Xətayi yaradıcılığında Etika.
31-05-2022, 08:37
Etika məsələsi istər şərq, istərsə də qərb fəlsəfəsində çox dəyərli mövzu hesab edilmişdir. Şərq dünya görüşündə bu məsələyə əxlaq deyilir. Əxlaq ərəb dilində xulq sözünü ifadə edir,mənası davranış deməkdir. Sadecə söz fleksiyaya uğrayıb cəm formasını alaraq əxlaq sözünü əmələ gətirmişdir. Bir çox filosoflar əxlaqa belə tərif verilmişdir. “Müəyyən bir zaman ərzində məlum ictimai qrup, yaxud insan kütləsi tərəfindən mənimsənilən, şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi davranış qaydalarının, qanunlarının cəmi; yaxud müxtəlif cəmiyyətlərdə və zamanlarda əhatə dairəsi və məzmunu dəyişən əxlaqi dəyərlər məcmusudur.”
Etik dəyərləri şərq ədəbiyyatında filosof şairlərin divanlarından, eyni zamanda nəsihətnamələrindən əldə edə bilərik. Belə ki, qədim fars ədəbiyyatının dahilərindən biri olan Sədi Şirazinin Gülüstan əsəri əxlaq məsələləri üçün zərbi – məsəl hesab edilir. Bu əsərdə yaxşılıq, doğru yol və öyüd nəsihətlər öz əksini tapmışdır.
Yaxşı ol qoy “pisdir” desinlər sənə
Nə ki, pis olasan “yaxşı” desinlər.
Biz fəxarətlə söyləyə bilirik ki, Şah İsmayıl Xətayi də həmçinin öz əsərlərində (xüsusən Nəsihətnamədə) əxlaq konsepsiyalarına geniş yer vermişdir.
Yürü, sufi, yürü, yolundan azma,
Elin qeybətinə quyular qazma,
Yorulma bihudə, boşuna gəzmə,
Yanında mürşidin var olmayınca.
Qalxdı, havalandı könlün quşu,
Qovğa, qeybət etmək kötünün işi
, Ustadın tanımaz bunda hər kişi,
Onun kim mürşüdü ər olmayınca.
Şeirdə şair təsəvvüf əhlinə doğru yolda olmağı məsləhət bilir. Ümumiyyətlə irfan ədəbiyyatında etika anlayışı çox dərin mövzudur. Belə ki, təsəvvüf əhlinə görə insan kamil əxlaqa yiyələnərək Arif səviyyəsinə qalxa bilir. Arif insan da şərq fəlsəfəsinə görə ideal insan hesab edilir. Yeri gəlmişkən onu da qeyd edək ki, qərb fəlsəfəsinin dahilərindən olan Fredrix Nitşzenin də ideal insan (superman) düşüncəsi vardır. Lakin, Nitşzenin superman obrazı, irfandakı Arif ilə eynilik kəsb etmir. Çünki superman surəti daima güclü olur və zəifləri əzir, fəqət Arif belə deyil. Arif insan aşiqdir, məhz aşiq olduğu üçün də o heç kimə xətər yetirə bilmir.
Xətayinin sufi-şiə görüşlərinə görə ideal insan obrazı Məhəmməd peyğəmbərdə və 12 imamda gizlənmişdir.
Mö’minlərə yarü ğəmgüsari,
Üsyan qışının gözəl bəhari,
Ərşin dirəgi, yerin qərari
Allahü Məhəmmədü Əlidir.
Səfəvilik təriqətinin əsas devizlərindən biri də Allah, Məhəmməd, Ya Əli hesab edilir. III misraya diqqət edək! Şair burda Məhəmməd peyğəmbər və İmam Əliyə ərşin dirəyi, və yerin qərarı olduğunu söyləyir. Niyə məhz ərşin dirəyi?
Qeyd etdiyimiz kimi irfan ədəbiyyatında Ariflər kamil əxlaq səviyyəsinə qalxaraq Allahda əriyirlər. Məhz, Xətayiyə görə də kamil əxlaq sahibi 14 məsumdur. Önəmli məsələni də qeyd edək ki, şeirdə vəhdəti-vücud da vardır. Belə ki, Məhəmməd və Əli Allahın əxlaqında gizlənmişdir və ona görə də bu iki şəxs ərşdən yerə qədər əxlaqı müdafiə edən müqəddəslərdirlər. Məsələni sadə dildə izah edək. Bəzən dua edirik ki, “Allah bu insanlara az da olsa əxlaq versin”.
