VƏLİOĞULLARI VƏ BABƏK XÜRRƏMDİN

12-01-2023, 00:05           
VƏLİOĞULLARI VƏ BABƏK XÜRRƏMDİN
Milli fəxrimiz BABƏK XÜRRƏMDİNİN bizim ailədə özünəməxsus yeri olub. Xristianlarda dinə inananın evindəki təmiz yuxarı bucaqlardan biri allaha, peyğəmbərə inam, ibadət bucağı (святыня, место поклонения, shrine - şrayn) olan kimi, bizim yaradıcı nəslimizin şüurunda da BABƏKİN özünəməxsus o cür inam, yeri, iman yeri, ona səcdə bucağı olub.
Feysbuk 6 il bundan əvvəl onda təqdim etdiyim rəssam qardaşım Fəxrəddinin rəssam və rejissor oğlu Emin Elrəngin Rəssamlıq Akademiyasında oxuduğu illərdə rəngli boya ilə çəkdiyi "BABƏK DÖYÜŞDƏ" tablosunu xatırladır mənə. Əvvəl onu bir də nümayiş elətdirmək istədim burda.

Sonra yadıma düşdü ki, bəs böyük qardaşım HƏMZƏ VƏLİNİN 20 il "Babak, Babək" deyə-deyə, Arazın sol sahilində Bərgüşat-Xaraba Gilan, Araz-Qarakilsə (Sisyan) boyda ərazisini qarış-qarış gəzib, qəhrəmanın vuruşduğu tarixi yerlər barədəki tədqiqatlarının nəticəsi kimi yadigar qoyduğu kitab nə olsun? Onun ki,
"BABƏK XÜRRƏMDİNİN SON TALEYİ" kitabı var.

Bəs Fəxrəddin Vəli? Birdən yadıma düşdü ki, bəs onun da hələ tələbə ikən gedib Nüvədidə evlərdən 25 kiloqrama qədər yun alıb, onu evimizdəki tiyanda (azman qazan) yerli otlardan aldığı rənglə boyayıb, qurudub, kəndin anbar eşiyində camaatın gözü qabağında günlərlə döydüyü keçə üzərində yaratdığı portretlər silsiləsi nə olsun?
Azərbaycan rəssamlığında ilk dəfə KEÇƏDÖYMƏ üsulu ilə işlənmiş rəngli əsəri Bakıda sərgi salonunda nümayiş etdirmək üçün komissiyadan keçməliydi. Əsasən bakılılardan ibarət və ad-san üçün, fəxri ad üçün, qazanc üçün odpüskürən rəssamlar arasında tələbənin iş təqdim edib sərgi salonunda yer alması - bu, mümkün iş deyildi.
Odur ki, sərgini təşkil etmək amacı ilə SSRİ Xalq Rəssamı, SSRİ Rəss. İttifaqnın o zamankı ikinci katibi Tahir Salahov Moskvadan Bakıya xüsusi dəvət olunmuşdu. Və işlərin seçilməsi komissiyasına o rəhbərlik edirdi. İnşaat prospektindəki Rəssamlar evində kiminsə azman emalatxanasında işlərə baxşı keçirilirdi. 1968-ci ildə biz iki tələbə qardaş Keçə əsərini halla-qulla aparıb qoymuşduq seçim zalına. Tahir müəllim özünün jüri üzvləri ilə emalatxanaya daxil oldu. Cəlbedici əsəri görəndə birinci ona yaxınlaşdı və anlıq təəccübdə dondu. Biz qardaşlar bu ana üərkdən sevindik: deməli əsər xoşuna gəldi.
"Şokdan" azad olannan sonra, böyük rəssam ətrafdakılara dönüb rusca:
"-Чья эта прекрасная работа?"

