İtkin futbolçu – 20 yaşında Moskvada ev, maşın alan Kalinov sonda içki üzündən səfilə dönüb.

18-06-2022, 11:47           
İtkin futbolçu –
Ən yeni tarix. Maraqlı faktlar.
O, 1969-cu ilin sonları, 1970-ci illərin əvvəllərində sovet futbolunun tanınmış simalarından biri olub. SSRİ-də fəaliyyət göstərən bir çox futbol klublarının məşqçiləri Vasili Kalinovu öz komandasında görmək istəyib. Bu böyük seçimin içərisindən futbolçu Moskvanın “Spartak” komandasını seçib.
Futbol mütəxəssisləri Vasili Kalinov haqqında verdikləri proqnozlarda onun yaxın illərdə dünya futbol arenasında ulduza çevriləcəyini bildiriblər. 1969-cu ildə SSRİ çempionu, 1971-ci ildə SSRİ kubokunun qalibi olan Vasili Kalinovun sürətli idman karyerası bu proqnozların gerçəkləşəcəyinə heç bir şübhə yeri qoymayıb. Amma hər şey heç də gözlənildiyi kimi olmayıb...
Vasili Kalinov 1948-ci ildə Moskva vilayətinin Balaşixa şəhərində anadan olub. O, məktəb illərindən idmana böyük maraq göstərib, həmyaşıdlarından yaşına uyğun olmayan futbol azakeşliyi ilə fərqlənib. Onun futbola olan marağı o dərəcəyə çatıb ki, Kalinov dərslərindən, təhsildən yayınıb, məhəllə dostlarından ayrı düşüb, yaşına uyğun əyləncələrdən zövq ala bilməyib. Buna görə o, valideynləri və müəllimləri tərəfindən dəfələrlə tənbeh olunub. Amma bu tənbehlər Kalinovu futboldan, yaşıl meydançalardan ayıra bilməyib.
16 yaşında Kalinovu Balaşixanın “Maşınqayırma” komandasına qəbul ediblər. Bir il gərgin məşqlərdən sonra o, komandanın əsas heyətində yarımmüdafiəçi kimi meydançaya çıxıb. İlk oyunlar ona ilk uğurlarını qazandırıb. Artıq bir neçə aydan sonra Kalinov Balaşixada populyar bir gənc kimi tanınıb, mətbuatda onun haqqında yazılar dərc olunub.
1967-1968-ci illərdə Kalinov “Lokomotiv”, “Zenit”, Moskvanın “Dinamo” klublarından təkliflər alıb. Ancaq o, bu təkliflərin heç birinin üzərində qərarlaşa bilməyib. 1969-cu ildə “Maşınqayırma” komandası ilə “Spartak”ın yoldaşlıq görüşü keçiriləndə Kalinov öz qərarını verib, “Spartak”ın rəhbərliyinin təklifini qəbul edib.
“Spartak”ın təklifləri Kalinovu tam qane edib. Klub əlavə pul mükafatlarından başqa hər ay ona 1000 rubl verib. Bununla yanaşı, Kalinova Moskvada mənzil və şəxsi avtomobil də verilib. Sözsüz ki, mövcud dövrdə orta əmək haqqının 120-180 rubl olduğu bir vaxtda, insanların illərlə mənzil və avtomobil növbəsinə dayandığı bir dövrdə 20 yaşlı bir gənc bir anda əldə etdiklərindən narazı qala bilməzdi.
Kalinov ona göstərilən etimadı cavabsız qoymayıb, o, aldığı pulun, mənzilin, avtomobilin əvəzini yaşıl meydançanın mərkəzində qat-qat artıqlaması ilə “ödəyib”. Klubun 1969-cu ildə SSRİ çempionu olmasında, 1971-ci ildə SSRİ kubokunu almasında Kalinov yüksək futbol peşəkarlığı nümayiş etdirib.
1969-cu və 1970-ci ildə Vasili Kalinovun adı SSRİ-nin ən güclü 33 futbolçusu siyahısında yer alıb.
Uğurları artdıqca Kalinovun populyarlığı da artıb. Həmin dövrdə verdiyi müsahibələrin birində futbolçu bununla bağlı fikirlərini belə bölüşüb:
“Mən öz doğma şəhərim Balaşixaya rahatlıqla gedə bilmirəm. Azarkeşlər, gənc qızlar, hətta yaşlı nəslin nümayəndələrindən elə bir sevgi, ehtiram görürəm ki, istər-istəməz narahat oluram. Bu münasibət, bu dərəcədə diqqət mənim sərbəstliyimi əlimdən alır...”