Niyə məhz Allah insana əxlaq verməlidir?! Məgər Allah insanı azad yaratmayıbmı, O insana müdaxilə edə bilərmi?!
Bu sualların cavabını biz Teizm fəlsəfəsindən əldə edirik. Belə ki, Allah insanı muxtariyyət daxilində azad yaratmışdır və lazım olan təqdirdə yaratdıqlarının işinə qarışa bilir. Vəhdəti-vücud a görə hər şey, eləcə də əxlaq Allahdan qopan nişanədir və insan Allaha aid olan birşeyi Allahdan istəyir. Məhəmməd peyğəmbər və İmam Əli də Allahın pak əxlaq qanunlarını insanlara çatdıran, müqəddəs vasitələr hesab edilir.
Gər Əlinin mülki-insandır yeri,
Dər həqiqət ərşi-Rəhmandır yeri.
Şair bu şeirlərdə İmam Əlinin əxlaqını çox yüksək səviyyədə qiymətləndirir. Xətayiyə görə bu iki şəxsin əsl məkanı ərş qatıdır, bu fani dünya deyil. Qeyd edək ki, İrfan ədəbiyyatına görə Allahın məkanı bilinənin əksinə ərş deyil! Allah mücərrəd varlıq olduğu üçün məkansız(laməkan) olaraq tanınır. Sadecə ərş qatı Allahın əmrlərinin gəldiyi yer olaraq qiymətləndirilir. Filosof şairlərimizdən olan Nəsimi qeyd edir :
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam.
Xülasə, təsəvvüf ədəbiyyatında ən üstün əxlaqa sahib olan şəxslər Məhəmməd peyğəmbər və İmam Əli olaraq vurğulanır. İslam dinində də Məhəmməd peyğəmbər bütün peyğəmbərlərdən üstün olaraq dəyərləndirilir. Hətta, bəzi hədisi-şəriflərə görə Əhli-beytin(ə) nuru Adəmdən öncə xəlq edilmişdir.
“Kuntu kənzən” dövründə Məhəmməd nuridur
Qırmızı tac ilə gəldi aləmə faş olmağə.
“Kuntu kəzən” sözü kon sözündəndir, ərəb dilində olmaq sözünü ifadə edir. Bu sözün xilqət kəlməsi ilə fərqi ondadır ki, kon sözü ruhun, zatın yaranışına, xəlq sözü isə cismin yaranışına aiddir. Kuntu kəzən dövrü Adəmin ruhunun yarandığı dövr hesab edilir ki, irfan ədəbiyyatına görə də qeyd etdiymiz kimi bu dövrdə Əhli-beytin nuru çoxdan yaranmışdır.
Vücudi-Mustəfadən oldı Adəm
Risalət qapusu Quran degilmi?!
Xətayi burda da Məhəmməd peyğəmbərin nurunun öncədən var olduğunu vurğulayır. Hədisi- şərifdə qeyd edilir ki, Adəm peyğəmbər qadağan olunmuş meyvəni yedikdən sonra tövbə edir, o tövbə edərkən Məhəmməd peyğəmbər və onun ailəsinə salavat göndərir.
Məsələ Qurani-Kərimin Bəqərə surəsində belə göstərilir.
فَتَلَقَّىٰ آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.
Təfsirçilərə görə həmin kəlmələr, salavat hesab olunurdu.
Haşiyə:
Niyə təsəvvüf əhli əxlaqlı olmağı insanlara çatdırırdı?! Onlar bu təbliğat ilə nə əldə edirdilər?!
