Xürrəmilər və Xürrəmilərin dini
26-01-2023, 09:58
Səhl ibn Sumbatla bağlı yazdığımız dünənki məqaləmizdə xürrəmilərin inancına ötəri də olsa nəzər salmışdıq. Məlum oldu ki, xristian alban knyazı olan Səhl ibn Sumbat Bizansın yenidən təşkilatlandırmağa cəhd göstərdiyi ortodoksluğun yanında yer aldığı üçün Babəkin ərəblərin əlinə keçməsinə imkan yaratmışdı. Yəni, xristian ortodoksluğunu təşkilatlandıran Bizans saray adamlarının tapşırığı ilə Səhl bu addımı atmışdı. Eyni zamanda xürrəmiliyin əsasını təşkil edən manixeist inancın xristianlıq içində yaratdığı pavlikian cərəyanına və bu cərəyana biət edən əhaliyə qarşı kəskin mövqeyi də bu işdə əsas rol oynamışdı. İndi isə xürrəmilərin inanc və ehkamlarını araşdırmağa çalışacağıq.
Babək və xürrəmilər haqqında ən çox bilgi verən dövrün ərəbdilli qaynaqlarıdır. Onların da əksəriyyəti xürrəmiliyi Sasanilər dövründə meydana çıxan və dini-sosial cərəyan olan məzdəkiliklə əlaqələndirirlər. Məzdəkilik qnostik dini cərəyan olub mənbəyini Avestadan alırdı. Məzdəkilər Avestanı elmi cəhətdən islah etmək istəyirdilər və təfsir anlayışını da onlar yaratmışdılar.
Xürrəmilərin inancındakı əsas məsələlərdən biri də ruhun bədən dəyişdirdiyinə inam idi. Bu, xürrəmilərin Cavidanın ölümündən sonra onun ruhunun Babəkə keçməsinə inanması ilə təsdiq olunur. Ruhun bədən dəyişdirməsi, yəni ölən şəxsin ruhunun varisinə keçməsi (tənasüh) manixeizmin əsasını təşkil edir. Bu inanc Əbü Müslüm Xorasaninin tərəfdarlarının yaratdığı müslümüyyə cərəyanında da vardı. İlk dəfə 751-ci ildə Abbasi xilafətinə qarşı Xorasanda xürrəmi üsyanı qaldıran məhz Əbü Müslümün yaxın tərəfdarı İshaq ət-Türki olmuşdu. Bu fakt, Əbu Müslüm tərəfdarları ilə xürrəmilərin yaxın əlaqələrindən xəbər verir. Olsun ki, ruhun bədən dəyişdirməsi inancı xürrəmiliyə müslümüyyə cərəyanından sirayət edib. Lakin burada daha bir məqam var. Cavidanın ölümündən sonra Babəkin xürrəmilərin rəhbəri seçildiyi mərasimdə Şirvinin ruhu Cavidandan Babəkə keçmişdi. Şirvin Zurvan və ya Survan olub Avestada zikr edilir və əbədi zamanı ifadə edirdi. Manixeizmdə Şirvin əbədi işıq halını almışdı. Burada xürrəmiliyin qnostik manixeist, mitraist inanclardan qidalandığı məlum olur.
Digər vacib bir məsələ Babəkin and içməsi zamanı icra olunan ayindir. Ərəb qaynaqları bu hadisəni belə şərh edir: "Arvad (Cavidanın arvadı) əmr etdi bir inək gətirdilər, onu kəsdilər, dərisini soyub yerə sərdilər. Sonra dərinin ortasında bir şərab qədəhi qoyuldu, arvad da onun içərisinə çörək doğradı. Bu hazırlıq görüldükdən sonra arvad Cavidanın hər bir tərəfdarını adı ilə çağırmağa başladı və ona əmr etdi ki, dərinin üstünə çıxsın, qədəhdən bir tikə götürüb yesin. Sonra kef məclisi quruldu, bu ziyafətdə dul arvad Babəki öz yanına oturtdu və ona bir reyhan budağı verdi, bu isə kəbin mərasiminin simvolu idi".
Qeyd olunan bu mərasim mitraizmdə "müqdəddəs çörəkdən yeyilməsi və şərabdan içilməsi" ayini olub "haoma" adlanır və ölümsüzlüyə, xoşbəxtliyə qovuşmağı bildirirdi. Dul qadının Babəkə verdiyi reyhan budağı isə manixeizmdə həyat ağacını ifadə edirdi. Burada digər bir vacib məsələ mərasimin qadın tərəfindən idarə edilməsidir ki, bu da xürrəmilikdə şamanizmin güclü təsirlərindən xəbər verir. Həmçinin Cavidanın dul arvadının mərasimi idarə etməsi onun gizli qonostik inanclara bağlı biri olduğunu sübut edir.
Daha bir məsələ Babəkin gizli mitraist cəmiyyətin üzvü olmasını təsdiq edir. Bu, anasının Babəki ağacın altında çılpaq yatarkən görməsidir. İbn ən-Nədim bu hadisəni belə şərh edir: “Deyirlər ki, bir dəfə bu qadın, bir tayfanın qoyununu otaran Babəki axtarmağa gedəndə, onu bir ağacın altında çılpaq yatmış gördü. Anası Babəkin saçlarının dibində xırda qan damcılarını fərq etdi. Sonra birdən Babək oyanıb ayağa durdu və anasının gördüyü qan yox oldu. Qadın belə dedi: Mən başa düşdüm ki, oğlumun alnına tale şanlı bir şöhrət yazıb”.
