"ailəm buranı məcburi tərk edəndən sonra ancaq vizual dəyişib, nə mədəni inkişaf, nə səviyyə... müsbətə dəyişiklik-filan yoxdur."
12-06-2022, 03:54
Paradokslar ölkəsində yaşayırıq… Formula-1-lə bağlı qərarlar necə verilibsə, vətəndaş da, Formulaya baxmaq üçün Azərbaycana gələn turist də eyni dərəcədə psixoloji travma alır.
Bir tanışımız var - uzun illər öncə ailəsilə burdan köçüb, Çexiya vətəndaşıdır. Dostları ilə qərara gəliblər ki, onun doğma Bakısına ralliyə baxmağa gəlsinlər. Deyə-gülə, həyəcanla plan qurub gəliblər. Deyir, gəlməz olaydıq… Hava limanından ayağımızı yerə qoyandan peşman olmuşuq, sərhədçilər, gömrükçülər qaba, vecsiz, sərhəddə alacağımız viza üçün uzun növbə, mənasız gözləmələr, gömrükçülərin çamadanlar bir yana, əl çantalarımızı açdırması, mənasız suallar... Çaşdım biri ilə ana dilimizdə danışdım, tez soruşdu - cibinizdə neçə telefon var? Dedim, hələ şükür elə, səndən yanındakı qızlarla nikah şəhadətnaməsi istəməyiblər.
Deyir, otelə gəlib çıxana qədər taksidə çəkdiyimiz zülm də bir ayrı hekayə. Tıxac, bir-birinə siqnal verən sürücülərin, ilk fürsətdə bir-birinin yoluna çıxması, dayanacaqlarda, küçələrdə minlərlə qaşı düyünlü, sifətindən zəhirmar tökülən insanlar. Onda anladım ki, Azərbaycan ailəm buranı məcburi tərk edəndən sonra ancaq vizual dəyişib, nə mədəni inkişaf, nə səviyyə... müsbətə dəyişiklik-filan yoxdur. Dostlarımızın yaxşı emosiyaları ancaq yeməklərimizlə bağlı oldu. Axşam dostlarımızdan birinin insan haqları, iqtisadi inkişaf hesabatlarında Azərbaycan haqqında oxumasını görəndə lap qanım qaraldı. Səbirsizliklə Çexiyaya qayıdacağım günü gözləyirəm, amma fikirləşəndə ki, yenə o hava limanından keçəcəm… Bakıya elə dron çəkilişlərindən baxasan.
Belə... Bu da F-1-ə Avropadan baxış.
Vətəndaşının qiymət olmayan ölkədə turist qaz kimi yolunmaq üçündür. Bir dəfə. Onsuz da bir də gələn deyil.
Aygün Muradxanlı