Cavab: İstər sufilər, istərsə də müsəlmanlar yaxşı işlər görərək insanları yaxşı işlərə dəvət etməyi özlərinə borc bilirdilər. Belə ki, bu mükəlləfiyyətə “Əmr be məruf və nəhy əz münkər” deyilir. Sözün ərəb dilində mənası yaxşı işlər görərək yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkinərək, pisliklərdən çəkindirmək deməkdir. Allah Qurani-Kərimdə Bəqərə surəsi 271-ci ayədə buyurur:
“ƏGƏR SƏDƏQƏLƏRİ AŞKAR ŞƏKİLDƏ VERSƏNİZ, YAXŞIDIR. GİZLİNDƏ VERSƏNİZ, BU SİZİN ÜÇÜN DAHA XEYİRLİDİR.”
Fəqət bu fikir bizim cəmiyyətə təhrif olunaraq çatdırılır. Bu təhrifat da Bibliyadan qaynaqlanır. Belə ki, Bibliyada buyurulur ki, “Bir nəfər yaxşılıq etsə sağ əlinin verdiyini sol əli bilməməlidir”
Qərb ədəbiyyatında də Məhəmməd peyğəmbərə əxlaqi dəyərlərinə görə böyük hörmət edilirdi. Belə ki, ərəb mənbələrindən və Abdullah ibn Abbasın rəvayətlərindən çıxış edərək söyləyə bilərik ki, Məhəmməd peyğəmbər müharibə vaxtı əsirləri öldürməz, onlara su və yemək verərdi, ağacları kəsdirməz, əli silahsızı və qaçanı öldürməz, yanlız onlara hücum edənlə döyüşər, evləri yıxmazdı.
Avropa ədəbiyyatında alman romantizminin və tufan və təztiq hərəkatının öndərlərindən olan İohann Vonfranq Göte Məhəmməd peyğəmbərə böyük hörmət bəsləmiş və ona nəğmələr yazmışdır.
O, səmadakı ulduz kimi parlayır
Onun nəfəsindən çiçəklər yenidən canlanır.
Haşiyə :
Tövbə edib günahlardan bağışlanmaq istəyi də böyük məharət tələb edir. İslam dinində bu işi başlara bilən insanlar qəlbitəmiz insanlar adlandırılır. Böyük Danimarka alimi Ekzistensializmin banisi Soren Kyerkeqor deyir ki, “Həqiqətən tövbə etmək, xüsusən də tezliklə tövbə etmək böyük idealizm tələb edir.” Yəni, hər adam tövbə etməyi və günahlardan bağışlanmağı bacarmır. Yalnız qəlbi diri olan insanlar tövbə edə bilir. Qəlbi diri məsələsinə gəldikdə isə Yasin surəsinin 70-ci ayəsində buyurulur ki,
لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ
Qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.
Təsəvvüf ədəbiyyatına görə Qurani-Kərim insan əxlaqını saflaşdıran müqəddəs kitabdır. Və bu kitab dirilər üçün aiddir. Diri dedikdə İslam dinində cismani ölü və diri nəzərdə tutulmur. Belə ki, din fəlsəfəsinə görə bizim qəbul etdiyimiz “ölüm” material aləmdən mücərrəd aləmə transportasiya etməkdir. Yəni bir dünyadan başqa dünyaya keçddir. Məhəmməd peyğəmbərə istinad olunan bir hədisdə buyrulur ki, “sizdən ölüm barədə soruşulsa narahat olmayın. Deyin ki, ölüm bir evdən digər evə keçməkdir”. Yəni ki, ölüm prosesi sükunət demək deyil. Qeyd etdiyimiz kimi maddi aləmdən mücərrəd aləmə keçid hadisəsi adlanır.
Haşiyə :
Albert Kamyu deyir ki, bu həyatın özü mənasızdı və bu həyatda məna axtarmaq özü mənasızlıqdı. Belə ki, bu həyatla problemlər müştərəkdir və arzusunda olduğumuz istəkləri həyata keçirmək üçün dəridən qabıqdan çıxırıq. Bizim filosoflar ancaq deyir ki, axirət və cənnət mənasızdır, çünki cənnətdə istədiyin hərşey olur, bu da mənasızlığa gətirib çıxarır.
