Həkim səhlənkarlığının qurbanı olan böyük sənətkar - Qəlblərdə yaşayan Şahmar Ələkbərov
11-01-2023, 00:03
Yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yazdıran ustad sənətkar, xalq artisti Şahmar Ələkbərov Gəncədə anadan olub. Atası Cəbrayıldan, anası Tiflisdəndi. 9 yaşında ailəsi ilə birgə Gəncədən Bakıya köçən Şahmar Ələkbərov hələ III kursda oxuyanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülür. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinostudiyanın nəzdində özünün yaratdığı “Kinо aktyоrluğu” studiyasına dəvət edir və ustad sənətkar taleyini kino ilə bağlayır. Şahmar Ələkbərovun çoxçalarlı yaradıcılığından saatlarla danışmaq olar.
Amma 7times.Az unudulmaz sənətkarla bağlı çoxlarının bilmədiyi məqamlara toxunmaqla onu daha yaxından tanıtmaq istəyir izləyicilərinə. Həyat yoldaşı teatrşünas Kəmalə xanımla teatrda tanış olublar. Kəmalə xanım Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Gənclər bir-birini sevsə də,valideynləri qızlarının aktyorla ailə qurmasına razı olmurlar. Yalnız 4 il sonra Kəmalə xanımın əslən şuşalı olan nənəsi nəvəsinin “hə”-sini verir.
Bu evlilikdən onların əkiz qız övladları dünyaya gəlir. 1989-cu ildə Şahmar Ələkbərov Elçinin “Toyuğun diri qalması” povesti əsasında ssenarisini yazdığı “Sahilsiz gecə” filmini çəkir. Film çox ciddi münaqişələrə səbəb olur. Səbəb müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itir. Şahmar Ələkəbərov yaşının ən gözəl, yaradıcılığının ən məhsuldar vaxtında xəstələnir. Düz yeddi il bu əzab-əziyyət davam edir. “Firəngiz” filminin çəkilişlərindən əvvəl stomatoloqa gedən aktyorun dilini zədələyirlər. Çəkiliş vatı soyuqladığından dilindəki əzik xoraya çevrilir. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq vermir. Şahmar Ələkbərov “Ad günü” filmində baş rola dəvət olunmuşdu, sınaq çəkilişlərində də iştirak etmişdi, amma nədənsə, Əli obrazı gürcü aktyoruna qismət oldu. Ağır xəstə olmasına baxmayaraq, öz ssenarisi əsasında “Qəzəlxan” filmini çəkməyə başlayır. 1991-ci ildə film ekranlara çıxır. Təəssüf ki, Şahmar Ələkbərov filmin ekran taleyini görə bilmir. Görkəmli kino xadimi 48 yaşında dünyasını dəyişir.
Unudulmaz sənətkara Tanrıdan rəhmət diləyəririk. Ruhu şad olsun!
Rübabə Səməndər