KÖHNƏ VƏ TƏZƏ BAKI: ELİTAR TƏBƏQƏNİ FÖRMALAŞDIRANLAR! - “Əsas bakılı və ya rayonlu olmaq deyil, gərək insan olasan!”

18-01-2023, 08:54           
KÖHNƏ VƏ TƏZƏ BAKI: ELİTAR TƏBƏQƏNİ FÖRMALAŞDIRANLAR! -
Bu nə ilkdi, nə də son olacaq. Zaman-zaman xalqı parçalamaq üçün yerli-gəlmə, şəhər-kənd, paytaxt-əyalət qarşıdurması kimi çirkin metodlardan istifadə olunub. Bəhram Bağırzadə məsələsi də təsadüfi deyil, əvvəlcədən düşünülmüş, planlanmış siyasi təxribat zəncirinin bir həlqəsidir. Baxmayaraq ki, Bəhram o qədər də iri çaplı, xüsusi əhəmiyyət kəsb edən persona deyil, yenə də onun vasitəsilə ortaya atılan, müzakirə predmetinə çevrilən məsələ iyrənc və iyrənc olduğu qədər də təhlükəlidir. Bir müddət əvvəl bənzəri mahiyyətli məsələ mərhum Rüstəm İbrahimbəyov tərəfindən qaldırılmışdı. Bəhramdan çox daha əhəmiyyətli fiqur olan İbrahimbəyov da Köhnə Bakının xiffətini çəkir, paytaxt və əyalət arasındakı təbii fərqləri elə şişirdilmiş formada və fəlakət kimi qələmə verirdi ki, sanki dünyanın sonudur. Xalq yazıçısının niyyət və məqsədi, əslində, problemin çözümü deyil, paytaxt-əyalət qarşıdurmasını körükləmək və beləliklə, aid olduğu güclərin siyasi maraqlarına xidmət idi. Özü ssenarilər yazan Rüstəm İbrahimbəyov bu dəfə başqalarının yazdığı ssenaridə rol almışdı…

Dünən İbrahimbəyovun oynadığı rol bu gün Bəhrama həvalə olunub. Ancaq əsas işi aktyorluq olsa da, o, rolunu həddindən artıq zəif oynayıb. Bu da onun yetənəksiz və yaddaşsızlığından irəli gəlir. Belə ki, hələ illər öncə “bakılı-rayonlu” söhbəti yenə gündəmə gələndə o, tamam başqa fikir söyləmişdi. O zaman Bəhramın fikri daha ədalətli idi: “Mənim əslim rayonludur, amma mən özümü əsl bakılı sayıram və bir köhnə bakılı kimi demək istəyirəm ki, bakılı və ya rayonlu olmaqla deyil, gərək insan olasan! Çünki bakılı olmaq mənəviyyat işidir, mədəniyyətə bağlıdır. Mədəniyyət sözünün kökü “Mədinə” sözündən irəli gəlir və şəhər anlamını verir. Şəhər mədəniyyəti başqadır, rayon mədəniyyəti başqa. Adam var ki, rayondan gəlir, şəhərə adaptasiya ola bilmir. Yəni bu, insanın xüsusiyyətlərinə bağlı bir məsələdir. Adam da var ki, əslən bakılıdır, özü də Bakının düz göbəyində yaşayır, amma məhlənin qabağında dayanıb, tumu çırtlayıb tökür yerə…”

Bəhramın illər öncəki bu fikrinə heç bir etiraz ola bilməz, adam haqlıdır, ortada olan problemi kimsəni rəncidə etməyəcək, qəbulediləcək üslubda dilə gətirir. Amma bu dəfə o, tamam fərqli bir üslubda, əyalət insanlarını aşağılayacaq formada hikkəsini, kinini ortaya qoyur.

