50-70-CI İLLƏRDƏ DOĞULANLAR SONUNCU MOGİKANLAR... ÖZƏL NƏSİL...

21-08-2023, 08:04           
50-70-CI İLLƏRDƏ DOĞULANLAR SONUNCU MOGİKANLAR... ÖZƏL NƏSİL...
Yoxluqda yetişmiş bir nəsli təsəvvür edirsinizmi? 1950- 1970-ci illər arasında doğulan, ən gəncinin 50, ən yaşlısının 70 yaşı olan, hələ də 18 – 20 yaşdakı kimi düşünən, yaşayan, davranan və hələ də ideallarla yaşayan bir nəsil. Doğulanda heç birinin altına pampers bağlanmayıb. Çitdən-bezdən paltar geyinən, ayağında rezin qaloş olan bir nəsil. Heç birinin rəngli şəkli olmayıb uşaqlığında. Hətta ağ-qara da olsa çoxunun uşaqlıq şəkli də yoxdu. Bəlkə şəhərdə yaşayanların olub, amma ucqar kəndlərdə doğulanların 50-70-ci illərlə bağlı şəkillərdən boylanan xatirələri yoxdu. Adi orta məktəblərdə təhsil alıblar. Uşaq bağçası, hazırlıq kursları nədi bilməyiblər, özəl məktəblərdə oxumayıblar. Ən uzaq getdikləri yer Moskva, xaricdə təhsil deyə oxuduqları məktəblər də Rusiyanın ayrı-ayrı şəhərlərindəki institutlar, universitetlər olub. Amma hamısı bu gün ən yüksək dərəcəli alimlərə dərs verə biləcək qədər savadlı, elmlidirlər.
50-70-ci illərdə doğulanlar ikinci dünya müharibəsindən sonra SSRİ-də tüğyan edən aclığı, yoxsulluğu görüblər. 80-ci illərin əvvəlindəki talon sistemi ilə yaşayan, amma bütün əzablardan sağ-salamat çıxan, hər işgəncəyə dözən, hər əzaba sinə gərən, amma “uf” deməyən bir nəsildi. 90-cı illər inqilabının, yanvar faciəsinin şahidləri, xalq hərəkatının iştirakçıları, qaçqın, köçkün taleyinin daşıyıcıları olan bir nəsil. 50 -70-ci illərin ipə-sara yatmayan, bəzən hər şeyə asi çıxan, dəli-dolu, döyüşkən ruhlu bu nəsli təsəvvür edirsinizmi? Bu nəsil istisnasız, qarşılıqsız Aərbaycanı sevmiş,ana dilini qorumuş, vətən torpaqlarını əkib-becərmişlərdir. Bu nəsil çox kitab oxuyan, elmin dərinliklərinə baş vurmaqdan çəkinməyən, istədiyini əldə etmək üçün inad edən, SSRİ-nin ən yüksək ali məktəblərində pulsuz təhsil alan, ən azı, texnikum oxuyan, bu da olmasa peşə məktəblərində sənət öyrənən, həyat universitetinin qırmızı diplomunu, qızıl medalını alanlardı.
Bu nəsil işsiz olmayıb, boş-avara gəzməyib, ailəsinə, çevrəsinə asi çıxmayıb. Nə qədər əzilsələr də əzik olmayıblar, dik durublar hər zaman. Hər zaman vəzifəsinin məsuliyyətini anlayan, onurunu, qürurunu qoruyan, şəxsyyətini alçaltmayan, kimsəyə baş əyməyən, pul üçün televiziyalara çıxıb əl açmayanlardı bu nəsil.
Bu insanlara yaxşı baxın. Bunlar sonuncu mogikanlardı. 50-70-ci illərdə doğulanlar özəl nəsildi. Nədən özəldi? Bunların üzərindən dünyanın ən qara buludları keçib, dünyanın bütün neqativləri çiyinlərinə hopub, pandemiya adlı mikrobla savaşdan salamat çıxan bir nəsildi. Bu nəsil polad biləkli, dəmir yumruqludur, amma genişqəlbli, səxavətli, humanist, xeyirxahdırlar. Zahirən yumşaq görünsələr də bəzən endiyi yeri dağıdan bu özəl nəslin qəzəbindən qorunmağı da unutmayın. Onlara yaxşı baxın, tükənmək üzrədirlər, görəvləri artıq sona çatmaqdadır.
Bu nəsil hər zaman cibində, çantasında pul əvəzinə dərman gəzdirən, dərmanla yaşayan, həkimlərlə dostlaşanlardı. Həyat bu nəsli bir ömür sınadı, amma tamamilə sonuna çıxa bilmədi. Xəyanətin acısını, canını verməyə hazır olduğu dost xəncərinin sancısını gördü , əlindəki son tikəni paylaşdı 50-70-ci illərdə doğuılanlar. Onların ən böyük sərvəti yaşarkən öyrəndikləri bilgi və əldə etdikləri təcrübədir.
50-70-ci illərdə doğulanlar tam bir muzey eksponatıdır, özü də ən dəyərli əntiq eksponatlar. Hələ də bu acı həyatın inadına yaşayan bu nəsil əlinizdəki ən son xəzinədir. Onların qədrini bilin, onlarla danışın, vaxt keçirin, öyrənin, təcrübə toplayın. Onlar yaxın tarixin canlı əfsanələridir, tarix kitablarıdırlar.
Bu nəsli candan sevin.
Züleyxa Nadir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.