Hüseyn Cavidin “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti
24-05-2023, 08:14
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının
24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof
şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan
ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından
biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır.
Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri olan
“İblis” pyesini 1918-ci ildə yazmışdır. Dramaturqun pyesi ədibə böyük şöhrət
qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət
edir. Ədibin “İblis” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur.
Hüseyn Cavidin “İblis” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan
insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul
kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar,
insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə
uğramışlar. Hüseyn Cavid “İblis” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti,
əxlaqı aşılayır. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan
təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli
təqdim edir. Hüseyn Cavid yaradıcılığının bədii-estetikasının bütün özəlliklərini bu
əsərdə görürük. “İblis” pyesi Azərbaycan mədəniyyətinin dərin tarixi qatlarını
özündə ehtiva edir. Ədib əsərdə romantik bədii düşüncənin, fəlsəfi lirikanın orijinal
nümunələrini yaratmışdır. Hüseyn Cavidin “İblis” pyesi onun yaradıcılığını bədii
növ, janr və forma cəhətdən zənginləşdirmişdir. Dramaturqun əsərdə yüksək bədii
sənətkarlığı, dərin emosionallığı açıq-aşkar görünür. Əsərdə ümumbəşəri
problemlər qaldırılmışdır və milli bədii fikir tariximizdə mühüm yer tutmuşdur.
Ədibin “İblis” faciəsinin mövzusu İstanbul həyatından alınmışdır. Dramaturq
əsərdə İblis və Mələk adlı mifik obrazlar yaratmışdır. Əsər İblisin məmnun
qəhqəhələrlə dediyi monoloqu ilə başlayır.
Dəryalara hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan...
Hüseyn Cavid “İblis” pyesində insanlığa qarşı olan bu dəhşəti, fəlakəti,
vəhşəti, zəlaləti bəşəriyyətin bəlası sayır. Əsərdə Mələk adlı mifik obraz
bəşəriyyətdə olan bütün vəhşiliklərin, cinayətlərin, xəyanətlərin, fəlakətlərin
günahkarı kimi İblisi görür. Onun insan oğlunu yolundan çıxarıb, fəlakətlərə düçar
etdiyini söyləyir. Əsərdə İblisin şiddətli, məğrur qəhqəhələr içində özünün tərifi
verilir.
Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,
Həp Xaliqə təsbih idi, təhlil idi virdim,
İlk öncə mələklər bəni təqdis ediyordu,
Adəm kibi bir sayğısız axır ləkə vurdu.
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,
Allah ilə bir zikr edilir namü nişanım.
Hüseyn Cavid “İblis” pyesində mədəni vəhşəti, zülmü, cinayəti, fəlakəti,
xainliyi pisləyən, əsər boyu bəşəriyyətə insanlıq duyğusu, vicdanlı olmağı məsləhət
bilən Arif axırda özü İblisə qul olur. O, silah, qurşun, qızıl imtahanından keçə
bilməyib, nəfsinin köləsinə çevrilir. Ədib İblisin bu sözləri ilə dində, məzhəbdə
dəhşətin hakim olduğunu bildirir.
Hər din ilə, məzhəblə, siyasətlə cihanda
Hər fırtına qopmuşsa, əvət, bən varam orda.
Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət,
Hakimdir o yerlərdə şu qarşındakı xilqət.
Hüseyn Cavid “İblis” faciəsində Şərqdəki abidlərin, Qərbdəki rahiblərin,
qazi olub fitnələr icad edənlərin, mürşid olub aləmi bərbad edənlərin iç üzünü ifşa
edir. Ədib bu fikirləri ilə din adından istifadə edənləri tənqid və ifşa edir.
Bəzən olurum bir papa!
Cənnət satarım bən,
İsa dirilib gəlsə də qorqar qəzəbimdən.
Bəzən olurum bir çoban, azadə bir insan,
Bəzən olurum zülmü fəsad aşiqi sultan.
Hüseyn Cavid “İblis” pyesində xəyal ilə həqiqəti, fəlakət ilə əmin-amanlığı,
xeyir ilə şəri, elm ilə cəhaləti vəhdətdə təqdim edir. İblisin sözlərinin əsiri olan Arif
əsəbi və xırçın hərəkətləri ilə İblisə uyub, bir çox cinayətlərə bais olur. Ədib çılğın
və qorqunc İblisin hər ölkədə, hər diyarda, hər evdə, viranədə, hər bütxanada,
meyxanadə olduğu fikrini söyləyir. Hər kəsin İblisi dinlədiyini, lakin ona nifrət də
etdiklərini bildirir. İblis məğrur qəhqəhələr ilə hər kəsin ona aciz qul olduğunu,
insanların pəncəsində əzilib, qıvrılıb, məhv olduqlarını söyləyir. İblis insanlara
rəhbərlik edən qan püskürən, atəş savuran kinli kralları, şahları, ulu xaqanları, qızıl
və qadın düşkünü olanları, min hiylə quran tülkü siyasətçiləri, hər an məzhəb
çıxaran, yol ayıran din xadimlərini, xalqı soyan əyanları, bütün fitnəkar şərləri,
zülmü, xəyanəti yer üzünün həqiqi İblisi sayır. Dramaturqun “İblis” pyesi İblisin
aşağıdakı sözləri ilə bitir. Ədib cümlə xəyanətlərə bais, hər kəsə xain olan insanı
yer üzünün İblisi adlandırır.
İblis nədir? – Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? – İblis!..
Hüseyn Cavid irsinin ən kamil nümunəsi olan “İblis” pyesi daim
araşdırmaçılar tərəfindən öyrənilmişdir. Əsərdə dahi dramaturq bəşəri problemlərə
toxunmuşdur. Hüseyn Cavid irsinin dünyada layiqincə təbliğ olunmasında “İblis”
pyesinin mühüm rolu vardır. Dahi dramaturqun yaradıcılığının ən yüksək zirvəsi
olan “İblis” pyesinə bütün tədqiqatçılar həssaslıqla yanaşmışlar. Hüseyn Cavidin
“İblis” pyesinin dünyanın bir çox ölkələrində səhnəyə qoyulmasında, bir çox
dillərə tərcümə olunub, nəşr edilməsində əsərin bədii gücünün yüksək olmasının
böyük rolu vardır. “İblis” faciəsi Hüseyn Cavid irsinin tanınmasında və çox yüksək
qiymətləndirilməsində mühüm əhəmiyyətə malikdir. “İblis” əsəri dramaturqun
Azərbaycan ədəbiyyatı tarixinə bəxş etdiyi növbəti həqiqi dəyəri olan bir əsərdir.
Atakişiyeva Həcər
Teref.az