Xətayi yaradıcılığında qnaseologiya
24-06-2022, 08:44
Qnaseologiya təlimi fəlsəfədə şüur və idrakı öyrənən nəzəriyyədir. Bu nəzəriyyəyə görə idrak mücərrəd məfhumdur və şüurun altında təhtəlşüur mövcuddur. Mütəsəvvüflərə görə varlığı dərk etmək üçün 3 yol vardır. Elmül-yəqin, Eynül-yəqin və həqqül-yəqin.
Eynül-yəqin hər sirrinə idrak edən insan idim,
Ey mə’rifətdən bixəbər, insafə gəlgil
Dahi Şeyx Xətayinin bu beytində diqqət edəcəyimiz 3 məqam var. Eynül-yəqin, idrak və mərifət. Birinci misraya görə şair bütün nəsnələri Eynül-yəqin sirri ilə dərk edirdi və xəbərsiz (qafil) insanlara bu sirri öyrənməsi üçün mərifəti öyrənmələri məsləhət görür. Nədir bu Eynül-yəqin, Eynül-yəqin, həqqül-yəqin?!
Elmül-yəqin bir predimeti uzaqdan nişanələr vasitəsi ilə dərk etməyə deyilir. Çox vaxt filosoflar alov məsələsini misal çəkirlər. Belə ki, divarın o tayında alov yanır və biz divarın bu tayında dayanmışıq, o tərəfdə alovun var olduğunu tüstüdən hiss edirik. Bu onu göstərir ki, bir insan Allahı əqli dəlil və sübut vasitəsi ilə qəbul edər.
Eynül-yəqin predimeti isə çılpaq göz ilə bir məfhumu müşahidə edib, ona inanmaqdır. Bir növ bu anlayışa görə insan Tövhidi və tövhidin əməllərini öz həyatında müşahidə edərək görür. Filosoflar qeyd edir ki, sözügedən divarı aşıb alovu gözlə görmək elə Eynül-yəqindir.
Həqqül-yəqin. Bu mərhələ qalan iki mərhələdən daha üstündür. İnsan bu mərhələdə Allaha qarşı yəqinlikdə(əminliklə) elə bir dərəcəyə çatır ki, sanki Allahın zatı ilə təmasda olar. Bir halda olur ki, insan artıq özünü görmür, özünü müşahidə etmir. Alov məsələsi ilə nümunə versək belə nəticə alınar. Həmin o divarı aşıb alova yaxınlaşıb, alovun istiliyini hiss etmək və alova girərək alovda yanmaq. O zaman insan tam əminliklə alovun var olduğunu söyləyə bilər.
Digər iki mərhələ sırf idrak ilə bağlıdır. Belə ki, insan öz rasional şüuru ilə Allahı (və ya alovu) dərk edir. Həqqül-yəqini real həyata keçirmək üçün isə təkcə rasional şüurun imkanları yetərli deyil. Çünki heç bir idrak bir insana "get alova gir" deyə əmr etməz. İnsanda gərək irrasional əminlik eşqi o qədər güclü ola ki, alovun və ya Allahın varlığını dərk etməsi üçün Fəna-fənafillah olub, əriyə. Həmçinin onu da qeyd edək ki, Elmül-yəqində insanın burun hissiyyatı vasitəsi ilə alovun varlığını hiss edirdi. Eynül-yəqində isə görmək(vizual) hiss vasitəsi ilə. Həqqül-yəqində isə insan bütünlüklə yanır, həm cismani həm ruhi olaraq əriyir. Bir növ həqqül-yəqin mərhələsində Allahın qəbul olunması həm idraki həm də daxili hissi duyğulardan asılıdır.
Şüur insanı insan edir və ruhdan asılıdır.
Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,
Uçdu ruhim, getdi aqlim, gövdədən can ayrılır.
Beytdə olduqca fəlsəfi düşüncələr təcəlli etmişdir. XVI əsr şairi(1497-1524), XVII əsr riyaziyyatçı, filosof olan Rene Dekartın(1596-1650) fikirini nəzm formasında olduqca kamil səviyyədə söyləmişdir.
