“Boz kardinal”ın müəmmalı ölümü – vəfatından əvvəl Suslovun şəxsi həkimi və mühafizəsi dəyişdirilib.

19-06-2022, 09:58           
“Boz kardinal”ın müəmmalı ölümü –
Ən yeni tarix. Maraqlı faktlar.
1980-ci illərin əvvəllərində SSRİ-nin siyasi elitasındakı qruplaşmaların gizli müzakirələrinin əsas mövzusu varis məsələsi olub. Leonid Brejnevin səhhətində yaranan ciddi problemlər, özünü idarə edə bilməməsi bu mövzunu daha da aktuallaşdırıb. Birinciliyə iddialıların siyahısında Yuri Andropovun, Konstantin Çernenekonun, Andrey Qromıkonun, Vladimir Şerbitskinin, Viktor Qrişinin adı daha çox hallanıb. Amma ayrı-ayrılıqda bu şəxslərin və onların ətrafına toplaşanların əsas təhlükə və maneə yeri Mixail Suslov sayılıb...
Mixail Suslov son 40 ildə, Stalinin hakimiyyəti dövründən başlamış Brejnevin baş katib olduğu illərə qədər Kremldə ən ciddi fiqurlardan biri və istənilən məsələdə həlledici söz sahibi olub. 1940-cı illərin sonu 1950-ci illərin əvvələrində Stalinə gizli informasiyalar ötürən, Xruşovun hakimiyyəti dövründə siyasi iradəsini nümayiş etdirməyi bacaran, o cümlədən Xruşovun devrilməsində əsas fiqurlardan biri olan, Brejnevi hakimiyyətə gətirən, daha sonra Podqornı və Kosıgini “zərərsizləşdirərək” Brejnevi mütləq “padşah” edən Suslovla Siyasi Büronun üzvləri üz-üzə gəlməyə, mübahisəyə girişməyə heç vaxt cürət etməyiblər. Hətta Brejnevin özü də dövlət əhəmiyyətli məsələlərdə Suslovun rəyini vacib sayıb.

Suslov Mərkəzi Komitənin ideologiya üzrə katibi vəzifəsini daşıyıb. O, qeyri-rəsmi olaraq Mərkəzi Komitənin ikinci katibi sayılıb, yəni, partiya xətti ilə Suslov Kremldə ikinci şəxs olub. Belə bir məqamda Brejnevdən sonra baş katib kürsüsünə kimin sahib olacağında Suslovun qərarı, rəyi, fikri ən vacib faktor olub.
Birincilik uğrunda mübarizə aparanların heç birinin Suslovla yaxın münasibətləri olmayıb. Ümumiyyətlə, Suslov Kreml qruplaşmalarına qoşulmayıb, büro üzvlərinin heç biri ilə dostluq münasibəti olmayıb. Hətta Brejnevin bağ məclislərində, ov tədbirlərində də Suslov nadir hallarda iştirak edib.
“Boz kardinal” titulunu daşıyan Suslovun həyatında ən diqqət çəkən məqam isə onun müəmmalı ölümü ilə bağlıdır. Belə ki, 1982-ci ilin yanvar ayının əvvəllərində Suslov mart plenumunun daha tez keçirilməsi təklifini irəli sürüb. Bu plenumda digər məsələlərlə yanaşı iki məsələnin də, kadr dəyişikliyi və korrupsiyaya qaşı mübarizənin gücləndirilməsi məsələlərinin müzakirəsi də planlaşdırılıb. Sözsüz ki, bu iki məsələ yuxarı eşalonda olanların çoxunu narahat edib.
Plenumun vaxtının əvvələ çəkilməsi baş katib tərəfindən dəstəklənsə də, süni yaradılmış əngəlllər partiya tədbirinin vaxtını təxirə salıb. Belə ki, yanvarın 17-də SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin (Kreml məmurlarının sağlamlığına cavabdehlik daşıyan idarə) rəisi Yevgeni Çazov Suslova rəsmi məktub göndərərik növbəti tibbi müayinələrdən keçmək üçün bir neçə gün Kreml xəstəxanasında qalmasını “xahiş” edib. Bu tədbir Siyasi Büro üzvləri üçün hər il keçirilib və vacib sayılıb. Yanvarın 18-də Suslov xəstəxanaya yerləşdirilib. Onu da qeyd edək ki, həmin ərəfədə Suslovun şəxsi həkimi də dəyişdirilib. Ona Lev Kumaçyov adlı həkim təhkim olunub. 40 yaşlı Kumaçyov tibbi personal arasında heç də tanınmış və təcrübəli həkim sayılmayıb. Əvvəllər xüsusi tibbi avtobusla küçələrdə yatıb qalan sərxoşları ayıtma məntəqəsinə daşıyan Kumaçyova belə bir işin həvalə olunması sözsüz ki, çoxlarında şübhə yaradıb. Cəmi 5-6 ay ərzində Kumaçyova DTK rütbəsi verilərək onu Suslovun həkimi etmək heç Suslovun özünün də xoşuna gəlməyib. O, bununla bağlı narazılığını Çazova bildirəndə, Kremlin baş həkimi “narahatlığı heç bir əsas yoxdur” deyə Suslovu sakitləşdirib.
