Qırmızı bayraqdan Qızılbaşlığa...
17-06-2022, 12:02
İsfahani Xunci Səfəvilər dövlətini tənqid edən müəlliflərdən olub. O, Şeyx Heydəri tənqid edərkən onun Babəkin davamçılarından, hətta nəslindən olduğunu iddia edib .
Bunu bir baxımdan onunla izah etmək olar ki, xürrəmilər də qırmızı bayraq qaldırıb, ərəblər onları “müxəmmirə”, farslar “surxələm” adlandırıb.
Qızılbaşlar da 12 imamın eşqinə başlarına üzərində 12 zolaq olan qırmızı çalma qoyub, ayaqlarına qırmızı çarıq geyiblər və qırmızı rəng onların simvolu olub.
Şah İsmayılın Babəkin davamçılarından olması fikrini irəli sürən Xunci, həmçinin qızılbaşların da bu ərazidə, guya ki, Babək kimi fitnə-fəsad yaratdığını iddia edir.
Şah İsmayılın nəsil şəcərəsi baxımından Babəklə bağlı olub-olmamasından asılı olmayaraq, bu iki mübariz şəxsiyyət arasında ideoloji bağlar mövcud olduğunu iddia etmək üçün əsaslara baxsaq, maraqlı məqamlar görə bilərik.
Birincisi, ərəblərin mental təfəkküründə qırmızı rəngli bayraq günahsız yerə qətlə yetirilmiş və qanının qisası alınmamış gənc insanın ölümünü simvolizə edir. Tarixdə ilk dəfə qırmızı rəngli parça İmam Hüseynin (ə) şəhadəti ilə əlaqədar olaraq onun qəbrinə sancılıb. Yəni bu şəxs günahsız yerə qətlə yetirilib və intiqamı hələ alınmayıb.
Xürrəmilər hərəkatının siyasi-ideoloji prinsipləri ilə bağlı son dövrün bir çox araşdırmaları, Babəkin Əhli-beyt tərəfdarı olaraq (indiki cəfəri şiəliyi ilə eyni olmasa da) abbasilərə qarşı mübarizə apardığını, məhz İmam Hüseyn (ə) hərəkatından ilham aldığını və Əhli-beyt nəsli nümayəndələrini hakimiyyətə gətirmək istədiyini deməyə əsas verir (bax: Ceyhun Bayramov "Təhrif olunmuş tarix: Babək və xürrəmilər olduğu kimi").
Səfəvilər də məhz bu baxımdan qırmızı rəngi öz ideologiyalarının simvolik rəngi olaraq seçmişlər. Yəni ənənə olaraq hər iki hərəkatın Əhli-beytlə bağlı olduğunu demək olar.
İkincisi, hər iki tarixi qəhrəman məhz Azərbaycan tarixinə aid simalardır. Yəni Əhli beytə bağlılıq və bu amal uğrunda mübarizə bizə sonradan gəlməyib, yüz illər boyu bu xalqın qanında, yaddaşında olub.
Və ən məşhur tarixi səhifələrimiz məhz bu amal uğrunda mübarizələr vaxtı yazılıb. Bu şəxsləri tariximizdən silmək istəyənlər isə ümumən tariximizi silmək istəyənlərdir.
Milli Kimlik