Nazir mənzilindən sürgün düşərgəsinin barakına –

27-06-2022, 10:18           
Nazir mənzilindən sürgün düşərgəsinin barakına –
Ən yeni tarix. Maraqlı faktlar.
Bəlkə də o, atasının göstərdiyi yolu seçsəydi, dövrünün tanınmış həkimlərindən biri olacaqdı, heç şəxsi həyatında da problemlər yaşanmayacaqdı. Düzdür, valideynlərinin təkidi ilə Qalina Serebryakova Moskva Dövlət Universitetinin tibb fakültəsində təhsil alıb. Ancaq təhsilini başa vurduqdan sonra fərqli bir sahəyə, jurnalistikaya, ədəbiyyata üz tutub...
O, bu sahədə də böyük uğurlar qazanıb, əsərləri çap olunub, oxunub, tanınıb, amma mövcud siyasi dövr və rejim yazıçının həyatını təzadlı hadisələrlə alt-üst edib. Hətta qatı leninçi olsa da, Mark və Engels haqqında çoxsaylı kitabları çıxsa da, bu yaradıcılıq onun həyat yollarını rəvan edə bilməyib.
Qalina Serebryakova 1905-ci ildə Kiyevdə inqilabçılar ailəsində anadan olub. Atası həkim olmaqla yanaşı, həm də fəal ictimaiyyətçi kimi tanınıb. Valideynləri Qalinanın həkim olmasını arzulayıblar. O, ali tibbi təhsil alıb. Lakin universiteti bitirdikdən sonra əvvəlcə yerli qəzetlərdə, sonra isə “Komsomolskaya pravda” qəzetində işləyib. Jurnalistika fəaliyyətinin ilk illərindən imzası ilə tanınan Qalina Çinə, Fransaya, İspaniyaya, İsveçə ezamiyyətlərə göndərilib, maraqlı yazıları ilə diqqəti cəlb edib. Karl Marks haqqında yazacağı romana materiallar toplamaq üçün Qalina Serebryakova Kremlin xüsusi razılığı ilə Qərbi Avropaya səfər edib.
Yaraşıqlı xarici görünüşü ilə Qalina Serebryakova çoxlarının diqqətini cəlb edib. Rəsmi tədbirlərdə dövlət məmurları ona öz maraqlarını gizlədə bilməyiblər. Bu məmurların arasında Qriqori Sokolnikov daha “qoçaq” çıxaraq yazıçıya evlilik təklif edib və onlar rəsmi nikaha giriblər. Qeyd edək ki, Qriqori Sokolnikov Siyasi Büronun üzvü və SSRİ-nin ilk maliyyə komissarı (maliyyə naziri) olub.
Ailə qurduqdan sonra Qalina Serebryakovanın yaradıcılıq imkanları daha da genişlənib. Xarici ölkələrə səfərlərinə heç bir məhdudiyyət qoyulmayıb. Bu ərəfədə onun bir neçə kitabı nəşr olunub. Amma bu rahat, güzəştli və imtiyazlı həyat uzun sürməyib.
1936-cı ilin iyul ayında Qriqori Sokolnikov trotskiçi fəaliyyətdə ittiham olunaraq həbs edilib. Həbsdən sonra o, İosif Stalinə bir neçə məktub ünvanlayıb, fəaliyyətində heç bir antisovet əməlinin olmadığnı anlatmağa çalışıb və xahiş edib ki, həyat yoldaşını bu məsələlərə qatmasınlar. Stalin Sokolnikovu əfv etməyib, amma həyat yoldaşının azadlıqda qalacağına söz verib.
Beləliklə, Qriqori Sokolnikov 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qalina Serebryakova həyat yoldaşının azadlığa çıxması üçün bütün mümkün variantlara əl atıb. Ancaq heç bir ay ötməmiş onu da həbs edərək sürgünə göndəriblər.
