Sonuncu uçuş, müəmmalı qəza, qəhrəman pilotun ölümünün sirri… “Dedi ki, yuxuda gördüm, təyyarəsi yanır”

8-01-2023, 09:44           
Sonuncu uçuş, müəmmalı qəza, qəhrəman pilotun ölümünün sirri…
– Ata televizorda dedilər ki, hardasa quşlar təyyarənin şüşəsinə çırpılıb, təyyarə düşüb dənizə. Elə ola bilər?

– Ola bilər, amma sən narahat olma, oğlum, mən gecələr uçuram ki, quşlarla toqquşmayım.

Uçmaq üçün yarananlar sürünə bilməzlər, əksi də mümkün deyil. Hər dəfə ayağını yerdən üzüb səmanın ənginliklərinə qalxanda təyyarənin qanadlarını öz qanadları kimi hiss edirdi. Təyyarə ilə bütövləşib, bir olurdu. Səmaya qalxdıqca yer uzaqlaşır, kiçilir, qara nöqtəyə çevrilirdi, səma isə genişlənir, böyüyürdü. O da səmanın ənginliklərinə qarışıb, günəşə, işığa dönürdü…sonra qayıdırdı qoyub getdiyi qara nöqtəyə sarı.

Bu dəfə də elə oldu, amma bu dəfə geri dönmədi, o qara nöqtədə onu əzizlərinin gözlədiyini bildiyi halda, sevdiyi səmada əbədi məskən saldı…

…bəlkə quşlar səmanı təyyarələrə qısqanır, “bizim məkanımızdır” – deyirlər, ya bəlkə yeri-göyü özününkü sayan məxluqlar quşları da qısqanır..?

Heç kim bilmədi ki, o gün əslində nə baş verdi. Nə baş verdi ki, hərbi hava qüvvələrinin ən yaxşı hərbi pilotunun biri təyyarə qarışıq qeybə çəkildi… O gündən əzizlərinin gözü səmada Rəşadı axtarır…

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də dünyaya gəlib. O səkkiz aylıq olanda anası ağır keçirdiyi ikinci hamiləliyinə görə Rəşadı öz anasına həvalə edir. O vaxtdan Rəşad Samux rayonun Qılıncbəyli kəndində nənə-babasının – anasının valideynlərinin yanında qalır. Ondan sonra daha iki oğlan dünyaya gəlir ailədə, amma Rəşad geri qayıtmır, nənəsinin himayəsində qalmağı seçir. Birinci sinfə gedəndə onu Bakıya gətirirlər, anasının kitabxanasında işlədiyi məktəbə qoyurlar. Bir-iki gün dərsə gedəndən sonra müəllimin rəftarı xoşuna gəlmir. Mən nənəmin yanına qayıdıram – deyir, – orda məktəbə də gedərəm. Nənəsi danışır ki, bu müəllimin onun kimi olmadığını isbat edincə, Rəşadla birlikdə məktəbə getməli olub.

Əvvəl Rəşad Atakişiyevin arzusu həkim olmaq olub. Bir gün hansısa kinoda qırıcı təyyarəçiləri görüb. Evdə taxtanı yonub, rəngləyib, qırıcı təyyarə maketi düzəldib. Ona baxıb, “mən təyyarəçi olmalı oldum” – deyib. Babası, nənəsi, valideynləri onun istəyinə zidd getməyin mənasız olduğunu duyub, xeyir-dua veriblər.

O, Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.

İkinci kursda oxuyarkən ixtisaslaşmada aviasiyanı seçən 200 nəfərdən biri də Rəşad olur. Seçilmiş 35 nəfərdən isə Rəşad daxil olmaqla, cəmi 5-i diplom ala bilər.

Azərbaycan ordusunun 100 illiyində Ali Baş Komandan və bayraq ona etibar edilib. Onun təyyarəsində olub.

MİQ-29-la göydə performans göstərmək asan məsələ deyil. Azərbaycanda onu bacaran iki nəfərdən biri Rəşad Atakişiyev idi, biri də onun komandiri.

Mahir, peşəkar pilot hər uçuşdan əvvəl təyyarəsinin texniki baxışına özü də nəzarət edirmiş. Təyyarənin bütün hissələrini əzbər bilirmiş.

Ailəsi deyir ki, evdə dağılan, sökülən, xarab olan bütün məişət əşyalarını özü düzəldərmiş. Xarab olan saatı, yanmayan çıl-çırağı düzəldib ki, evdə saat dayanmaz, işıq da sönməz.