Bizim fikrimizə görə isə insan özü öz həyatını mənalı və mənasız edə bilər. Yəni mənanın qaynağı insan özüdür. Axirət və cənnət məsələsinə gəldikdə isə bu məsələ barədə dəqiq elmi fikir söyləmək mümkün deyil. Çünki axirət barədə fikri biz dəqiq elmlər və tədqiqat vasitəsi ilə əldə etmirik. Qeyd edək ki, dəqiq elmlər və tədqiqatlar material məntiqə əsaslanır. Cənnət və axirət isə material aləm deyil ideal(mücərrəd) aləmdir.
Əxlaqın bir digər qızıl qaydası da şəhvət hissinə nəzarət etməkdir. Ümumiyyətlə insan özü özünə nəzarət etməyi bacarmalıdır ki, kamil əxlaq səviyyəsinə yiyələnsin. Qeyd etdiyimiz əxlaq normalarının hamısı İslam dinindəndir. Yəni məşhur hesab edilən fəlsəfi və ideoloji cərəyanlarda islam dinində olduğu kimi əxlaqa o qədər də yer verilmir. Ümumən əxlaq nisbi anlayışdır, yəni hər bir fərdin özünün əxlaqi baxış bucağı mövcuddur. Qeyd etdiyimiz kimi əxlaqda bir digər önəmli məsələ də şəhvətə sahib çıxmaqdır. İslam dini bu hissi dəf etməyin çarəsini kəbinli ailə həyatı qurmaqda görür, Avropa cərəyanlarında isə bu hiss kəbinsiz sevgili ilə yaşanan hisdir. Niyə məhz kəbin?! Kəbin bir kağız parçası ola-ola hansısa bir mənanı daşıyırmı?!
Cavab:
Materialistlərin iddialarına görə kəbin kağız üstündə olan bir məfhum olduğu üçün mənasız birşeydir və insanlara azad cinsi əlaqə lazımdır. İlk öncə onu qeyd edək ki, insanın şəxsiyyətini təstiq edən sənəd də kağız parçasından ibarətdir. Eyni zamanda boşanma kağızı, diplom, doğum haqqında şəhadətnamə və.s bu sənədlər yəni kağız parçaları olmasa insanın faktiki vədəndaş olaraq yaşayışı qalmır. Kəbin də kişi və qadın arasında halallıq müqaviləsidir ki, haçansa münaqişə düşəndə kəbin vasitəsi ilə bu iki şəxs ər-arvad olduqlarını sübut edə bilərlər. Azad cinsi əlaqəyə gəldikdə isə bu hiss insanın fitrətində olan hisdir. Lakin azadlıq anlayışını ilkin olaraq dərk etməliyik. Belə ki, insan istər müsəlman olsun, istər materialist onun azadlığı müəyyən çərçivə daxilindədir yəni məhduddur. Çünki bu dünyanın özü məhdud aləmdir. Belə ki, ekzistensializmə görə insan ona qoyulan məhdudiyyətləri aradan qaldırsa yəni tam formada müstəqil azad olsa, o digər insanların azadlıqlarını əllərindən alacaqdır. Buna misal olaraq. İki şəxs düşünək biri özünü tam formada azad hiss edir və yanında olanı söyür, bu ikinci şəxsin azadlığının əlindən alınması və şəxsiyyətinin təhqiratına gətirib çıxarır. Azad cinsi əlaqə də fikrimizcə bu qəbildəndir. Belə ki, ginekoloqlar özləri məsləhət görürlər ki, gənclər evlilikdən(və ya cinsi əlaqədən) öncə həkim yoxlanışından keçsinlər. Çünki cinsi əlaqə zamanı Hepatit C xəstəliyi yayıla bilər. Bu da digər insanların sağlamlıqlarını təhlükə altına atır. Sadə bir misal verək; iki şəxs cinsi əlaqədə olduqqdan sonra Hepatit C xəstəliyinə yoluxur. Bu xəstəlik elə bir iyrənc xəstəlikdir ki, ayaqyolunda unitaz qapağının üstündən belə yoluxa bilir. Belə ki, bu iki şəxsdən biri hər kəsin istifadə etdiyi ayaqyolundan isifadə edirsə və həmin ayaqyoluna başqa biri gəlirsə yüksək ehtimalla Hepatit və ya başqa bir xəstəliyə yoluxur.
Tanrıverdi Əliyev
Teref.az