Bəhram deyir ki, Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Bu təbii bir haldır. Urbanizasiya prosesi hər zaman və dünyanın hər yerində həlli əsas olan problemlərdən hesab olunub. Hər birində 15-20 milyon, hətta daha çox insan yaşayan Tokio, Nyu-York, Çikaqo, İstambul, Mexiko, Pekin və Şanxay kimi iri meqapolislərdə məgər urbanizasiya prosesi problemsiz gedib? Bu günün özündə belə, dünyanın ən böyük meqapolislərində milyonlarla insanın yaşadığı “gecəkondu məhəllələr” var ki, onlar mədəni cəhətdən şəhərin elit təbəqəsinin yaşadığı lyuks şəraiti olan mərkəz məhəllələrdən çox geri qalır. Amma tokiolu, çikaqolu elitar heç bir vaxt qalxıb demir ki, əyalətdən gələnlər geri dönsünlər və ya onları aşağılamırlar. Onlarca Oskar laureatı var ki, nəinki Amerikanın ucqar əyalətlərindən, dünyanın dörd yanından Los Ancelesə – Hollivuda gəldikləri ilk illəri çayçılıqla, restoranlarda qab yumaqla keçib, fitri istedadlarını sübut edənə qədər illərlə küçələrdə yatıblar. İndi Bəhram hardan bilir Bakının sovetlərdən qalma köhnə tələbə yataqxanalarında məcburi qaçqın həyatı yaşayan insanların içərisindən bir Üzeyir Hacıbəyli, Adil İsgəndərov, Yusif Məmmədəliyev yetişməz? 44 günlük Vətən Savaşı sübut etdi ki, Babək, Cavanşir, Mehdi Hüseynzadə yetişdiyi kimi, “çadırlarda Üzeyir Hacıbəyli də yetişər, Yusif Məmmədəliyev də”. Elə Bəhramın özünün illər öncə dediyi kimi, mədəniyyət və inkişaf insanların xarakterik xüsusiyyətləri ilə bağlı məsələdir, nəinki onun bakılı və ya rayonlu olması ilə. Şəhər mədəniyyətinə adaptasiya olmaqda çətinlik çəkən əyalət nümayəndəsi bu çətinliyi tez və ya gec ortadan qaldıracaq. Ancaq doğuşdan bu mədəniyyətin “düz göbəyində yaşayan, məhlənin qabağında dayanıb, tumu çırtlayıb yerə tökən, küçəyə tüpürən, binaların podyezinə işəyən, əlində təsbeh, başında aerodrom papaq, xüsusi əda ilə yırğalana-yırğalana, “qaqaş, bilmirsən bu məhəlləyə giriş qadağandır” deyə, hökm vermək nə mədəniyyətdir, nə də hər hansı inkişafa aparır.



Bəhram müsahibəsində urbanizasiya prosesindəki problemləri dilə gətirməkdə haqlı olsa da, problemin kökünü yanlış yozur. Baxın, nə deyir: “Görürsünüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz!”

Burada ilk diqqəti çəkən göstərilən zamandır – son 25 ildən bəhs olunur. Deməli, işğal olunan ərazilərdən və eləcə də digər rayon və kəndlərdən Bakıya kütləvi axının yol açdığı problemlər nəzərdə tutulur. İlk baxışda Bəhram haqlıdır. Ancaq, dediyim kimi, problemin kökünü, səbəbini göstərmir, çünki qorxur. Qorxan adam isə, adını ziyalı qoyub, ümdə problemlərdən danışmaq haqqına sahib deyil. Nədən Bəhram demir ki, yanlış yürüdülən siyasətin nəticəsi olaraq, əyalətlər boşalır, hamı mərkəzə qaçır? Nədən demir ki, əyalətlərdə iqtisadi infrastrukturun zəif inkişafı və yaxud heç olmaması işsizlik ordusunu yaradır və nəticədə kəndli torpağını buraxıb, şəhərə daşınır? Məgər bunu desə onu öldürəcəklər? Əsla! Əksinə, yetənəyi və bilgisi yetəri qədər olmasa da, müəyyən səbəblərdən ictimai çəkisi yuxarı olan birinin dilindən bu cür tənqidlər səslənərsə, daha təsirli olar. Digər tərəfdən, cənab prezidentin son savaşdan sonra işğaldan azad edilən torpaqlarımızda və digər əyalət bölgələrində iqtisadi və mədəni inkişaf üçün lazımi qərarlar qəbul etməsi bu problemin həllinin çox yaxın zamanlarda tapacağına inam hissini artırır. Elə bu səbəbdən özünü ziyalı hesab edən kəs araqızışdırıcılığa yox, sağlam tənqidə önəm verməlidir.

