"Naxçıvanın 5000 il yaşı var" - İsa Həbibbəyli Vasif Talıbovun əmrini necə yerinə yetirdi...

19-06-2022, 00:07           
"Naxçıvanın 5000 il yaşı var" - İsa Həbibbəyli Vasif Talıbovun əmrini necə yerinə yetirdi...
Vasif xana baş vəziri Azər Zeynalov 2010-cu ildə xəbər gətirir ki, bəs, sən demə, Naxçıvanın 5000 il yaşı varmış. Bu fikir xan həzrətlərinin də beyninə batır və əli çatan, ünü yetən bütün alimləri yanına çağırıb Naxçıvanın yaşını düzgün araşdırmağı əmr edir.
Başda akademik İsa Həbibbəyli ilə Naxçıvan Milli Elmlər Akademiyasının prezidenti İsmayıl Hacıyev olmaqla bir çox elm xadimi "ləbbeykə, ya xan" deyib, tapşırığı qısa müddət ərzində 100% yerinə yetirirlər. Elə həmin il bu böyük kəşfin sağlığına Muxtar Respublikada “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” adlı beynəlxalq konfrans keçirilir.
Konfransda iştirak edən alimlərdən birindən eşitdiyimə görə, iclası çıxış sözü ilə açan İsa Həbibbəyli Culfa rayonu ərazisində Nuh peyğəmbərin daban izlərini gördüyünü bildirir. Akademikin bu iddiasına konfransın xarici qonağı Vitali Otreşenko adlı alim dəhşətli dərəcədə təəccüblənir. Otreşenkonun təəcübləndiyini görən İsa Həbibbəyli özünə haqq qazandırmaq üçün deyir ki, inanmırsınız Qədir Qədirzadədən soruşun. O da mənim yanımda idi, Nuhun daban izini bərabər görmüşük.
Qibleyi aləmin də iştirak etdiyi konfransda Vitali Otereşenko deyəsən səhv məclisə gəldiyini düşünərək zalı tərk edir. Ardınca dəyərli ziyalı mərhum Q. Qədirzadə ona qoşulur.
Konfransda ən ciddi müzakirələr bundan sonra başlayır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, mərhum Vəli Əliyev açıq şəkildə 5000 il söhbətinə qarşı çıxır və Naxçıvanın 3500 il yaşı olduğunu bildirir.
Konfransda yaşanan xırda insidentlərdən kefi pozulan "Xan" həzrətləri İsa Həbibbəyli ilə akademik İsmayıl Hacıyevə tapşırır ki, nə yolla olursa olsun, Vəli Əliyevi yola gətirin, o, da Naxçıvanın 5 min illik yaşı olduğu fikrini qəbul etsin.
Bu akademiklər Vəli Əliyevi aparırlar Şərurdakı "Arpaçay" restoranına. Yeri gəlmişkən, bu restoranın da "deputat Musa"ya aid olduğu vurğulanır. Əsl həngamə də bundan sonra başlayır. Vəli Əliyev başlayır onları ələ salmağa. Hər 100 qram vurduqca Naxçıvanın tarixi 100-100 il artırır. Deyir ki, İsanın xətrinə 200 il, İsmayılın xətrinə 200 il, lap qibleyi aləmin xətrinə 500 il artırdım . Axı yenə 5000 il etmir. İsa ilə İsmayıl müəllim isə bilmirlər ki, Vəli müəllim onları ələ salır. Vəli müəllimi dilə tuta-tuta axırda gəlib gəlib 4500 ildə dayanırlar. 4500 ildən sonra Vəli müəllim Nuh deyir, peyğəmbər demir. Deyir ki, ta üz vurmayın, burdan o tərəfə qalxa bilmərəm. Bunlar da sevincək gedib xana deyirlər ki, bəs Vəli müəllimi tədricən bizim dediyimiz məxrəcə gətiririk. Xan da onlara dəstək vermək üçün ertəsi gün Vəli müəllimi qəbuluna çağırır.
Xan görüşdə Naxçıvanın 5 min illik şəhər mədəniyyətindən söhbət açanda Vəli müəllim deyir ki, nə 5000-5000 il salıbsınız? Naxçıvanın cəmi 3500 yaşı var. Xan dərhal İsa müəllimlə İsmayıl müəllimə baxır. İsa Həbibbəyli Vəli müəllimə deyir ki, bəs axı biz dünən razılaşmışdıq 4500 il olsun. Vəli müəllim gülərək deyir ki, yemək masasında tarixi müzakirə etməzlər. Dünən nə dediyimi xatırlamıram.
Heyder Oguz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.