14 yaşında müharibəyə qatılan, Stalinə sərt məktub yazan Vaxa Əliyevlə bağlı ilginc faktlar.
17-06-2022, 23:10
Ən yeni tarix. Maraqlı faktlar.
O, müharibədən sonrakı illərdə də 14 yaşında hərbi xidmətə necə getdiyini, ordu sıralarına necə düşdüyünü heç kimə danışmayıb. Bu günə qədər də məlum deyil ki, yaşı hərbi çağırış və səfərbərliyə düşməyən Vaxa Əliyev 1941-ci ilin iyul ayında hərbi komissarlıq işçilərini necə aldadaraq cəbhəyə necə yollanıb.
1927-ci ildə Çeçenistanda anadan olan, ucqar bir dağ kəndində böyüyən Vaxa Əliyev uşaqlıq illərindən elmə böyük maraq göstərib, gələcəkdə həkim olmaq arzusu ilə yaşayıb. Amma müharibə onun bütün arzularını alt-üst edib, həyata keçirmək istədiyi planlarını yarımçıq qoyub. Müharibə başlananda o, ailəsinə xəbərdarlıq etmədən cəbhəyə yollanıb.
Yaşının az olmasına baxmayaraq Vaxa Əliyev müharibənin ilk aylarından öz qorxmazlığı və qoçaqlığı ilə fərqlənib. Komandirləri və döyüşçü yoldaşları ona “alayın oğlu” adını veriblər.
Vaxa Əliyevin döyüş yolları Stalinqraddan, Kurskdan, Belarusiyadan, Ukraynadan, Baltikyanı ərazilərdən keçib. Vermaxt qoşunları geri çəkildikcə, məğlubiyyətə uğradıqca Vaxa Əliyev döyüşlərə daha da inamla atılıb. 1943-cü ildə “İgidliyə görə” medalı ilə təltif edilib.
1944-cü ilin əvvəllərində Vaxa Əliyev uzun fasilədən sonra kiçik qardaşı Şarpuddindən məktub alıb. Qardaşı məktubda yazıb ki, çeçen və inquşları öz doğma yurdlarından deportasiya edirlər. Bu məktub gənc döyüşçünü hədsiz dərəcədə sarsıdıb. Növbəti məktubda isə qardaşı bildirib ki, artıq onlar Qırğızıstandadır və yolboyu çəkdikləri əziyyətlərdən, ölən qohumlarından da yazıb.
Sözsüz ki, 18 yaşına yenicə çatmış gənc bir oğlan Stalinin bu amansız qərarlarının qarşısını almaq gücündə olmayıb. Amma Vaxa Əliyev qəddar diktatora etirazını bildirmək üçün məktub yazmağa özündə cürət tapıb.
Onun “xalqlar atası”na yazdığı məktubda aşağıdakı fikirlər yer alıb:
“Biz sizə inanırdıq və bu inamla qələbə uğrunda canımızı qurban verməyə hazır olaraq döyüşürdük. Bu gün mənim minlərlə həmyerlilərim Stalinqraddan Brestə qədər vətən uğrunda canlarını qurban veriblər. Siz isə bunun müqabilində bizi satqın adlandırdınız. Mənim xalqım bunu sizə heç vaxt bağışlamayacaq. Biz cəbhələrdə düşmənə qarşı mübarizə aparanda, siz də çeçenlərə qarşı mübarizə apardınız, hətta uşaqlara, qadınlara, qocalara belə güzəştə getmədiniz. Biz bunun heç vaxt unutmayacağıq...”
Təbii ki, yazılan məktub Stalinə çatmayıb. Amma “NKVD” məktubu isti-isti ələ keçirib, ləngimədən, gecikmədən sərt tədbirlərə keçib.
Vaxa Əliyev 1944-cü ilin yayında “xalq düşməni” kimi həbs edilib. Onun haqqında ən ağır cəza, güllələnmə hökmü çıxarılıb. Baş qərargah rəhbərliyinin müdaxiləsindən sonra Vaxa Əliyevin vətən qarşısındakı xidmətləri nəzərə alınaraq cəzası 15 il həbslə dəyişdirilərək yüngülləşdirilib.
Vaxa Əliyev odlu-alovlu səngərlərdən soyuq Maqadana sürgün edilib. Müharibə dəhşətlərini görən gənc döyüşçü üçün həbsxana həyatı o qədər də çətin görünməyib. O, altı aydan sonra həbs düşərgəsində feldşer kimi işləməyə başlayıb. Orduda olduğu kimi, düşərgədə də hörmət qazanıb, qayğıkeşliyi, qoçaqlığı, xoş münasibəti ilə seçilib.
1953-cü ildə Vaxa Əliyev amnistiyaya düşərək azadlığa buraxılıb. Amma digər həmyerliləri kimi o, öz doğma yurduna qayıda bilməyib. Bir müddət ailəsi ilə birgə Qırğızıstanda yaşamağa məcbur olub.
Qırğızıstan illəri Vaxa Əliyev üçün əsl işgəncəyə çevrilib. Deportasiya edilənlərə qoyulmuş qadağalar, məhdudiyyətlər onu dar çərçivədə saxlayıb, gələcək planlarına əngəllik yaradıb.
Nəhayət, 1956-cı ildə ağır günlərə son qoyulub. Nikita Xruşşov Stalinin deportasiya siyasətinin ən yanlış bir addım olduğunu bəyan edib, bu aktı çeçenlərə qarşı qərəz adlandırıb.
Çeçenistana qayıtdıqdan sonra Vaxa Əliyev uşaqlıq arzularını gerçəkləşdirib. O, Vladiqafqaz Universitetində ali təhsil alıb, tanınmış həkimlərdən biri sayılıb. Qardaşı Şarpuddin də onun yolunu gedib. O, Çeçenistanın ilk tibb elmləri doktoru elmi dərəcəsini daşıyan həkim olub.
Sovet rejiminin ədalətsizliyindən, haqsızlığından əziyyət çəksə də, ömrünün gənc illərini sürgündə keçirsə də, Vaxa Əlyev heç vaxt hakimiyyətə qarşı çıxmayıb. Ömrünün sonuna qədər qanunların aliliyinə hörmətlə yanaşaraq vicdanla xalqına xidmət edib. Stalinin repressiya dalğasına düşməsinə isə o, belə münasibət bildirib: “18 yaşlı gəncin 70 yaşlı diktatora etirazını bildirməsi başqa cür nəticələnə bilməzdi...”
Vaxa Əliyev 1979-cu ildə, müharibə vaxtı bədənində qalmış qəlpənin törətdiyi fəsadlardan vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az