24 saat ərzində 3 min nəfərin yandırıldığı düşərgə - Klooqada bir il müddətində on minlərlə insan məhv edilib...

17-10-2023, 12:16           
24 saat ərzində 3 min nəfərin yandırıldığı düşərgə -
Ən yeni tarix. Maraqlı faktlar...
Ərazisinə görə (45227 kvadrat kilometr) dünya ölkələri arasında 129-cu pillədə qərarlaşan Estoniya İkinci Dünya müharibəsi zamanı SSRİ-nin ilk işğal olunan respublikalarından biri olub. 1941-ci ilin sentyabrında Almaniya qoşunları tərəfindən işğal olunan respublika üç il, 1944-cü ilin sentyabr ayına qədər Vermaxt qoşunlarının nəzarəti altında saxlanılıb. Müharibə illərində çox da böyük ərazilərə malik olmayan Estoniya daha çox nasist Almaniyasının əsir düşərgəsini xatırladıb. Belə ki, respublikanın ərazisində almanların 20-dən artıq əsir düşərgəsi fəaliyyət göstərib. Bu düşərgələrin arasında Klooqa əsir düşərgəsi xüsusi yer tutub. Hərbi əsirlər üçün nəzərdə tutulmuş bu düşərgədə daha çox dinc mülki əhali saxlanılıb.
Klooqa düşərgəsi almanlar tərəfindən 1943-cü ilin yayında Tallin şəhərindən 38 kilometr aralıda Klooqa qəsəbəsinin ərazisində salınıb və bu düşərgə Estoniyada yaradılmış 20-ci düşərgə olub. Düşərgənin ərazisinin böyük olması üçün böyük bir meşə massivi məhv edilib.
Klooqa düşərgəsində əsasən yəhudi, rus və polşalı əsir və girovlar saxlanılıb. Cəmisi bir il fəaliyyət göstərən düşərgədə on minlərlə insan məhv edilib.

Düşərgədə saxlanılanlardan işçi qüvvəsi kimi istifadə edilib. Digər düşərgələrdən fərqli olaraq Klooqada iş saatı 12-16 saat deyil, 20 saat müəyyənləşib. İş planını yerinə yetirə bilməyənlər isə elə yerindəcə güllələnib. Yuxu üçün verilən 4 saat isə kamera nəzarətçilərinin “əhvalına uyğun” işgəncələrlə keçib.
Klooqada daxili rejim qaydaları heç bir qanunla tənzimlənməyib. Hər bir nəzarətçinin öz iş prinsipi, öz cəza metodları olub.
Düşərgədə saxlanılan qadınlara uşaq dünyaya gətirmək qəti şəkildə qadağan edilib. Hamilə vəziyyətdə düşərgəyə gətirilən qadınların bətnindəki uşaqlar xüsusi kimyəvi maddələrlə və fiziki yolla məhv edilib. Bir illik fəaliyyəti dövründə Klooqada cəmisi 3 uşaq dünyaya gəlib. Ratner adlı məhbus sonralar öz müsahibələrində həmin uşaqların taleyi ilə bağlı dəhşətli açıqlamalar verib:
“1944-cü ilin fevralında düşərgədə iki uşaq anadan olmuşdu. Sözsüz ki, onları nəzarətçilərdən gizlətmək mümkün deyildi. Düşərgə rəhbərliyi bundan xəbər tutanda görünməmiş bir vəhşiliyə əl atdılar. Onlar hamının gözü qarşısında hər iki körpəni yanan sobanın içərisinə tulladılar. Həmin ilin may ayında isə düşərgədə üçüncü uşaq doğuldu. Onu isə düşərgənin ən qəddar nəzarətçisi Brats anasının gözü qarşısında boğub öldürdü...”
Klooqada sanitar-həkim kimi işləyən Qent isə düşərgədən şəxsi sınaq laboratoriyası kimi istifadə edib. O, bir il ərzində 86 nəfəri öz sınaqlarının qurbanına çevirib, sərxoş və qəzəbli olanda isə 27 nəfəri diri-diri baltalayaraq qətlə yetirib. İnsanlığa qarşı törətdiyi bu cinayətlərə görə Qent Nürnberq məhkəməsində ən ağır cəzaya, güllələnməyə məhkum edilib.
Klooqa düşərgəsində iş qabiliyyətini itirənlər, işləməyə gücü olmayanlar bir gündən də artıq saxlanılmayıb. Onlar düşərgədə ayrılmış xüsusi ərazidə güllələniblər. Nəzarətçilər öz işlərini “yüngülləşdirmək” üçün əvvəlcə onları qəsəbə yaxınlığındakı dəmiryolu stansiyasına aparıblar. Onlara yük qatarları ilə gətirilmiş odunlardan bir neçəsini daşımaq əmr edilib. Odunlarla geri qayıdan məhbuslar cəza meydançasında güllələndikdən sonra nəzarətçilər ölmüş məhbusların əllərindəki odunları yandırıblar.
Düşərgədə qadın və uşaqlara qarşı daha amansız münasibət göstərilib. Qadınların zorlanması, uşaqlara işgəncə verilməsi nəzarətçilər üçün adi hala çevrilib.
Klooqada daha çox işgəncə verənlər, daha amansız olanlar 3-cü Reyx rəhbərləri tərəfindən mükafatlandırılıb, vəzifə rütbələri artırılıb. Məsələn, bir yumruğu ilə yeniyetmə məhbusun həyatına son qoyan sıravi nəzarətçi Şvarts bu xidmətinə görə Estoniyada fəaliyyət göstərən digər əsir düşərgəsinə rəis təyin edilib.
Klooqa düşərgəsində gündəlik olaraq işgəncə saatları keçirilib. Bu tədbiri adətən işdən sonrakı vaxta salıblar. Belə ki, məhbuslar düşərgənin həyətində quraşdırılmış xüsusi qurğuya salınıb ki, qurğu heç kimin müdaxiləsi olmadan dəmir parçası ilə cəzaya məhkum olunana zərbələr endirib. Məhbuslardan zərbələr dəydikcə onların sayını yüksək səslə səsləndirmək tələb olunub. Kim huşunu itiribsə, onu buzlu su ilə ayıldaraq zərbələrin sayını sıfırlayaraq yenidən başlayıblar.

