Qacarlar dövlətində ikili ideoloji mübarizə: Turançılıq və Ariyançılıq

20-10-2023, 10:38           
Qacarlar dövlətində ikili ideoloji mübarizə:
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Əli bəy Turaninin Turançılq məfkurəsi Azərbaycan türkləri arasında geniş əks-səda doğurmuşdur. Belə ki, Əhməd bəy Ağaoğlu, Əbdülxaliq Cənnəti, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Yusif Ziya Talıbzadə, Əlabbas Müznib, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Ümgülsüm, Məmməd Həsən Vəliyev, Məhəmməd Əmin Rəsulzadə və başqaları birmənalı şəkildə Turançılıq məfkurəsindən çıxış ediblər.
Ə.Hüseynzadənin turançılıq ideyalarından təsirlənən M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Cənnəti, Y.Talıbzadə, M.Hadi, H.Cavid və başqaları məqalə və şeirlərində artıq istər tarixi-coğrafi, istərsə də etnik anlamdakı “Azərbaycan”ı az da olsa, Türklüklə, Turanlılqla bir bütün kimi görməyə başlamışlar. Məsələn, Əbdülxaliq Cənnəti məhz həmin hisslərin altında Hüseynzadənin “Füyuzat” jurnalında (1907, 7 avqust) nəşr olunan “Fəxriyyə” şeirində yazırdı:
Hərçənd düçari-mühəni-əhli-cəfayız,
Hərçənd bu əyyamdə pabəndi-bəlayiz,
Ey xar görən bizləri, bizlər nücəbayız,
Meydani-həmiyyətdə ələmdari-vəfayiz.
Turanlılarız, sahibi-şənü şərəfiz biz!
Əslafımızın nayibi xeyrül-xələfiz biz! (51).
M.Ə.Sabir isə “Molla Nəsrəddin” jurnalında (1907-ci il, 26 avqust) nəşr olunan eyni adlı şeirində Cənnətiyə cavab kimi satirik şəkildə də olsa, açıq-aşkar türklərin rusçuluq, iranlılıq və osmanlılıq, sünnilik və şiəlik təəssübkeşliyini tənqid edərək Turan, Türklük üçün mücadilə verməyə çağırırdı. Əsrlər boyu müxtəlif dini, qeyri-dini inanclara görə bir-birinə düşmən kəsilən, həmin inanclar uğrunda savaşan türklərin (Şah İsmayılla Sultan Səlim, Çingiz xanla Məhəmməd Şah Xarəzm, Cahan şahla Uzun Həsən, Əmir Teymurla İldırım Bəyazid və başqaları kimi) Türklüklə Turanlılığı bir kənara qoyub çar Rusiyasında rusçuluq, Türkiyədə “osmanlılıq”, Qacarlarda “iranlılıq” üçün mücadilə verməsini Sabir belə tənqid edirdi:
İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya,
Bir qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki, qızışdı olarıq məhv sərapa…
Onsuz da əgərçənd ki, yeksər tələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz! (150, s.124).
Turan düşüncəli Hüseyn Cavid üçün də Çingiz xan, Əmir Teymur və başqa türk hökmdarları türk tarixinin ən şanlı qəhrəmanlarıdır. Onun fikrincə avropalılar İskəndərləri, Napoleonları və başqa həmyerlilərini böyük sərkərdə adlandırıb heykəllər ucaltdıqları halda, türklərin öz qəhrəmanlarına qan içən, zalım, canavar kimi isimlər verib ləkələmələri haqsızlıqdır (50, s.70). Eyni zamanda, o, türklərin həmişə törələrinə sahib çıxmalarını və milli şərəflərini uca tutmalarını, xüsusilə qeyd etmişdir: «Bir zamanlar şərəfli Turanın, O cihani ğəyuri qavğanın, Qəhrəman, bərguzidə evladı, Türklərin adlı-şanlı əcdadı, Saldırıb titrədirdi yer yüzünü, Hökm edər, dinlətirdi hər sözünü» (49, s.52). Vaxtilə türklərin mərhəməti sayəsində canını qurtaran millətlərin indi türkə qənim kəsilməsini tarixin acı istehzası adlandıran Cavidin fikrincə, artıq türklər zamanın dəyişməsini görməli, oyanmalı, özünü tanımalı və yüksəlməlidir. «Qoca bir türkün vəsiyyəti» şeirində də Cavid qeyd edirdi ki, ilk vəzifəmiz Türk millətinin şanlı tarixini, mədəniyyətini və mənəviyyatını öyrənmək olmalıdır. Yəni ilk növbədə, milli mənsubiyyətimizi tanımalı və türk olmağımızla fəxr etməliyik: «Bir millətin tarixidir kökü, yurdu, yuvası, Tarixiniz baş ucundan hərgiz əksik olmasın. «Altay» dağı, «Makan» çölü, «Yasın» ovası, Birər aydın səhifədir, hər türk gərək anlasın» (49, s.128).
