Faşistlərə qarşı iki orduda vuruşan əsgər - Vətəni ABŞ-da onu ölmüş biliblər, Co isə sovet əsgəri imiş.

13-07-2022, 11:37           
Faşistlərə qarşı iki orduda vuruşan əsgər -
Ən yeni tarix. Maraqlı faktlar.
O, II dünya müharibəsinin tarixinə ən unikal əsgər kimi düşüb. Cozef Bayerli faşist Almaniyasına qarşı həm Amerika, həm də sovet oddusu sıralarında mübarizə aparıb və hər iki ölkə onu öz qəhrəmanı sayıb...
Yəqin ki, Bayerli məktəbi bitirdikdən sonra həm bilgilərinə, həm də ailəsinin maddi imkanlarına görə ABŞ-ın istənilən universitetində təhsil alsaydı, bu qədər məşhurlaşmayacaqdı.
Cozef Bayerli 1923-cü ildə ABŞ-ın Miçiqan ştatında anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1942-ci ildə, müharibənin ən ağır dövründə könüllü olaraq ABŞ-ın ordu sıralarında xidmətə gedib. Fiziki cəhətdən güclü və sağlam olan Bayerli xidmətinə 101-ci desant diviziyasında başlayıb. Doqquz aylıq təlimlərdən sonra onun xidmət etdiyi diviziya Britaniyada dislokasiya olunaraq Avropada Amerika qoşunlarının komandanı general Duayt Eyzenhauerin tabeliyinə verilib. Məhz bu və digər ABŞ hərbi birləşmələrinin Avropada yerləşdirilməsi ikinci cəbhənin açılması məqsədini daşıyıb.

Bayerli qısa müddətdə şəxsi heyət arasında fiziki hazırlığı və hərbi əməliyyatlarda çevikliyi ilə fərqlənib.
İkinci cəbhənin açıldığı gün, iyunun 6-da 1944-cü ildə Bayerli xüsusi əməliyyat tapşırığı alıb və “C-47” təyyarəsi ilə digət desantlarla havaya qalxıb. Əməliyyat məntəqəsinə çatmamış təyyarə Almaniyanın hərbi hava qüvvələri tərəfindən atəşə tutulub. Yaranmış təhlükəni nəzərə alan Bayerli təkbaşına paraşütlə təyyarədən tullanıb. 21 yaşlı desant heç də arzuolunan məkana düşməyib. Onun düşdüyü yer Vermaxtın artilleriya diviziyası ilə gözlə görünəcək məsafədə yerləşib. Buna baxmayaraq, Bayerli imkan taparaq almanların ətrafdakı bir neçə anbarını partlada bilib.
Bayerli həmin gün almanlar tərəfindən əsir götürülüb. Desant olduğu aşkar edildikdə onu düşərgədə deyil, həbsxanada saxlayıblar. Yeddi ay ərzində Bayerli yeddi həbsxana dəyişib. Sonda amerikalı serjantı Polşadakı əsir düşərgəsinə aparıblar.
Bayerli bir neçə dəfə düşərgədən qaçmağa cəhd edib. Birinci dəfə o, araba ilə zibil daşıyanda zibil maşınının yük banında aradan çıxmağa cəhd edib. Nəzarətçilər bu cəhdin qarşısını dərhal alıblar. İkinci dəfə Bayerli bir neçə nəfərlə düşərgənin tikanlı məftillərinin o biri üzünə keçə bilib. O, özünü ən yaxın məsafədə olan sovet qoşunlarının qərargahına çatdırmaq istəyib. Qaçan qrup dəmiryolu xəttinin yanından keçəndə həmin anda ərazidən yük qatarı keçib. Onlar vaxt itirməmək üçün qatarın yük vaqonlarına tullanıblar. Ərazini müəyyənləşdirə bilməyən qaçaqlar bir də ayılıblar ki, qatar Berlinə daxil olur. Bu dəfə onları gestapo saxlayaraq yenidən düşərgəyə təhvil verib.
Nəhayət, Bayerlinin üçüncü dəfə qaçmaq cəhdi baş tutub. 1945-ci ilin yanvarın 2-də nəzarətçilərin sərxoş vəziyyətindən istifadə edən desant alman hərbi formasının üst və baş geyimini ələ keçirib və birbaşa keçid-buraxılış məntəqəsindən düşərgəni tərk edib.
Bayerli əvvəcədən təxmin edib ki, sovet qoşunlarının hissələri çox da uzaq məsafədə deyil. İki həftəlik axtarışdan sonra o, 1-ci Belarusiya cəbhəsinin qərargahına yaxınlaşıb. Mövqedə duran sovet hərbçiləri amerikalı əsgəri heç də gülərüzlə qarşılamayıblar, ona silah tuşlayıblar. Bayerli uzaq məsafədən rus dilində bildiyi bir neçə sözlə özünü onlara tanıtmağa çalışıb: “Mən amerikalıyam, Amerika-SSRİ”. Bir də o, cibində çoxdan qalıb əzik-üzük vəziyyətə düşmüş Amerika istehsalı olan siqaret qutusunu göstərib.