Bəhramı narahat edən guya çəkilişdə olduğu hansısa restoranda kimlərinsə ucadan danışmasıdır. Və o bu qənaətə gəlir ki, həmin o adamlar “rayon və kəndlərdən gəlib, şəhərə adaptasiya ola bilməyənlər”di. Sonra da fikrini belə tamamlayır: “Gənclər haqqında danışmaq istəyirəm. Bax, indi burada veriliş gedir. Zalda oturanlar o qədər də gənc deyillər. Onlar bilirlər ki, burada veriliş gedir, amma ucadan danışırlar. Hətta heç olmasa, hörmət qoymağı lazım hesab etmirlər. Əvvəllər bu hörmət var idi”. Əvvəla, adamdan soruşarlar ki, sən hardan bilirsən ki, həmin restoranda ucadan danışan adamlar rayondan gələnlərdi? Məgər bu, onların alnında yazılmışdı? İkincisi, restoran istirahət yeridi, insanlar ora təkcə yemək yeməyə yox, istirahətə, əylənməyə gedir. İkinci “yüz”dən sonra baxmır ki, bu şəhərli qaqaşdı, ya kəndçi “qıjı”dı, heç kim heç kimə danışmağa imkan vermir. Kimin səsi ucadan çıxırsa, masanın hakimiyyətini ələ keçirir. Bu, ümumi bir problemdi, şəhərlə, kəndlə bağlı məsələ deyil, mədəniyyətlə isə, ümumiyyətlə, əlaqəsi yoxdu.

Digər tərəfdən, restoranda ansambl da ola bilər, insanlar yeyib-içdikdən sonra musiqi sifariş edə bilər. O zaman sən qalxıb onlara deyəcəksən ki, yığışdırın musiqini, mən Oktayın oğlu Həmidə müsahibə verirəm? Adamdan soruşarlar ki, restoran insanların yemək yediyi, əyləndiyi yerdir, sən hansı düşüncə ilə verilişini orda hazırlayırsan? Yaxud da sən veriliş hazırlayırsan deyə, insanlar öz əyləncəsindən imtina etməlidir? Əgər istəyirsən ki, verilişin mütləq o restoranda hazırlansın, buyur, haqqını ödə, restoranı bağlat və verilişini hazırla!

Bəhramın ifadə etdiyi fikirdə “Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz!” cümləsi isə olduqca təhlükəli xarakter daşıyır. Adamın fikrində açıq hədə var, əmr var, hökm var! Adam bu fikri ilə bakılı-rayonlu qarşıdurmasına sövq edir ki, bu da cinayətdir, həm də böyük cinayətdir!

Mövzu ilə bağlı diqqət çəkən bir məqam var: bəhramsevərlər, ona haqq qazandıran kəsim iddia edir ki, əslində, Bəhram müsahibəni 5 il öncə verib, elə isə nədən bu gün gündəmə gəlir? Eyni sualı mən həmin adamlara ünvanlayıram: 5 il öncə verilmiş geniş müsahibənin qıcıq doğuran, bakılı-rayonlu qarşıdurmasına hesablanmış iki-üç dəqiqəlik hissəsi nədən yenidən sosial şəbəkələrdə paylaşılaraq gündəm yaradıldı? Bu, bilirsiniz nəyə hesablanıb?


Gəlin əvvəlcə Bəhramdan müsahibəni götürən və iki gün öncə bəhs olunan hissəni yenidən yutubda paylaşan şəxsin kimliyinə baxaq.