Əhməd Cavad da şeirlərində həm turançılığı, həm də onun müstəqil bir qolu olan Azərbaycan türkçülyünü təbliğ etmişdi. Onun turançılığı «Çırpınırdın Qara dəniz» şeirində daha aydın şəkildə ifadə olunmuşdu (48, s.140). Həmin dövrdə Türk aydını Əlabbas Müznib isə “Türk tarixi” kitabında türk, tatar və moğolları Turanlı ruslar, farslar, hindlilər, ermənilər-hayları isə Ariyalı adlandırmışdır. Turan və Turanlı anlayışlarını daha çox Azərbaycana, Qafqaza bağlayan Müznibin də Turançılıq məfkurəsinə sahibləndiyini görürük (122, s.115). Y.V.Çəmənzəminli isə “Qızlar bulağı” tarixi romanında əkinçi aryanlarla köçəri turanlılardan ya da iskitlərdən bəhs etmişdir (54a, s.354).
XX əsrin başlarında Əli bəy Turani “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində daha çox mübahisə doğurmayan Türk-Turan mədəniyyətlərindən söz açdığı halda, Rəsulzadə artıq o zamandan Avropada Hind-Avropa və Türk-Turan mədəniyyəti baxımından mübahisəli olan Şumerlər və Midiya məsələsinə də toxunmuşdur. Çünki Rəsulzadə anlayırdı ki, Turan mədəniyyətinin varlığı yalnız Avropa mərkəzçilərin uydurduğu “Ural-Altay”, ya da Orta Asiya (Türkistanda) coğrafiyasıyla deyil, eyni zamanda Ön və Mərkəzi Asiyayla (Qafqaz, Azərbaycan və İkiçayarası) bağlıdır. Deməli, Turan sivilizasiyasının mahiyyətini ortaya qoyacaq əsas düyünlərdən biri Sumer, digəri Midiya-Azərbaycan mədəniyyətidir.
Bizcə, Rəsulzadə də Türklük və Turanla bağlı “Azərbaycan” milli ideyası 1-ci Dünya müharibəsi dövründə (1914-1918) meydana çıxmışdır. Belə ki, 1-ci Dünya müharibəsi nəticəsində yeni milliyyətlərin ortaya çıxacağına inanan Rəsulzadə təmsil olunduğu cəmiyyəti əvvəlcə Türk milliyyətçiliyi ya da Qafqaz Türk milliyyətçiliyi, Qafqaz türkləri kimi qələmə versə də, daha sonra Azərbaycan Türk milliyətçiliyi, Azərbaycan türkləri anlayışları üzərində dayanmışdır. Rəsulzadənin dünyagörüşündə “Azərbaycan” milli ideyasının formalaşmasında isə Türkçülük və Turançılıq ideyaları mühüm rol oynamışdır ki, onların hər birinin, yənu Azərbaycanla Türkçülüyün, Azərbaycanla Turançılığın ayrı ayrılıqda ələ alınmasını məqsədə uyğun görürük
“Tarixi-coğrafi Azərbaycan”ın Türkçülüklə bağlı olması fikrini M.Ə.Rəsulzadə ilk dəfə qismən 1916-cı ilin martından “Açıq söz” qəzetində qələmə aldığı “Məktəb və mədrəsə” silsilə yazılarında, əsasən də həmin ilin oktyabrında yazdığı “Nə Qafqasiya, nə də İran” məqalələrində ifadə etmişdir. O, həmin məqalələrində yazırdı ki, Qafqaz türklərinin özlərini “qafqasiyalı”, “Qafqaz türkü” adlandırıb da Azərbaycanı iki hissəyə bölən Araz çayının o biri tayında yaşayan türklərə “iranlı” kimi yuxarıdan aşağı bir nəzərlə baxmaq ruhumuza sirayət etmiş bir xəstəlikdir (137, s.536-537). Qeyd edək ki, burada adıçəkilən məqalələrinə qədər Rəsulzadə özü də əsasən “Qafqaz türkləri” (137, s. 284, 311, 363, 367, 530), “Qafqaz müsəlmanları” (137, s. 247, 363, 367), “İran türkləri”, “İran Azərbaycanı” kəlimələrindən istifadə etmişdir. Yalnız 1916-cı ilin başlarından etibarən həmin anlayışlarla yanaşı “Azərbaycan