“Stalinin kölgəsi” - əslində general Vlasikə “Stalinin köləsi” adı daha çox yaraşardı.

4-11-2022, 12:55           
“Stalinin kölgəsi” -
Ən yeni tarix. Maraqlı faktlar.
Onu “Stalinin kölgəsi” adlandırıblar. Nikolay Vlasik düz 21 il Kremldə, bağ evində, səfərlərdə, rəsmi tədbirlərdə, qeyri-rəsmi ziyafətlərdə Stalinin bir addımlığında dayanıb. Məhz Vlasikin sayəsində sovet liderinin mükəmməl mühafizə sistemi yaradılıb. Mühafizə rəisi funksiyalarından əlavə Vlasik Stalinin şəxsi və məxfi tapşırıqlarını da icra edib. Bununla yanaşı, sovet liderinin həyat yoldaşı Nadejda Alliluyeva vəfat etdikdən sonra Stalin öz uşaqlarının tərbiyəsini, asudə vaxtının təşkilini, onlara qayğı göstərməyi də Nikolay Vlasikə həvalə edib.
Araşdırmaçıların və müasirlərinin qənaətinə görə, Vlasik Stalinin ən etibar etdiyi adam olub və bu etibar sayəsində mühafizə rəisinə sonsuz səlahiyyətlər verilib. Bir çox hallarda Vlasik sərbəst qərar vermək səlahiyyətinə də sahib olub. Xüsusilə də Stalinin görüşlərinin təşkili məsələsində. Konkret bir neçə nəfəri, məsələn, Vlaçeslav Molotovu, Lazar Kaqanovoçi, Lavrenti Beriyanı, Anastas Mikoyanı, Andrey Jddanovu və daha bir neçə nəfəri çıxmaq şərtilə Vlasik digər komissarların (nazirlərin) və yüksək ranqlı dövlət məmurlarının Stalinlə görüşünə mane ola bilib, yaxud da əksinə, onların görüşünü təşkil etməyi bacarıb.

Kifayət qədər iddialı və hökmlü olan Vlasik tutduğu vəzifəni nazir vəzifəsindən də üstün sayıb və o, özünü Stalinin ən yaxın adamı kimi təqdim edib. Bu haqda Stalinin qızı Svetlana Alliluyeva müəllifi olduğu “Dostuma 20 məktub” kitabında yazıb:
“Vlasik uzun illər atamın mühafizə rəisi vəzifəsində xidmət edib. O, hər yerdə özünü Stalinin ən yaxın adamı kimi təqdim edirdi. Onun ən xoşagəlməz işlərindən biri o idi ki, özünə aid olmayan məsələlərə müdaxilə etməyi xoşlayırdı. “Mən Stalinin fikirlərini və nəyə üstünlük verdiyini bilirəm” deyərək müxtəlif ittifaq miqyaslı qurumların rəhbərlərinə məsləhət verməkdən, daha dəqiq ifadə etsək, göstəriş verməkdən çəkinmirdi. O, olduqca kobud, həyasız və cahil bir adam idi...”
Kimin hansı fikirdə olmasından asılı olmayaraq, fakt odur ki, Stalin öz həyatını Vlasikə etibar edib.
Vlasik Stalinin ətrafı, silahdaşları üçün çox da arzuolunan şəxs sayılmayıb. Stalinlə məmurlar arasında keçilməz sədd yaradan Vlasikin şifahi təqdimatı ilə çoxları vəzifəsi və həyatı ilə vidalaşıblar. Təbii ki, onun sovet lideri qarşısında qazandığı bu etimad məmurların qısqanclığına səbəb olub.
Vlasiki Stalinin gözündən salmaq, ləkələmək üçün məmurlar dəfələrlə fərqli üsullara əl atıblar. Hətta Stalinin ən yaxın adamlarından biri sayılan Beriya mühafizə rəisinin “səlahiyyət bolluğu” haqqında Stalinlə söhbəti olub.
Yüksək çinlilər Vlasiki Stalinə sui-qəsd hazırlamaqda, vəzifə səlahiyyətlərini aşmaqda, Stalinin təminatına ayrılan vəsaitlərin mənimsənilməsində ittiham ediblər. Ən böyük ittiham isə Vlasikin Stalinin sevimlisi, adı tarixə Stalinin sonuncu məşuqəsi kimi düşmüş, bağ evinin xidmətçisi Valentina İstominaya intim əlaqə təklif etməsi olub. Onu da qeyd edək ki, general qulluq mövqeyindən, Stalinə yaxınlığından sui-istifadə edərək xeyli sayda qadını ona cinsi xidmət göstərməyə vadar edib.
Nəhayət, Vlasiki Stalinin bir addımlığından kənarlaşdırmaq cəhdləri 1952-ci ilin may ayında reallaşıb. General-leytenant rütbəli mühafizə rəisi Uralda islah-əmək düşərgəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Vlasikin həyatındakı qara zolaq vəzifəsinin dəyişdirilməsi ilə yekunlaşmayıb. 1952-ci ildə o, “Həkimlər işi”, Stalinin bağ evlərinə ayrılan vəsitin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddə ilə ittiham edilərək həbs olunub.
17 yanvar 1953-cü ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Vlasik haqqında hökm çıxarıb. O, 10 il müddətinə azadlıqdan məhrum edilərək sürgünə göndərilib. Vlasik partiya üzvlüyündən xaric edilib, general rütbəsindən məhrum olunub.

Məhkəmə prosesində sadalanan ittihamların heç biri ilə Vlasik razılmayıb:
“Mənə qarşı irəli sürülən ittihamların heç birini qəbul etmirəm. Əgər teatrda hökumət lojasında əyləşmək, kiməsə “Dinamo” stadionunda keçirilən tədbirə bir-iki bilet vermək və bu kimi məişət məsələləri vəzifə səlahiyyətlərini aşmaq sayılırsa, bəli, mən onda öz “cinayət”lərini etiraf edirəm...”
Vlasikin həbsi ilə bağlı bir neçə versiya səsləndirilib. Bu versiyaların ən əsası isə mühafizə rəisinin həbs edilməsi, eyni zamanda həmin ərəfədə Stalinin etibar etdiyi daha bir şəxs, şəxsi katibi Poskrebışevin vəzifədən azad edilməsi ilə Stalinin aradan götürülməsinə hazırlıq görülüb. Yəqin ki, Vlasik də həbs ediləndə “Məni həbs edirlər, demək, yaxın vaxtlarda Stalin də təhlükələrlə üzləşəcək” ifadəsini təsüdüfi işlətməyib. Bu günə qədər bu versiya müəmmalı qalsa da, həqiqətə daha yaxındır.
Vlasik 16 dekabr 1956-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə əfv edilib və üzərindən məhkumluğu götürülüb. Amma onun rütbəsi və təltifləri geri qaytarılmayıb.
Azadlığa çıxdıqdan sonra Vlasik Moskvada yaşayıb. Sabiq mühafizə rəisi ömrünün sonuna qədər Stalinə böyük sevgisini ifadə edib:
“Mən 25 ilə yaxın Stalinə sədaqətlə xidmət etmişəm. Bu illər ərzində heç vaxt bir töhmət almamışam. Qazandığım mükafatlar və təltiflər olub. Sonda isə Stalin məni düşmənlərin əlinə verdi. Buna görə Stalindən incimişdim. Amma harada və hansı vəziyyətdə olsam da, ürəyimdə Stalinə qarşı heç vaxt kin olmayıb...”
Nikolay Vlasik 1967-ci ildə, 71 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, Moskvada Yeni Don qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.