Bəhramdan müsahibə götürən Həmid Həmidov adlı şəxsdir. Əvvəlcə frilanser kimi çalışıb. Sonradan biznesə keçib. 2018-ci ildə “ulduzu parlayıb” və Global Media Group tərəfindən yaradılmış Media.Az informasiya portalının baş redaktoru vəzifəsinə dəvət olunub. Bir il sonra o, Global Media Group holdinqinin media direktoru vəzifəsinə təyin olunur. Hazırda holdinqə daxil olan Oxu.az, Report.az, Media.az və s. kimi xəbər resurslarının bir sıra layihələrinə rəhbərlik edir.

Bu hadisəyə qədər Həmidi tanımamışam, adını da eşitməmişəm. Ancaq dünən onun yaydığı videoya baxdım. Adam savadsız, bilgisiz, cahilin təkidi… ən pisi isə, olduqca təhlükəli və riyakar biridi. Adamın dünənki videosu Bəhramın açıqlamasından çox daha təhlükəlidi. Adam inteqrasiya ilə assimlyasiyanın fərqini anlamayacaq qədər savadsız və bilgisizdi, amma çox yaxşı icraçıdır, verilən tapşırığı “məsuliyyət” hissini unutmadan yerinə yetirir, odun üstünə benzin tökür, aranı qatır və vəziyyəti daha da dramatik hala gətirir.


Həmid haqqında əldə etdiyim bir məlumat da ondan ibarətdir ki, o, Oktay Həmidov adlı şəxsin oğludur. Oktay Həmidov vaxtilə sosial şəbəkədəki “Oktay Ataxan” adlı profilindən Azərbaycan xalqını təhqir etmişdi. Bu “bakılı balası”, qədeşliyi, qədeş jarqonunu mədəniyyətimizin etalonu zənn edən Həmidin paxanı Oktay adlı EŞŞƏK öz xalqı haqqında deyirdi: “Mən həmişə demişəm. Rusiyaya, rus millətinə, rus dilinə, rus mədəniyyətinə qarşı çıxış edən o eşşəklər, eşşək nəslindən olan azərbaycanlılar, hansılar ki, mən demişəm, siz Rusiyanın arxasını öpməlisiniz – gündə 15 dəfə! Çünki rus milləti, Rusiya gəldi bizi heyvan vəziyyətindən çıxardı, adam vəziyyətinə qaldırdı! Rusiya bunu elədi. Bizim heç nəyimiz yox idi. Onlar imkan yaratdılar ki, içimizdən ziyalı, ağıllı adamlar çıxsın…”

Həmidin paxanı deyir ki, əgər ruslar olmasaymış, bütün azərbaycanlılar, təbii ki, o cümlədən Oktay və oğlu Həmid də eşşək olacaqmış, heyvan vəziyyətindən çıxa bilməyəcəkmiş, buna görə də rusların arxasını gündə 15 dəfə öpməyə borcludurlar. Baxın, bu adam və oğlu indi mədəniyyətdən, elitar Bakı təbəqəsindən danışır! Bu mədəniyyətdirmi? Bu elitarlıqdırmı? Yox! Bunun adı, elə Oktayın özünün də dediyi kimi, eşşəklikdir, heyvanlıqdır! Bütöv bir xalqı, çörəyini yeyib, suyunu içdiyi xalqı təhqir eləməyin başqa adı yoxdur.

Yeri gəlmişkən, bu ikiayaqlı primat – Oktay Ataxan, vaxtilə Soros Fondu tərəfindən maliyyələşdirilən bəzi layihələrin rəhbəri və koordinatoru olub. Deməli, bu adamlar üçün Rusiya faktoru da o qədər önəmli deyil, pul hardadırsa, onlar ordadırlar. Mənim anlamadığım odur ki, bu cür adamları ölkə daxilində kim irəli çəkir? Aidiyyatı orqanlar nədən bunların “eşşəkliyinə” göz yumurlar?

