BİR MİLLƏT, İKİ DÖVLƏT - Gerçəkdən bir millət...

30-06-2022, 14:43           
BİR MİLLƏT, İKİ DÖVLƏT -
Fb söz meydanıdı... hikkə, maraq, dava-dalaş və s. də deyə bilərsiniz...
Hər konunun tərəfdaşı, silahdaşı var. Hətta qarşı tərəfə kəllə atanı, növbətçi şillə vuranı belə...
Bu kimi 5-6 həssas konunun biri və ya birincisi: Türkiyə, Ərdoğan məsələsidi...
Adamın Azərbaycanda heyranları var, ağa qara desə belə alqışlayacaqlar. Eləcə də qatı əleydarları da var, nə etsə deyəcəklər: "pisdi, vəssəlam..."
Bir ölkədən başqa bir ölkəyə belə bir ictimai-siyasi baxış, belə bir duyğusal-fərdi yanaşma analoqsuzdur, inanın.
Ən dost, qonşu, kök birliyi olan ölkələrdə belə... belə olmur və belə deyil...
Ətrafımızda Rusiya var, İran var... gürcü, erməni və b... Xəzərin o üzündə qohum dövlətlər... amma heç birinə bu qədər həssas deyilik... bizə nə, özləri, öz vətəndaşları bilər modundayıq.
Amma Türkiyə və Ərdoğan başqaaa....
Və bu modun idarəedicisi biz deyilik, bu formatın SAHİBi var...
Deyərdim, bəlkə bizim fb məkanında yeganə mövzudur ki, Azərbaycan iqtidarına ictimai münasibətlə eyni reytinq daşıyır: həm tərəfdarlarının, həm əleyhdarlarının sayına görə. Mövzuya biganə qalan az tapılar. Vətəndaşımız, eləcə də dünyaya səpələnmiş Azərbaycan Türkü Ərdoğanı ya sevir, ya kölgəsini qılınclayır. Ya "onsuz olmaz" bilir, ya "onsuz çox yaxşı olar, getsin" deyir.
Qarşıdurmalar, dartışmalar sərtdir, acıdır, acımasızdır. Hər iki düşərgənin əlində dəlil, sübut, bəlgə... eləcə də emosiya yükü yetərincədir...
Boynuma alım ki, qəribə səslənəcək... amma mən həm tərəfdarların, həm əleyhdarların yanındayam... məhz bu dartışmaların, milli vizionun, ictimai həssaslığın, sarsılmaz eşqin yanındayam...
Gördüyüm bu ki, Azərbaycan insanı konunu damarlarında yaşayır...
Azərbaycan insanı - özü də bilmədən və ya bilərək - milli şüuraltının diqtələrini yaşayır... Türklüyün gələcəyi ilə uğraşır, Ərdoğanı sevən də, sevməyən də hər türkün ata yurdu olan Türkiyənin gələcəyinin işıqlı, güvənli, güclü olmasının peşindədir, duyğularını bu yolda xərcləyir, ürəyini əsirgəmir...
Bu, çox yaxşı! Çox əla!
Məni insanımızın hansı düşərgədə olmasından çox - əlbəttə bu mərhələdə - DÜŞƏRGƏdə olması maraqlandırır...
Və bu sirli sözün kodlarını anlamağa çalışıram:
BİR MİLLƏT, İKİ DÖVLƏT
Gerçəkdən bir millət...
Bu sözü dillərə salan Elçi Bəyə selam olsun...
Mehriban Vəzir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.