Boyu 221 sm olan nasist- Müharibədə pulemyotu tapança kimi istifadə edib...

29-10-2022, 13:07           
Boyu 221 sm olan nasist-
Ən yeni tarix. Maraqlı faktlar.
O, II Dünya müharibəsinin ən nəhəng döyüşçüsü sayılıb, çoxları onu Hitlerin Qulliveri adlandırıb. Hündürboylu olmağı (221 sm) Yakob Hakenə populyarlıq qazandırsa da, kifayət qədər problemlər də yaradıb. Xüsusilə də müharibə dövründə...
Yakob Haken 1906-cı ildə Almaniyada, Dyusseldorf şəhərində anadan olub. Onun valideynləri də, bacısı və iki qardaşı da hündürboylu olublar (180-200 sm), amma Haken onların hamısını üstələyib.
Haken ailə üzvlərindən fərqli olaraq öz boyundan “səmərəli” istifadə edib. O, yeniyetməlik yaşlarından küçə sirklərində çıxış edib, onun “səhnə”lərdə görünməsi tamaşaçılarda maraq yaradıb ki, bunun da müqabilində Hakenin qonorarı daha çox olub.
Hakenin həm boyu, həm də məzhəkə yaratmaq bacarığı onu daha böyük səhnələrə aparıb. Artıq 1922-ci ildə Naken Parisin “Luna-park” əyləncə mərkəzində öz çıxışları ilə məşhurlaşıb. 1939-cu ildə isə o, Nyu-Yorkda keçirilən ümumdünya sirk sərgisinə dəvət olunub. Bu mötəbər tədbirdə Haken Amerikada qalıb fəaliyyət göstərmək təklifini də alıb. Bu təklif onun ürəyincə olsa da II Dünya müharibəsinin başlanması səbəbindən Haken bu təklifdən imtina etməyə məcbur olub və Almaniyaya qayıdıb.

1939-cu ildə 33 yaşlı Haken müharibənin başlanması ilə bağlı elan edilən səfərbərliyə cəlb olunaraq hərbi xidmətə çağırılıb. Əvvəlcə onu çağırış məntəqəsindən geri qaytarmaq istəyiblər. Adətən hədsiz dərəcədə hündür boyu olan adamlarda müəyyən xəstəliklər olur. Hərbi həkim komissiyası elə düşünüb ki, Hakenin də səhhətində problemlər olacaq. Ancaq ümumi müayinələrdən sonra məlum olub ki, Haken tam sağlamdır və hərbi xidmətə yaralıdır.
Beləliklə, 1939-cu ildən Hakenin hərbi xidmət illəri başlayıb, özü də müharibə şəraitində.
Haken Polşa və Fransa cəbhələrində xidmət aparıb, ən ağır hərbi əməliyyatların iştirakçısı olub. O, Vermaxt qoşunlarında pulemyotçu kimi xidmət edib. Pulemyotu daşımaq, ondan istifadə etmək cüssəli Haken üçün tapança qədər asan gəlib.
Komandanlıq Hakenin xidmətlərindən, hərbi əməliyyatlar zamanı çevikliyindən, peşəkarlığından tam razı qalıb. Onun şəkilləri Almaniya qəzetlərində manşetlərdə tirajlanıb. Həmin qəzetlərin biri Hitlerə təqdim olunanda, fürer Hakenin fotosuna qürur hissi ilə münasibət bildirib:
“Dünyanın heç bir ordusu belə döyüşçünün qarşısında tab gətirə bilməz. Alman əsgəri nəhəngdir, Almaniya ordusu nəhəngdir, Böyük Almaniya nəhəngdir!!!”
Bəli, fürerin fikirləri öz yerində, amma bu nəhənglik Haken üçün sözün əsl mənasında yetərincə problemlər yaradıb. Haken üçün hərbi paltar və çəkmələr ayrıca tikilib. Onun qida rasionu da digər döyüşçülərdən fərqli olub, ərzaq payına əlavələr edilib. İstər daimi dislokasiya hərbi hissələrindəki kazarmalarda, istərsə də səhra kazarmalarında Hakenin çarpayısına da “düzəliş”lər ediblər. Müharibə şəraitində bunlar əlavə problem yaratsa da, komandirlər fürerin sevimli döyüşçüsünə şərait yaratmağa məcbur olublar. Amma sözsüz ki, Haken üçün ayrıca səngər qazmaq mümkün olmayıb. Məhz standart səngərlərdə Haken üçün böyük təhlükələr yaranıb.
Hakenin uğurlu hərbi xidməti və döyüş yolları 1944-cü ilə qədər davam edib. Həmin il o, Fransada yaralanıb və kanadalı əsgərlər tərəfindən əsir götürülüb. Boyu çox da hündür olmayan kanadalı əsgərlə Hakenin fotosu demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələrində yer alıb.
Hitlerin Qulliverini əvvəlcə səhra hospitalında müalicə ediblər, sonra əsir kimi o, İngiltərədə saxlanılıb.
Haken əsirlikdən 1949-cu ildə azad edilib. O, Almaniyaya qayıtdıqdan sonra öz ölkəsini tərk etmək qərarına gələrək Amerikaya köçüb.
Hakenin Amerika həyatı uğurlarla müşayiət olunub. O, müxtəlif sirklərdə çalışıb, “nəhəng Santa-Klaus” obrazı ilə milyonların sevimlisinə çevrilib.

Çox keçməmiş, 1955-ci ildə Hakenə Amerika vətəndaşlığı verilib, o, qazandığı pullarla özünə mənzil və avtomobil də alıb. Dünyanın ən nəhəng nasisti sayılan Haken heç vaxt siyasətə qoşulmayıb. Jurnalistlərin ona “müharibədə iştirak etməyinizi vacib sayırdınızmı?” sualına isə sirk ustası belə cavab verib:
“Müharibə mənim üçün ən dəhşətli sirkdir. Ssenarisi bilinməyən, kütləvi ölümlərlə nəticələnən sirk. Sözsüz ki, müharibədə iştirakımı vacib saymırdım, ümumiyyətlə heç kimin iştirakını vacib saymırdım. Amma nə etməli? Bu həmin dövrün, zamanın tələbi idi...”
Yaş həddinə görə sirkdə karyerasını başa vurduqdan sonra Haken Almaniyaya qayıdıb. O, Almaniyada mütəmadi olaraq şou proqramlarda iştirak edib, böyük konsert zallarında fərdi görüşlər keçirib. Haken mətbuat nümayəndələrinə həmişə açıq adam olub. Jurnalistlərə müsahibə verməkdən, onlarla həmsöhbət olmaqdan heç vaxt imtina etməyib.
Yakob Haken 1987-ci ildə, 81 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.