Şamxor savaşı (Eşalon döyüşü)
5-01-2023, 12:30
Milli Komitə rəhbərliyi Gürcüstandan xəbər almışdı ki, Çar Rusiyasının ordusu Şərq cəbhəsini tərk edərək, Azərbaycan istiqamətində hərəkət edir. Milli Komitə və onun rəhbəri Nəsib bəy dərhal təhlükəsizlik tədbirləri görməyə başladı. Gəncədə nə qədər əli silah tutan şəxs varsa, onları müdafiə və döyüşmək üçün səfərbər etdilər. Milli Komitə rəhbərliyi nəzərə almışdı ki, əgər rus ordusu Gəncə şəhərinə girərsə, şəhərin müdafiəsində problemlər yaradacaq və sadə insanların, qadınların və uşaqların böyük tələfatı ilə üzləşəcəklər. Ona görə şəhərin daxilində müdafiə tədbirləri görüldükdən sonra, döyüşçü qüvvələri şəhərdən 30 km aralıda yerləşən Şəmkir stansiyasına cəmləşdirdilər. Komitənin rəhbərlərindən Xudadat bəy və Aslan bəy qüvvələrə rəhbərlik edirdilər. Onlar Gəncədə Milli Komitənin mərkəzi ilə oranı əlaqələndirirdilər. Verilən bütün qərarlar mərkəzdən alınan məlumatlar əsasında həyata keçirilirdi. Milli Komitənin yekun qərarına görə rus hərbi qüvvələri tərksilah edilməli idi. Gəncə şəhərinin hərbi təhlükəsizliyinə rəhbərlik edən Nağı bəy və Qaçaq Qənbər də rus ordusunun tərksilah edilməsinə səfərbər edilmişdilər. Nağı bəygil yol boyu hərəkət etdikcə bütün kəndləri xəbərdar edib, döyüşçüləri, gəncləri ora istiqamətləndirirdilər. Qaracaəmirli kəndindən olan Rüstəm və Təhməz Ramazanoğulları ətraf kəndlərdən yığılmış insanlara rəhbərlik edirdilər. Zəyəmdən Şəmkir stansiyası yaxınlığına gəlmiş Hacı Axund dəstəsi ilə öz yerini almışdı. Sadə xalq silahdan istifadə qaydalarını, döyüş haqqında bir şey bilməsələr belə yaba, balta və müxtəlif əşyalarla müdafiəni təşkil edirdilər. Gürcülər də 300 nəfərlik köməkçi dəstə göndərmişdilər, Ələkbər bəyin oğlu doktor Xudadat bəy müdafiə qüvvələrinə rəhbərliyi həyata keçirirdi. Rus ordusu Şəmkir stansiyasına az qalmış dayandı, Milli Komitə tərəfi onlarla danışıqlara keçdi. Silahları təhvil vermələrini, təslim olmalarını tələb etdi. Əgər silahları təhvil versələr, tələbləri icra etsələr, rahat şəkildə vətənlərinə gedəcəklərini bildirdilər. Rus tərəfi təklifləri qəbul etdi və silahları necə təhvil verəcəklərini soruşdular. Onlara bildirildi ki, qatarın vaqonları bir-bir zirehli qatara yaxınlaşacaq silahları təslim etdikdən sonra yollarına davam edəcəklər. Tələbələrə də tapşırıldı ki, silahları təhvil alsınlar.
Birinci vaqon zirehli vaqona yaxınlaşaraq silahlarını təhvil verdi. İkinci vaqonun qapıları açıldı və rus əsgəri qışqırmağa başladı, silahları verməyin, atəş açın, müsəlmanları qırın. Elə həmin an top açılır, qalan 8 eşelon da himə bənd kimi od-alov saça-saça vağzala doğru yönəlir. İlk anlarda 15 tələbə və 40 gürcü əsgəri vuruldu. Rus əsgərlərinin bu hərəkətini görən xalq qüvvələri hücuma keçərək axşama kimi rusların müqavimətini qırdı. Qaranlıq düşənə yaxın silahlarını atan rus əsgərləri təslim olmağa başladı. Xalq qüvvələri rusların ordusu üzərində böyük qələbə qazandılar. Rus hərbçilərindən əldə edilən silah-sursata Milli Komitənin üzvü Aslan bəy rəhbərlik edərək, onları Gəncə şəhərinə gətirirlər. Əldə edilmiş 15 mindən artıq tüfəng və digər silah-sursatı Gəncə Milli Komitəsinin səlahiyyətinə keçirirlər. Silahların müəyyən hissəsini xalqa payladılar. Gəncə həm qələbə duyğusuna, həm də ki, qəmli bir əhval-ruhiyyəyə düçar olmuşdu. Şəmkirdə tərksilah edilən rus ordusu ilə qarşılaşmada şəhid olan tələbələrin halına şəhər ağlamaqda idi.
Şəhidlərin dəfni ilə bağlı Milli Komitə tərəfindən xüsusi komissiya təyin edilmişdi. Onlar şəhidlərin dəfnini İmamzadə məzarlığında təşkil etmişdilər. Gəncə Milli Komitəsinin rəhbərliyi, şəhərin ağsaqqalları, din xadimləri, hörmət sahibləri dəfndə iştirak edirdilər. Bütünlükdə demək olar ki, Gəncə orada idi. Bu böyük qəhrəmanların dəfnində hər kəs bunu özü üçün vəzifə, borc hesab edirdi.
Bütün işlərin təşkilində, maraqlarımız çərçivəsində həyata keçirən Gəncə Milli Komitəsi bu işlərdə məsul idi. Komitənin rəhbəri, şəhidlərin dəfnində söz alan Nəsib bəy görülən işləri yüksək qiymətləndirdi, onların bu xidmətini millətimiz qarşısında böyük iş olduğunu bildirdi. Onların gənc yaşlarında millətimiz, vətənimiz qarşısında canları və başları ilə xidmət etməsi qədər böyük nə ola bilərdi ki? Onlar öz əməlləri ilə milli mücadilə tariximizin böyük bir səhifəsini yaratdılar. Bu, başlanğıcdır, uzun zaman bundan öncə gözümüzün önündə olan bu torpaqlarda rusların qılıncları, silahları istiqlalımızı, azadlığımızı, vətənə qarşı böyük olan sevgimizi söndürdülər. Cavad Xanın qətl edilməsi, vətənimizdə rus bayrağının dalğalanmasına səbəb oldu. Bu, bizim böyük faciəmiz idi, amma biz özümüzdə güc tapdıq, bu millətin azadlıq sevdasını yenidən alovlandırdıq. Bu şəxslərin şəhid olması, milli dirənişi ondan xəbər verir. Bir millət olaraq qollarımıza qüv-vət gəldi, rusların işğalçılığına, əsarətinə artıq özümüz cavab veririk. Nə böyük xoşbəxtlikdir bu əziz övladlarımıza ki, onlar bizim ilk şəhidlərimiz oldu.
Nəsib bəyin nitqi dəfndə iştirak edən insanlarda böyük əhval-ruhiyyə yaratdı, onların mübarizə gücünü daha da alovlandırdı.
Ceyhun Nəbi
Teref.az