Azərbaycan Baş nazirinin qətli: Erməni terroru, “Məşədi İbad”ın məşhur aktyoru və toyla sonlanan dəfn
19-06-2022, 15:39
Bu gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından biri - Fətəli xan Xoyskinin Tiflisdə xain erməni gülləsi ilə qətlə yetirlməsindən 102 il ötür.
Cebhe.info xəbər verir ki, Fətəli xan İskəndər xan oğlu Xoyski 1875-ci ildə Nuxada - indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan, sonralar Şimali Azərbaycanın Şəki şəhərinə köç edən məşhur Xoyskilər nəslindəndir.
Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub.
Fətəli təhsilini Gəncə klassik gimnaziyasında alıb. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirən Xoyski Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilib. Eyni ildə o, Tiflis Məhkəmə Palatasının əmri ilə Gəncə dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsinə təyin olunub. O, daha sonra islamı qəbul edərək Ceyran xanım adını almış Yevgeniya Vasilevna ilə ailə həyatı qurub. Bu nikahdan cütlüyün üç övladı dünyaya gəlib: Tamara (1902-1990) adlı qızı, Murad (1910-1973) və Ənvər (1914-1935).
Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynovla ailə qurub. Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada diabet xəstəliyindən əməliyyat olunub və narkozdan oyanmayıb.
1907-ci ildə Fətəli xan Gəncə quberniyasından Rusiyanın 2-ci Dövlət Dumasının müstəqil millət vəkili seçilib. Daha sonra müxtəlif komissiyalara: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, Ədliyyə Nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət Dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət Dumasının müzakirəsinə qəbul edilməsi məsələsinə baxılması üçün yaradılan komissiyalara üzv olub.
Xoyski 1917-ci ildə Rusiyada baş verən fevral inqilabından sonra siyasi fəaliyyətə başlayıb. Həmin ilin aprelində o, Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanlarının Qurultayında fəal iştirak edib.
Oktyabr inqilabının qələbəsindən sonra - 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılıb. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi öz işinə başlayıb. Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasına daxil olan 44 deputatdan biri də məhz Fətəli xan olub.
O, Dövlət Dumasının iclaslarında "Müsəlman fraksiyası" adından dəfələrlə çıxış edən, çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə edən şəxslərdən biri olub. Fətəli xan hər zaman çar hökumətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxıb. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra Ədliyyə naziri olan Xoyski deyib:
"Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-biri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır".
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilib. Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası (azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir) Tiflisdə bir araya gələrək, Azərbaycan Milli Şurasını yaradıb.
Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin sədri seçilib. Ardınca Azərbaycan Milli Şurası elan edilib.
Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olunub və müstəqil dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan Xoyskiyə həvalə olunub. O, baş nazir olmaqla yanaşı, Daxili İşlər naziri vəzifəsini də icra edib.
Mayın 30-da Nazirlər Şurasının sədri F. X.Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra Xarici İşlər nazirlərinə (Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen) radioqram göndərib.
1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası keçirilib və yeni hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılıb. O, Azərbaycan Respublikasının ikinci Nazirlər Kabinetini təşkil edib.
1918-ci il sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçüb. Bakı Azərbaycanın paytaxtı elan olunub.
1919-cu ilin fevralında onun rəhbərlik etdiyi hökumətdə çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakı ortaya çıxıb. Bundan sonra Xoyski Baş nazir vəzifəsindən istefa verib. Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə naziri (1918) və Xarici İşlər naziri (1918-1919 və 1919-1920) vəzifələrində çalışıb.
Qatillə üz-üzə…
1920-ci ilin 27 aprelində Azərbaycan XI ordu tərəfindən işğal edilib. Bundan 53 gün sonra - 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı elan edilib) Tiflisdə qətlə yetirib. Erməni terrorçusu onu arxadan vurub.
Fətəli xan qətlə yetirilməzdən əvvəl onun yanında yalnız bir nəfər olub - Cümhuriyyət rəsmisi və səfiri Xəlil bəy Xasməmmədov. Onlar Tiflisdəki Opera teatrının yanından keçərkən, erməni terrorçuları ilə üzə-üzə gəliblər. Ötüb keçdikdən sonra ermənilərin atdığı atəş nəticəsində Fətəli xan ölüb, Xasməmmədov isə ağır yaralanıb. Fətəli xan Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilib. Onun ölümündən bir il sonra Cümhuriyyət parlameninin sədr müavini olmuş Həsən bəy Ağayev də Tiflisdə erməni qulduru tərəfindən qətlə yetirilib. Həsən bəy Ağayevin də AXC-nin rəhbərlərindən biri olduğunu nəzərə alıb, onu Fətəli xanın yanında dəfn ediblər.
