"Musa Peyğəmbər kölə şüurundan çıxarmaq üçün soydaşlarını 40 il çöllərdə süründürdü..." hekayətinin yeni bir varinatı kəşf ediləcək kimi görünür

10-06-2023, 08:04           
"Musa Peyğəmbər kölə şüurundan çıxarmaq  üçün soydaşlarını 40 il çöllərdə süründürdü..."
İş elə gətirdi... son günlər bir neçə rus qadınla həmsöhbət oldum. Onlardan biri son otuz ili Amerikada yaşayan, əri amerikalı olan bir Bakılı idi. O biri Moskvada yaşayan, qaynanasının təbiri ilə desəm bir "kənd qızı" idi.
ABŞ-da yaşayan rus qadının fikirləri diqqətimi çəkdi. O, Putini qınayır və deyirdi:
- Axı sən nə istəyirsən Ukraynadan? Niyə dağıtdın o ölkəni? Sən dön, öz əhalinə bax, camaat it günündə yaşayır...
Biz bir xeyli bu mövzuda danışdıq. Dedim, dünyanın ən bədbəxt xalqıdı rus, kiçik istisna ilə zillət içində keçinir. Və bu dövlətin ayağı hara dəyirsə fəlakət gətirir o xalqa.
İlk dəfə bir rusun bu fikrimi təsdiqlədiyini, hətta qüvvət verdiyini gördüm. Ümunilikdə, rus şüuru şovinist yüklüdür...
Görünür, Kremlin təbliğat məngənəsindən uzaq düşmək, Amerika şüuru daşımaq da öz işini görüb.
Qonşumda da həmsöhbətim olan rus qadın var, tanışlar da var... gördüklərimin hamısı Putin fanlarıdı. Putinə "gözü üstdə qaşı var" demək olmur. O saat iş yetişir "şələni qoy, gəl dalaşaq" məsələsinə.
Ümumiyyətlə, Bakı rusu Putin heyranıdı.
Biz, Bakı rusunu, xüsusən rus qadınları küçələrdə pişiklərə yemək verən, humanist təbiətli, küçəyə zibil atmayan, dükan-bazarda növbəni pozmayan, qonşuluqda xoş keçinən... gördük, amma bir dəfə də onların Xocalı qətliamına, 20 yanvar qırğınına etiraz edən görmədik. Rus qadını Rusiyanın tökdüyü qanı -gənəldə- təqdir edir.
...Ertəsi gün bir başqa qadınla, Moskva rusu ilə bir arada olduq. Həyatsevər bir qadın idi, təbiətə, yeməklərə, havaya, suya... hər gördüyünə bayılırdı, dağlarda kəklik otu toplayır, uşaq kimi sevinirdi.
Yanaşı oturduq, uzun uzadı həyatı, təbiəti sevməyindən danışdı. Azərbaycanı behşt kimi gördüyünü dedi. Nifrətin nə qədər pis bir duyğu olduğunu deyib sözü müharibəyə gətirdi. Bir xalqın nifrət dolu olmasını pislədi. Əlbəttə, çox iri bir nitqlə... amma fikrini konkretləşdirmədi... o üzdən soruşmalı oldum:
- Siz bir Rusiya insanı olaraq necə düşünürsünüz, Ukraynada ictimai nifrət çoxdur, yoxsa Rusiyada...
Heyrətlə üzümə baxdı, yəni necə bilməzsən bu sualın cavabını...
- Əlbəttə, Ukraynada... Rusiyada nifrət deyə bir şey yoxdur, qətiyyən yoxdur. Ukrayna anaları gecə-gündüz bizim yeddi nəslimizə qarğış tökür. Amma bizim orada ölən əskərlərimizin anaları heç vaxt onlara nifrət yağdırmır...
Əlbəttə, bu qadın, indiyə qədər həmsöhbət olduğum - bircə istisna - rus qadınları kimi Putin yanlısı idi və bu sevda onu elə kor etmişdi ki, gözü yeri-göyü görmürdü...
Amma həssaslığı da vardı və görünür üzümdən bir şeylər oxuyurdu.
- Putin nə etsin? Öz ölkəsini qoruyur. Bu, Putinin borcudur, vəzifəsidir...
Mənim hər hansı bir etirazım başqasının evində deyişmə açmağa gətirə bilərdi. Yaxşı ki buna vaxt qalmadı, qızı onu yığışmağa çağırdı... uçuşlarına bir neçə saat qalırdı...
Həm də daşlaşmış şüura heç bir fikir təsir etməz. Belə insanlara nəsə demək mənasızdır. Həm də mənə bir yazıçı kimi insanın halı, əhvalı, mahiyyəti daha maraqlıdır... görmək, bilmək... mübahisə etməkdən yeydir...
Bəlkə də vaxt qalsaydı sözümü gülə-gülə deyərdim, bunu yaxşı bacarıram
Deyərdim:
-Putin dəyişə bilmədi, yeni düzəni anlamadı. Qonşu dövlətlərin boğazına son dörd əsrdə olduğu kimi bir daha caynaq atmaq istədi və Rusiyanı fəlakətə sürüklədi. Lap yaxşı! Bəlkə də rus işğalından qurtamağın, eləcə də rus xalqının öz dövlətinin ona gətirdiyi faciədən xilas olmasının yolu budu. Halbuki hər xalqın süverenlik haqqını tanıyıb Avropa Birliyi kimi bir ittifaq qura bilərdi.
Lakin... bu, mümkün deyil, olmayacaq. Rus şüuru, insanlıqdan, analıqdan çıxıb fana çevrilmiş bu şüur rusa nicat yolunu göstərə bilməz. Çarə yalnız məğlubiyyətdədir. Rusların özünü belə indiki rus federasiyasının - Rusiyanın məğlubiyyəti xilas edəcək. Hərcənd federasiya deyilən bir şey yoxdur, olmayıb. Rusun bərabər hüquqlu münasibət kültürü yoxdur. Rus şüuru uzun yüz illərdir qapazlamaq və yağmalamaq formatına düşüb və o formatdan çıxmaq yolu axtarmır. Çarə tarixin və zamanın rus şüuruna atacağı yeni formata qalıb.
Belə... demək, rus qadının fanlıqdan çıxıb adam kimi, qadın kimi, ana kimi düşünə bilməsi üçün Amerikada 30 il yaşaması lazımdı.
"Musa Peyğəmbər kölə şüurundan çıxarmaq üçün soydaşlarını 40 il çöllərdə süründürdü..." hekayətinin yeni bir varinatı kəşf ediləcək kimi görünür
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.