“Müşfiqlə Dilbərin Yalçın adını verdikləri oğlu 8 ayında dünyasını dəyişib” - ANIM...
6-01-2024, 19:46
“Anam sağ olanda Müşfiqlə bağlı təşkil olunan hər tədbirə, hər təqdimata o gedirdi. İndi də mən və qardaşım Vahab gedirik. Biz Müşfiqin varisləriyik. Biz 4 bacı, iki qardaş olmuşuq. Bir qardaşım 20 yanvarda şəhid olub. Elə vaxt olub ki, biz həmin tədbirlərdə ola-ola qeyd ediblər ki, Müşfiqin heç kimi yoxdur. Bu söz mənə çox təsir edib. Sonra mənə söz veriblər ki, danış. Mən də etiraz etmişəm ki, Müşfiqin heç kimi yoxdur deyirsən, sonra da mənə mikrofon uzadırsan?! Xoşuma gəlməyib. 110 illiyində bizi dəvət etmişdilər. Bizi Müşfiqsevərlər rəsmi varis kimi tanıyır, başqa heç kim. Müşfiqin bacısı Balacaxanım xala məni övladlığa götürmək istəyirdi. Dəfələrlə yanında qalmışam. O mənimlə atamın qucağında can verib. Bizim ata mülklərimiz var, amma təəssüf ki, onları əldə edə bilmirik”
Bunu Moderator.az-a açıqlamasında sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunis Dağlının qızı Reyhanə İsmayılzadə deyib. O daha sonra bu gün Müşfiqin ölümündən 86 ilin ötdüyünü bildirib.
“Nə xoş ki, 86 il keçməsinə baxmayaraq hər il Müşfiq yüzlərlə, minlərlə insan tərəfindən yad edilir. Mikayıl Müşfiqin ailə üzvü olmaq çox qürurverici bir hisdir. Mən bütün çıxışlarımda, söhbətlərimdə, müsahibələrimdə demişəm ki, Müşfiq təkcə bizim qohumumuz, bizim nəslin övladı yox, bütün xalqın övladıdır. Çünki 29 il ömür yaşayaraq milyonlarla insanın sevgisinə yol tapmaq hər bir insana nəsib olmur. Bu gün çox fəxrlə deyə bilərəm ki, Müşfiq yaradıcılığı unudulmayıb, o hər zaman Müşfiqsevərlər tərəfindən qorunub və gələcək nəsillərə ötürülüb. Mən inanıram ki, bu proses hələ yüzillərlə bu formada davam edəcək. Müşfiqin məzarı olmasa da, öz həyatını xalqın uğrunda qurban verdiyi üçün onun məzarı xalqın ürəyindədir” deyə Müşfiqin qohumu bildirib.
Şairin qohumu həmçinin Mikayıl Müşfiqin doğulduğu Dağlı məhəlləsi, 2-ci Sovet küçəsi, 6 saylı evin yerində qoyulan xatirə lövhəsinə də münasibət bildirib.
“Mikayıl Müşfiqin həmin mənzildə yaşadığı illər və atasının adı səhvdir. Vurulan şəkildən isə söz açmaq istəmirəm. Xalqın sevimli şairi haqqında səhv məlumatlandırma heç də doğru deyi. Minlərlə Müşfiqsevər Müşfiqin yaradıcılığı üçün təbliğat aparır, ona bu şəkildə yanlış məlumatlarla dolu olan xatirə lövhəsini qoyanlar isə bu əziyyətləri puç edir. Atasının adı Mirzə Əbdülqədir olduğu halda orada Qadir yazılıb. Lövhədə yazılıb ki, 1908-ci ildən 1939-cu ilə qədər bu evdə doğulub, yaşayıb yaradıb. O 1908-ci ildə Sovetskidə doğulub. Həmin bu evdə 1933-cü ildə Dilbər xanımla evlənəndən sonra kirayədə qalıb. 1934-cü ildə Yazıçılar Birliyi tərəfindən ona həmin bu ev verilib. Həmin ildə də Müşfiqlə Dilbər xanımın övladı olub. Yalçın adını verdikləri oğlu 8 aylıq olanda dünyasını dəyişib. O vaxt tibb inkişaf etməmişdi. Bilinməyib ki, uşaq nədən ölüb?! 1937-ci ildə iyun ayının 4-də, ad günündən 1 gün öncə həbs olunub. 6 ay ona cəzalar verilib, dırnaqları çıxarılıb, başına olmazın bəlalar gətiriblər. 1938-ci ilin yanvar ayının 6-da da güllələnib. Müşfiq 1939-cu ildə o evdə necə yaşaya bilərdi?! Müşfiq həbs olunandan sonra da Dilbər xanım tutulub. Orada heç kim yaşamayıb. Qapı bağlı olub. Sonra həmin ev kimə verilibsə məlumatımız yoxdur. Hər dəfə şair haqqında nəsə yanlış məlumat veriləndə insana toxunur. Bir az diqqətli olsunlar. Bilirəm, Müşfiqi sevirlər, çox istəyirlər. Sağ olsunlar ki, unutmurlar. O nə gün-güzəran gördü ki, haqqında da bu qədər səhv məlumatlar verirlər?! Bir neçə yerə müraciət etmişik ki, həmin ərazidə Müşfiqin ev muzeyi yaradılsın. Hələ ki, müraciətimizə cavab verilməyib. Bundan başqa Müşfiqin Xızının Sayadlar kəndindəki ev muzeyinə gedən yolu da sel aparıb. Həmin ev qəzalı vəziyyətdədir. Aidiyyatı qurumların bizlərə dəstəyi lazımdır, hələ ki, bu dəstəyi hiss etmirik” deyə Reyhanə İsmayılzadə deyib.