Məşhur aktyorun adı qətldə hallanır
Fətəli xan Xoyskinin ölümü ilə bağlı bir başqa mənbə isə məşhur aktyor Mustafa Mərdanovun yazdığı “50 il Azərbaycan səhnəsində” xatirələr kitabıdır. Onu hətta Xoyskinin ölümündə də günahlandırırlar. “O olmasın, bu olsun” filmində Həsən bəy rolu ilə tanınan aktyor belə yazıb:
“1920-ci ildə mən siyasi idarə tərəfindən Azərbaycanda ilk dəfə təşkil edilən “Təşviqat qatarı”nın rejissoru, sonra isə komissarı vəzifəsinə təyin olundum.
...Elə bu vaxt məni mühüm bir tapşırıqla Gürcüstana yolladılar. Gürcüstanın gizlicə çalışan kommunist fəalları ilə görüşməli idim. O vaxt Tiflisdə menşeviklər ağalıq edirdilər.
Vəsiqələrim düzgün idi. Buna baxmayaraq, Tiflisə çatmamış Nəftuluq stansiyasında düşüb şəhərə piyada getdim.
Üç gün ötdü. Mənə tapşırılan işləri qurtarmaq üzrə idim. Bir gün “Kazyonnu teatr”da “Aşıq Qərib”i oynayırdılar. Məndən xahiş etdilər ki, suflyorluq edim. Razılaşdım. İkinci pərdə bitəndən sonra tamaşaçıların yanına gəlib, tanış-tunuşla salamlaşırdım ki, bir də gördüm Ağayev deyilən bir nəfərlə menşeviklərin “Xüsusi şöbə” rəisi Paçuliya mənə yaxınlaşdılar.
“Tutun! Budur, Xan Xoyskini öldürən”,- deyən Ağayev mənə bərk bir şapalaq ilişdirdi. Məni tüfənglə döyə-döyə teatrdan çıxarıb maşına mindirdilər və harasa apardılar.
Sonra öyrəndim ki, Müsavat Partiyasının sədri Fətəli xan Xoyskini “Pikadilli” sirkinə girən zaman üç güllə ilə vurublarmış. Ağayev deyilən adam da məni Gəncəyə “Təşviqat qatarı” ilə gələndə görüb və iki gündür ki, güdürmüş.
Məni rəis Paçuliyanın kabinetinə gətirdilər. O, üstümə qışqırdı:
“Alçaq bolşevik! Yoldaşların kim idi? Söylə!”
Onları inandırmaq istədim ki, heç nədən xəbərim yoxdu. İnanmadılar, məni yenidən maşına mindirib apardılar.
Axtarış başlandı. Evimi alt-üst edilər. Xan Xoyski vurulan yerdə dəsmala bükülmüş mauzer patronları tapıldığına görə evdə nə qədər cib və üz dəsmalı var idisə, hamısını apardılar. Məni isə “Xüsusi şöbə”nin qaranlıq zirzəmilərindən birinə saldılar”....
Xoyski can verir...
... “Sonra üç nəfər məni maşına mindirib apardı. Hara getdiyimi bilmirdim. Nəhayət, maşın bir xəstəxananın qarşısında dayandı. Məni düşürüb Fətəli xan Xoyski yatan palataya apardılar. Gördüm ki, Xoyski can verir. Yanında olan bir azərbaycanlı isə hey başına döyüb ağlayırdı. “Azərbaycan məhv oldu, Azərbaycan məhv oldu!”- deyirdi.
Məni bura ona görə gətirmişdilər ki, can üstündə olan Xoyski ona mənim güllə atıb-atmadığımı təsdiqləsin. Lakin buna imkan olmadı. Xan Xoyski bir söz deməyib keçindi. Məni də yenidən maşına mindirib apardılar və zirzəmiyə saldılar”.
İddialara görə, Mustafanı atası rəis Paçuliyaya onu azad etmək üçün 100 qızıl pul rüşvət vermişdi...
Bacısı özünü dəfnə çatdırmaq üçün...
Fətəli xan Xoyskinin nəvəsi Tamara Murad qızı Xoyski babasının qətli ilə bağlı mətbuata müsahibəsində bunları deyib:
“1920-ci ildə AXC devriləndən sonra Fətəli xan Gürcüstanda həmin vaxt Sovet hakimiyyəti qurulmadığı üçün ora getmək məcburiyyətində qaldı. Onun ailəsi isə Bakıda qaldı. Babam kinoteatrdan çıxan zaman erməni daşnakları onu güllələdilər. Bunu mənə atamın bacısı – bibim Tamara danışıb. Fətəli xan Xoyski Tiflisdə qətlə yetiriləndə bibim Tamara Xoyskinin 18 yaşlı olub. O, nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu.
Ona ölkəni tərk etməyə icazə verilmədi. Bibim atasının Tiflisdə, azərbaycanlıların qəbristanlığında dəfn olunması barədə xəbəri qəzetdən oxuyub. Tamara xanım icazə kağızı almaq üçün Sovetliyin Bakı bölməsinə gedib. Orada gələcək həyat yoldaşı 26 yaşlı Mirzə Davud Hüseynovla tanış olub. Davud Hüseynov uzun müddət xarici işlər naziri vəzifəsində çalışıb. SSRİ zamanında Moskvada, Tacikistanda yüksək vəzifələrdə çalışıb...”
Xəzər
Cebhe.info