Xanımı Könül Hüseynova musiqiçidir, Musiqi Akademiyasında çalışır. Yarasını sızlatmışam Rəşad barədə söhbət salmaqla. Danışır, gözünü yumub tökür. Deyir, bizi bibim qızı tanış etmişdi:

“Bibim qızı Gəncədə Rəşadgilin ailəsi ilə yaxın idi. Rəşad o zaman baş leytenant idi. Əvvəl mənə təyyarəçi olduğunu demişdilər, amma hərbi təyyarəçi deməmişdilər, bəlkə də bilsəydim, razı olmazdım. Özünü tanıyandan sonra bildim, onda da artıq o qədər ürəyimə yatmışdı ki, gözümə peşəsi görünmədi.

İkinci görüşümüzü özü təklif etdi. Söhbətimiz tutmuşdu, uyğun gəlmişdik, bir yerdə olmaq xoş idi. Rəşad çox mədəni, böyük-kiçik yeri bilən adam idi. Həm adət-ənənələrə bağlı, həm də müasir dünyagörüşlü oğlan idi. Hər qızın arzusu. Ən əsası, hamıya əl tutan, böyük ürək sahibi idi. Son qəpiyini də dost-tanışa, qohum-əqrəbaya xərcləyərdi, hərçənd böyük imkanlara sahib deyildi”.

Könül xanımla Rəşadın ilk görüşü şəhərin ticarət və əyləncə məkanlarından birində olub. Deyir, həyatımız boyu da ən unudulmaz, xüsusi günlərimiz orda qeyd edirdik, təsadüf elə gətirirdi: “Turqutun dünyaya gəlişini, hər uçuşdan əvvəlki və sonrakı ailəvi gəzintilərimiz orda olurdu.

İşdən qalan hər anını bizə sərf etməyə çalışırdı. Deyirdi, romantik deyiləm, amma toy günlərimizdə, mənim ad günümdə mənim xoşuma gəldiyi üçün evi bəzəyərdi gül-çiçəklə, şamla, böyük tort alardı. Turqutla birlikdə edirdilər bunları. İndi Turqut mənə o diqqəti göstərməyə çalışır. Turqutun yaxşı təhsil almasını çox istəyirdi. Onun sağlığında Turqut 1-ci sinfə getdi, istəyirdi oğlu cərrah olsun.

Deyirdi, mən havaya qalxanda içimdən keçir ki, burdan qayıtmamaq da var. İki oğlumuz hərəsi bir çiynimdən tutanda deyirdi, Könül, əmin əllərdəsən, onlar sənin arxa-dayaqlarındır. Deyirdim, əvvəl sən, sonra onlar. Deyirdi, uşaqlar da əmin əllərdədir. Əminəm ki, sən onlara yaxşı təhsil verəcəksən, özün kimi. Acığım tuturdu ki, təhsil verəcəyik de”.

Kitab oxumağı sevirmiş Rəşad. Sonra da ailədə müzakirə edirlərmiş həmin kitabı. İşindən az danışsa da uğurlarından bəhs etməyi sevərmiş. Xanımı deyir, özünü öyməyi sevməzdi. “Sonradan mənə dedilər ki, çətin uçuşlarda Rəşad hələ mayor olanda öndə gedərmiş, polkovniklər onun arxasınca. Çox söhbətləri ölümündən sonra dostları danışdılar bizə. Aprel döyüşlərində iştirakını da sonradan bildik”.

Polkovnik-leytenant rütbəsini məzun dostları arasında ilk alan Rəşad olub, qazandığı uğurlara görə. Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyinat alıb. Evə gələndə poqonlarını ilk görən balaca Turqut olub: “Turqut onu qucaqlayanda birdən “ata, sənin daha bir ulduzun var, ulduzun artıb” – dedi, uşağın gözündən yayınmayıb. Tez qaçdım, sevincdən qışqırışdıq, Rəşad “sus”-deyə əlini dodağına sıxdı. Yəni “böyütməyin” mənasında. Ondan da utanırdı. Valideynləri gəldi, süfrə açdıq, qeyd etdik, Rəşad utanırdı. Çox xoşbəxt anlarımız olub, yüksəlişlər olub. Üç hərbi paradda çıxışı oldu. Son dəfə Cümhuriyyətin 100 illiyində manevrləri dillərə düşdü. O paradlara görə xüsusi təltifləri, medalları var”.

Uşaqların ikisi də dünyaya gələndə Rəşadın gözləri sevincdən dolub. Sevincdənmi… Bəlkə o gecə baş verənlər onu ömür boyu təqib edib və Rəşad bunu hiss edib…

Məzuniyyətə çıxmalı idi. Ondan əvvəl döyüş şəraitinə yaxınlaşdırılmış gecə təlimi uçuşlarına gedib. Bir gündə 4 uçuş. Təlim uçuşu. “Bir uçuşum qalıb, evə qayıdanda nə alım?” – deyə soruşacaq qədər adi, gündəlik işi idi.

