ŞAH İSMAYIL XƏTAYİ
17-07-2022, 17:14
BUGÜN ULU TÜRK XAQANI ŞAH İSMAYIL XƏTAYİNİN DOĞUM GÜNÜDÜR . BU YAZIMI ONUN ƏZİZ XATİRƏSİNƏ ƏRMƏĞAN EDİRƏM.
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru
"Xalqının qulu olmayan, onun padşahı da ola bilməz"
(Şah İsmayıl Xətayi.)
XIII əsrin sonlarından başlayaraq Azərbaycanın güneyində qapalı bidət şəklində inkişaf edən inqilabi müxalifət nəhayət, XV əsrin II yarısından başlayaraq açıq şəkildə xalq arasında şiəliyi yaymağa başlamış, hakimiyyət uğrunda mübarizəni genişləndirmişdi. Əlli illik gərgin mübarizədən və xeyli şəhid verdikdən sonra 1500-cü ilin sonunda 13 yaşlı İsmayıl Şirvan hakimi Fərrux Yasarı məğlub edərək 1501-ci ildə Bakını tutmuş, 1501-ci ilin ortalarında Naxçıvan ərazisində Ağqoyunlu Əlvənd Mirzənin qoşunlarını darmadağın edərək, 1501-ci ilin payızında təntənəli şəkildə Təbrizə daxil olaraq "Şah" elan olunmuş və beləliklə də Azərbaycan Səfəvilər Dövlətinin əsası qoyulmuşdur.
Ata tərəfdən Səfəvi, ana tərəfdən Ağqoyunlu Türk boylarından olan İsmayıl 1487-ci ildə Ərdəbildə anadan olmuşdur. Atası Şeyx Heydər döyüşdə şəhid olduğundan o, Ağqoyunlu Uzun Həsənin oğlu, dayısı Yaqub padşah tərəfindən anası və qardaşları - Sultanəli və İbrahimlə birlikdə əsir alınmış, Şiraz yaxınlığındakı İstəxr qalasına salınmış və dörd il yarım orada həbsdə qaldıqdan sonra nəhayət, Ağqoyunlu Rüstəmin hakimiyyətə gəlməsi (1492) ilə həbsdən azad edilmişdi. Ağqoyunlu Rüstəm padşah İsmayılın böyük qardaşı Sultanəlini Ərdəbilin müstəqil hakimi təyin etmişdi. Sultanəli Baysunquru məğlub etdikdən sonra Səfəvi tərəfdarları Ərdəbilə axışmağa başlamasından qorxuya düşən Rüstəm Şeyx Heydərin övladları Sultanəli, İbrahim və İsmayılı Ərdəbildən Təbrizə öz qərargahına gətirərək onların üzərinə ciddi nəzarət qoymuş və hətta bununla kifayətlənməyərək, onlara qarşı sui-qəsd də təşkil etmiş, lakin sui-qəsdin üstü açıldığından Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi tərk edərək, Ərdəbilə doğru irəliləmişdi. Bunu bilən Rüstəm onların arxasınca beş minlik süvari dəstəsi göndərmiş, vəziyyətin ağır olduğunu görən Sultanəli 1494-cü ildə təcili Sufi əmirlərinin yığıncağını çağıraraq balaca İsmayılı "Səfəviyyə ordeni"nin başçısı kimi öz xələfi təyin etmiş və qardaşlarını Ərdəbilə yola salaraq, Rüstəmin qoşunları ilə vuruşmuş və bu qeyri-bərabər döyüşdə şəhid olmuşdur. Sultanəlinin ölümündən sonra Ağqoyunlu sərkərdəsi Ayba Sultan Ərdəbilə daxil olaraq, Səfəvi tərəfdarlarının xeyli hissəsini qılıncdan keçirmiş, lakin Qızılbaş tərəfdarları İsmayılı xilas edərək, gizlətmişdilər. İsmayılın gizlədilməsində Qızılbaşlardan Rüstəm bəy Qaramanlının, Mənsur bəy Qıpçağın, İsmayılın bibisi Paşa Xatunun, Zülqədər tayfasından olan həkim Ubanın və xüsusilə Hüseyn bəy Lələnin müstəsna xidmətləri olmuşdur.
