Biraz da Yavuz Sultan Səlim haqda...

9-01-2023, 12:38           
Biraz da Yavuz Sultan Səlim haqda...
Doqquzuncu Osmanlı hökümdarı Sultan I Səlim Yavuz (1512-1520) amansız təbiəti və sərt üsul-idarəsinə görə öz sələflərinin hamısından fərqlənirmiş. Dövlət idarəçiliyində həddən artıq tələbkar və güzəştsiz xətt tutan Səlim, digər iri məmurlaradan tələb etdiyi davranış qaydalaına özü də əsasən riayət edirdi. Görkəmli tarixçilər yazırlar ki, Sultan Səlim zamanında vəzirlərin hamısı öz ciblərində vəsiyyətnamələri ilə birlikdə dolaşırdılar. Çünki vəzirlərin hansı anda Səlimin qəzəbinə gələcəklərini təxmin etmək qeyri-mümkün idi. Ömürlərinin ahıl çağında olmalarına baxmayaraq onlara qarşı ən sərt cəza üsullarına əl atmaqdan çəkinmirdi. Onlar hər dəfə sultanın qəbulundan sağ-salamat çıxdıqları zaman özlərini yenidən dünyaya gəlmiş kimi hiss edirdilər. Hətta onun dövründə bir-birinə qarğış edən insanlar belə deyərdilər: "Səni görüm Sultan Səlimə vəzir olasan" Məhz bu səbəbdən də onun hakimiyyəti dövründə bürokratiya və saray çəkişməsi olmamışdır.
Səlim dəbdəbədən tamamilə uzaq, sadə və qənaətcil həyat tərzi keçirir, möhtəşəm tikintilərə və bəzək düzəyə nifrətini gizlətmirdi. Sultan Səlim xəzinədar Əbdülsəlam bəyə İstambulun Yaşılköy ərazisində sadə bir mülk tikdirməyi əmr edir. Əzəmətli və dəbdəbəli mülk hazır olanda hər kəs Səlimdən tərif gözlədiyi halda, münasibət tam əksinə oldu. Sultan gördüklərindən təəsüflənir və üzünü Əbdülsəlam bəyə tutaraq deyir:
“Mən sənə bu qədər pul sərf etməyə icazə verməmişdim, yalnız kölgələnmək üçün sadə bir məkan düzəltməyi buyurmuşdum”
Sarayda oğlu Süleymanı bahalı paltarda və həddən artıq bəzənmiş halda görən Səlim onu çox təsirli şəkildə tənqid edərək deyir:
“Oğlum, o qədər bəzənmisən ki, anana geyinmək üçün bir şey qoymamısan”
Sultan Səlim tarixi əsərlərə və poeziya ilə maraqlanırmış. Ən çox sevdiyi tarixi əsərlər arasında Elxani tarixçisi Vəssafın “Tarix-e Vəssaf” əsəri xüsusi yer tuturdu.
Cəmi 8 il hakimiyyətdə olmasına baxmayaraq Səlim parlaq hərbi qələbələri sayəsində Misir Məmlük dövlətinə son qoymuş, Misiri, Suriya, Fələstin və Ərəbistan yarımadsını Osmanlı imperiyasının tərkibinə qatmışdır. İslam aləminin iki müqəddəs şəhəri Məkkə və Mədinəni ələ keçirərək ilk türk-islam xəlifəsi olmuşdur.
I Səlim Çaldıran döyüşündə çətinliklə də olsa müvəffəqiyyət əldə edə bilsə də Səfəvi torpaqlarını tamamilə fəth etməyi bacara bilməmişdir.
1520-ci il sentyabrın 21 də 50 yaşında dünyasını dəyişmişdir.
Ramil Allahverdiyev ·
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.