1939-cu ildə Qriqori Sokolnikov türmədə öldürülüb. Ölüm haqqında rəydə səbəb “qəfil ürəktutma” qeyd olunub. Sonralar məlum olub ki, sabiq maliyyə nazirinin ölümünü Lavrenti Beriya sifariş edib.
Qalina Serebryakovaya təyin edilən sürgünün müddəti əvvəlcə 3 il olub. Daha sonra bu müddət 5 il də uzadılıb. 8 ildən sonra isə yazıçıya daha 10 il sürgün həyatı hökmü oxunaraq Qazaxstana göndərilib.
Nazir mənzilindən sürgün düşərgələrinin baraklarına köçən Qalina Serebryakova 18 il ərzində mənəvi və fiziki işgəncələrlə yaşayıb. Nəhayət, 1955-ci ildə azadlığın qapısı onun üzünə açılıb.
Qalina Serebryakova Moskvaya qayıdan kimi Nikita Xruşova müraciət edib. Baş katib yazıçının müraciətini müsbət cavablandırıb, Qalina Serebryakova partiyaya və Yazıçılar İttifaqına bərpa olunub. 1956-cı ildə onun Karl Marksa həsr olunmuş triologiyası işıq üzü görüb.
Yazıçı azadlığa çıxdıqdan sonra keşmişini unutmayıb. Kommunist ideyalarına sədaqətlini əsirgəməsə də, repressiya illərini sərt tənqid edib, Xruşov komandasına bu cür halların bir daha təkrar olunmaması üçün “dərs” keçib.
Bu “dərs”lərin birində isə Qalina Serebryakova başda Xruşov olmaqla, həm siyasi elitanı, həm də tanınmış ədəbiyyat və incəsənət xadimlərini təəccübləndirməyi bacarıb. Belə ki, Nikita Xruşov 1959-cu ildə Kremldə ideoloji məsələlərə həsr olunmuş müşavirə keçirəndə, müşavirəyə dövlət məmurları ilə yanaşı ölkənin tanınmış simaları, yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar da dəvət olunublar. Qalina Serebryakovaya çıxış üçün söz veriləndə, o, müzakirə olunan mövzudan kənara çıxıb, cəzaçəkmə müəssisələrində vəziyyətin ürəkaçan olmadığından, məhbuslara qarşı qeyri-insani münasibətdən söhbət açıb. Xruşov onun çıxışını yarımçıq kəsib, yazıçının yanlış fikirdə olduğunu söyləyib və onu qeyri-səmimilikdə ittiham edib. Xruşovun bu sərt təpkisini qəbul etmək istəməyən Qalina Serebryakova tribunadan kənara çıxaraq ətəyini yuxarı qaldırıb, baldırlarındakı “şram”ları müşavirə iştirakçılarına nümayiş etdirib:

- Nikita Sergeyeviç, bu da canlı sübut. Cəzaçəkmə müəssisələrində insanlara belə işgəncə verirlər, diqqətlə baxın.
Bu səhnədən az qala özünü itirən Xruşovun cavabı siyasi xarakterli olub:
- Bunlar Stalin hakimiyyətinin nişanələridir, biz belə şeylərə imkan vermərik.
Sonralar həmin müşavirədə iştirak edən tanınmış bəstəkar Dmitri Şostakoviç hadisəni belə xatırlayıb:
“Qalina qocalmışdı, həmin ağ baldırlardan əsər-əlamət qalmamışdı. Gərək o, ətəyini qaldırmayaydı, yaddaşımızda gənclik illərindəki gözəl Qalina kimi qalaydı...”
Qeyd edək ki, gənclik illərində Şostakoviç də Qalina Serebryakovaya eşq elan edib və rədd cavab alıb.
Qalina Serebryakova 1980-ci ildə, 74 yaşında vəfat edib. Yazıçı Moskvada, əsasən ədəbiyyat xadimlərinin dəfn olunduğu Peredelkino qəbirstanlığında dəfn edilib.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.