İmperiyanın yadigarları - Qaraqoyunlular
9-06-2022, 20:34
Azərbaycanda XV əsrdə mövcud olmuş Qaraqoyunlu dövləti tarix səhnəsindən erkən silinsə də, onun izləri hələ də yaşayır.
Oğuz türklərinin Baharlı qolundan olan XIV əsrin sonlarında (1388-ci il) yaranıb. 1410-cu ildə isə Qaraqoyunlu dövləti elan olunub.
Qaraqoyunlu dövləti 58 il mövcud olub və 1468-ci ildə digər oğuz tayfa ittifaqı olan Ağqoyunlular tərəfindən son qoyulub.
Lakin maraqlıdır ki, sonralar Qaraqoyunlu adı tayfa və kənd adı olaraq Azərbaycan və Türkiyə ərazisində qalıb. Bu gün də Türkiyənin İğdır vilayətinin 4 əsas rayonundan biri və şəhər Qaraqoyunlu adlanır.
Lakin Qaraqoyunlu yaşayış məntəqələrinin ən çox yayıldığı ölkə Azərbaycandır. Xüsusən də hazırkı Ermənistan ərazisində, Göyçə mahalında Qaraqoyunlu dərəsi və ya Qaraqoyunlu mahalı adlı ərazi var.
Qaraqoyunlu dərəsində 13 kənd var.
Bunlar:
Ağkilsə
Alaçıqqaya
Bəriabad
Cıvıxlı
Çaykənd (Şəkildəki kənd)
Əmirxeyir
Gölkənd
Haqqıxlı
Qaraqaya
Mürteyil
Polad
Salah
Yanıqpəyə
Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, hazırkı Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibində yerləşir.
Qaraqoyunlu mahalı ilk məktəblərin olduğu və bölgənin ən abad və inkişaf etmiş regionu olub.
Məsələn, ilk dəfə Çaykənd və Gölkənd kəndlərində 1951-1953-cü illərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilib. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilib.
1988-ci ildə cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7-8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi.
İlk dini və dünyəvi məktəblər də Çaykənd kəndində olmuşdur. Əvvəlcə ibtidai, sonra yeddiillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərmişdir.
Qaraqoyunlu dərəsi ilə yanaşı Azərbaycan Respublikası ərazisində çoxlu sayda Qaraqoyunlu adlı kəndlər mövcuddur. Bunların ən məşhurları Ağsu, Bərdə (Xan Qaraqoyunlu), Qubadlı, Goranboy (Tap Qaraqoyunlu), Şəmkir və Tərtər (Azad Qaraqoyunlu) rayonlarında olan Qaraqoyunlu kəndləridir.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər (2-ci hökumətdə) və ticarət və sənaye nazirinin müavini postlarını tutmuş, ilk geologiya mühəndisi və siyasi xadim Behbud Xan Cavanşir Tərtər Rayonu Azad Qaraqoyunlu kəndində dünyaya gəlib.
Maraqlıdır ki, B.Cavanşir Qarabağ Xanlığının qurucusu və birinci xanı Pənahəli xanın nəticəsi olub. Qaraqoyunlu kəndi isə Qarabağ xanının ailə mülkü olub.
Kənan Rövşənoğlu
Teref.az