Bayerlini qərargaha gətiriblər. İngilis dilində bilən sovet zabitlərindən biri onunla söhbət aparıb və Bayerlinin amerikalı olduğu müəyyənləşdirilib. Onu amerikalılara təhvil vermək istəyəndə soruşub:
- Bizimkilər çox uzaqdadır?
Qərargah zabitləri bildiriblər ki, bunu müəyyənləşdirmək, danışıqlar aparmaq lazımdır və bu müəyyən vaxt tələb edir.
Bayerli bu izahatdan sonra sovet zabitlərinə maraqlı bir təklif verib:
- Mən bu qədər boş vaxt itirmək istəmirəm, icazə versəydiniz, sizinlə birlikdə almanlara qarşı vuruşardım.
Bu haqda marşal Georgi Jukova məruzə edilib. Marşal amerikalı əsgərin təklifini müsbət cavablandırıb:
- Biz müttəfiqik. Amma nəzarətinizi üstündən çəkməyin.
Beləliklə, Bayerliyə “kalaşnikov” avtomatı verilib və o, tank heyətlərinin birində hərbi əməliyyatlara qatılıb. Amerikalı əsgər döyüşlərdə müsbət tərəfdən tanınıb, o, vaxtilə saxlanıldığı əsir düşərgəsinin almanlardan azad olumasın əməliyyatında da iştirak edib.
1945-ci ilin mart ayında Bayerli yaralanıb. O, Polşa ərazisindəki hospitalda müalicə alıb. Həmin ərəfədə marşal Jukov yaralılara baş çəkəndə Bayerlini də ziyarət edib. O, marşalı əmin edib ki, sağaldıqdan sonra yenə də cəbhəyə qayıdacaq. Jukov isə artıq buna ehtiyac olmadığın bildirib:
- Sən sağalanda artıq heç bir cəbhə olmayacaq.
Jukov tapşırıq verib ki, amerikalı əsgərin Moskvadakı ABŞ səfirliyinə getməsi üçün lazımi işlər görülüsün.
Bayerli müalicəsini başa vurduqdan sonra Moskvaya gedib. ABŞ səfirliyi onun Amerikaya getməsinə bir müddət icazə verməyib. Belə ki, onun adı ABŞ-ın həlak olmuş hərbçiləri siyahısında olub. Həmin siyahıya görə Bayerli 10 iyun 1944-cü ildə döyüşdə həlak olub. Hətta ABŞ mətbuatında onun ölümü ilə bağlı nekroloq da dərc edilib və ailəsində dəfn mərasimi də keçirilib. Bütün bu məsələlərə aydınlıq gətirilənə qədər Bayerli Moskvada “Metropol” mehmanxanasında xüsusi nəzarət altında saxlanılıb. Nəhayət, bir aydan sonra ABŞ-dan barmaq izləri gəlib və Bayerlinin həqiqətən də özü olduğu təsdiqini tapıb.
Bayerli 1945-ci ilin may ayında öz vətəninə qayıdıb. Onu Amerikada həm ABŞ, həm də sovet ordusunun qəhrəmanı kimi qarşılayıblar.
Bayerli mətbuata açıq adam olub, jurnalistlərə tez-tez müsahibələr verib, öz xatirələrini yazıb. Mətbuat nümayəndələrinin ona verdiyi “sovet ordusunda xidmət edəndə rus arağı içdinizmi” sualına isə Amerika-sovet əsgəri belə cavab verib:
“Sovet ordusunda cəsarət üçün həmişə 100 qram tapılırdı. Mən də bu ordunun bir döyüşçüsü kimi öz payımı alırdım. Həmin 100 qramı biz Ruzveltin və Stalinin şərəfinə qaldırırdıq...”
Müharibədən sonra Bayerli beş dəfə Moskvaya səfər edib. Bu görüşlərin birində məşhur konstruktor, “kalaşnikov”un müəllifi general Kalaşnikov Bayerliyə üzərində öz imzası olan avtomat hədiyyə edib.
Bayerli haqqında kitablar yazılıb, filmlər çəkilib. Yazıçı Tomas Teylorun “Amerikalı əsgər sovet tankında” kitabı isə bir neçə dilə tərcümə olunaraq daha çox populyarlıq qazanıb.
Cozef Bayerli 2004-cü ildə 81 yaşında vəfat edib. O, hərbi şərəflə Arlinqton milli hərbi qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, Cozef Bayerlinin oğlu Con Bayerli 2008-2011-ci illərdə ABŞ-ın Rusyadakı səfiri olub.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.