SATILAN VƏ SATILMAYANLAR
9-06-2023, 08:14
Bu paylaşımda məqsəd Türkiyədəki seçkilərə qayıtmaq deyil, „Alınıb satılmayan kimsə yoxdur. Hərənin sadəcə bir qiyməti var“ fikrinə diqqət çəkməkdir.
Məncə "satılmayan kimsə yox. Hərənin qiyməti var" yanlış düşüncədir. Bu bir fərziyyədir, ehtimaldır, amma fakt kimi təqdim edilir. Hansı əsaslarla, sübutlarla? Əslində isə bunu satılan adamlar satılmayanlara çamur atmaq, öz satqınlığına bəraət qazandırmaq üçün uydurublar, məncə.
Naiv deyiləm, insanlara və bəşəriyyətə sadəlövh gənclik inamım yoxdur, çoxdan sarsılıb. Elə təkcə Ukrayna-Rusiya müharibəsi, ölkəmizin çağdaş reallıqları, satılan jurnalistlər, siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri, sıravi vətəndaşlar adamda inamı dağıtmağa yetər. Amma hələ də şərə yox, xeyirə, qələbəsinə, satılmayan kimsələrin varlığına və hətta çoxluğuna inanıram. Mütləq çoxluq deyillər, təbii.
Bu posta 60-a qədər adam reaksiya verib, yalnız üçü razılaşmayıb, qalanları razıdır, bu mövzuda zarafat edir, gülüşürlər. Qadınlarla işim yox, kişilərdən soruşardım "Alınıb satılmayan kimsə yoxdur"sa, arvadının ya qızını neçəyə satarsan? Axı "hərənin bir qiyməti var" sözlərinə qırmızı ürək qoymusan? Bu yalnız sualdır, təhqir etmək məqsədim yox...
Paylaşmanın müəllifi etirazımla razılaşıb, „İstisnalar var, doğrudur. Amma təəssüf ki, bizim cəmiyyətdəki istisnalar ümumi qaydanı pozmur“ dedi. Hə, pozmur, poza bilmir.
Belə isə, yəni hətta bizim pozulmuş, eybəcərləşmiş cəmiyyətdə də istisnalar varsa, "Alınıb satılmayan kimsə yoxdur" fikrinin yanlışlığı üzə çıxır - deməli, belə kimsələr var. Bu dediklərim həqiqəti tapmağa, aydınlaşdırmağa kömək edən sadəcə məntiqi mühakimədir.
"Hərənin sadəcə bir qiyməti var" fikrinin fakt deyil, sadəcə bir mühakimə, fərziyyə olduğunu demişəm, yanlışlığı aydındır. Deməli, elə adamlar var ki, onların qiyməti yoxdur, qiymətsizdirlər - onları pulla, sərvətlə, başqa maddiyyatla satın almaq mümkün deyil...
Bu həqiqət, eybəcərliklər, yerdəki qaranlıq çirkab içində çabalayaraq yuxarı baxan, göydə ulduz kimi parlayan gözəl həqiqət normal insani dəyərləri olan kəsi ruhlandırmaya bilməz. Şəxsən məni çox ruhlandırır, yaşamağa yeni güc, həvəs verir.
Məncə "satılmayan kimsə yox. Hərənin qiyməti var" yalnız köhnə və yanlış düşüncə deyil. Bu hakimiyyət kabinetlərində düşünülüb topluma yeni kimi ötürülmüş yeni ideoloji silahdır. Satılanların mövqeyini gücləndirmək, satılmayanlara qara yaxıb satılmaq istəyən, amma pulunu ala bilməyən luzerlər kimi göstərmək.
Əlbəttə, təəssüf, çox təəssüf ki, ki, bizim cəmiyyətdəki istisnalar ümumi qaydanı pozmur. Əslində bu söz tək Azərbaycan cəmiyyətinə aid olan həqiqət deyil, bütün dünyada satılan adamlar satılmayanlardan çoxdur, təbii. Sadəcə Azərbaycanda idarəetmə satılmaq, alqı-satqı üzərində qurulduğu üçün, mühit toksik, zəhərləndiyi üçün satılanların sayı, faizi çox artıb. Amma o da var ki, indiki ümumi qayda əbədi deyil, satılmayan adamların gücü çatsa, çox şey dəyişəcək, həyatımız yaxşılaşacaq, satılmağı, satılan adamların üfunətini güclü xəzri aparan kimi aparacaq…
Çingiz Sultansoy
Teref.az