Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı yaşadı - Üzeyir bəyin tələbəsinin ürək dağlayan sonu

6-06-2022, 00:18           
Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı yaşadı -
Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı yaşadı - Üzeyir bəyin tələbəsinin ürək dağlayan sonu

Teref.Az Kulis.az-a istinadən mərhum sənətkar, Əməkdar artist Fatma Mehrəliyeva haqqında maraqlı faktları təqdim edir.

Fatma Yusif qızı Mehrəliyeva 1926-cı ildə Quba rayonunda anadan olub. Fatma xanım uşaqlıqdan çox çətinliklər görüb. 3-4 yaşlarında olarkən anası vəfat edib. Onu bir müddət Quba rayonunun İspik kəndində yaşayan xalası Əsməgül himayə edib. Xalasını yaddan çıxarmayan sənətkar gənclik illərində tez-tez onu yad edər, İspik kəndinə qonaq gələrmiş.

***

Hələ kiçik yaşlarından öz səsi ilə qohum-qonşunun, müəllimlərinin sevgisini qazanan Fatma Qubada orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərir. Festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir Hacıbəyovun diqqətini cəlb edir.

Üzeyir bəylə tanışlığı Fatma Mehrəliyevanın həyatında böyük rol oynayır. Üzeyir bəy ona əsil ata qayğısı göstərir. Fatmanı məktəbdə oxudur, ona musiqi təhsili almaq üçün şərait yaradır. Beləcə, Üzeyir bəyin xeyir-duası Mehrəliyeva üçün uzun həyat yolunda yaşıl işığa çevrilir.

***

Mehrəliyeva xanəndəlik fəaliyyətinə 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Sazçı qızlar" ansamblında başlayır. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edən Fatma Mehrəliyevanın sorağı bütün Azərbaycana yayılır.

***

1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi də Fatma xanımın həyatına təsirsiz ötüşmür. O, tez-tez cəbhədə hərbçilərin qarşısında çıxış edir. Fatma xanımın cəbhə repertuarında Ü. Hacıbəylinin vətənpərvərlik nəğmələri geniş yer tutur. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi "Şəfqət bacısı" mahnısının ilk ifaçısı məhz F. Mehrəliyeva olub. Lakin həmin ifanın lent yazıları qalmayıb.

Rejissor Rza Təhmasib 1945-ci ildə "Arşın mal alan" filmini lentə alanda Telli obrazını heç düşünmədən Fatma Mehrəliyevaya həvalə edir.

***

Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən F. Mehrəliyeva 1960-cı ildə əməkdar artist fəxri adına layiq görülür. Ondan bizə yadigar qalan və qorunan nəğmələri - "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə" hələ də sevilir. Amma bu lent yazıları içərisində "Kəsmə şikəstə"nin müstəsna yeri var. Elə ona görə də sənətkarlar bəzən bu muğama "Fatma şikəstəsi" də deyirlər.

Qohumları deyir ki, 90-cı illərin əvvəllərində Fatma xanım bir qədər diqqətdən kənarda qalır və səhnədən uzaqlaşmağa başlayır. Böyük sənətkarın qohumu Balaşirin Hacıməmmədov o illəri belə xatırlayır:

"Sonuncu dəfə o, dayım oğlunun toyunda iştirak edib. Səhv etmirəmsə, 87-ci il idi. Gözəl bir mahnı oxudu, rəqs də etdi. Sonradan heç yerdə görünmədi. Bir dəfə televiziyada hansısa kanaldan onun evinə çəkilişə getmişdilər. Qapını gələnlərin üzünə çırpıb demişdi ki, məni bu vaxta qədər yada salmayıblarsa, bundan sonra da ehtiyacım yoxdur".

Fatma xanım xəstə olanda onu heç kim axtarmırdı. Qubadakı evinə gedib, özünə qapıldı. Həyatının son günlərini yaşadığı zaman sənət dostları onu görməyə getmişdilər. Ancaq o sənət dostlarına da dedi ki, siz mənə hansı qapını açdınız ki, bu gün mən də sizin üzünüzə qapı açım?

***

Xalq artisti, rejissor Vasif Babayev Fatma xanımla bağlı xatirələrini belə bölüşüb:

"Fatma xanım həm qayğısızlıqdan, təklikdən əziyyət çəkirdi, həm də onun maddi problemləri var idi. Həyat yoldaşı yox idi, aldığı məvacib də ona çatmırdı. Çox pis vəziyyətə düşmüşdü. Hətta bayıra çıxmağa da utanırdı. O, möhtəşəm qadın idi. Təsəvvür edin, öz evində oxumağa başlayanda hamı - bütün İçərişəhər sakit dayanıb onun səsinə qulaq asırdı. O, sənətinin zirvəsində olanda belə bəzi toylara təmənnasız gedirdi.

Ömrünün son illərini faciəli şəkildə yaşayan unudulmaz sənətkar - Fatma xanım Mehrəliyeva 2000-ci il yanvarın 4-də vəfat edib.

***

Bir neçə il əvvəl televiziya verlişlərinin birində Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev 18 ildən sonra nəvəsi Fatimə ilə görüşüb. Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Belə ki, üç oğul, bir qız atası olan Q. Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, "Trolleybus parkı" deyilən ərazidə məskunlaşdığı köhnə vaqonda həyatla ölüm arasında mübarizə aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.