Dağ yəhudiləri niyə təhlükəli hesab olunur?

9-06-2022, 00:07           
Dağ yəhudiləri niyə təhlükəli hesab olunur?
Teref.az yazır ki, Kulis.az tərcüməçi, şair Firidun Ağazadənin Məhəmməd Əsəd bəydən tərcümə etdiyi “Dağ yəhudiləri” yazısını təqdim edir.

Hörmətli “Kulis”, bir neçə il əvvəl “Qanun” nəşriyyatı üçün Məhəmməd Əsəd Bəyin “Qafqazın on iki sirri” kitabını tərcümə etmişəm. Keçən əsrin 30-cu illərində alman dilində yazılmış əsər sonralar ingilis dilinə tərcümə olunub. Kitabda olduqca maraqlı tarixi faktlar, Qafqazın min bir sirri var. Kitabdan bir hissəni oxuculara təqdim edirəm.

Dağ yəhudiləri ayrıca bir Qafqaz xalqıdır və həyat tərzi etibarı ilə bütün Qafqaz xalqları kimidir, amma buradakı xalqlardan hər halda fərqlənir və çox olmasa da, yalnız özlərinə məxsus bəzi adətləri var. Onlar özlərinin dominion (hakim) Xəzər şöhrətini çoxdan yaddan çıxarıb, indi ibtidai insanlar kimi yaşayırlar, savadsızlar üstünlük təşkil edir, inanmaq da istəmirlər ki, nə vaxtsa onlar düzən yerlərdə yaşayıb və türk köçəriləri ilə birlikdə imperiya yaradıblar.

Bu cuhudların kəndlərinə gələnlər onların yaşayış tərzinin ətrafdakı insanlardan fərqləndiyini əvvəlcə heç hiss etmirlər. Evləri və geyimləri digər Qafqaz kəndlərinkindən tamam fərqlənmir, hətta ibadət etdikləri Allah evləri eynilə dağlardakı məscidlərə oxşayır.


Amma elə ki, evlərinə girdin, ailənin başçısı (ata) adəti üzrə sizə baş endirib qarşıladı, bəzi fərqləri görmək olur. Ailə başçısının arvadı əlində bir ləyən su qonağa təzim edir, onun ayaqqabılarını çıxarır. Sonra, Əhdi-ətiq adətlərinə görə, qonağın ayaqlarını yuyur və əgər qonaq çox adlı-sanlı biridirsə, arvad onun ayaqlarını öz saçları ilə qurudur. Bu, Müqəddəs Torpaqda onların əcdadlarının adəti idi, onların Qafqaz dağlarındakı indiki nəsilləri də bu adəti yaşadırlar.

Evdə hər şey Əhdi-ətiq adətləri ilə idarə olunur. Dağ yəhudiləri başqa qanun tanımır. Onlar bir həftə qılınc və xəncər bağlayır, yalnız şabat günü (şənbə günü – tər.) açırlar. Başqa qafqazlılar kimi onlar da lazım olandan bir az artıq torpaq əkirlər, o qədər artıq ki, oğrulara və sədəqə istəməyən dilənçilərə pay versinlər.

Dağ yəhudilərinin hər kənddə balaca bir məktəbi var. Ravvin həm müəllim, həm də keşişdir. Amma onların da biliyə bir elə meyli yoxdur, çünki hətta kənd ravvini də qanunları bilmir və qanun, adətlər ya da tarixdən bir şey soruşanda deyir: “Ma amgaares” (Mən savadsız adamam). Sonra da qısaca əlavə edir ki: “Baş xaxamdan soruşun”, yəni, Dərbənddə Baş ravvindən.

Xaxambaşı (baş xaxam) Dərbənddə oturur, Dağ yəhudilərinin yeganə başçısı, bütün həyat məsələlərində onların son ümidgahıdır, Qafqazda, ruhani ataların bütün qanunlarını tam bilən və şərh edən yeganə adamdır. Xaxambaşı vəfat edərsə, bütün yəhudilər matəm tutur, yeni xaxambaşı tapmaq üçün pul yığıb Yerusəlimə ya da Konstantinopola nümayəndə göndərirlər.