Keşməkeşli uşaqlıq dövrü keçirən, iki yaşından altı yaşına qədər dörd il yarım həbsdə qalan, altı il də müxtəlif yerlərdə Qızılbaşlar tərəfindən qorunan İsmayıl nəhayət, 13 yaşında 1499-cu ildə atası Şeyx Heydərin müridləri olan Hüseyn bəy Lələ Şamlının, Əbdüləli bəy Dədənin, Hadim bəy Xülafənin, Rüstəm bəy Qaramanlının, Bayram bəy Qaramanlının, İlyas bəy Ayqutoğlu Xunuslunun və Qara Piri bəy Qacarın müşaiyəti ilə Lahicandan Ərdəbilə yola düşmüşdü. Yol boyu Səfəvilərin tərəfdarları olan Qızılbaşlar onlara qoşulmuş və İsmayıl 1500 nəfərlik qoşunu ilə Ərdəbilə daxil olmuşdur.
İsmayıl öz dəstəsi ilə 1499-1500-cü ilin qışını Astaranın Ərçivan bölgəsində keçirmiş, 1500-cü ilin yazında Ərçivandan Göyçə gölünün sahilinə gələrək, ordan Doqquz Ulana, ordan Mingölə, daha sonra isə Kağızmandan Sarıqaya yaylağını aşaraq Ərzincana gəlmişdi. Artıq Ərzincanda İsmayılın bayrağı altında Şamlı, Rumlu, Ustaclı, Təkəli, Zülqədər, Əfşar, Qacar, Vasaq kimi Türk tayfalarından ibarət 7 minlik qazi ordusu toplanmışdı. Ərzincanda keçirilən müşavirədə ilk və əsas zərbəni Səfəvilərin düşməni olan Şirvanşah Fərrux Yasara vurmaq qərara alınmışdı. Çünki Qızılbaş şiələrin nəzərində Şirvan hakimləri I Xəlilullah və oğlu Fərrux Yasar İsmayılın babası Şeyx Cüneydi və atası Şeyx Heydəri öldürən "yezid" idilər. Ona görə də İsmayılın başçılığı ilə Qızılbaş qoşunu 1500-cü ilin payızında Kür çayını keçərək, Şirvan ərazisinə daxil olmuş və 1500-cü ilin sonunda Şirvanşahları məğlub edərək, Fərrux Yasarın başını kəsmiş, qışı Muğanda keçirərək, 1501-ci ilin yazında Şirvanşahlara bağlı olan Bakı qalasına hücum etmiş, şəhəri tutaraq, Şirvanşahların xəzinəsini ələ keçirmiş, Şirvanşah I Xəlilullahın sərdabəsini dağıdaraq, qəbrini açmış və sümüklərini yandırmışdılar.
Şirvandakı qələbədən sonra Şeyx İsmayıl xeyli məşhurlaşmış və Ağqoyunlu Əlvənd Mirzənin vassalları və hətta yaxın adamları belə onu tərk edərək, Qızılbaşlara qoşulmuşdular. Şeyx İsmayıl, Qara Piri Bəy Qacar və İlyas bəy Halvaçıoğlu ilə birgə öncə Ağqoyunlu ordu komandanı Osman Bəy Mosullunu, Daha sonra isə Ağqoyunlu Əlvənd Mirzəni Şərur düzündə məğlub edərək, 1501-ci ilin payızında təntənəli şəkildə Təbrizə daxil olaraq özünü "Şah" elan etmiş, beləliklə də ilk paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər Dövlətinin əsası qoyulmuşdur.
Ağqoyunlu Əlvənd Mirzənin məğlubiyyətindən sonra Ağqoyunlu Murad şah Həmədanda qoşununun qalıqlarını toplayaraq, Səfəvilərə qarşı hücuma hazırlaşmışdı. Şah İsmayıl 1503-cü ildə öz müridi Qəmbər Ağanı Murad şahın yanına göndərərək, Səfəvilərlə Ağqoyunluların qohum olduqlarını xatırlatmış və onun tabe olmasını tələb etmişsə də Murad şah rədd cavabı vermiş, bununla da 1503-cü ilin iyun ayında Səfəvilərlə Ağqoyunlu Murad şah arasında Həmədan yaxınlığındakı Almaqulağı adlı yerdə döyüş baş vermişdi. Döyüşdə məğlub olan Murad Şiraza qaçmış, Şah İsmayıl onu təqib edərək Şirazı ələ keçirmiş və bununla da Ağqoyunlu dövlətinin varlığına son qoyulmuşdur. Beləliklə Şah İsmayıl 3 il müddətində Şirvanşah Fərrux Yasarı, Ağqoyunlu Əlvənd Mirzəni və Murad şahı məğlub edərək, Səfəvilər dövlətinin ərazilərini xeyli genişləndirmiş, daha sonra Qumu, Kaşanı, İsfahanı, 1505-ci ildə Yəzd və Kirmanı, 1508-ci ildə isə Xorasan istisna olmaqla bütün farsistanı, indiki Ermənistanı və Ərəb İraqını zəbt edərək, dövlətin tərkibinə qatmış, Şərqdə Şeybani Xanın Özbək xanlığı, Qərbdə isə Osmanlı dövləti ilə həmsərhəd olmuşdur.