Heç bir nizam-intizam qaydalarına əməl etməyən düşərgə əməkdaşlarının gecə fəaliyyətləri daha qəddar və amansız olub. Sərxoş olan nəzarətçilər məhbusları hədəf seçərək kimin neçə metrdən daha sərrast atəş açmasını sınaqdan keçiriblər.
Düşərgədə saxlanılan Luiz Berç sonralar nəzarətçilərin “gecə əyləncələri” haqqında aşağıdakıları yazıb:
“Yatmağa cəmisi dörd saat vaxt verilirdi. Yaşamaq üçün bu da bəs idi. Amma bu dörd saat ərzində də məhbusları rahat buraxmırdılar. Gecə növbəsində olan nəzarətçiləri ayıq görmək mümkün deyildi. İçib kameralara girirdilər. Kimi istəyirdilərsə, onu da seçib aparırdılar. Dəmir barmaqlıqlar arasından dəhlizdə baş verənləri görürdük. Nəzarətçilərin arasında mübahisə düşürdü. Onlar hədəfi uzaqdan vurmaq uğrunda yarış keçirirdilər. Hədəf isə çölə çıxarılan məhbus olurdu. Müqavimət göstərəndə isə seçilmiş məhbus rahat ölümdən də məhrum edilirdi, diri-diri yanan sobaya atılırdı...”
Klooqa düşərgəsinin fəaliyyətinə 1944-cü ilin sentyabrında son qoyulub. Sovet qoşunları əraziyə yaxınlaşanda Berlindən düşərgədə olan məhbusların hamısının məhv edilməsi əmri gəlib. Bir günün içərisində 3 mindən artıq insan güllələnərək yandırılıb. Digər məhbuslar isə başqa düşərgələrə aparılıb.
Müharibədən sonra Klooqa düşərgəsinin ərazisində muzey və xatirə kompleksi yaradılıb. Hər il bu muzeyi minlərlə insan ziyarət edir və alman faşistlərinin insanlığa qarşı cinayətlərinin bir daha şahidi olur.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.