Yanvarın 18-də xəstəxanaya yerləşdirilən Suslovun müayinələri 3 gün davam edib. Müayinələrin nəticələri haqqında Çazov rəsmi rəy yazıb. Rəydə bildirilib ki, Suslovun səhhətində heç bir ciddi problem yoxdur, yalnız profilaktiki tədbirlərə ehtiyac var ki, bu da onun işə çıxmasına, fəaliyyətinə heç bir maneçilik törətmir.
Beləliklə, yanvarın 21-də Suslov qızına zəng vurub, onu xəstəxanaya çağırıb ki, axşam birlikdə şam etsinlər, səhəri isə o, xəstəxanadan birbaşa işə getsin. Axşam saatlarında Suslov qızı ilə şam edib. Sonra onlar Lenin haqqında filmi birgə izləyiblər. Məhz həmin gün Leninin vəfatı günü olub. Axşam saat səkkiz radələrində tibb bacısı Suslova dərman həbləri gətirib. Suslov tibb bacısına bildirib ki, o heç vaxt belə həblərdən istifadə etməyib. Tibb bacısı isə öz növbəsində bildirib ki, dərmanları Lev Kumaçyov təyin edib. Suslov həbləri qəbul edib.
Filmə baxdıqdan sonra Suslov axşam gəzintisinə çıxıb. Amma bu gəzinti çox uzun davam etməyib. 15-20 dəqiqədən sonra onun ürək nahiyəsində kəskin ağrılar başlayıb. Suslovu təcili palataya qaytarıblar. Maraqlı məqamlardan biri də odur ki, məhz həmin gün Suslovun mühafizəsi də dəyişdirilib. Təcili reanimasiya avtomobili çağırılıb. Maşın Kreml xəstəxanasına vaxtında gəlsə də onu girişdə ləngidiblər. Nəhayət avtomobil həyətə daxil ola bilib. Bu dəfə isə xəstəxana işçilərindən kimsə reanimasiya avtomobilinin tibbi personalını Suslovun palatasına deyil, həmin ərəfədə xəstəxanada müalicə alan Ustinovun palatasına yönləndiriblər. Bununla da Suslova vaxtında yardım göstərilməsinin qarşısı süni surətdə əngəllənib.
Yanvarın 21-dən 25-nə kimi Suslov reanimasiyada saxlanılıb. Qızı bu məsələdə hansısa bir müəmmanın olmasına şübhə etməyib və o, rəfiqəlik etdiyi Raisa Qorbaçovaya zəng vurub. Telefonu Mixail Qorbaçov götürüb. Həmişə Maya Suslova ilə mehriban danışan, zarafat edən Qorbaçov bu dəfə fərqli bir tonda danışıb:
Bizim hər şeydən xəbərimiz var. Nə mümkündürsə ediləcək.
Bununla da danışıq sona çatıb. Yanvarın 25-də Suslov vəfat edib. Bir aydan sonra Suslovun şəxsi həkimi Lev Kumaçyovun şəxsi avtomobilində meyiti aşkarlanıb.
Suslovun vəfatı gələcək baş katib məsələsinə aydınlıq gətirib. Andropov DTK sədri vəzifəsini təhvil verərək partiya xətti ilə ikinci şəxs kürsüsünə keçib. Bu kürsüdən isə birinci kürsüyə keçid sabiq DTK sədri üçün çox da çətin olmayıb. Suslovun müəmmalı ölümünə isə heç kim aydınlıq gətirməyə həvəs və maraq göstərməyib. Bəlkə də bu məsələni araşdırmaq istəyənlər olub. Ancaq Andropovun hakimiyyət sükanı arxasına keçməsi buna imkan verməyib.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.