“Vladimir heç vaxt bunu bacarmayıb” – Həyat yoldaşının yazısı
7-06-2022, 10:07
ABŞ-ın “Vaşinqton Post” qəzetində Rusiyada həbsdə olan müxalif siyasətçi, jurnalist, “Azad Rusiya” Fondunun layihə rəhbəri Vladimir Kara-Murzanın həyat yoldaşı Yevgeniya Kara-Murzanın məqaləsi dərc olunub. Novator.az saytı “Həyat yoldaşım haqqın tərəfində olduğuna görə həbsdədir” başlıqlı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Moskva polisi həyat yoldaşım Vladimir Kara-Murzanı aprelin 11-də qondarma ittihamla – “hüquq mühafizə orqanlarının qanuni tələblərinə qəsdən tabe olmama” ittihamı ilə həbs etdi. Ancaq həbsin əsl səbəbi ilk gündən bizə bəllidir. Tutulandan bir sutka qabaq Vladimir CNN kanalına müsahibəsində Putin hökumətini “qatil rejim” adlandırmışdı.
Tutulandan bir neçə gün sonra isə hakimiyyət ona yeni və daha ağır ittihamlar irəli sürdü. İndi mənim həyat yoldaşım həm də Putinin Ukraynada apardığı qanlı müharibəni tənqid etməkdə günahkar bilinir.
Vladimir özündə cəsarət tapıb Ukraynaya hücumu müharibə adlandıran insanları cəzalandırmaq üçün xüsusi qanun çıxarmış rejimi tənqid edib. Elə bir rejimi ki, əsl həqiqəti daima öz xalqından gizlətməyə çalışır.
Putin rejiminə qarşı mübarizə apardığı dövrdə Vladimir Kara-Murza aqibətini düşünmədən heç vaxt həqiqəti deməkdən çəkinməyib.
2015-ci ilin may ayında Moskvada günorta yeməyi vaxtı Vladimirin halı pisləşdi, o, öyüməyə başladı. Əvvəlcə ona başqa diaqnoz qoyuldu. Amma çox çəkmədi Vladimirin zəhərləndiyi aydın oldu. Hərçənd həkimlər indiyədək zəhərlənmənin haradan qaynaqlandığını dəqiq müəyyənləşdirməyiblər.
Üç həftə Moskvada şəhər xəstəxanasının reanimasiya şöbəsində, daha üç həftə nevroloji şöbəsində müalicə aldıqdan sonra Vladimir reabilitasiya üçün ABŞ-a aparıldı.
Bir neçə ay sonra o, çəliklə yeriməyi və qaşıqla yeməyi bacaran kimi Rusiyaya qayıtdı.
Cəsarət haqqında düşünəndə o saat ağlıma həyat yoldaşımın hərəkətləri gəlir. Vladimir 2017-ci ildə ikinci dəfə zəhərlənib xaricdə müalicə alandan sonra da Rusiyaya qayıtdı.
2022-ci ilin fevral ayında Ukrayna ilə müharibə başlananda o, yenə xaricdən vətəninə döndü.
Onun bütün bu hərəkətlərinin səbəbi çox sadədir: Vladimir hesab edir ki, bir rusiyalı siyasətçi kimi insanların hazırkı rejimlə mübarizə apardığı məkanda olmalıdır. Vladimir hesab edir ki, rus xalqının vətəndə üzləşdiyi problemlərlə, risklərlə o da üzləşməlidir.
O öz ölkəsinə və xalqına inanır. O, rus xalqının azadlığa layiq olduğuna qəti əmin olan bir patriotdur. Həyat yoldaşım hesab edir ki, vətənpərvər adam geridəqalmış millətçilərə və onların quldur dəstələrinə güzəştə getməməlidir.
Ukraynaya hücum başlananda Vladimirin Rusiyaya dönməkdə əsas məqsədi rus xalqının bu müharibəni dəstəkləmədiyini göstərmək olub.
Son məqalələrinin birində o, 1968-ci ildə Sovet İttifaqının Çexoslovakiyaya qoşun yeritməsi əleyhinə Moskvada, Qızıl meydanda aksiya keçirmiş sovet dissidentlərindən birini – Natalya Qorbanevskayanı örnək göstərib: “Mənsiz xalq bütöv xalq ola bilməz. On nəfərlik, yüz nəfərlik, min nəfərlik istisna varsa, demək, bütöv bir xalqdan söhbət gedə bilməz. Mən Sovet İttifaqının Çexoslovakiyanı işğal etməsinin əleyhinə çıxdım. Deməli, hakimiyyət daha bütün xalqın bu işğalı dəstəklədiyini söyləyə bilməzdi”.
Moskva Ukraynada müharibəyə başlayandan Rusiyada bu təcavüzə qarşı çıxan 15 mindən çox insan həbs edilib. Rəy sorğuları isə rusiyalıların guya 80 faizindən çoxunun Moskvanın fərman verdiyi işğalı bəyəndiyini göstərir.
Bir gənc oğlan Lev Tolstoyun “Hərb və sülh” epopeyasının bir kitabını əlində tutaraq səssizcə Ukraynanın işğal olunmasına etirazını ifadə edib. Təbii ki, o həbs olunub.
Bir gənc qadın əlində ağ vərəq tutaraq etiraz edib. O da tutulub.
Sankt-peterburqlu rəssamı yerli supermarketdə qiymət etiketlərini müharibə əleyhinə çağırışlarla əvəz etdiyinə görə 15 ilə qədər həbs cəzası gözləyir.
Bu insanlar həbs olunacağını, döyüləcəyini, işgəncəyə məruz qalacağını, alçaldılacağını bilə-bilə etiraza qalxıblar.
Vladimir belə insanların yanında olmağı vacib sayır və hansı riskə getdiyini də çox yaxşı bilir. O, bizə sadə bir həqiqəti xatırladır: söz azadlığının, müstəqil, azad medianın, obyektiv informasiyaya çıxışın olmadığı totalitar dövlətdə ictimai rəy sorğularına inanmaq olmaz.
Əsas informasiya mənbəyi kimi televiziyanı seçən bir çox rusiyalı illərdir obyektiv məlumatdan məhrum vəziyyətdə qalıb. Onların beyni total təşviqatın təsiri altdadır.
Rusiyada bütün televiziya kanalları eyni şeyi deyir: Qərb Rusiyanın məhvini, onun diz çökməsini istəyir. Rusiya əhalisi bu ismarışı dövlət kanallarından hər gün eşidir, alternativ informasiya isə yox dərəcəsindədir.
Putin bilir nə edir. Onun təbliğat maşını iyirmi ildən artıqdır yorulmadan əsl reallığı təhrif edib rusiyalıların nəzərində saxta reallıq yaratmaqdan ötrü çalışır. Bu uzunmüddətli təbliğatın acı nəticəsi indi aydın duyulur.
Vladimir qərara gəldi ki, insanların bədnam rejimlə mübarizə apardığı meydanda olsun. Göstərsin ki, heç nədən qorxmaq lazım deyil.
Heç vaxt qorxmayın, çünki qorxu bizi geri çəkilməyə məcbur edir. Qorxu hissi bizi şərin qarşısında susmağa məcbur edir. Şərin qarşısında susmaq isə ona şərik çıxmaq deməkdir. Vladimir heç vaxt bunu bacarmayıb.
Yevgeniya Kara-Murza
Mənbə: Washingtonpost.com