Fransa prezidentini qətlə yetirən rus yazıçı – Pavel Qorqulovun məşum hərəkəti anasına da baha başa gəlib.
7-06-2022, 10:27
Ən yeni tarix. Maraqlı faktlar.
Gilyotin qurğusu 18-ci əsrin sonlarında fransız həkimi Jozef Gilyotin tərəfindən kəşf edilib. Qurğu edam hökmünə məhkum olunanların başının kəsilməsi üçün nəzərdə tutulub. Sonralar Avropanın bir çox ölkələrində də bu qurğudan cəza aləti kimi istifadə olunub. Fransada isə 1977-ci ilə qədər cəzaların icrasında gilyotin tətbiq edilib.
Əvvəllər gilyotinlə cəzaların icrası xüsusi mərasim kimi həyata keçirilib. Cəzanın icrasından əvvəl edam hökmünə məhkum edilənə son söz verilib. Cəza icra edildikdən sonra kəsilmiş baş cəllad tərəfindən nümayiş olunub və bütün bunlar insan kütlələrinin gözləri qarşısında baş verib.
14 sentyabr 1932-ci ildə Parisdə yaşayan rus mühacir Pvel Qorqulov da beş minə yaxın insanın gözü qarşısında məhz bu vasitə ilə edam olunub və o, “mənim ölkəmi öldürdüyünüz kimi, məni də öldürün” deyərək son sözlərini belə ifadə edib.
Pavel Qorqulovun hansı əməli onu “başkəsən qurğu”nun qarşısına gətirib? Rus mühacir hansı səbəbdən edam olunub?
Milliyətcə rus olan Pavel Qorqulov 1895-ci ildə Kubanda anadan olub. Natamam orta təhsil adıqdan sonra o, Yekaterinodorda hərbi-feldşer məktəbində təhsil alıb. Sonra Moskva Universitetinin tibb fakültəsinə daxil olub. I dünya müharibəsi başlananda hərbi xidmətə yollanıb. 1918-1920-ci illərdə Krımda və Kubanda antibolşevik hərəkatın fəallarından biri olub. Həbs təhlükəsi ilə üzləşəndə Qorqulov Rusiyanı tərk edərək Praqaya qaçıb. Bu ərəfədə o, Karlov Universitetinin tibb fakültəsində oxuyub. İsveçrəli xanım Anne Qenq ilə ailə həyatı qurduqdan sonra Parisə köçüb və rus mühaciri kimi rəsmi qeydiyyata alınıb. Fransada olarkən Pavel Qorqulov yazıçılıq fəaliyyətinə başlayıb və bu ölkədə Pavel Bred təxəllüsü ilə tanınıb.
Qorqulov Fransada çox ciddi şəkildə antisovet təbliğatı ilə məşğul olub, istər siyasi, istərsə də yazıçıların toplaşdığı ədəbi tədbirlərdə o, sovet rejiminin ünvanına sərt fikirlər səsləndirib, Fransa hakimiyyətinin antibolşevik fəaliyyətsizliyini kəskin tənqid edib.
Onun SSRİ-yə qarşı qatı nifrəti bu cür çıxışlarla yekunlaşmayıb. Qorqulov Fransanın SSRİ-yə düşmən münasibət bəsləməsi üçün dövlət rəsmilərinə yazılı müraciətlər göndərib. Amma təbii ki, Fransa SSRİ ilə münasibətləri rus mühacirinin istəkləri ilə deyil, öz bildikləri kimi tənzimləyiblər. Bunu Pavel Qorqulov da anlayıb və fəaliyyət istiqamətini dəyişib.
Belə ki, o, Fransa SSRİ münasibətlərinin gərginləşməsi üçün fərqli, ağılasığmaz və dəhşətli bir hadisəyə imza atıb.
Həmin dövrdə Fransanın prezidenti Pol Dumer olub. Ölkənin 14-cü prezidenti bu kürsüyə riyaziyyat müəllimliyindən, sonra jurnalistikadan, daha sonra isə maliyyə məmurluğundan gəlib. 1931-ci ildə ölkənin birinci kürsüsünə sahib olanda, Pol Dumerin 74 yaşı olub. O, Fransada hakimiyyətə gələn ən yaşlı prezident olub. Amma Dumer prezident kürsüsündə uzun müddət əyləşə bilməyib.
