Asan yolu var, ancaq şəxsən mən onu nə bu yaşa qədər bacarmadım, nə də bundan sonra çətin bacarım

12-01-2023, 07:56           
Asan yolu var, ancaq şəxsən mən onu nə bu yaşa qədər bacarmadım, nə də bundan sonra çətin bacarım
Məktəbdə tualet yoxdur...
Bu boyda Xaçmazda bir dənə ictimai tualet var, o da təzə tikilən "Zəfər parkında", qapısı bağlı?
Bu gün də müəllimənin ağlayaraq video paylaşdığını təəccüblə qarşılayanlar var.
Niyə?
Bəs paytaxtda oturub bölgələrlə maraqlanmayanda necə olmalıdı ki?
Xəbəriniz var ki, bölgədə müstəqil söz demək, tənqidi fikir yazmaq intihara bərabər bir şeydir?
Rahat yerdə, böyük şəhərdə oturub yazmaq asandı.
Bölgədə isə yazdığın adam qonşundu, bir məhlədə, bir kənddə, bir rayonda hər saniyə üzləşdiyin, qohumları ilə, əqrəbası ilə üz-üzə gəldiyin adamdır.
Adama o qədər psixoloji, fiziki təzyiqlər olur ki.
Bölgə adamı həmişə təkdir.
Çünki illah müdafiəsi üçün gərək mütləq müəyyən bir qrupun, partiyanın, hansısa tanınmış çevrənin üzvü olsun.
Sırf bu məqsədlər üçün bölgələrdən paytaxtdakı qruplara qoşulanlar da var, o isə başqa mövzudur.
İllərdir ki, özümü cırıram, hökümət deyir müxalifətin adamıdı, müxalifət deyir hökümətin adamıdı, hardasa tərifini gözləyib, məndən tənqid görənlər də barəmdə başqa şayiələr buraxır.
İyrənc bir cəmiyyətdə yaşayırıq.
Saxta yollarla qurulan ittihamlardan şəxsən mən özüm boğaza yığılmışam, ancaq kimə deyəsən dərdini?
Düzdür, həmişə ədalətli bir nəfər kimsə çıxıb, kimsə xəbərim olmadan şəxsən mənə dəstək göstərib, sağ olsun, ancaq o dəstəyi görənə qədər də kameralarda, koridorlarda canım çıxıb.
Kənardan baxanda hər şey asandı.
Təkcə son 3 ildə barəmdəki ittihamların, böhtanların, məhkəmənin, polisə çağırışların və ya saxlanılmaların sayı artıq yadımdan çıxıb.
Az qala bütün idarələrin əməkdaşlarını artıq üzdən tanıyıram, kənardan hürənlərə asan gəlir.
Çətindir e, çətindir.
Asan yolu var, ancaq şəxsən mən onu nə bu yaşa qədər bacarmadım, nə də bundan sonra çətin bacarım.
Həbsdən çıxan vaxtım olub, telefonu açan kimi kimsə zəng vurub ki, belə bir problemim var. Demişəm həbsdən çıxmışam, sabahda zadda baxarıq. Fors edib ki, deyəsən bu da satıldı.
Belə nacins adamlarla baş-başa, şəxsi həyatımızı zibilə çevirib, ömür sürmüşük.
Onda da azərbaycanlı məntiqi ilə fərsiz, axmaq, nə bilim hərə necə görürsə, o cür də ad qazanmışıq.
Müəllim əvvəl gündən səhv etmişdi.
Bəli, səhv etmişdi.
Əgər bir kənddə öz uşağının tualet kimi adi və təbii ehtiyacı da kimisə narahat etmirsə, belə kənddə qabağa düşmək mənasızdır.
Qoy elə zibilin, nəcisin içində qalsınlar...
Şəxsən mən başımdakı bir-iki bəlanı ötüşdürəndən sonra mövqeyim belə olacaq.
Ağzını açıb qınamaq istəyən olsa, verəcək cavablarım çoxdu.
İllərdir ki, 220 şahidim ola ola məhkəmələrdə uduzdum, kimin vecinə oldu? Kim müdafiə etdi?
Heç kəs.
3-5 şəxsi münasibətim olan dostlarım.
Onlar elə həmişə var da, həmişə dostuq, müdafiə edirlər də...
O məhkəmədən sonra təkcə bazarkom və ona qoşulan iki jurnalist tərəfindən şərləndim, hətta həbsə atdırdılar, kimin vecinə oldu? Kim müdafiə etdi?
Hazırda bir məhkəməm, iki dənə də qurama oyun istintaq işim var. Kimin vecinədi?
Ona görə də, belə cəmiyyət üçün danışmağa dəyməz.
Belə biganə cəmiyyətin haqqına görə düşmən olduğum kəslərlə, əksinə davranıb dost olsaydım, indi şəxsi həyat da vardı, hər şeyim də vardı.
Və hansısa qoduq mənə lağ etməzdi ki, "mənim pulum evimə gəlir, sən isə qapılar sülənirsən"
Valideynim deməzdi ki, bala bu qədər jurnalistin içində bircə özünü bədbəxt edən sən niyə olursan?
Maşın üçün zəng vurduğum dostlarım deməzdi ki, a kişi, ağlın olsun, istifadə elə, bir maşın al.
Və sairə, və ilaxır...
Hər şeyin olanda əclaf da olsan, fahişə də olsan, hamının gözündə mötəbər adam sayılırsansa, belə məmləkətdə xeyir-bərəkət olmaz...
Susun.
Susun və dolanışıq düşünün.
Başqa heç nə lazım deyil, çünki cəmiyyət belə istəyir...
Ölkənin 1 faizi 100 min adam edir.
Nə vaxt hansı mübarizə aparan adamın yanında 10 min adam görmüsüz?
Bu ölkə belədi.
Kimin xoşu gəlmirsə, içi özüm qarışıq, sakitcə cəhənnəm olub, getmək lazımdır.
Başqa çarə olmayıb, yoxdur və olmayacaq.
Çünki bu cəmiyyətdə qanunlar, reallıqlar belədir...
Cəmil Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.