1507-1508-ci illərdə Səfəvilərin Kiçik Asiyada hərbi əməliyyatlar aparmasından və xüsusilə Xorasan hakimi Teymurlu Hüseyn Baykaranın ölümündən istifadə edən Özbək hakimi Şeybani Xan Xorasana hücum edərək oranı tutmuş, Şah İsmayıla məktub göndərərək hakimiyyətdən əl çəkib ona tabe olmasını tələb etmişdi. Şeybani Xanın bu tələbinə cavab olaraq, İsmayıl böyük qoşunla Xorasana yürüş etmiş və 1 dekabr 1510-cu ildə Mahmud çayının yatağında Səfəvi qoşunları Şeybani Xanın qoşunlarını məğlubiyyətə uğratmış, Şeybani Xan da döyüşdə öldürülmüşdü. Bununla Şah İsmayıl Herat, Mərv və Bəlx şəhərləri də daxil olmaqla Xorasanı ələ keçirmiş, Şah İsmayılın yardımı ilə Teymurlu Babur Şah da Səmərqənd və Buxaranı geri qaytararaq, bu ərazidə özbəklərin nüfuzunu xeyli zəiflətmişdi. Şeybani Xan üzərindəki qələbədən sonra Amu-Dəryadan Fərat çayına qədər olan ərazilər Şah İsmayılın hakimiyyəti altına keçmiş və bununla da Səfəvilər dövlətinin qüdrəti xeyli artmışdı.
Şah İsmayılın qüdrətinin artması Osmanlı Türkiyəsi ərazisində şiələrin açıq fəaliyyətə keçməsinə rəvac vermiş, Şah İsmayılın sərkərdəsi, Ərzincan hakimi Rumlu Nurəli yerli Qızılbaşların köməyi ilə Kiçik Asiyada Qarahisar və Malatya şəhərlərini digər Qızılbaş sərkərdəsi Məhəmməd Ustaclı isə Diyarbəkri ələ keçirmiş, həmçinin I Sultan Səlim taxta çıxarkən qonşu Asiya və Avropa dövlət başçıları onu tanıdıqlarını bildirmək üçün öz səfirlərini Ədirnəyə göndərdikləri halda Şah İsmayıl öz nümayəndələrini göndərməmiş, hətta onun göstərişi ilə Məhəmməd Ustaclı Sultan I Səlimə hədələyici və təhqiramiz məktub göndərərək onu bir şah kimi tanımadığını bildirmişdi.
Tədqiqatçılar göstərirlər ki: "Şah İsmayıl öz gözəl və anlaşıqlı şeirləri və ələvi şair və dərvişləri vasitəsilə Anadoluya nüfuz edir, bu məmləkəti də öz hakimiyyəti altına alıb, Osmanlı dövlətini yıxmaq və bununla Türk tarixində ilk dəfə olaraq məzhəb təəssübünə dayanan və digər məzhəblərə yaşam haqqı tanımayan bir siyasi mücadilə başlatmışdı. Şah İsmayıl məzhəb təəssübü ilə Osmanlı dövlətinə qarşı Əmir Teymurdan da güclü bir mənəvi silaha sahib bulunduğuna və bu sayədə Anadoluya da hakim olacağına inanırdı. O, bir yandan Anadolu ələvilərini özünə bağlayır, Osmanlı sultanı Bəyazidin (Sultan Mehmet Fatehin oğlu Sultan II Bəyazid nəzərdə tutulur - A.M) ələvilərin Ərdəbili ziyarət etmələrinə icazə verməsindən faydalanaraq dövləti içəridən çökdürməyə çalışır, digər yandan da Misir Məmlüklərini rəqib Osmanılılar əleyhinə kışkırtırdı". (Seçmələr bizimdir - A.M. Bax: Osman Turan, Türk Cihan Hakimiyyeti Mefkuresi, II cild, səh 73; Zekeriya Kitapçı, Hz Peyqamberin hadislerinde Türk varlığı, İstanbul 1989, səh 225 və s.)