6 may 1932-ci ildə Parisdə kitab yarmarkasının açılışı olub. Yarmarkada əsasən I dünya müharibəsinin iştirakçılarının kitabları sərgilənib. Pol Dumer I dünya müharibəsi ilə bağlı bütün məsələlərə olduqca həssaslıqla yanaşıb. Belə ki, onun dörd oğlu bu müharibədə həlak olub. Yarmarkada müharibə veteranlarının iştirakını nəzərə alan prezident tədbirə qatılmağı özünün mənəvi borcu sayıb. Təntənəli açılışdan sonra prezident yarmarkanı gəzib, iştirakçılarla söhbət edib, müəlliflərin avtoqrafları ilə kitablar alıb.
Tədbirə yazıçı qismində Pavel Qorqulov da dəvət alıb. Əvvəlcədən hər şeyi ölçüb-biçən Qorqulov münasib məqam tapan kimi, prezidentə yaxınlaşıb, onun bir neçə addımlığına çatanda köynəyinin altında gizlətdiyi “Browning M1910” markalı tapançanı çıxararaq Pol Dumeri atəşə tutub. Güllərdən ikisi “hədəf”i tutub, biri baş nayihəsindən, digəri isə sinəsindən.
Pavel Qorqulov elə sərgi salonunda həbs olunub. Huşsuz vəziyyətdə olan prezident isə dərhal xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra o, gözlərini açanda soruşub:
- Nə isə xoşagəlməz hadisə baş verib?
- Siz avtoqəzaya düşmüsünüz -deyə, ona sui-qəsdin olunduğunu bildirmək istəməyiblər.
- Bu çox qəfil baş verib yəqin, mən heç nəyi xatırlamıram.
Pol Dumerin həyatını xilas etmək mümkün olmayıb. Elə səhərisi gün prezident xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başlayıb. Prezidentin qətlə yetirilməsi dünyanın siyasi müstəvisində ciddi müakirələrə səbəb olub. Bu müzakirələrdə hadisəni rus mühacirinin törətməsi xüsusilə hallanıb, Fransa və SSRİ arasında münasibətlər gərginləşib. Hətta bəziləri Pavel Qorqulovun SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşı olmasını dilə gətiriblər.
Müxtəlif versiyalar, fərqli fikirlər olsa da, Qorqulov istintaqa və məhkəməyə verdiyi ifadələrdə sona qədər bu hadisənin arxasında heç kimin durmadığını israrla söyləyib. O, Fransa prezidentini sovet rejiminə qarşı mübarizə aparmadığına görə öldürdüyünü bildirib.
Rəsmi SSRİ hadisəyə görə Fransa hakimiyyətinə təəssüf hisslərini bildirib, qətli törədənə ən ağır cəzanın verilməsi istəyib.
Məhkəmə prosesində Pavel Qorqulov özünü psixoloji xəstə kimi qələmə verib. Qeyri-adi hərəkətləri və danışıqları ilə özünü şizofreniya xəstəsi kimi təqdim edərək cəzadan yayımaq istəyib. “Mən yaşıl diktatoram”, “Mən SSRİ-nin faşist partiyasının lideriyəm”, “Lenin 1924-cü ildə ölməyib, mən bu yaxınlarda onunla görüşmüşəm” kimi ifadələrlə Qorqulov məhkəməni çaşdırmaq istəyib. Məhkəmə əvvəlcə bu vəziyyəti nəzərə alıb və onun səhhəti ilə bağlı xüsusi tibbi komissiya yaradılıb.
Komissiyanın ümumi rəyində Pavel Qorqulovda heç bir xəstəliyin olmaması, psixoloji durumunun tam normal olması öz əksini tapıb. Komissiyanın sədri məhkəmədə belə bir ifadə də işlədib: “Pavel Qorqulov tam sağlamdır, psixoloji baxımdan heç bir problemi yoxdur. Onun yalnız bir xəstəliyi var, milliyyət xəstəliyi, rus olmaq xəstəliyi...”
Məhkəmə Pavel Qorqulovu ən ağır cəzaya, başının kəsilməsi ilə ölüm hökmünə məhkum edib. 14 sentybar 1932-ci ildə minlərlə insanın şahidliyi ilə Pavel Qorqulovun başı kəsilib və kəsilmiş baş 45 saniyə müddətində “mərasim”ə toplaşanlara nümayiş etdirilib.
Bu hadisə zamanı SSRİ rəhbərləri də sakit oturmayıblar. Qorqulovun Kubanda yaşayan anası və xalası həbs olunub. Anası güllələnib, xalası sürgünə göndərilib.
İlham Cəmiloğlu.