7 yanvar 1940-cı il, sovet-fin müharibəsi çərçivəsində baş verən Raat yolu döyüşündə sovet ordusu dəhşətli məğlubiyyətə uğrayır: 44-cü diviziya minlərlə döyüşçüsünü, az qala bütün texnikasını itirir.

8-01-2024, 10:14           
7 yanvar 1940-cı il, sovet-fin müharibəsi çərçivəsində baş verən Raat yolu döyüşündə sovet ordusu dəhşətli məğlubiyyətə uğrayır:
1939-cu il noyabrın 30-da başlayan hərbi əməliyyatlar zamanı SSRİ-nin 163-cü diviziyası sərhədi keçərək qərbə doğru, Suomussalmi yaşayış məntəqəsinə tərəf irəlilədi. Finlər məntəqəni boşaldıb yandırdılar və geri çəkildilər. Qəsəbə dekabrın 7-də sovetlər tərəfindən tutuldu.
Bundan sonra finlər Suomussalmiyə gedən həm şimal, həm cənub yolunu bağladılar, 163-cü diviziyanın sovet ərazisi və digər sovet hərbi hissələri ilə əlaqəsi kəsildi. Yalnız donmuş Kintayarvi gölü üzərindən təchizat mümkün idi. Diviziya komandiri Zelentsov sərhədə doğru çəkilmək üçün icazə istədi, sovet komandanlığı isə bu istəyi rədd etdi, ona kömək göndəriləcəyini bildirdi. Amma kömək gələnə qədər dekabrın sonlarında 163-cü diviziya finlər tərəfindən artıq darmadağın edildi.
Bununla belə, sovet ordusu Ukraynadan yeni gətirdiyi 44-cü diviziyanı Suomussalmi istiqamətinə göndərdi. Diviziya darısqal Raat yolunda uzunluğu 20 km-ə çatan kolonla yürüş edirdi. Finlər onu Suomussalmiyə 12 km qalmış dayandırdılar. Həm fin artilleriyası, həm cinahlardan hücum edən xizəkçi döyüşçülər və snayperlər sovet diviziyasına ağır itkilər yaşatdılar.
Tələdən qurtulmaq üçün bir neçə cəhd göstərilsə də faydasız oldu. Fin hücumlarından meşələrə qaçaraq qurtulmağa çalışanların çoxu burada donaraq öldü. Raat yolunda döyüş yanvarın 7-də başa çatdı.
Finlər özlərinin 400 nəfər itkisi müqabilində sovetlərin 7-9 min itki verdiklərini söyləyirlər. Rusiya tarixçilərinə görə canlı qüvvəsi 14 minə çatan 44-cü diviziyadan Raat yolunda 3001 nəfər ölüb, 2243 nəfər itkin düşüb, 1300 nəfər isə əsir alınıb. Bundan əlavə, döyüşdə məhv edilməyən bütün texnika finlərin əlinə keçdi.
Sovet rəhbərliyi bütün günahı diviziya komandanlığının üzərinə atdı. Komandir Vinoqradov, qərargah rəisi Volkov və komissar Paxomenko güllələndilər. Aydın məsələdir ki, sovet dövründə tarixçilər nə Raat yolu döyüşündən, nə 44-cü diviziyadan bir şey yazmırdılar.
Yadigar Sadıqlı
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.