Həbs düşərgəsinə çevrilmiş ölkə - vaxtilə Qazaxıstanda Fransa boyda “zon” olub.

12-01-2023, 16:23           
Həbs düşərgəsinə çevrilmiş ölkə -
Ən yeni tarix. Maraqlı faktlar.
Baş Düşərgələr İdarəsinin (ruscada – Qosudarstvennoe Upravlenie Laqerey -QULaq) fəaliyyətini araşdıranların qənaətlərinə görə, SSRİ-də rejim qaydalarına, saxlanma şəraitinə, ağır iş rejiminə, işgəncələrin tətbiqinə görə ən dəhşətli on düşərgədən ikisi Qazaxıstanda fəaliyyət göstərib. Onlardan biri, “ALJİR”, digəri isə Karaqanda islah-əmək düşərgəsidir ki, bu müəssisə 1931-ci ildən 1959-cu ilə qədər fəaliyyət göstərib. Ümumiyyətlə, Stalinin hakimiyyəti illərinə nəzər salsaq, faktlardan aydın olar ki, Stalin Qazaxıstanı SSRİ-nin “cərimə ərazisi”nə çevirib.
Söhbət hansı faktlardan gedir?
Stalinin hakimiyyəti illərində Qazaxıstana 800 min alman, 102 min polşalı, 19 min koreyalı, 507 min Şimali Qafqazdan olanlar deportasiya edilib. Repressiya illərində Qazaxıstana ümumilikdə 5 milyondan artıq adam sürgün olunub. Qazaxıstanın ərazisində 11 düşərgə və onların ayrı-ayrı bölmələri fəaliyyət göstərib. Bu düşərgələrin arasında isə adını yuxarıda qeyd etdiyimiz Karaqanda düşərgəsi (“Karlaq”) öz dəhşətləri ilə daha çox fərqlənib.
“Karlaq” SSRİ Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovun 29 dekabr 1930-cu il tarixli əmri ilə yaradılıb və 1931-ci ilin iyun ayından fəaliyyətə başlayıb. İslah-əmək düşərgəsinin yaradılması ilə bərabər Karaqandada ordunun Baş Kəşfiyyat İdarəsinin yerli idarəsi də yaradılıb və düşərgə bu qurumun tabeliyinə verilib.
“Karlaq”ın yaradılması ilə bağlı İosif Stalinə xüsusi tədbirlər planı təqdim edilib. Bu planda düşərgənin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Stalinin təşəbbüsü ilə düşərgənin ərazisində kənd təsərrüfatı işləri üçün “Giqant” sovxozunun yaradılması qərara alınıb. Bu məqsədlə düşərgənin tabeliyinə verilən torpaq sahəsi 2 milyon hektara yaxın olub. Ümumilikdə düşərgənin ərazisi indiki Fransanın ərazisinə bərabər olub. Yaradılmış sovxoz torpaqlarında yaşayanlar ərazidən köçürülüblər. Ərazinin böyüklüyü haqqında təsəvvür yaratmaq üçün ölçülərə nəzər yetirmək kifayətdir. Belə ki, ərazinin şimaldan cənuba uzunluğu 300, şərqdən qərbə isə 200 kilometr təşkil edib.
Düşərgənin mərkəzi inzibati binası Karaqandadan 45 kilometr aralıda, Dolinsk kəndində yerləşib.
Fəaliyyət göstərdiyi illərdə “Karlaq”da 1 milyondan artıq məhbus cəza çəkib. Məhbuslar əsasən “Giqant” sovxozunda işləyiblər. Onların qarşısına qoyulan plan və öhdəlik dövlət tərəfindən müəyyənləşdirilib. Plan ödənilmədiyi təqdirdə cəza tədbirləri tətbiq olunub.
Sovxozla yanaşı məhbuslar dəmiryolu xəttinin çəkilməsinə, daş kömür mədənlərində də işə cəlb olunublar.
28 il ərzində “Karlaq”a 11 nəfər rəhbərlik edib. Düşərgə rəislərindən buraxdığı “nöqsan”lara görə 3 nəfər güllələnib, 2 nəfər sürgünə göndərilib, 1 nəfəri isə cəzasını elə işlədiyi düşərgədə çəkib.
“Karlaq”da məhbusların saxlanılma şəraiti heç bir normativə uyğun olmayıb. İstər məişət şəraiti, istər qidalanma, istər tibb xidməti, istərsə də iş rejimi dözülməz həddə olub. Digər düşərgələrlə müqayisədə “Karlaq”da qadın və uşaq ölümlərinin sayı 46 faiz çox olub.
Düşərgənin ərazisində xüsusi kameralar fəaliyyət göstərib. İşcəncə kamerası, güllələnmə kamerası, karser, dindirilmə otağı və s. Araşdrmaçıların qənaətinə görə, bu dəhşətli kameraların boş vaxtı olmayıb. Xəstəlikdən və digər səbəblərədən ölənlərin, o cümlədən güllələnənlərin meyitləri ailələrinə verilməyib. Bunun üçün düşərgənin ərazisində xəndəklər qazılıb və ölən məhbuslar yandırılaraq həmin xəndəklərdə basdırılıblar.
“Karlaq”da cəza çəkənlərin 50 faizdən çoxu siyasi məhbuslar və repressiyaya məruz qalanlar olub.
“Karlaq” dünyanın ən böyük məhbus düşərgələrindən biri olaraq, eyni zamanda ən çox işgəncə metodlarının tətbiq olunduğu cəzaçəkmə müəssisəsi olub.
1937-ci ildən başlayaraq düşərgədə xidmət edən əməkdaşlara qarşı “NKVD” tərəfindən daha sərt tələblər qoyulub. “Karlaq” Nikolay Yejovun ən “sevimli” məkanlarından birinə çevrilib. Komissar olduğu müddətdə Yejov üç dəfə düşərgəyə gəlib. Komissarın düşərgəyə hər gəlişi bir neçə “Karlaq” əməkdaşının güllələnməsi, bir neçə nəfərin isə vəzifəli şəxs statusundan məhbus statusuna keçməsi ilə nəticələnib.
27 iyul 1959-cu ildə “Karlaq”ın fəaliyyəti dayandırılıb. Düşərgənin balansında olan binalar ayrı-ayrı təşkiatlara verilib. Yalnız bir bina Qazaxstan Daxili İşlər Nazirliyinin balansına salınıb.
Düşərgənin əsas inzibati binasında isə Repressiya Qurbanları Muzeyi yaradılıb.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.