/az/azerbaijan-and-international-corruption-scandals/. [Daxil olunub 07.27.2021].
[46] Çeteryan, Viken. “Dağlıq Qarabağın siyasi statusu belə vacibdirmi?” Bakı Araşdırmalar İnstitutu, 15 mart, 2021, https://bakuresearchinstitute.org/az/is-the-political-status-of-nagorno-karabakh-that-important/. [Daxil olunub 07.27.2021].
[47] Waal, Thomas de. Black Garden: Armenia and Azerbaijan through Peace and War. New York: New York University Press, 2003, 82-83.
[48] Dobbs, Michael. “Soviets Say Troops Used to Avert Coup in Baku.” Washington Post, January 27, 1990. https://www.washingtonpost.com/archive/politics/1990/01/27/soviets-say-troops-used-to-avert-coup-in-baku/fbd719ea-9242-4388-afc2-3a67d05d016d/. [Daxil olunub 07.27.2021].
[49] Paşazadə, Allahşükür. Talış və Türklər Qardaşdır: Allahşükür Paşazadə. Milli Məclisdə Çıxış., 1993. Bakı. https://www.youtube.com/watch?v=-WL1Ox59fi4. [Daxil olunub 07.27.2021].
[50] Heydər Əliyev dilimizin adını necə və niyə dəyişdi? 1994. Bakı. https://www.youtube.com/watch?v=wwqGlfIyk1A. [Daxil olunub 07.27.2021].
[51] Kostiner, Joseph. “Monarchy in the modern era.” Encyclopedia Britannica, Invalid Date, https://www.britannica.com/topic/monarchy/Monarchy-in-the-modern-era#ref953935. [Daxil olunub 07.27.2021].
[52] Yeni Azərbaycan. “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir.” Yeniazerbaycan.com, 5 sentyabr, 2018. http://www.yeniazerbaycan.com/Analitik_e41140_az.html. [Daxil olunub 07.27.2021].
[53] Aliyev, Ilham. “Sumqayıtda Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri Üçün Tikilmiş Yaşayış Binasının Açılış Mərasimində İlham Əliyevin Nitqi,” 24 dekabr, 2012. https://president.az/articles/6974/print. [Daxil olunub 07.27.2021].
[54] Bax, APA. “Azərbaycan Prezidenti: ‘Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik’.” Apa.az, 28 may, 2020. https://apa.az/az/xeber/daxili-siyaset/Azrbaycan-Prezidenti-Biz-tarixi-oldugu-kimi-yazmaliyiq-v-bilmliyik-588830. [Daxil olunub 07.27.2021].
[55] Ömərov, Vahid. “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu.” Sesqazeti.az, 19 noyabr, 2012. https://sesqazeti.az/news/mia/321660.html. [Daxil olunub 07.27.2021].
[56] APA. “Dövlət başçısı: ‘Məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü’.” Apa.az, 4 dekabr, 2021. https://apa.az/az/apa-tv/xeber/xeberler/dovlet-bascisi-mehz-axc-musavat-cutluyunun-xeyaneti-neticesinde-susa-ve-lacin-isgal-altina-dusdu-64517. [Daxil olunub 07.27.2021].
[57] Rapport, Mike. 1848: Year of Revolution. Reprint edition. New York; New York: Basic Books, 2010, 404.
[58] Yenə orada. 402.
Altay Göyüşov
Mənbə: bakuresearchinstitute.org