Baxışımı ətrafda gəzdirəndə diksindim, etinasız bir şəhər dayanmışdı qarşımda.

11-01-2024, 12:34           
Baxışımı ətrafda gəzdirəndə diksindim, etinasız bir şəhər dayanmışdı qarşımda.
Elmlər metrosunun qarşısından keçirəm. Metronun çıxışında 1.85-lik oğlan dayanıb. Əynində ağappaq köynək, əlində də bir dəstə ağ gül... kimisə gözləyir. Hava insafsızcasına qaralmışdı. Təəssüf ki, havanın qaranlıq fonunda oğlanın bu ağappaqlığı daha çox diqqətimi çəkirdi. Hansı türk serialından gəlib çıxmışdısa, mən tanımadım, amma anam yüz faiz tanıyardı. İstədim gedib duram yanında ki, kimi gözləyirsənsə, gəl bir yerdə gözləyək, görək kimdi o gələn...
Birdən yadıma düşdü ki, hava sevmək yox, evə qaçmaq havasıdı.
... Heç beş addım atmamışdım, gördüm gedə bilmirəm. Hamının ayaqüstə keçdiyi yerdə bir oğlan oturmuşdu. Oturmuşdu deyəndə ki, bir ayağı oturmuşdu, biri də yanında dəmir-dümür kimi dayanmışdı. Doğrudan belə idimi? Dəqiqləşdirmək üçün geri çevrilib bir də baxdım. Pul vermək üçün onsuz da gecikmişdim, amma birdən onu yanlış anlayıb pul versəm, inciyər düşüncəsi beynimdən güllə kimi gəlib keçdi.
Beynimi güllə kimi dəlib keçən elə bu düşüncəylə küncə çəkilib ovcumdakı pula baxırdım- necə verəcəkdim? Baxışımı ətrafda gəzdirəndə diksindim, etinasız bir şəhər dayanmışdı qarşımda. Anlayıram, hər kəsdə vəziyyət eynidi; işsizlik, işsizliyin fonunda pulsuzluq...
İki sağlam ayaq iş tapa bilmirsə, bəs bu oğlanın dəmir ayağı gedib harda iş tapa bilər?- deyə düşündüm. Əgər dilənirsə, niyə kimsə bu dəmir ayağın qarşısındakı qutuya bir dəmir qəpik taqqıldatmır? Qayıdıb bir dəfə də həmin oğlanın qarşısından keçdim, keçəndə qutuya baxdım, içində qəpik-quruş görünürdü. Demək, onun pula ehtiyacı var. Üçüncü dəfə də hərlənib qarşısından keçməliyəm?
Hansı üzlə?
Əlac yox idi, başqa bir üzlə...
Yenə geri qayıtdım, metrodan çıxan tünlüyə qoşulub bir dəfə də qarşısından keçdim. Məndən öndə keçən oğlan ona pul verəndə ürəkləndim. Pulu qutuya atanda: “çox sağ ol” – dedi.
Mənim utanmağım onun utanmağı fonunda daha da qərib görünürdü. Üzünə baxmadım, elə bil yanında xəcalətliydim. Elə bil mənə görə gedib özünü güllə qabağına vermiş, ölməyib ayağını itirmişdi. Demişdim axı, ayağın, əlin, qolun belə olsa, çox sevmə, axırda o da səni atıb gedir...
Görürsənmi, ayağın da gələcəm deyib, gəlmədi, amma...
Canın sağ olsun, qaqa, bu soyuqda sən bizdən bir əza az üşüyürsən.
Rejissor deyildimsə də hiss edirdim ki, burda bir kino gedir, sadəcə səhnə soyuqdu deyə, kimsə oturub bu filmə baxmır. Seans adamların işdən çıxış vaxtına düşüb, hər qatar gəlişiylə səhnə yenidən dolub-boşalırdı.
İndi hamının evinə tələsdiyi məqamda o dəmir ayağın yerində dayanıb demək istəyirdim, gəl bir yerdə gözləyək, görək kimdi o gəlməyən...
Beş addım öndə isə şair Qismət ayaq üstə şeir kimi dayanmışdı, görünür, o da kimisə gözləyirdi; hekayəmi, romanmı, povest, essemi - bilmədim. Ətrafa baxırdı, bəs mənim gördüklərimi o da görürdümü?
Bəlkə də məndən iki nömrə yaxşı görürdü - eynəyini deyirəm.
Özü də kiməsə gülümsəyirdi. Yəqin oğlanın heç cür gəlməyəninə gülümsəyirdi ki, mən gəlməyənləri şeir elədim, gör sən neynirsən, qaqa.
Tərane Əlizadə
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.