Bu yəhudilərin danışdığı dil fars dilinin bir dialektidir və Azərbaycan, Buxara və İran yəhudiləri də bu dialektdə danışır. Amma adları Əhdi-ətiq adları kimi o qədər qədim və çətindir ki, Avropalı yəhudilər tələffüz edə bilmirlər. Ən çox yayılmış kişi adları bunlardır: Naxşon, Ufç, Banoiou, Zufanya; qadın adları: Aviqeyl, Serax, Panina, Kerenqapux, Cemina və s. Bu yəhudilərin əksəriyyəti kəndlidir, ev işləri görürlər, xırda alverlə məşğul olur, dağlardan heç yana getmək istəmirlər, heç ağıllarına da gətirmirlər ki, Qərbdə də yəhudilər var, həm də onların yalnız bir arvadı olur, burada isə çoxarvadlılığa icazə verilir.

Dağ yəhudilərinin qonaqpərvər olmaq öhdəliyinə baxmayaraq, mən kimsənin bu kəndlərə getməsini məsləhət bilmirəm. Yad adamı ki, bu cür qarşılayırlar, adamın əsəblərinə toxunur. Qonağın ayaqlarının yuyulması və saçla qurudulması kimi adamı üzən bir mərasimdən sonra daha mühüm bir sınaq gözləyir səni – ortaya yemək gəlir. Bu belə baş verir:

Qonağı evin ortasında, döşəmədə oturdurlar. Onun yanında da kəndin sayılan-seçilən adamları. Evin sahibi və cavanlar nə əyləşə, nə də onlarla yeməkdə iştirak edə bilərlər. Ev sahibi və oğulları qonaqlara qulluq edir, digər cavanlar isə qapıda dayanıb maraqla yad adama baxırlar. Uzun-uzadı əl yuma və dua-sanadan sonra yemək verilir. Əvvəlcə süfrəyə meyvə gəlir: yemiş, şaftalı, armud, nar – bunlar iştaha açan şeylər sayılır. Meyvədən dərhal sonra, ikinci dövrə başlanır – hamıya sarımsaq verilir, çörəklə çoxlu sarımsaq yeyilir. Dağ yəhudiləri sarımsaq və meyvəni çox sevirlər. Sarımsaq daha çox dərman hesab edilir – deyilənə görə o, cavanlarının həddi-buluğa çatmasına güclü təsir göstərir.

Bunlardan sonra, yəhudi öz qonağına delikates hesab olunan qoyun piyi təklif edir. Bu yeməyin dadını təsvir etmək mümkün deyil, bu yerdə hazırlıqsız qonağın nə çəkdiyini, necə dözdüyünü yalnız o cəfakeş xidmətçilər təsəvvür edə bilər. Qonaqlıq bununla bitmir. Əsas yemək – təzəcə kəsilmiş qoyun hələ qabaqdadır. Qafqaz sayağı şişə taxılıb bütöv qızardılmış qoyun cəmdəyinin əti çox dadlıdır, amma qonaq bu dəmdə ürəyindən keçənləri hələ gizlətməli olur. Amma nahaq yerə. Hörmətli qonağa bu yemək hələ verilmir, çünki əsas yemək axırda yeyilir. Bundan əvvəl ona, fəxri qonaqlara layiq bir yemək – təzəcə kəsilmiş qoyunun qaynadılmış başı verilir. Qonaq onu süfrə başında olan o biri adamlarla bölə də bilər, amma yəhudi adətinə görə, qoyun başının ən yaxşı yerini özü yeməlidir – yəni, qoyunun gözlərini. O gərək qoyunun gözlərini bıçağı ilə çıxarsın, nümayiş etdirə-etdirə, ləzzətlə yesin.

