Babəki ələ verən Səhl ibn Sumbat

25-01-2023, 11:28           
Babəki ələ verən Səhl ibn Sumbat
Azərbaycan tarixçiliyində xürrəmilər hərəkatının lideri Babəkin 837-ci ildə Afşin tərəfindən məğlub edildikdən sonra Bəzz qalasından qaçaraq Bizansa sığınmaq məqsədilə yola çıxarkən Şəki hakimi Səhl ibn Sumbatın evində gecələyərkən ərəblər tərəfindən ələ keçirildiyi qeyd olunur.
Əvvəlcə onu qeyd edək ki, xürrəmilər hərəkatının geniş vüsət aldığı dövrdə (IX əsrin əvvəlində) Arranın xristian hakimləri Babəklə yaxın münasibətlər təsis edərək yaranmış vəziyyətdən öz xeyirləri üçün faydalanmağa çalışırdılar. Bunlar Şəki hakimi Səhl ibn Sumbat, Sünik hakimi Vasaq, Xaçın knyazı Atrnersex, Ktiş və Beyləqan hakimi Yesai Əbu Musa və başqaları idi. Hətta Babək Sünik knyazı Vasaqın qızı İbnət əl-Kalandaniyyə ilə evlənmiş və bölgə bir müddət xürrəmilərin nəzarətində olmuşdu. Mənbələr məhz Babəkin arvadı İbnət əl-Kalandaniyyənin təkidi ilə Bizansa qaçdığını qeyd edirlər.
Onu da qeyd edək ki, Sünik ərazisindəki Şəki qalasını indiki Şəki şəhəri ilə qarışdırmamaq lazımdır. Təbəri yazır ki, "onun (Babəkin) yolu Səhlin mülkü Şəkidən keçirdi, sonra Sünikdən keçib Bizansa getməli idi. Babək ərzaq cəhətdən korluq çəkdiyi üçün ibn Sumbat dağlarında gizləndiyi yerdən çıxanda, Səhlin sərhəd mühafizləri onu görür və dərhal Babəki gördükləri yerə gəlirlər. Babəkin qardaşı Abdullah ehtiyat üçün Ktiş qalasına göndərilmişdi; bu qala Beyləqan hökmdarı Yesai əbu Musanın mülkü idi". Məsudinin verdiyi məlumata görə, Araz (çayı) Yesai əbu Musanın mülkü ilə Babək-Bəzzayn ölkəsi arasında sərhəd idi.
Beləliklə, Babək Bazarçay-Əkərəçay məcrasında tutulmuşdu; Azərbaycandan Ermənistana gedən yolun üstündə bir dərə olan bu yer Səhl ilə Yesai əbu Musanın torpaqları arasında sərhəd idi.
Əslində isə Babək öz dini inanclarına yaxın olduğu üçün Bizansa qaçmağa çalışırdı. Belə ki, 820-ci ildə Bizansda hakimiyyətə gələn Amorion sülaləsi dövründə Bizans manixesitlərin və mitraistlərin güclü təsiri altına düşmüşdü. Uzun illər davam edən, bəzi vaxtlar soyqırma belə çevrilən manixeist kökənli ikonoklazmaçılar (şəkilçilər və ya təsvirçilər) bu sülalə dövründə qalib gəldilər və beləcə, İsanın şəklinə ibadət etmək rəsmən ortodoks xristianlığında qəbul edildi. Xürrəmilik manixeizm, mitraizm və şamanizmin təsiri ilə formalaşmış bir inanc sistemi idi. Buna görə də hələ Bəzz qalasının süqutundan və Babəkin məğlubiyyətindən əvvəl, 834-cü ildə çoxlu sayda xürrəmi təqibdən qaçaraq Bizansa sığınmışdı. Burada məqsəd inanc baxımından xürrəmilərlə yaxın olan, Bizansı təsir dairəsinə alan manixesit-mitraist güclərə sığınmaq və onlardan dəstək almaq idi. Bəzz qalasının mühasirəsi zamanı Babəkin Bizans imperatoru Teofil ilə məktublaşmasını dövrün tarixçisi Təbəri də qeyd edir. Lakin Babəkin bu məsələdə bəxti gətirmədi. Belə ki, Amorion sülaləsinin sonuncu hökmdarlarından Teofilin (829-842) xanımı kraliça Teodora məzdəki-manixeist inanclara qarşı idi, Anadolu və Qafqaz xristianları ilə gizli bağları vardı. Teodoranın saray içində Anadolu ortodoksluğunu yenidən təşkilatlandırmağa başlaması Babəkin taleyinə də təsir etdi. Çünki Teodoranın dəstəyi ilə başda Səhl ibn Sumbat olmaqla həmin xristian hakimlər yenidən təşkilatlandırılan ortodoksluğun tərəfində yer alırdılar. Digər tərəfdən, Babək üsyanı zamanı Anadolu və Qafqaz xristianlığı manixeizm və onun təsiri ilə formalaşan pavlikianlıq qarşısında ağır vəziyyətdə idi.
Yuxarıda yazılanlardan belə məlum olur ki, Səhl ibn Sumbat bölgənin xristian knyazı olaraq Bizans kraliçasının dəstəklədiyi Anadolu ortodoksluğunun yanında yer aldığına görə, həmçinin manixesit təməllərə söykənən xürrəmiliyin təsiri ilə xristianlığın içində yaranan pavlikianlığın qarşısını almaq üçün Babəki ələ verdi. Hadisələrin sonrakı gedişatı da bunu təsdiq edir. Belə ki, Babəkin edamından cəmi iki il sonra – 840-cı ildə Beyləqan hakimi Yesai Əbu Musa pavlikianları qılıncdan keçirdi. Qısası, Səhl ibn Sumbat Babəki öz dini məqsədləri üçün qurban vermişdi.
Lakin Babəki məğlub edərək xürrəmilər hərəkatını ortadan qaldıran Afşin xristian hakimlərin dəstəyi ilə Bizansın bölgədə təşkilatlanmasına göz yuma bilməzdi. Buna görə də Afşin Babəkin əsir alınmasından sonra təcili Bizansa hücum etdi və Bizans ordularını məğlub etdi. Amma Bizansa Anadolu və Qafqazda ən böyük zərbəni Xilafət ordularının baş komandanı Boğa əl-Kəbir vurdu. 851-ci ildə bölgəyə böyük səfər təşkil edib, aralarında Səhl ibn Sumbatın da olduğu 300-dən çox xristian din və dövlət adamını həbs edən Boğa, bunları Bağdada edam etdirdi. Minlərlə xristianı isə kilsələrə doldurub yandırdı.
Görüntüdə xürrəmilik sonrasında İslam və Xristian dini qalib çıxdı və sürətlə öz daxilindəki məzhəbi problemləri həll etməyə çalışdılar. Bu problemi müəyyən qədər həll etdiklərinə inandıqları vaxt XI əsrin axırında bu dəfə bir-birinin qarşına çıxdılar…
Əkbər Nəcəf, Mitranın oğlu Babək
Ziya Bünyadov, Azərbaycan VII-IX əsrlərdə
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.