"Off the record" - Səxavət Məmməd yazır
17-06-2022, 17:18
Xaricilərlə, xarici təşkilatlarla işləyənlərlə müsahibə götürmək çox rahat olur. Adam özünü jurnalist kimi hiss edir. Çünki onlar mətbuatla işləməyi çox yaxşı bilirlər, məsuliyyətləri son dərəcə çox olur. Nəyi, necə demək lazım olduğunu bilirlər. Diktafon açılır. Suallar verilir. Bəzi sualdan sonra "off the record" deyirlər. Bəzən suala cavab verdiyi yerdə məlum ifadəni işlədib, mətbuatda getməyəcək məlumatları verirlər. "Off the record"un hərfi tərcüməsini boş verin, loru dildə desək mənası "mətbuat üçün deyil" deməkdir. O ifadə işlənəndən sonra onlar da bilir ki, əgər o sözü deyiblərsə, bu yazılmayacaq.
Məmurların mətbuatla işləməsi üçün çoxlu təlimlər keçirilir, ancaq hamısı təlimlərdə mürgüləyir, qarşılarındakı kağıza qoyun, quzu, quş şəkilləri çəkirlər.
Müsahibə üçün müraciət edirsən, açıqlama almaq üçün zəng edirsən, danışırlar. Yazırsan. Yazı dərc olunandan sonra zənglər başlayır. Əvvəl "bəy, xahiş edirəm, filan yerin çıxarın, onu deməməliyidim", aradan biraz keçir daha bir zəng "müəllim, xahiş edirəm, o sualı və cavabı tamamilə silin, aləm qarışıb", bir qədər sonra zəng edir ki, "qardaş, başına dönüm, yuxarı məni zorrayır, mümkünsə yazını tamamilə silin". O məqamda ürəyimdə deyirəm, kaş o zorrayır yox, zorrayırlar olaydı. Belə halla çox rastlaşmışam.
Səbəb nədir? Mətbuatla işləməyi bilməmək, jurnalist qarşısında özünü "yaxşı oğlan" kimi göstərib, gördün bütün suallara cavab verirəm eqosudur.
Həmin bu varlıqlar, daha sonra mətbuata qənim kəsilir, mətbuatın lazımsız bir şey olduğunu iddia edirlər.
Düzdür, mətbuatda da çox çaqqalıqlar var. Dəfələrlə olub ki, xaricilərlər və ya xarici təşkilatlarla işləyənlərlə müsahibə götürəndə "off the record" deyəndən sonra izləyiblər ki, görüm söndürür, ya yox. Çünki bir çoxu söndürüb deyəndən sonra səsi qeyd edib, sonra yazıblar.
Mətbuatın bu günə düşməsinin səbəbi məsuliyyətsiz məmurlar və çaqqal xislətli media nümayəndələridir.
Səxavət Məmməd
Teref.az