“Həmin gün, 2019-cu il iyulun 23-də axşam saat 8 radələrində evə gəldi. Qaynanam da bizdə idi, mən konfransa hazırlaşırdım. Rəşad gələcəkdi, Qəbələyə musiqi festivalına gedəcəkdik, qardaşımın çıxışı olacaqdı. Ordan da Gəncəyə bir qohum toyuna. Belə bir plan qurmuşduq. Tanya xala Turqutla həyətdə gəzirdi. Rəşad dedi, gedək gəzək uşaqlarla. Sən də mağazalara bax. Turqut getmədi, dedi həyətdə oynayacam. Balaca oğlumuzu da götürdük, getdik. Çox yüksək əhval-ruhiyyəsi vardı. Mağazaları səbirlə gəzdi mənimlə, sonra Qabili əyləncə mərkəzinə apardıq. Dedi, sizinlə rahatlıq tapıram, gəlin oturaq yemək yeyək. Dedim, Qabilin yuxusu gəlir, evdə yeyərik. Bizi evə gətirdi, özü qayıtdı mağazaya, alış-veriş elədi, gəldi. Mənim sevdiyim konfeti almaq üçün uzaq mağazaya getdi, etirazıma baxmadan. Gecəni yatmadı, məni də qoymadı, gəl söhbət edək dedi, səhər 4-də çıxmalıyam. Elə bir uçuşu olmazdı ki, ondan əvvəl mənə zəng vurmasın. Həmin gün də zəng elədi, sonra nədənsə mən zəng etmək istədim, zəng çatmadı ona. Sonra özü yığdı, dedi ki, son uçuşum qalıb, gələndə nə alım? Dedim, marketdən zəng vurarsan. 11-in yarısında narahat oldum, artıq gəlməli idi, zəng vurdum, cavab vermədi. Səhərə qədər nigaran, zəng vura-vura qaldım. Tezdən qaynım zəng elədi, dəli oldum, qışqırıb ağlayıram ki, siz niyə səhər zəng vurmusunuz, nə olub Rəşada? Anası da gəldi ki, yuxu görmüşəm, Rəşadın təyyarəsi yanırdı. Dedilər, təyyarə qəzaya uğrayıb, amma Rəşadı axtarırlar katapult edib. Sonra məlum oldu ki, etməyib, son ana qədər təyyarəni xilas etməyə çalışıb”.

Kim bilir, bəlkə xilas etməyə, bəlkə şəhərə düşməsin deyə dənizə salmağa, yaxud başqa bir şey. Heç kim bilmir, hamı nə isə güman edir.

İyulun 24-də hərbi təlimlər zamanı yoxa çıxmış MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevi düz 27 gün axtardılar. Nə təyyarəni, nə də pilotu gördüm deyən olmadı.

Dördüncü uçuş gecə saat 10 radələrinə təsadüf edib. Üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış Rəşad Atakişiyevin təyyarəsindən cavab ala bilməyən yoldaşları bunu qərargaha xəbər veriblər.

Gah dedilər təyyarənin quyruq hissəsi tapılıb, gah dedilər pilotun dəbilqəsi çıxıb, sonda heç biri də doğru olmadı. Qəzanın səbəbləri kimi müxtəlif versiyalar oldu, təyyarənin nasazlığı, pilotun özünün pis hiss etməsi, yenə heç biri özünü doğrultmadı.

2008 və 2010-cu illərdə Azərbaycanın iki hərbi təyyarəsi qəzaya uğrayıb, 2008-ci ildə 2 pilot, 2010-da bir pilot həlak olub.

2008-ci ildə qəzaya uğrayan təyyarə Xəzərin 60 metr dərinlikdəki hissəsinə düşüb. Bu təyyarə isə deyirdilər, 27 metr dərinlikdədir.

Suallar var, cavab yox.

Heç kim bilmədi o gün əslində nə baş verdi.

27 gün sonra rəsmi məlumat yayıldı ki, qırıcı təyyarə səmada quşlarla toqquşma nəticəsində qəzaya uğrayıb…

Avqustun 19-da təyyarənin “qara qutu”su, 20-də isə Rəşad Atakişiyevin nəşi tapıldı. Bir gün sonra – avqustun 21-də İkinci Fəxri Xiyabanda dəfn edildi. 2021-ci il mayın 7-də şəhid statusu verildi…

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin 38 yaşı tamam olur.
Ramilə Qurbanlı
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.