türkləri”, “Azərbaycan müsəlmanları” (137, s. 298, 301, 386, 387), “Azərbaycan türkcəsi” (137, s.242) kəlimlərindən də istifadə edən Rəsulzadə “Məktəb və mədrəsə” məqaləsində yazırdı ki, əqrabalıq, dil və ədəbiyyat baxımından “İran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında fərq heç yoxdur” (137, s.438). “Nə Qafqasiya, nə də İran” məqaləsində isə o, açıq şəkildə Şimali Azərbaycanda ya da Qafqazda yaşayan türklərin özlərini Qacarların Azərbaycan əyaləatində yaşayan türklərdən ayrı müstəqil bir etnoqrafik vücud kimi görüb “Qafqaz türkü” adlandırmasını yanlışlıq hesab etmişdir. Türk şöbələri arasında “Qafqaz türkü” ismiylə tanınan etnoqrafik şöbə yoxdur, deyən Rəsulzadə yazırdı: “Azərbaycan türkü, Azərbaycan şivəsi, Azərbaycan ədəbiyyatı var. Ola da bilər. Fəqət Qafqasiya türkcəsi və Qafqasiya türkü olamaz. Bu gün nə “Xosrov Pərvizi” yazan Mirzə Abdullah iranlı, nə də Kazımoğlu qafqasiyaladır. Onların ikisi də azərbaycanlılardır. Birincisinin əsəri, ikincisinin də mütaliəsi nə iranca yazılmış, nə də qafqazca. İkisi də türkcə yazılmışlar. Biz, özümüzü qafqasiyalı sananlar bu həqiqəti bir kərə bilməli və anlamalıyız ki, yurdumuzda mühacir və mehman sifətilə yaşayan “iran”lılar, az bir istisna ilə İran Azərbaycanından gəlmiş iranlılardır. Onların dili də, məişəti də, adət və əxlaqları da bizimkinin eynidir. Başqa dürlü olamaz da. Çünki hamımız bir kütləninn (Azərbaycan Türkünün) parçası, bir məcmuin hissəsiyiz, xəlq təbrincə, “hamımız bir bezin qırağıyız”, Araz çayının qismən bu, qismən də o tərəfində bulunan türklər, bir kərə bilməlidir ki, nə iranlı, nə də qafqasiyalı bəlkə: azərbaycanlılardır” (137, s.537).
Gördüyümüz kimi, Rəsulzadə “Azərbaycan” milli ideyasını hər şeydən öncə Qafqaz türkləri ilə “İran” türklərini birləşdirən, onların biri-birindən ayrı deyil vahid ulus olması anlamında gündəmə gətirmişdir. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü “Azərbaycan” ideyasının əsasını Dərbəndən Kəngər korfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənənyə, əxlaqa, məişətə, dilə, ədəbiyyata sahib olan türklərin vahidliyi, bütünlüyü təşkil etmişdir. Bu mənada Rəsulzadə yazılarında artıq “Azərbaycan türkləri” (138, s.150), “Azərbaycan muxtariyyəti” (138, s.204, 388) anlayışlarına geniş yer verir, türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasını müdafiə edirdi (138, s.186). 1917-ci ilin mayında Moskvada keçirilən Birinci Rusiya müsəlmanları qurultayında digər türk xalqlarıyla yanaşı “Azərbaycan muxtariyəti” ideyasını da irəli sürən Rəsulzadə artıq həmin ilin sonunda “Azərbaycan muxtariyyəti haman bir əmri-vaqe halını almaldır”- deyə (138, s.408), fikrini açıq şəkildə ifadə etmişidr. Bizcə, “Azərbaycan muxtariyyəti” ideyasını ortaya atan Rəsulzadə, bununla da yeni bir Türk dövlətinin adının bəlirlənməsi yolunda ciddi zəmin hazırlamış, eyni zamanda “Qafqaz” türkləriylə “İran” türklərinin ortaq gerçək adını da dəqiqləşdirmişdir: Azərbaycan türklüyü!!!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.