Məhəmməd Həsən xan Qacar - Türk tarixinin bir anı...

13-10-2022, 12:13           
Məhəmməd Həsən xan Qacar -
Qacarların Aşağıbaş tayfasının rəisi Fətəli xan Qacarın oğlu, Qacarlar dövlətinin banisi Ağa Məhəmməd şah Qacarın atası
Əvvəlki yazılarımızda Qacarlar, onların siyasi mübarizəsi və görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumatlar vermişdik. Aşağıbaş Qacarların başçısı Fətəli xan Qacar, vəliəhd şahzadə Abbas Mirzə Qacar, Qacarlar dövlətinin banisi Ağa Məhəmməd şah Qacar və digər görkəmli şəxsiyyətlərdən geniş danışmışıq. Bu dəfəki yazımız isə Məhəmməd Həsən xan Qacar haqqında olacaq.
Şahqulu xan Qacar Şah I Abbasın (1587-1629) hakimiyyəti zamanı ailəsi ilə birlikdə Səfəvilər dövlətinin şərq hüdudlarını qorumaq məqsədilə Astrabada köçmüş və orada görəvini davam etdirmişdir. Onun oğlu Fətəli xan Qacar türkmənlərin Yomut tayfasından Hüseynqulu Ağa Qacarın qızı Əminə bəyimlə ailə qurmuş və bu izdivacdan iki oğlu dünyaya gəlmişdi. Fətəli xan Qacar şah II Təhmasib (1722-1732) tərəfindən xidmətlərinə görə yüksəlmiş və "dövlətin vəkili" titulunu qazanmışdı. Fətəli xan Qacar Qızılbaş ordusunda şahı mühafizə edən 500 nəfərlik qorçu bölüyünün rəisi (qorçubaşı) idi. Onun böyük oğlu Məhəmməd Hüseyn xan 12 yaşında ikən vəfat etmişdi. İkinci oğlu Məhəmməd Həsən xan isə 1714-cü ildə Astarbadda doğulmuş, mükəmməl mədrəsə təhsili almış, 1726-cı ildə atasının ölümündən sonra Aşağıbaş qacarlarına başçılıq etmişdir.
Nadir şah Əfşarın Hindistana yürüşündən istifadə edən Məhəmməd Həsən xan Qacar 1743-cü ildə Astrabada hücum edib, şəhəri ələ keçirdi. Ancaq Nadir şaha dəstək verən Yuxarıbaş qacarlara məğlub olunca türkmənlərə sığınmağa məcbur oldu. Məhəmməd Həsən xan Nadir şahın öldürülməsinə qədər sakitliyə çəkilərək siyasi prosesləri kənardan izləməyi üstün tutdu. Nəhayət, 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra İranda hakimiyyət uğrunda Əfşar, Qacar və Zənd sülalələri arasında amansız ölüm-dirim mübarizəsi başladı.
Nadir şah Əfşarın ölümündən sonra onun qardaşı oğlu Əliqulu Mirzə (1747-1749) Adil şah adı ilə taxta çıxdı və mərkəzi hakimiyyətə qarşı çıxan qüvvələri neytrallaşdırmaq üçün geniş fəaliyyətə başladı. 1748-ci ildə Məhəmməd Həsən xanın başçılığında qacarlar Astrabadda üsyana qalxdılar. Buna cavab olaraq Adil şahın ordusu Astrabada hücum edərək qacar qarnizonlarını ələ keçirdi. Lakin çox keçmədi ki, Adil şah qardaşı İbrahim xan tərəfindən məğlub edilib öldürüldü. Bununla da, qacarların Səfəvi səltənəti uğrunda apardığı mübarizə yeni mərhələyə qədəm qoydu.
Bildiyimiz kimi, 1747-ci ildə Nadir şah Əfşarın qətlə yetirilməsindən sonra Azərbaycanın şimalında və cənubunda yaranan xanlıqlar formal müstəqil siyasət yürütsələr də İran xəzinəsinə illik vergi verirdilər və faktiki olaraq Tehrandakı mərkəzi hökumətə tabe idilər. Məhəmməd Həsən xan Qacar Urmiyada Əfşarlarla və İranın cənubunda Zəndlərlə mübarizə aparmaqla yanaşı, Azərbaycanın şimalındakı xanlıqları da itaət altına almağa çalışır, onları Səfəvilər zamanındakı kimi vahid bir mərkəzdə birləşdirmək üçün mübarizə aparırdı.