***

Bəhram Bağırzadə, Həmid Həmidov bakılılar söhbəti açmaqla könə əyyamların xiffətini çəkirlər. Amma hansı bakılılardan söhbət gedir, bu anlaşılmır. Köhnə bakılı terminini bir neçə qrupa aid etmək olar:

– ən qədim bakılılar, yəni İçərişəhər, Çəmbərəkənd və “Sovetski” camaatı;

– dağlılar və tatlar;

– kənd camaatı, yəni Bakı kəndlərinin sakinləri;

– XIX əsrdə yaranan neft bumundan sonra Bakı şəhərinə köçən ruslar, ermənilər və yəhudilər;

– XIX əsrin sonu, XX əsrin əvvəllərində əyalətlərdən – Gəncədən, Qarabağdan, Naxçıvandan, İrəvandan, Şamaxıdan, Lənkərandan Bakıya köç edənlər;

– sosialist inqilabından həmən sonra paytaxta gələn elm və mədəniyyət adamları.

Bildiyimiz kimi, ən qədim bakılılar İçərişəhər və ətrafında yaşayanlardı. Əgər Bəhram və Ko bunu nəzərdə tutursa, o zaman gərək bu ərazidən kənara çıxmasınlar, çünki müasir Bakı sonradan Bakıya gələnlərin əsəridi. Hətta bu möhtəşəm əsərin formalaşmasında 100 il bundan öncə Bakıda yaşayan ermənilərin də rolu olub.

***

Mədəniyyət geniş bir məfhumdur. Bu kateqoriyanı elm, təhsil, iqtisadiyyat, sənaye, ticarət olmadan təsəvvür etmək olmaz. Bakı mədəniyyətinin formalaşmasında təbii ki, isveçli nobellərin sənayedə yaratdıqları ilə bərabər Gəncə, İrəvan, Naxçıvan, Şuşa və Lənkəran kimi əyalətlərdən gələnlərin də böyük rolu olub, bu, danılmaz faktdır. Məgər naxçıvanlı Yusif Məmmədəliyevin elmə verdiyi töhfəni, Üzeyir Hacıbəyov kimi bir dühanın mədəni inkişafımızdakı rolunu, Adil İsgəndərovun kino sənətimizi zirvəyə daşıdığını, şamaxılı, lənkəranlı, nuxalı, şuşalı, irəvanlı, salyanlı, qazaxlı və digər əyalətlərimizdən olan maarifçilərin, elm və mədəniyyət xadimlərinin xidmətini unuda bilərikmi? Məgər paytaxt – Bakı mədəniyyətini onlar yaratmadımı? Köhnə Bakı elitasının mütləq əksəriyyəti elə onlardan təşkil olunmamışdımı? Təbii ki, bu prosesdə yerli bakılılar, işərişəhərlilər, çəmbərəkəndlilər, Sovetskidən olanlar, dağlı və tat qardaşlarımızın, eləcə də yəhudilərin, rusların və hətta ermənilərin də rolu olub. Yəni paytaxt mədəniyyəti, elitası bütöv, tam orqanizmdir və bu tamı təşkil edənlər içərisində hər kəs var.


Mənim doğulub boya-başa çatdığım, suyunu içib, çörəyini yediyim ulu Naxçıvan diyarı Azərbaycanın elm və mədəniyyətinin inkişafında böyük rol oynayan yüzlərlə vətən oğlu yetirib. Onlardan yalnız biri haqqında bəhs edəcəm – Leyla İsa Sultan qızı Şahtaxtinskaya! Leyla xanımın atası İsa Sultan Şahtaxtinski məşhur Kəngərli nəslinin bir qolu olan şahtaxtinskilərdəndir.

Əslən Şərur rayonunun Şahtaxtı kəndindən olan İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə İrəvan şəhərində ziyalı ailəsində dоğulmuş, Tiflisdə realnı gimnaziyanı, Peterburqda Əkinçilik İnstitutunu bitirmişdir. O, Paris, Lоndоn və Sürix İnstitutlarının azad dinləyicisi оlmuşdur. Ərəb, fars, qədim türk, rus, alman və fransız dillərini mükəmməl bilmişdir.