Hamı bir-birinin üzünə baxanda, Fəxrəddin qabağa yeridi və özünü təqdim etdi. Tələbə kimi rəssamın suallarına cavab verdi. O zaman Bakıda təzə açılmış İncəsənət Akademiyasının Tətbiqi rəssamlıq fakultəsini ilk bitirənlərdən olacağını və əsərin də onun diplom işi olduğunu dedi. Onu keçədən tökmək üçün özünün çəkdiyi tezisi ilə kəndə getdiyini, orada üstündə bir aydan çox işlədiyini söylədi. Tahir müəllim tələbənin bu qısa müddətdə ortaya qoyduğu möcüzəyə məəttəl qalmışdı. Xeyli baxdı və dönüb komissiya üzvlərinə:
"- Bu orijinal əsəri sərginin görkəmli yerindən asın" tapşırığını verdi.
Sonda Fəxrəddinin əlini sıxıb, ona yağlı bir "Afərin!" dedi.
*** U əsərin közərtisin mən, budu, 1968-dən bu günə qədər döyürəm. Onu sərgidən sonra Fəxrəddinə qaytarmadılar.
Necoldu, kim oğurrayıb satdı, kimə, hara satdı, neçə yüz minə xaricə ötürdü, bu gün də var, xəbərimiz yoxdur.
Onun sonra məşhur Səfəvid xalçası stilində işlədiyi və incəsənətin ikinci möcüzəsi sayıla biləcək mövzulu və irihəcmli çeşni Xalçası kimi. Onu da onnan oğurlayıb satdılar. Bu iki mənimsəmənin (oğurlayıb özgə əsərini xaricə satmağın) arxasında güman ki, Mədəniyyət nazirliyi dururdu, durur.
***
Yaxşı ki, keçə əsərin məndə ağ-qara fotosu qalıb.
***
Birdən yadıma düşdü ki, axı mənim də Babək barədə şeirim var.
Hələlik yazıçı qardaşım ƏLİ VƏLİOĞLUNUN və şairə bacım TİNATİN VƏLİQIZININ yaradıcılığına müraciət etməmişəm. Yəqin onlarda da bir əlçim hekayə və ya bir yarpaq şeir olar Babəkin xatirəsinə.
***
Hər halda, VƏLİOĞULLARI tərəfindən hazırlanmış BABƏK ÇƏLƏNGİNİ bu yaxınlarda ad günü ayrı-ayrı fərdlər tərəfindən ancaq burada quru-quru xatırlanmış Eloğlumuzun doğum gününə ailəvi hədiyyə kimi təqdim edirəm. Azacıq gecikdiyimə görə bağışlasın BABƏK BABA (8-9-cu əsrlər) məni özünün 1200 illik səbri ilə. İlkin olaraq mənim şeirim:
***
BABƏK
Tarix yazır ki, yeniyetmə dövrünə qədəm qoyub əzələlənmiş Babək çöldə çəpiş-quzu otararkən anası Bərumənd ona günorta yeməyi gətirir. Və gördüyü səhnə anu təlatümə salır. Ana görür ki, isti havada ağac kölgəsində çılpaq yatmış qüvvətli bədəndə hər tükün dibində bir damla qan gilələnib.
A (ana) qorxa-qorxa oğluna yaxınlaşıb:
"- Babək, Babək, dur bala, dur anan səə qurban, sənə yemək gətirmişəm".
Babək oyanan kimi, qan damlaları bir anın içindəcə yox olur.
Anası içini çulğayan təlaşla barmağını dişləyir:
" - Can oğul, səni möcüzəli, çox ağır tale gözləyir...:
Yeniyetmə dövrün - sabahkı şandan
Anana möcüzə bəyan edirdi.
Hər tükün dibində gilələnən qan
Gələcək taleyii bəyan edirdi.
Böyüdün, karvana bələdçi, sarban,
Yollar dolaşdıqca qüvvət dizində.
Vətənin, millətin əzabların san
Hiss etdin işıqlı qartal gözündə.
Davidan* öz qəsrin, hətta öz eşqin // *Cavidan ərəbcəsidir.
Sənə ölümündən zəmanət verdi.
Əkib becərdiyi Vətən sevgisin
"Şimşək tək çax!" deyib, əmanət verdi.
Biganə qalmadın bu əmanətə,
Onda ki, çəyirtgə doldu Vətənə.
Zaman özü çəkdi səni möhnətə,
Deyə bilərdimmi, “- Əşi mənə nə?!”
Torpaqdan aldığın polad gücünlə
İyirmi iki il qalib gəldin sən.
Yəqin onunçün ki, Göyün özünnən
Azərbaycan üçün sahib gəldin sən.
Əl atdın qılınca Vətən dərd-sərin
Kəsib atmaq üçün beşiyindəcə.
İki yüz iyirmi beş min əsgərin* // *225 min məhv etdiyi ərəb əsgəri
Leşin sərələdin Bəzz döşündəcə.
Lakin çəyirtgənin bitmədi sonu.
Tükənməz səbrinlə, qolunda gücün.
Xəlifət hey döydü Bəzzin yolunu,
Dayandı boğaza səbrin ülgücü.
***
Dayan, Səhl-Smbat, axmaq, yaramaz,
Vermə Babəkimi düşmən əlinə!
Mərdi namərdlərə satma, yaramaz!
Aldanma xəlifin dirhəmlərinə.
***
Babək Samarrada - ətraf qan gölü,
Ana, baax, təlaşın indi çin olur.
Kəsildikcə oğluu çiynindən qolu
Günəş göy üzündə qızıl qan olur.
***
Dayan, Səhl-Smbat, axmaq, yaramaz,
Vermə Babəkimi düşmən əlinə?
Mərdi namərdlərə satma, yaramaz!
Aldanma xəlifin dirhəmlərinə*.
___________________________
*Babəki təhvil verdiyinə görə xəlifə Alban knyazı S. Smbatı 200 min dirhəm gümüş pulla mükafatlandırmışdı.
20 İyul, 2003, Sietl, ABŞ.
___________________________
Şəkildə:
1. Emin Elrəng Fəxrəddinoğlu, "Babək yadellilərə qarşı" kətan, yağlı boya, ~ 1994 -cü il.
2. Həmzə Vəli, Babək Xürrəmdinin son tealeyi, Bakı, Oğuz Eli Nəşriyyatı, 1998, 95 səh.
3. Fəxrəddin Vəli, Babək, qardaşı Abdulla, sərkərdələri Azi, İsin, Keçədöymə ilə, rəngli, 1967, Nüvədi-Bakı.
(Sərgidən oğurlanıb satılmış əsər axtarılır).
Tariyel Azerturk
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.