Ağlayan azərbaycanli gözlərdən yaş Ukrayna bayrağı rəngində süzülür...
12-10-2022, 09:18
Bu rəsm əsəri Ukraynanın Bakı səfirliyinə təqdim olunub. Ağlayan azərbaycanli gözlərdən yaş Ukrayna bayrağı rəngində süzülür. Bunun anlamı çox böyükdür.
Ukrayna və Azərbaycan dövlətləri, xalqları arasında münasibətlərin kökü 1918-ci illərə gedir. Cümhuriyyətimizin cəmi bir neçə ölkədə olan təmsilçiliyindən biri Kiyevdə idi. Həmin küçədə bu gün xarici işlər nazirimiz Yusif Vəzir Çəmənzəminlinin barelyefi də var. Qurucu babalardan Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultanov, sonralar Azərbaycana rəhbərlik etmiş doktor Nəriman Nərimanov Odessada ali təhsil alıblar.
1991-ci ildə Qubadlıda mülki azərbaycanlıları erməni daşnaklarından qoruyarkən şəhid olan dneprli Oleq Babak bizim qəhrəmanımızdır. Əslən ukraynalı olan, hal-hazırda həyatda olan digər belə əsgər, zabitlər var.
1992-ci ildə Xocalıdan həm mülki əhalinin təxliyyəsi, həm faciədən sonra çəkilişlərin aparılması və dünyaya çatdırılması həmin əraziyə Gəncədən uçuşlar həyata keçirən qorxmaz hərbi pilot, ukraynalı Leonid Kravets sayəsində baş tutmuşdu. Bu ilin aprelində dünyasını dəyişən Leonid Markoviç 2016-ci ildə dövlət başçısı İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə mükafatlandırılıb.
Ehtiyatda olan polkovnik-leytenant, 1992-ci ildə Ağdam, Abdal-Gulabli istiqamətində qəhrəmanlıqla doyüşən Aleksey Şvaryov Kiyevdə yaşayır. Axtarsaq, onlarla belə hərbçi var.
Ukrayna 500 minlik Azərbaycan diasporuna ikinci vətəndir. Və onlar sadəcə sezona, ya müvəqqəti dolanışıq üçün bu ölkəyə üz tutmur. Burda böyüyən, müxtəlif sahələrdə çalışan, dövlət strukturlarında yer tutan minlərlə gənc həkim, hüquqşünas, iqtisadçı və s. həmyerlilərimiz var.
Təkcə bir zaman Ukraynanın baş prokuroru vəzifəsində çalışmış Gündüz Məmmədov, Viktor Yuşşenko hakimiyyəti illərində yanacaq energetika nazirinin müavini olmuş Burzu Əliyevin adlarını çəkmək kifayətdir. Və digər dövlət adamları, akademiklər, professorlarımız var.
Savaşın ilk günündən Azərbaycan dövləti və xalqı Ukraynaya dəfələrlə bütün sahələr üzrə maddi və mənəvi dəstək olub. Bu proses bu gün də davam edir. Diaspora fəalları bütün şəhərlər üzrə qələbə üçün əllərindən gələni edirlər. Onlarla soydaşımız bu haqq davasında canından keçib və ya yaralanıb. Yüzlərlə soydaşımız hazırda rəşadətlə döyüşür.
Bir dəfə yazmışdım. Qarabağda işğalı körükləyən Rusiyanın imperiya maraqları idi. Bu gün də Ukraynaya diş batırıb. Şuşa bizim üçün hansı anlamı daşıyırsa, Krım da Ukrayna üçün odur. Mariupol kimi gözəl şəhərin xarabalıqları bir zamanlar Qafqazın ticarət mərkəzi olan, 28 ildə xarabaya çevrilən Ağdamın işğaldan azad olunandakı görüntülərini təkrarlayır. Kəlbəcər, Laçın, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan - Donetsk, Luqansk, Zaporojye, Xerson....Ukrayna və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Xalqlar dost və qardaşdır, səmimi tellərlə bağlıdır. Hətta Ukrayna dilində dilimizdə səslənən xeyli eyni söz tapa bilərsiniz. Maydan-meydan, borq-borc, terezi-tərəzi, torba-torba və s və ilaxır.
Yaşasın azad, müstəqil Ukrayna və Azərbaycan dostluğu və tərəfdaşlığı...Düsmənlərimiz, dərdlərimiz ortaqdır, alacağımız dərslər də...Slava Ukraine, eşq olsun Azərbaycana!!!
Anar Natioğlu Ağazadə
Teref.az