Bəli, futbolçunun sevgidən narahat olmağa haqqı var imiş. Məhz elə bu “sevgilər” onun bütün taleyini alt-üst edib. Belə ki, Moskvada, xüsusilə də Balaşixada azarkeşlər Kalinovu rahat buraxmayıblar, hər fürsət düşəndə futbolçunu restorana, əyləncəli gecələrə aparıblar. Səhərə qədər davam edən bu əyləncələr Kalinovun fiziki hazırlığına olduqca mənfi təsir göstərib. Ən dəhşətlisi isə futbolçunun alkoqoldan asılılığı yaranıb. Hətta vəziyyət o dərəcəyə catıb ki, Kalinov matç arası fasilə zamanı da alkoqol qəbul edib. “Spartak”ın rəhbərlərindən biri Nikolay Starostin bu haqda öz xatirələrində yazıb:
“Kalinovun vəziyyəti hamımızı narahat edirdi. Onun məşqlərə tez-tez gəlməməsinin, gələndə də hansı vəziyyətdə olduğunun səbəbini bilirdik. Mən onunla tez-tez bu haqda söhbət aparırdım. Amma bu söhbətlər heç bir nəticə vermirdi. Əksinə, içki məsələsi günü-gündən artırdı. Moskvada keçirilən oyunların birində fasilə zamanı biz geyinib-soyunma otağında futbolçularla məsləhətləşmələr aparırdıq. Otağa nəzər salanda gördüm ki, Kalinov yoxdur. Dəhlizə çıxıb boylandım, görmədim, qarşıdakı yardımçı otağa baxdım, orada da yox idi, duş otağına keçdim, gördüklərimə inanmaq istədim, Kalinov portveyn şüşəsini başına çəkirdi...”
Komanda yoldaşları Kalinovun düşdüyü vəziyyətə biganə qalmayıb. Onu məcburi müalicəyə cəlb ediblər. Müalicədən sonra futbolçunun əzələ altına alkoqola qarşı xüsusi kapsul da tikiblər.
Bu müalicə Kalinovu cəmi bir neçə ay içkidən uzaqlaşdıra bilib. Restoranların birində qonşu masada əyləşənlər onun şərəfinə tost qaldıranda Kalinov “hörmət” əlaməti olaraq bir qədəh şampam şərbı içib. Amma içməzdən qabaq yanında olan dostuna deyib ki, əgər bir şey olsa təcili yardım çağırarsınız. Kalinov kapsulun alkoqola qarşı verəcəyi mənfi reaksiyanı dərk edərək qədəhi sağlamlığından üstün tutub. Şampan şərabı futbolçunun halını dəyişib, onun üzündə və qollarında səpkilər yaranıb, amma həkimə ehtiyac olmayıb.
1973-cü ildə Kalinovu “tərbiyələndirmək” üçün hərbi xidmətə göndəriblər. Futbolçu olduğuna görə onu Mərkəzi Ordu İdman Klubuna qəbul ediblər. İçki məsələsinə görə Kalinovu MOİK komandasının heyətinə salmayıblar, yarımmüdafiəçi Smolenskinin “İskra” komandasında oynayıb.
İki illik xidmətini başa vurduqdan sonra Kalinov Balaşixaya qayıdıb, yerli “Maşınqayırma” komandasında yenidən yaşıl meydançada görünməyə başlayıb. Əvvəlki məşhurluğunu itirən futbolçu üçün doqma şəhərində yaşamaq çətin olub. Digər tərəfdən, aylıq qazancı da onu qane etməyib.
Kalinov 1977-ci ildə Odessa vilayətinin Tatarbunarı şəhərinin “Vosstanie” futbol klubunda oynamağa başlayıb. Ancaq bu klubda da o, nə əvvəlki şöhrətini, nə də əvvəlki qazancını bərpa edə bilməyib.
Futboldan əlini üzən Kalinov Balaşixaya qayıdıb və səfil həyat sürməyə başlayıb. Yük daşıyıb, kiminsə işini görüb, gündəlik qazancını isə içkiyə verib.
1996-cı ildə Kalinov Balaşixada yaşayan tanınmış futbol hakimi Aleksandr Savkinin evlərinin qarşısından keçəndə köhnə dostlar görüşüblər. Kalinov ondan su istəyib. Savkin Kalinovun çox acınacaqlı vəziyyətdə olduğunu görüb onu evə dəvət edərək, yuyunmaq, isti yemək, dincəlmək təklif edib. Kalinov mənzilə qalxıb, Savkin həyat yoldaşından ona qulluq etməyi xahiş edib, özü isə bir saata qayıdacağını söyləyib. Kalinov mənzildə çox qalmayıb, bir stəkan su içib evdən çıxıb. Bu, onun sonuncu gedişi olub. Bir daha Kalinovu görən olmayıb. 1996-cı ildən onun adı itkin düşmüşlərin siyahısına yazılıb.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.