Doğrudan da Şah İsmayıl gözəl Türkcə şeirləri ilə şiə türkmən tayfalarını özünə bağlamış, şiə təriqət Şeyxliyindən Şahlıq məqamına yüksəlmiş, hər tərəfinin sünni Türk dövlətləri ilə əhatə olunmasına baxmayaraq, 235 illik bir Səfəvi səltənətinin əsasını qoymuşdu.
Şah İsmayıl Osmanılılara qarşı həm Misir Məmlükləri, həm də xristian Venetsiya ilə danışıqlar aparmış, Anadoludakı şiələri Osmanlı Türkləri əleyhinə qaldırmağa nail olmuşdur. Ona görə də Sultan Səlim Yavuz atası II Bəyazidin sufi və "vəli" təbiətli bir hökmdar olmasından istifadə edən Şah İsmayıla qarşı mübarizə aparmaq üçün, öncə atasını taxt-tacdan məhrum etmiş, Avropa ölkələri ilə sülh müqavilələri bağlayaraq, müvəqqəti də olsa Qərbə hərbi əməliyyatları dayandırmış, Şah İsmayıla qarşı yardım üçün Özbək Xanı Übeydullanın razılığını almış, ölkə daxilində Səfəvi dərvişlərinin fəaliyyətini qadağan etmişdi. Beləliklə, Sultan Səlim Yavuz hakimiyyətə gələn kimi (1512-1520) Şah İsmayıla qarşı müharibə fikrini qətiləşdirmiş, ölkənin hər yerindən 140 minlik qoşun toplayaraq, Maku yaxınlığındakı Çaldıran düzünə hərəkət etmişdi. 23 Avqust 1514-cü ildə Çaldıran düzündə Səfəvi qoşunları ilə Osmanlı qoşunları arasında qanlı döyüş olmuşdu. Bu döyüş Türk dünyasının ümumi faciəsinə çevrilmiş, qardaş qırğınına rəvac vermişdi. Çaldıran döyüşü Şah İsmayılın məğlubiyyəti ilə sona çatmış, döyüşdə yaralanan Şah İsmayıl öz ordusunun salamat qalan hissəsi ilə müdafiə həlqəsini yararaq, Təbrizə doğru geri çəkilmişdi. Çaldıran döyüşü Səfəvi dövlətinin hərbi-siyasi nüfuzuna ciddi zərbə vurmuş, Qızılbaşların Kiçik Asiyadakı əsas dayaq nöqtələrindən olan Ərzincan, Diyarbəkr, Mosul, Xorput və Ərzurum bölgələri Osmanlı dövlətinin əlinə keçmişdi. Osmanlı orduları hətta Xoy, Mərənd və Təbriz şəhərlərini işğal etmiş, geri çəkilərkən isə xeyli Təbriz sənətkarını özləri ilə Türkiyəyə aparmışdılar ki, bu sənətkarlar sonralar Türkiyənin memarlıq və incəsənət sahələrinin inkişafında mühüm rol oynamışlar.
Çaldıran məğlubiyyətindən sonra Şah İsmayıl Ön Qafqaz və Şimali Gürcüstanda, Bağdad da daxil olmaqla Ərəb İraqında öz mövqeyini möhkəmləndirmiş, bir sıra ciddi tədbirlər görmüş, bu məqsədlə Kartli çarı Davidi xərac verməyə məcbur etmiş, Şirvanşah II İbrahimi (1502-1524) tamamilə özündən asılı vəziyyətə salmış, Azərbaycan ərazilərini Osmanlılardan geri almağa müvəffəq olmuşdur.
Şah İsmayıl Çaldıran məğlubiyyətindən sonra böyük hərbi uğurlar qazana bilməmiş, ömrünün son 10 ilini demək olar ki, mədəni quruculuq, ədəbi yaradıcılıq və ov etməkdə keçirmişdir. O, 37 yaşında ikən 23 may 1524-cü ildə qəflətən vəfat etmişdir. Ruhu şad olsun!
Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl öz dövlətini Qaraqoyunlu və Aöqoyunluların dövlətçilik ənənələri üzərində qurmuş, lakin onlardan fərqli olaraq dünyəvi hakimiyyətlə yanaşı dini hakimiyyəti də öz əlində saxlamışdı. Dövlətin Ali Məclisi yalnız məşvərətçi rol oynamış, lakin yüksək dövlət xadimlərinin təklifləri nəzərə alınmışdı.
Şah İsmayıl yaratdığı dövləti geniş sosial təbəqələrin özülü üzərində qurmuş, Səfəvilər dövlətinin yaranmasında bir çox sosial zümrələr iştirak etmişdir. Gənc dövlətin dirəyi sayılan müridlər içərisində “əxələr” (bütün sənətkarları özündə birləşdirənorta əsr “Qardaşlıq cəmiyyəti” – A. M.), “qazilər” (müharibə qəhrəmanları” – A. M.) və “dərvişlər” (Sufi dünyagörüşünü yaradan və yayanlar – A. M.) zaman keçdikcə bir-biri ilə qaynayıb qarışmış, sonradan onların yuxarı təbəqələri Qızılbaş hərbiçi əyanların, xidmət bəylərinin şurasına daxil olmuşdular.
Şah İsmayılın yaratdığı Səfəvilər səltənəti 235 il davam etmişdir. Şah İsmayıl ölkədə feodal pərakəndəliyinə son qoymuş, mərkəzləşmiş Vahid Azərbaycan dövləti yaratmış, daha sonra dövlətin ərazilərini daha da genişləndirərək, İmperiyaya çevirmişdir.
Dini, dünyəvi və ədəbi hakimiyyəti öz şəxsində cəmləşdirməyə nail olan Şeyx, Şah və Şair kimi Azərbaycan tarixində özünə şərəfli ad qazanan Şah İsmayıl Xətayi hökmdarı olduğu dövlətin yaranmasını Səfəvi xanədanının yüz illik mübarizəsinin və Qızılbaş təlim və amalının qələbəsi saymış, Qızılbaş dövlətinin yaranmasını "Sahibi-Zaman" vədəsinin yetişməsi hesab etmişdir. O, sadəcə şahlığa yüksəlməklə qalmamış, "Haqqın səsi" olmaqla İmam Əli təliminin qələbəsini gerçəkləşdirmişdi. O İmam Əli təliminə qarşı çıxanları "dinsiz, kafir və düşmən" adlandırmış, onlara qarşı amansız mübarizə aparmışdır.
Şah İsmayıl Xətayinin sayəsində ilk dəfə olaraq Azərbaycan Türkcəsi rəsmi dövlət və diplomatiya dili olmuş, Azərbaycan mədəniyyətinin çiçəklənməsində və Azərbaycan Türklərinin iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, kənd təsərrüfatı, ticarət və sənətkarlıq yüksək inkişaf etmişdi. Hökmdarın ana dilində əsərlər yaratdığını görən dövlətin digər ərazilərindəki şairlər də ana dilində əsərlər yazmağa başlamış, beləliklə də Azərbaycan yazılı ədəbi Türkcəsi xeyli zənginləşərək, dövrün ərəb və fars dilləri ilə rəqabət apara biləcək bir səviyyəyə yüksəlmişdi. Şah İsmayılın hakimiyyəti dövründə Məhəmməd Füzuli kimi dahi mütəfəkkir, Həbibi kimi böyük şair, Qurbani kimi ustad aşıq, Sultan Məhəmməd və Kəmaləddin Behzad kimi dahi rəssamlar yetişmiş, musiqi, rəssamlıq, memarlıq, xəttatlıq, nəqqaşlıq və s. kimi sənətlər yüksək inkişaf mərhələsinə çatmışdı. Onun dövründə və ondan sonra yeni-yeni xalq dastanları yaranmış, hökmdarın öz adına belə dastan qoşulmuşdu.
"Xalqının qulu olmayan, onun padşahı da ola bilməz" - söyləyən, yeni dövlət, yeni cəmiyyət, yeni düşüncə tərzi formalaşdıran Şah İsmayıl Xətayi gediləcək yolu taxt-tacdan üstün tutmuş, bu müqəddəs yolu özünün dövlət proqramına çevirmiş, az yaşamasına baxmayaraq həyatının çox hissəsini Azərbaycan dövlətçiliyinə sərf etmiş və az müddətdə gördüyü işlər ona Azərbaycan Türklərinin qəlbində ölməzlik qazandırmışdı.
Teref.az