Yaşlı rus kişisi, Aygün Bəylərin Suraxanıdakı qəbri və Bakının girəcəyindəki sahibsiz başdaşı…

12-01-2024, 08:32           
Yaşlı rus kişisi, Aygün Bəylərin Suraxanıdakı qəbri və Bakının girəcəyindəki sahibsiz başdaşı…
Zülfüqar SAVAŞ

Sovet İttifaqı. Moskvanın mərkəzi zallarından birində zəhmətkeşlərlə görüş.

Təbliğatçı tribunadan üyüdüb tökür: Şəhərimiz dinamik inkişaf dövrünü yaşayır, Lermantov küçəsində əhalinin istirahəti üçün park istifadəyə vermişik, Lenin prospektində onlarla yeni yaşayış binası tikmişik, filan qədər fabrik, zavod inşa edirik və s.

Yaşlı bir kişi qorxa-qorxa əlini qaldırıb söz istəyir: Yoldaşlar, mən uşaqlıqdan Lermantov küçəsində yaşayıram, hər gün işə gedərkən Lenin prospektindən keçirəm. Amma nə dediyiniz parkı, nə yeni yaşayış binalarını, nə də tikilməkdə olan fabrik və zavodları görmüşəm.

Təbliğatçı əsəbi şəkildə kişinin sözünü kəsir: “Moskva küçələrində avaralanmaqdansa, hər gün “Pravda” qəzetini oxusaydın, inkişafdan sənin də xəbərin olardı”.

***

Belə… Mən də təxminən uşaqlıqdan mediadayam. Birinci kursda oxuyandan hər gün Sumqayıtdan Bakıya və geriyə qayıtmağa bəs edəcək qədər pulu qazanmaq üçün o vaxtın nüfuzlu qəzetləri ilə əməkdaşlıq etmişəm. Sonradan müxtəlif saytlarda çalışmışam, övladlarımı qonorarla böyütmüşəm. Yəni o yaşlı rus kişisinin sözü olmasın, mən də buralıyam, amma nə “Dərinləşən media islahatları”nı, nə “mediaya dövlət qayğısı”nı hiss etmişəm.

Yəqin, öz günahımdır, vaxtında “Pravda”nı oxumaq lazım idi.

***

Mövzuya heç dəxli yoxdur. Bir də belə bir qayda varmı ki, hər şeyin mövzuya dəxli olmalıdır? Yuxuda Aygün Bəylərin Suraxanı kənd qəbiristanlığındakı məzarını görmüşəm. Oyananda düşündüm ki, yəqin, Fəxri Xiyabanın çox görüldüyü Əməkdar artist də vaxtında “Pravda”nı oxumayıb.

“Pravda”nı oxumayan hər kəsi cəzalandırırlar. “Pravda”nı oxumayanlar xərçəngdən ölür.

“Pravda”nı oxumayanlar təklənir, təklikdən ürəkləri partlayır.

***

Söhbət məzardan düşmüşkən, yenə mövzuya heç dəxli olmayan məsələyə keçirəm. Azərbaycan mətbuatını da Fəxri Xiyabana buraxmayıblar, halbuki, mətbuatda “Pravda”nı oxuyan xeyli sayda həmkarlarım var. Amma niyə belə etdiklərinin səbəbini tapa bilmirəm. Niyə mətbuatın başdaşı Bakının cənub girişində, Jurnalistlər Binası formasında qoyulmalı idi? Bunun mistik mənasımı var, ya təsadüfən belə alınıb? Niyə musiqimizin məzarı Suraxanıda, mətbuatımızınkı Lökbatandadır?

Hər şeyin səbəbini bilməyə borclu olmadığımı anladığımdan sual ətrafında çox düşünməyəcəyəm.

Allah cəmi ölənlərə rəhmət eləsin…

Gedim həyətdəki “Tut ağacı”nın “Əkinçi”liyini eləməyə.

Bəlkə, tutdu?
savaş.org













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.