Bəyzadəsi “quldur”, milyonçusu “hambal”, qanları “halal” - Zaman keçir, quruluşlar dəyişir, lakin türkə nifrətləri dəyişməz qalır

17-01-2023, 17:06           
Bəyzadəsi “quldur”, milyonçusu “hambal”, qanları “halal” - Zaman keçir, quruluşlar dəyişir, lakin türkə nifrətləri dəyişməz qalır
Bu günlərdə ictimai-siyasi sənədlər arxivində 1990-cı illərdə ölkəmizdə çıxan dövrü mətbuatı vərəqləyirdim. Diqqətimi görkəmli jurnalist, publisist Məzahir Süleymanzadənin “Kommunist” qəzetinin 30 yanvar 1990-cı il tarixli sayında çap olunan “Sağalmaz söz yarası” sərlövhəli məqaləsi cəlb etdi.

Müəllif çox böyük təəssüf və ürək ağrısı ilə yazır ki, “...1990-cı ilin yanvar ayında Bakıda baş verən hadisələrə mərkəzi mətbuatın, xüsusən də “Pravda”, “İzvestiya”, “Turud”, “Komsomolskaya pravda”, “Krasnaya zvezda” və digər mətbu orqanlarının qərəzli münasibətini və SİTA müxbirlərinin Bakıdan verdikləri xəbərləri nəzərdən keçirdikçə əsəblərimi güclə cilovlayıram. Azərbaycan xalqının timsalında “düşmən obrazını” məharətlə, xüsusi səylə yaratmaqda sanki mərkəzi mətbuat yarışa çıxıb”.

Müəllif daha sonra bir neçə qəzetdən nümunələr göstərir. Məsələn, “İzvestiya” qəzetinin xüsusi müxbiri İ.Andreyev həmin qəzetin 26 yanvar 1990-cı il tarixli sayında “Bakıdan köcürülən rusların, zabit ailələrinin aqibətini elə təsvir edir ki, sanki onlar – qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr vəhşilərin əlindən canlarını qutarıb özlərini güclə aeroporta catdırmışlar”.

Beləliklə, Məzahir müəllim Mərkəzin bir neçə qəzetində ölkəmizə, xalqımıza qarşı yalan, böhtan, nifrət dolu olan bu məqalələrdən sitatlar gətirərək təəssüf hissi kecirdiyini bildirir.

Hörmətli Məzahir müəllim! Əslində buna təcüblənməyə dəyməz. Çünki bu, təzə bir şey deyil. Mərkəzin, “böyük qardaşlarımızın” bizə münasibəti həmişə belə olub, sanki qəsdən, ciddi-cəhdlə yalan, böhtan yazaraq xalqımızı, onun görkəmli, vətənpərvər, millətsevər ziyalılarını hər vasitə ilə nəinki tənqid, hətta təhqir etməkdən belə, çəkinmədilər, zövq aldılar. Bunu təsdiq edəcək yüzlərlə, minlərlə arxiv sənədləri, dövrü mətbuat materialları var. Biz isə sadəcə “böyük qardaşlarımıza” olan “sevgimiz” sayəsində bunları ya “görməmişik”, ya da görməzliyə vuraraq, ağa qara, qaraya ağ demişik.

Fikirimizi təsdiq etmək üçün diqqət yetirək 20-ci yüzilliyin əvvəllərinə. 1905-ci ildə “Sankt-Peterburqskie vedomosti” qəzetində Maqda Neman adlı birisi yazırdı: “Qafqaz türklərinin cəmi bəyzadələri və xanları quldur və soyğunçudurlar... Onların yerlərini (torpaqlarını) əllərindən alıb rus mühacirlərinə və yainki Osmanlıdan qaçıb gələn ermənilərə verməliyik. Onların əsləhəsini (silahlarını) alıb, hüququnu təhdid edib (hədələyib) özlərini də hər halda zinhar və sıxıb incitmək lazımdır”.

Maqda “xanım”ın bu istək və arzularını sovet dövründə Stalin “baba” özümüzün kommunist gədalarımızın əli ilə geninə-boluna həyata keçirdi. Və yaxud xalqımızın maariflənməsində, gün-güzaranının yaxşılaşmasında, gənclərimizin Avropa təhsili almasında çox böyük əməyi olan, millətsevər, xeyriyəçi H.Z.Tağıyevi 1912-ci ildə “Rossiya utro” qəzeti haqsız olaraq isteza hədəfinə çevirir. Məsələn, qəzet 6 mart 1912-ci il tarixli sayında “İbtidai hambal, şimdi milyoner” sərlövhəli məqaləsində nəinki təkcə H.Z.Tağıyevi, hətta böyük türk-müsəlman dünyasını təhqir edir, ələ salır.

20-ci yüzilliyin əvvəllərində çap olunan bu cür yazıların siyahısını versək, cild-cild kitablar yaranar. Yüz illər boyu davam edən bu qərəzli yanaşma sovet dövründə də, bu gün də davam etməkdədir (44-günlük Zəfərimizə kölkə salmaq üçün hər dona girmədilərmi?).

Yenə diqqət yetirək 20-ci yüzilliyin sonuna. Moskvanın ikiüzlü, ermənipərəst siyasətini, ermənilərin Qarabağda xalqımıza qarşı törətdikləri vəhşilikləri görməyən Mərkəzi mətbuat xalqımızın müstəqillik, azadlıq mücadiləsinə qarşı ağlagəlməz böhtanları yağdırdı. Bununla kifayətlənməyən Moskva azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxan xalqın dinc övladlarının üstünə Sovet Ordusunu yeridərək qanı su yerinə axıtdı.

Deməli, zaman-məkan dəyişsə də, Mərkəzin bizə qarşı olan qərəzli, məkrli münasibəti heç dəyişmədi və dəyişməyəcək də (Buna təəccüb etmək və inanmaq sadəlövlükdür). Ona görə də tədqiqatçı alim Şirməmməd Hüseynov demiş, “tarixdən kül götürüb gözlərə üfürmək yox, ibrət dərsi götürüb xalqı fəlakət və faciələrdən xilas etmək vaxtıdır. Axı tarix və dünya indi bizə baxır”. Yoxsa istedadlı və uzaqgörən publisist Ömər Faiq Nemanzadənin təbrincə desək, “gələcəyimiz keçmişlərimizdən daha qorxulu və qaranlıq” ola bilər.

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
AYNA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.