Leyla xanıma gəlincə, 1886-cı ildə Türkiyənin indiki Kars şəhərində doğulub (həmin vaxt atası orda rus dilində çıxan “Qars” qəzetinin əməkdaşı imiş). Tiflis Qızlar məktəbini bitirən Leyla xanım Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qızdır. Heç bilirsiniz onu Avropaya göndərən kim olub? Məşhur mesenat, iliyinə qədər bakılı balası Hacı Zeynalabdin Tağıyev! Leyla xanım məhz onun vəsaiti ilə 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olmuşdur. Lakin təəssüflər olsun ki, təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat etmişdir. Bax, əsil bakılı Hacı olub. O düşünməyib ki, pul verib oxumağa göndərdiyi şəxs haralı olub. Onun yeganə məqsədi Azərbaycanın inkişafı, elmi-mədəni səviyyəsinin yüksəlməsi idi.

Ancaq Bəhram və onun kimilərin xiffətini çəkdiyi, Köhnə Bakı koloriti ilə formalaşmış mədəniyyət, elitar təbəqə dedikləri başqa şeydi. Həmin elit təbəqənin içərisində İrəvandan, Şuşadan, Gəncədən çıxan mütəfəkkirlər yoxdur! Həmin təbəqənin içərisində Lənkərandan çıxanlara da yer yoxdur! Oraya naxçıvanskilər, şahtaxtinskilər də aid deyil!


Bəhram kimilərin düşüncəsindəki Bakı rol aldığı filmlərdəki Ağanatiqin, Məzinin, Roşkanın, Elişin, Rusikin, Saşanın, Paşanın Bakısıdır!

Bəhramın nəzərindəki və xiffətini çəkdiyi – əlində təsbeh və bıçaq, başında aerodrom papaq olan və kimsəni Sovetskiyə buraxmayan qədeşlərin Bakısıdır!

***

Böyük Məmməd Araz yazırdı:

Bu millətə nə verdik ki,

Kimsə qapdı ziyasını,

Kimsə pozdu sırasını,

Duzla yuduq yarasını,

Xörəyinə duz vermədik!

Bəhram Bağırzadənin xiffətini çəkdiyi “Bakı və bakılılar”ın da bir şairi var: Balaəli Maştağalı… İndi də onun qələmindən çıxana baxın:

Mən korolam, sən valet,

Kimə eliyirlər balet?

Mən korolam, sən valet,

Alə, kimə eliyirlər balet?

Mənə eliyirlər balet…

***

Son olaraq, qələminə və düşüncələrinə böyük hörmət bəslədiyim, şair-filosof, kəndçi balası Arzu Əsədin mövzuyla bağlı fikrini diqqətinizə çatdırmaq istəyirəm. Arzu bəy yazır: “Məsələ təkcə nisbi şəkildə bölünən şəhər mədəniyyəti ilə kənd mədəniyyəti arasındakı özünü davranışlarda göstərən fərqlərdə deyil. Məsələnin kökü dərindədir, Nitşe demişkən, “hakimiyyət iradəsi”ndədir. Bütün davranışlar son nəticədə onunla ölçülür. Rus dilində bütün Azərbaycan gəncliyinə deyilir ki, sən özünü idarə etməyə qabil deyilsən! Sən bu həyat üçün yararsızsan! Sən cəbhədə vuruşa bilərsən, qəhrəmanlıq göstərə bilərsən, şəhid ola bilərsən, amma idarəçilik sənlik deyil. Restoran sənlik deyil. Mədəniyyət sənlik deyil…”

Məncə, əlavə şərhə ehtiyac yoxdur… V kolon hələ də öz işinin başındadır. Ölçü götürülməzsə, bu yara çox dərinə işləyər…

Fərəməz Novruzoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.