Voroşilovun Kosıgini xilas etməsi – marşal gələcək baş naziri meşədə sürüyüb.

15-06-2022, 18:35           
Voroşilovun Kosıgini xilas etməsi –
Ən yeni tarix. Maraqlı faktlar.
Vətəndaş müharibəsini görmüş, fiziki cəhətdən möhkəm olan 60 yaşlı marşal üçün 37 yaşlı arıq, cılız cüssəli naziri meşənin içində sürümək çox da cətin olmayıb. Aleksey Kosıgin Kliment Voroşilovun bu kobudluğuna narazılığını bildirsə də, marşal onun sözünü yarımçıq kəsib:
- Bura sənin üçün tekstil fabrikinin dəhlizləri deyil. Başqa çıxış yolu yoxdur. Səni qucağımda aparmağa isə nə həvəsim var, nə də imkanım.
Voroşilov bu sözləri deyə-deyə Kosıgini sürüyürək meşənin içindən torpaq yola çıxarıb.
Maraqlıdır, nə baş verirmiş, Voroşilovu bu kobudluğa nə vadar edib?
Müharibə illərində İosif Stalinin kadr təyinatı ilə bağlı ən yanlış addımlarından biri Kliment Voroşilovu 10 iyul 1941-ci ildə Şimal-Qərb cəbhəsinə (sonralar Leninqrad cəbhəsi) komandan təyin etməsi olub. Məhz Leninqradın mühasirəyə düşməsi Voroşilovun şəhərin müdafiəsini təşkil edə bilmədiyinin nəticəsində olub. Bəlkə də onun yerinə başqası olsaydı, Stalin tərəfindən ən ağır cəzaya, güllələnməyə məhkum olunardı. Amma aralarında olan yaxın dostluq münasibətləri buna imkan verməyib. Əksinə, Voroşilov Moskvaya geri çağrılanda, o, daha yüksək vəzifəyə təyinat alıb.
Voroşilovun Leninqrad cəbhəsindəki qısa müddətli fəaliyyəti yarıtmaz olsa da, marşal həmin ərəfədə bir hadisə ilə əsl qəhrəmanlıq nümayiş etdirib...
26 avqust 1941-ci ildə, Leninqradın tam mühasirəyə düşməsinə günlər qalmış şəhərdəki gərgin vəziyyəti yerində müzakirə etmək üçün Stalinin göstərişi ilə bir qrup yüksək ranqlı vəzifəlilər, Vyaçeslav Molotov, Gerogi Malenkov, Nikolay Kuznetsov, Aleksey Kosıgin və daha bir neçə nəfər Leninqrada ezam olunublar. Həmin vaxt Leniniqrad vilayətinin Kirov rayonunda yerləşən Mqa dəmiryolu stansiyası şəhərə giriş-çıxış üçün açıq olan yeganə nəqliyyat mərkəzi olub. Mqa stansiyası vilayətdə həm sərnişin, həm də yükdaşıma üçün ən böyük qovşaq sayılıb.

Nümayəndə heyəti sözü gedən stansiyada düşəndə ərazi alman qoşunları tərəfindən güclü atəşə tutulub. “Qonaqlar”ın arasında Kosıgindən başqa digərləri bombalardan qorunmaq üçün vağzal binasının yanında yerləşən tikilinin zirzəmisinə giriblər. Kosıgin isə özünü göz qabağında olan yaxınlıqdakı meşəyə atıb və oradakı hərbçilərin arasına gedib. Hərbi hissə hücumla bağlı yerdəyişmə edəndə onlar Kosıgini eşelona qəbul etməyiblər. O, özünün kimliyini heç komandirə də sübut edə bilməyib. Komandir “siz komendaturaya yaxınlaşın” deyərək onu özündən uzaqlaşdırıb. Amma bununla yanaşı mayor rütbəli zabit ərazidən uzaqlaşdıqdan sonra Leninqrad cəbhəsinin komandanı Voroşilovla əlaqə yaradaraq “naməlum” şəxs haqqında ona məlumat verib.
Moskvadan gələn nümayəndə heyəti haqqında Voroşilovun da məlumatı olub və marşalın üzərinə bu gəlişlə bağlı düşən vəzifələrdən biri də o olub ki, o, onları qarşılayıb Andrey Jdanovun (Leninqrad vilayət partiya komitəsinin birinci katibi) yanına aparsın. Ancaq qatarın ləngiməsi nəticəsində marşal nümayəndə heyətini vaxtında qarşılaya bilməyib.
Voroşilov Mqa dəmiryolu stansiyasında baş verənlərdən xəbər tutduqdan sonra dərhal özünü hadisə yerinə çatdırıb. Yer və hava hücumlarına məruz qalmamaq üçün marşal stansiyaya ehtiyat yollarla at arabası ilə gedib. O, özü ilə heç kimi götürməyib. Belə ki, arabanı qonaqları daşımaq üçün boş saxlayıb. Əraziyə yaxşı bələd olduğundan Voroşilov Kosıginin yerini tapmaqda çətinlik çəkməyib. Kosıgin hərbi hissənin əvvəlcə dislokasiya olduğu yerdə torpaq sığınacaqda gizlənib. Voroşilov həmin yerə çatanda almanların hava hücumu səngiməyib. Belə bir məqamda isə hava zərbələrinə məruz qalmamaq üçün çeviklik tələb olunub. Kosıginin ləng tərpənişi marşalı hövsələdən çıxarıb və o, gələcəyin baş nazirinin yaxasından tutaraq onu torpaq yola qədər sürüyüb. Daha sonra Voroşilov Molotov və onunla bir yerdə olanları da arabaya mindirərək sağ-salamat Jdanovun bunkerinə çatdırıb.
Qeyd edək ki, həmin ərəfədə Kosıgin nazir vəzifəsindən azad olunaraq SSRİ Xalq Komissarları Soveti sədrinin müavini təyin edilib. O, eyni zamanda təxliyyə komissiyasının və ordunun ərzaq, əşya təminatı komissiyasının sədr müavini vəzifələrində də çalışıb.
Bu hadisəni sonralar həm Voroşilov, həm də Kosıgin tez-tez xatırlayıblar. Hətta 1948-ci ilin fevral ayında Kosıgin Siyasi Büro üzvü seçiləndə Voroşilov öz qəhrəmanlığını Stalinə bir daha xatırladıb:
- O vaxt mən olmasaydım, bu gün büro üzvlərindən biri çatmayacaqdı.
Stalin də Voroşilova ikibaşlı cavab verib:
- Düz deyirsiniz, Kliment Yefremoviç, amma bir məsələ də var. Əgər siz o vəzifədə problemlər yaratmasaydınız, heç Kosıgin də Leninqrada getməzdi...
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.