Qeyd olunan hadisə yunan mənbələrinin “signatio” adlandığrığı mitraist vaftiz hadisəsidir. Mürid ancaq vaftiz edildikdən sonra gizli mitra məbədinə qəbul edilirdi. Vaftiz zamanı mürid çılpaq şəkildə soyndurulur və üzü üstə yerə yatırdı. Vaftizi icra edən şəxs əlindəki qana boyanmış qılıncla ona toxunurdu. Qılınc qan rəngində olsa da, vaftiz qansız icra olunurdu. Babəkin vaftizini Mitra özü icra edib. Çünki ağacın altında çılpaq yatarkən saçlarının dibində qan damcıları görünməsi, oyanan kimi də yox olması vaftizin ilahi güc tərəfindən reallaşdığını göstərir.
Mitraizmin xürrəmiliyə təsirləri bunlarla məhdudlaşmır. Belə ki, Babəkin atasının da qnostik inanclara bağlı gizli mitraist cəmiyyətin üzvü olduğu qənaətindəyik. Təbəriyə görə, Babəkin atasının adı Matr və ya Matar idi. Matar Mitra ilə eyni sözdür. Ərəbdilli bəzi mənbələr (əd-Dinavəri) Babəkin atasının “Əbu Müslümün qızı Fatimənin oğlu olan Mutahhar” kimi təqdim edir. Mutahhar adı “Matar” adının ərəbcəyə salınmış formasıdır. Amma onun Əbu Müslümün nəvəsi olması mübahisəlidir. Mənbələrdə Babəkin atasının “dilənçi” olması və yağ satması manixeist xüsusiyyətdir. “Müqəddəs yağ” manixeizmdə də vardır və vaftizdə istifadə edilir. Babəkin atası Matar həmin mitraist-manixeist təşkilatlardan birinə daxil idi. Matar adı Mitra sözündən yaranıb. Yağ mitraizmdə müqəddəs olduğu üçün ərəb mənbələri onu “səyyar yağ taciri” kimi tanıdırlar.
Babəkin anası da atası kimi gizli qnostik inanclara sahib biri idi. Mənbələrə görə, Babəkin anası “doğulan uşaqlara süd analığı edən bir gözü kor qadın” olub. Taygöz” ifadəsi mitraizmin və şamanizmin mühüm əlamətidir. Babəkin anasının adı “Bərumert”dir. “Mart” və ya “mert” Avestada “həyat” mənasına gəlir. “Bəru”, böyük ehtimalla, partlar dövründə iran dillərinə girmiş türkcə “börü” (qurd) sözündən yaranıb. Part-Arşaki hökmdarlarından biri də Börüd adını daşıyırdı. Qadının uşaqları əmizdirən süd anası olması şamanizmdən irəli gələn qurd mifini xatırladır. Göytürklərin dişi qurdun əmizdirdiyi körpədən yaranması, həmçinin Romanın yaranması haqqında qədim etrusk inancında dişi qurd təsviri bunu bir daha sübut edir. Digər tərəfdən, qurdlar mitraizmdə gizli cəmiyyətin adıdır. Beləliklə, Babəkin anasının atası kimi mitraistlərin gizli qurd cəmiyyətinin üzvü olduğu anlaşılır.
Xürrəmilərin tənqid edildiyi əsas məsələ qadınların ümumiliyidir. Belə ki, dövrün qaynaqlarında xürrəmilərin mərasim sonrası qadınlarla kişilərin içki içib rəqs etdikləri, tonqalları söndürüb birlikdə olduqları qeyd olunur. Mitraizmdə belə bir inanc var. Mitraizmin təsiri ilə bu, digər dinlərə, hətta bəzi İslam məzhəblərində də yer alıb. Amma ərəbdilli müəlliflər burada bir səhvə yol veriblər. Belə bir mərasimdə “çıraq və tonqalların söndürülməsi” mümkün deyildir. Çünki yanan atəşin söndürlüməsi mitraizmdə, zərdüştlükdə və məzdəkizmdə günahdır. Buna görə də həmin gecə qadın və kişilərin iştirakı ilə keçirilən ayinin səmah olduğu aydındır. Türklərin qurban mərasimlərindən söz açan Çin mənbələri də səmah ayini haqqında geniş bilgilər verir: “Qurban mərasimində qadınlar və kişilər qarışıq halda oturaraq şərab içib rəqs edirlər və nəşə ilə qəhqəhə çəkirlər”. Buradan aydın olur ki, xürrəmilərin mərasim sonrası təşkil etdikləri səmah ayini ərəb mənbələrinin yazdığı kimi əxlaqsızlıq olmayıb, şamanizmdən gələn rəqs ritualı idi.
Yazılanlardan belə nəticəyə gəlirik ki, xürrəmilik şamanizm, mitraizm, mazdaizm və manixeizm kimi qnostik dinlərin təsirindən yaranan inanc sistemi olub. Babək kimi digər xürrəmi liderləri həmin qnostik inancların təmsil olunduğu gizli cəmiyyətin üzvləri idi. Babəkin məğlubiyyətindən və xürrəmi üsyanının yatırılmasından sonra bu qnostik inanclar dünya səhnəsindən silindi və yerini islam və xristianlığa verdi.
Əkbər Nəcəf, Mitranın oğlu Babək
Teref.az