1757-ci ildə qüvvətli bir ordu ilə Qarabağa yürüş edən Məhəmməd Həsən xan Qacar Xatın arxı adlanan yerdə yerli əhalinin talanına məruz qaldı və Şuşanı almaq üçün topladığı ordu pərakəndə düşdü. Məcbur olub geri qayıdan Məhəmməd Həsən xan İranda Əfşarlar və Zəndlərlə mübarizəsini davam etdirdi.
1757-ci ildə Məhəmməd Həsən xan Qacar Urmiya xanlığına hücum edərək şəhəri mühasirəyə aldı. Fətəli xan Əfşarın dəstəkçilərindən Azad xan Əfqan Bağdada qaçdı. Xoy xanı Şahbaz xan isə öz ordusu ilə Məhəmməd Həsən xanın tərəfinə keçdi. Nəticədə Fətəli xan Əfşar məğlub oldu. Urmiyanın xəzinəsini ələ keçirən Məhəmməd Həsən xan burada çox qalmayıb Kərim xan Zəndi məğlub etmək üçün hazırlıqlara başladı. Kərim xan Zənd qardaşı Şeyxəli xan və sərkərdəsi Məhəmməd xanın başçılığında qüvvətli bir ordunu Astrabada qacarların üzərinə göndərdi. Lakin baş verən döyüşdə Zənd qoşunları darmadağın edildi. Şeyxəli xan isə qaçıb canını qurtardı. Vəziyyətin acınacaqlı halını görən Kərim xan Zənd Şiraza çəkilib şəhər darvazalarını bağladı. Bu zaman Məhəmməd Həsən xan Fətəli xan Əfşarla birlikdə Şiraza Zəndlərin üzərinə yürüşə başlamışdı. Lakin yolda ikən Fətəli xanla fikir ayrılığı onların birləşməyinə əngəl oldu. Yürüşü dayandırmağa məcbur olan Məhəmməd Həsən xan yenidən qoşun toplamaq məqsədilə Mazandarana qayıtdı. Qəzvin ətrafında qacar ordusunu izləyən Zəndlər qəfil hücuma keçsələr də məğlub oldular. Döyüşdə Zəndlərin sərkərdəsi Məhəmməd xan öldürüldü.
Qacarları asanlıqla məğlub edə bilməyəcəyini görən Kərim xan Zənd hiylə yolunu tutdu. Aşağıbaş qacarlarla yaxşı münasibətləri olmayan Yuxarıbaş qacarları Məhəmməd Həsən xana qarşı qaldırdı. Nəticədə, Zəndlər Qacarların dəvəli oymağından olan Hüseyn xan Dəvəlinin Şeyxəli xan Zəndin qoşunu ilə birləşməsini təmin etdilər. Buna görə də 1758-ci ildə baş verən Sınıqkörpü döyüşündə qüvvələrin qeyri-bərabər olması qacarların məğlubiyyəti ilə nəticələndi. Məhəmmədəli xan Dəvəli Məhəmməd Həsən xanı öldürüb başını kəsdi və nökəri Səbzəli Kürd ilə Kərim xan Zəndə göndərdi.
Məhəmməd Həsən xan Qacarın ölümündən sonra onun səltənət mübarizəsini oğlanları Ağa Məhəmməd xan və Hüseynqulu xan davam etdirdi. Atasının ölümündən sonra Aşağıbaş qacarları başına toplayıb Zəndlərə qarşı beş il partizan müharibəsi aparan Ağa Məhəmməd xan 1763-cü ildə Nəcəf yaxınlığında xəyanət nəticəsində Zəndlərin əlinə keçib girov alınsa da, 1779-cu ildə girovluqdan qaçaraq yenidən mübarizəyə başladı və sonda İranda 130 illik türk Qacar hakimiyyətinin (1795-1925) əsasını qoydu.
Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi səh 35-37
Yılmaz Karadeniz, İran Tarihi səh 261-262
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.