Düşünürəmsə deməli varam, düşünmürəmsə deməli yoxam. Əsas mahiyyət budur. İnsanı insan edən məsələ irrasional hislərlə yanaşı, rasional düşüncə və idrakdır. Sözügedən məfhumların hamısı mücərrəd anlayışlardır. Məhz bu predimetlər mücərrəd olduğu üçün ruhda təcəlli etmişdir. Deməli, insanı var edən onun öz ruhudur. İnsan ruhunun, heyvan ruhu ilə fərqi də məhz idrak və sentimental hislərdir. İnsan öləndən sonra onda insanlıq qalmır. Dilimizdə də insanın ölüsünə cəsəd və ya nəəş deyilir. Çünki cəsəddə düşüncə və idrak yoxdur. Monoteizmə görə idrak və düşüncə ruhda təcəlli olduğu üçün ruhla birlikdə bərzəx aləminə gedib
Şüurun mücərrəd olmasını biz kvant fizikası ilə izah edə bilərik. Belə ki, bir insan bir nəsnəyə vizual olaraq gözlə baxırsa, həmin nəsnə insan beynində güzgü kimi əks-şəkil olaraq təsvir edilir. İnsan bir nəsnədən gözünü çəksə, həmin şəkil beynində parçalanır. Qeyd etmək lazımdır ki, beyin 0.2 saniyə nəsnələri gec qəbul edir.
Allah böyük rəssamdır.
Ey sənin yüzünə baxdıq, qutlu oldu mahımız,
Nə əcəb surət yaratdı sün'ilə Allahımız.
Sün ərəb-fars sözü olub. Mənası əsər deməkdir. Şeyx Xətayi bu beytində öz sevgilisini məharətlə yaratdığı üçün Allahı böyük rəssama bənzədir. İrfana görə insanın surəti və ruhu Allahdan qopan nişanələrdir. Hürufizmə görə də insanın surətində ərəb qrafikası ilə Allah sözünün yazılması, insan sözünün Yasin sözü ilə əlaqədar olması, insan adlı varlığın Allahın şah əsəri olması fikrini cəsarətlə söyləməyə imkan verir.
İnsan Allahdan qopan varlıq olduğu üçün ona müsbət enerji verən məfhumlar Allah kəlamları, xoş sözlər, xoş əməllər və ibadətdir. Ona nəzər dəydikdə yəni mənfi enerji ötürüldükdə insan xəstələnir, çünki bədənindəki müsbət enerji məfhumu azalır, həmin o enerjini normallaşdırmaq üçün Quran ayələri oxunur və xoş sözlər deyilir. Bu bütün varlıqlarda belədir. Əgər biz gülə dayanmadan pis sözlər desək o solacaqdır,ancaq xoş sözlər söyləsək gül təravətlə nurlanacaqdır. Ona görə də Xətayi belə yazır :
Sureyi-Ta'viz oxuram dəmbədəm ixlas ilə,
Ta ki husnini bəladan saxlasun cabbariniz
Beytdən də göründüyü kimi şair öz sevgilisini qorumaq üçün dayanmadan (dəmbədəm) ixlas surəsini oxuyur. Hədisi-şəriflərdən də göründüyü kimi müqəddəslər(ə) nəzər əleyhinə nas, fələq və ixlas surələrini oxumağı önərirlər.
Haşiyə :
Gözdəymənin (nəzərin) başında bədənə yönlənən mənfi şüalar durur. Bu şüalar insan orqanizminin nizamı olaraq qəbul edilən bioritmi, yəni insanın təbii tarazlığını pozur. Nəticədə insanlarda əldən düşmək, halsızlıq, xəstəlik müşahidə edilir. Hətta, orqanizmi zəif olan insanlarda ölüm belə qaçılmazdır.El arasında nəzərə bir çox ad verilir: "gözdəymə", "göz yandırma", "göz çəkmə", "göz istəyi" və "göz işıldaması" kimi də deyilir. Müasir laboratoriyalarda nəzərin tədqiqi aparılır və 3 əsas növü müəyyənləşdirilib.
Alfa - bu növ nəzərlərə "sarsıdıcı nəzər" deyirlər;
Betta - bu kateqoriyaya "incidici, dağıdıcı nəzər" daxildir;
Qamma - bu növ nəzərlər "yandırıcı" adlanır.
Qeyd etmək lazımdır ki, nəzərin fizioloji, psixoloji və parapsixoloji təsirləri mövcuddur. Sözügedən o itirilən enerjini bərpa etmək üçün 4 ünsürdən də (hava, od, su, torpaq) istifadə edilir. Daha çox torpaq və su müsbət enerjini bərpa etmək üçün işlənilir. Ona görə də Şah İsmayıl Xətayi və şiələr namaz qılarkən alınlarını möhür adlanan torpağa təmas etdirirlər.
Tanrıverdi Əliyev
Teref.az