Bu şərəfdən imtina etmək mümkün deyil. İmtina ev sahibini təhqir etmək demək olar. Qonaq mer-meyvədən dərhal sonra durub gedə bilər, amma bu halda bütün qonaqlar da ayağa durmalıdır və bütün günü daha heç nə yeməyə icazə verilmir. Qoyun gözlərindən sonra, süfrəyə elə bu cür dadlı-ləzzətli çərəz gəlir. Daha sonra süfrəyə şirniyyat verilir, onun ardınca da bal. Bundan sonra süfrə başındakılar oturub gözləyirlər ki, qonaq nə vaxt doyub gəyirəcək. onlar da onu təkrar edirlər. Bununla da yemək başa çatır.

Ev sahibinin oğlu su-ləyən gətirir, qonaq əlini-ağzını yuyur, bayaqdan divara söykənib qonağa maraqla baxan cavanlar yalnız indi yeməyə otururlar. Yemək vaxtı qadınlar gözə dəymir.
Qonağın bu cür qarşılanmasına antisemit rəng vermək lazım deyil, çünki oxşar adətlərə bütün Qafqaz kəndlərində rast gəlinir, əlbəttə, bir-iki yerli, əhəmiyyətsiz fərqlərlə. Hər halda, yalnız təcrübəli göz yəhudini bütpərəstdən seçə bilər.

Yəhudi qadını isə xüsusi bir əlamətlə seçildiyinə görə tez tanınır. O, saçlarını başının arxasında asdığı xüsusi bir torbada saxlayır. Belə hesab edilir ki, yad adama başı açıq görünmək küçədə lüt gəzməkdən nalayiqdir. Qadının başından o torbanı yalnız əri götürə bilər, kimsə torbanı qadının başından dartıb götürsə, qadına qarşı zor işlətdiyi deyilir və bu, cinayət məsuliyyəti nəzərdə tutur. Bu adət, mahiyyətcə, bütün Qafqaz xalqlarında var, amma onlar möhkəm bağlanan yaylıq örtürlər. Bu, qadınları uzun saç saxlayan qəbilələr üçün yaxşıdır. Qafqazda elə qəbilələr var ki, qadınları nəinki saçını son dəbdə yığıb bağlayır ya da qısa vurdurur, bəzi qəbilələrdə isə qadınlar başlarını lüt qırxanda bəyənilir.

Yəhudi qadını xarakteri etibarı ilə də dağlardakı digər qadınlardan fərqlənir. O, çox deyingən və davakardır, əri ilə tez-tez dalaşır, dost-tanışları ilə tez-tez mübahisələr edir. Boş vaxtlarında tez-tez ağlamaq şakəri var, bəzən heç başa düşmək olmur ki, o niyə ağlayır. Məsələn, əgər on altı-on səkkiz yaşlarında bir neçə yəhudi qızı baş-başa verib birlikdə bərkdən ağlaşırlarsa, ağlamaqlarının səbəbini soruşanda bir anlıq daha da bərkdən ağlaşır. Sonra onlardan biri ağlamağını kəsib çox qəmli bir əhvalat danışacaq: guya onun qardaşı haçansa qəfildən xəstələnib və cəmi üç gün ərzində ölüb. Bir az da təkid etsən, deyəcək ki, onun zavallı qardaşı cəmi altı aylıq idi, əgər canıyananlıq edib dərdini bir az da soruşsan, heyrətlə öyrənib biləcəksən ki, əhvalat iyirmi beş il qabaq olub ya da o vaxt olub ki, bu ağlaşan qızların heç biri onda hələ anadan olmamışdı. Belə olanda dərd-qəmin gerçək olduğuna inanmaq da çətin məsələdir. “Bu bizdə adətdir” – bir Dağ yəhudi qadını mənə dedi. “Belə ağlaşmaq bizim adətimizdir, xüsusən, bir neçə nəfərimiz bir yerə yığışanda”. Kişilər bu göz yaşlarına o qədər adət ediblər ki, qadını uzun müddət ağlayan görməyəndə onlar bunu yaxşı bir adətin pozulması kimi yozurlar.

Bu yəhudilər qədim Xəzər Xaqanlığının hətta əfsanələrini belə unutsalar da, qonşu xalqlar hələ də yəhudilərə qarşı nəsə etməyin necə təhlükəli olmağı haqda əhvalatlar danışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.