Jukovun üstünə tapança çəkən general – Marşalın həddini aşmasına Stalin də, Xruşov da dözməyib.
16-10-2023, 11:28
Ən yeni tarix. Maraqlı faktlar.
Müşavirə başlanandan 15-20 dəqiqə sonra o, ayağa qalxaraq üzünü Georgi Jukova tutub:
- Yoldaş marşal, mən sizdən tələb edirəm, ifadələrinizdən ana söyüşünü və təhqirləri yığışdırın...
General-leytenant Boris Blaqoslavovun gözlənilməyən bu cür sərt müraciəti Jukovun qəzəbinə səbəb olub. Marşal ayağa qalxaraq üstündəki tapançanı çıxarıb və generala tuşlayıb. General da çox soyuqqanlıqla öz silahını çıxarıb:
- Nə durmusuz, atəş açın. Buna cürətiniz çatarmı, Georgi Kanstantinoviç.
Jukov tapançasını stolun üstünə qoyub və səsinin tonunu aşağı salaraq Blaqoslavovn hədələyib:
- Bu sözləri tribunalda təkrar edərsiniz, əgər cürətiniz çatsa. İndi isə müşavirəni tərk edin.
Bu hadisə 1944-cü ildə, general Vatutinin həlak olmasından sonra Jukovun müvəqqəti olaraq Ukrayna cəbhəsinə komandan təyin olduğu ilk gün baş verib. Həmin gün Jukov komandirləri müşavirəyə toplayıb, onlardan cəbhədəki vəziyyətlə bağlı yazılı məruzələr tələb edib. Məruzələr hazır olduqdan sonra Jukov onların üstünə dərkənarlar qoyub: “Tribunala verilsin”, “həbs edilsin”, “rütbəsi aşağı salınsın” və s. Bununla yanaşı, məruzələrə dərkənar qoya-qoya Jukov komandirlərin ünvanına ana söyüşləri, təhqirlər yağdırıb. Buna dözməyən Ukrayna cəbhəsinin mühəndis qoşunlarının komandanı Boris Blaqoslavov marşalın qarşısında susmayıb.
Jukovun sovet hərb sahəsində, müharibədə, qələbənin təmin edilməsində xidmətləri danılmaz faktdır. Marşalla bağlı çoxsaylı kitablar yazılıb, filmlər çəkilib. Bu əsərlərdə onun yüksək sərkərdəlik bacarığı, peşəkarlığı ən kiçik detallarına qədər açıqlanıb. Əslində bu məsələdə də pafoslardan səxavətlə istifadə edilib. Belə ki, Konstantin Rokossovski, İvan Konyev, Aleksandr Vasilevski və digər marşalların müharibədəki xidmətləri heç də Jukovdan az olmayıb. Xüsusilə də marşal Vasilevskinin alman faşizmi üzərində qələbənin təmin olunmasında xidmətləri bəlkə də Jukovun xidmətlərindən qat-qat çox olub. Amma onlar heç vaxt Jukov kimi özlərini reklam və təbliğ etməyiblər.
Jukova yağdırılan təriflərlə yanaşı, onu istər mətbuatda, istərsə də mötəbər tədbirlərdə sərt tənqid edənlər də olub. Bəzi hərbi araşdırmaçıların və tarixçilərin qənaətinə görə, Jukov son dərəcə kariyerist, şöhrətpərəst, yüksək vəzifələrə iddialı, hətta hərbdən siyasətə transfer etməyi planlaşdıran bir adam olub. O, özünü həmişə “məhdudiyyətsiz səlahiyyətli” şəxs sayıb. “Mənəm-mənəmlik” Jukovda pik həddə çatıb və eqosunu təmin etmək üçün marşal tabeliyində olan zabitlərə əl qaldırmaqdan, döyüş meydanında güllələməkdən də çəkinməyib.
Jukovun hədsiz dərəcədə kobud, qaba olması özünü təkcə tabeliyində olan hərbçlərə münasibətdə göstərməyib. Marşal zaman-zaçman öz həmrütbəlilərinə də, marşal İvan Konyevə və marşal Andrey Yeremenkoya da əl qaldırmağa cürət edib.
Jukov siyasi müstəvidə də ötkəmlik nümayiş etdirib. Sözsüz ki, Stalinin hakimiyyəti dövründə bu cür iddialı olmaqla marşal özü özünə quyu qazıb. Stalin marşalı bir ifadə ilə “zərərsizləşdirib”:
“Bütün rus sərkərdələrinin xarakterində sadəlik və səmimiyyət olub. Siz isə bundan məhrumsunuz. Bizim Napoleona ehtiyacımız yoxdur...”
Napoleonun qazandığı hərbi qələbələrdən sonra iştahlanıb siyasi hakimiyyəti ələ keçirdiyini nəzərdə tutan Stalinin bu ifadəsi ilə Jukov 1948-ci ildə mərkəzdən kənarlaşdırılıb.
Bu hadisə də Jukovun özünə vurğunluğunu məhdudlaşdırmayıb. Xruşovun hakimiyyəti dövründə müdafiə naziri təyin edilən Jukov yenidən böyük iddialarla yaşayıb. 1957-ci il plenumunda Xruşovu devirmək istəyəndə Jukov öz mənəmliyini yenidən və daha sərt biruzə verib. Həmin plenumda o, tribunaya qalxaraq fikirlərini belə bildirib:
- Mənim icazəm olmadan şəhərə heç bir ordu və heç bir tank yeridilə bilməz.
Marşal bunu Xruşovun müdafiəsi üçün deyib. Amma Xruşov da ağılsız adam olmayıb. Jukovun bu ifadəsi ondan xəbər verib ki, marşal istədiyi vaxt ordunu şəhərə yeridərək istədiyi siyasi prosesi həyata keçirə bilər. Amma onu da qeyd edək ki, ordunun şəhərə yeridilməsi, hər hansı bir siyasi prosesə cəlb edilməsi təkcə müdafiə nazirindən asılı deyil və tək onun səlahiyyəti daxilində də deyil. Bu ifadədən sonra Xruşov yaxşı anlayıb ki, Jukovu nazir postunda saxlamaq ən böyük təhlükədir.
Jukovun iddialarını ilhamlandıran bir amil də amerikalı həmkarı Duayt Eyzenhauerin ABŞ prezidenti seçilməsi olub. Jukov yəqin ki, bu faktı da dəfələrlə götür-qoy edib: “Mənim müharibədəki xidmətlərim heç də Eyzenhauerdən az olmayıb. Əgər belədirsə mən niyə dövlət başçısı olmamalıyam?”
Marşal bu düşüncələrdə bir amili unudub, qətiyyətli Stalin, hiyləgər Xruşov amilini.
Bununla da Jukov öz mənəmliyi, iddiaları ilə zaman-zaman müharibədəki xidmətlərinə kölgə salıb. Amma buna baxmayaraq, sovet təbliğatçılarının şişirtdiyi marşal kütlələr tərəfindən seçilib, sevilib və böyük nüfuza sahib olub.
Marşal 1944-cü ildə onun üstünə tapança çəkən generalı da sonralar bağışlayıb...
İlham Cəmiloğlu.
Teref.az