ƏLMANSURUN TALEYİ

20-01-2024, 10:54           
ƏLMANSURUN TALEYİ
Novruz Bayramı idi, 1981-ci ilin baharı.
Axşam Sovetin Mərkəzi Televiziyası pafosla növbəti "Soyuz" gəmisinin uğurla kosmosa göndərildiyini xəbər verdi. Sovet kosmonavtı Vladimir Canibekov ilə monqol kosmonavt Juqderdemidyin Qurraqça bir həftə boyunca Yer ətrafı orbitdə çalışacaqdılar. Rusların təcrübəli qadın diktoru monqol kosmonavtın adını 3-cü cəhddən sonra tələffüz edə bildi. Üzündəki istehzalı təbəssüm bəlkə də "monqollar kosmosu fəth edirlər" düşündüyü üçün yaranmışdı.
Bir il əvvəl keçirilmiş Moskva Olimpiya oyunları dünyanın aparıcı ölkələri tərəfindən boykot edilmişdi, ət və yağ talonla satılır, Sovetin təməli silkələnirdi artıq. Milyonların qanı bahasına qurulmuş ölkə labüd süqutuna doğru yol almağa başlamışdı.
Ekran qarşısında oturub monqol kosmonavtın adını hecalayaraq yadda saxlamağa çalışırdım - "Juq-juq-der-dur-dem-mur...". Çünki ertəsi gün fakultədəki tələbə dostlarımla "mırt" üçün təzə mövzu vardı. Ancaq monqol kosmonavtın kosmosun ənginliklərinə səyahəti bizim "itoynadan" uşaqların ağzına bir həftə sonra - kosmonavtları geri gətirən kapsulun Qazağıstanın Baykonur çöllərinə enməsi ilə düşdü, özü də tez populyarlaşmış bir anekdotla:
"Kosmonavtlar Yerə geri qayıtdıqdan sonra həkimlərin ciddi müayinəsindən keçirlər. Onların sağlam olduğu görülür, ancaq monqol kosmonavtın əllərinin üstünün qıpqırmızı olduğu təsbit edilir. Nə qədər soruşsalar da o, qızartının səbəbini demir. Məcbur qalıb kosmosdakı video görüntüləri incələyirlər. Və görürlər ki, monqol kosmonavt stansiyaya girən kimi ağzı açıq qalır, əlini uzadıb hər cihaza "Эт cто такой" (Это что такое) deyə soruşur. Rus da hər səfərində xətkeşlə onun əlinin üstünə vurub "Sənə deməyiblər ki, heç nəyə toxunma"deyə bağırırmış".
Əslində bu tragikomediya Sovetin ideoloji mənasızlığını göstərməklə qalmır, həm də "kosmonavtikada sosialist ölkələrinin həmrəyliyi"nin absurd olduğunu göstərirdi. Moskva hər sosialist ölkədən bir adam seçib onu boşu-boşuna kosmosa göndərir, Sovetlərin və sosialist bloku ölkələrin guya bu qədər inkişaf etdiyini dünyaya nümayiş etdirirdi. Kosmosa uçan çex, polyak, bolqar, macar, monqol və b. kosmonavtlar isə göyə əsasən göstəriş üçün, heç bir faydası olmayan bir maneken kimi uçurdular.
Kosmosa "dilxoşluq"eləməyə uçmuş, geri isə məktəbli uşaq kimi "cəzalandırılaraq" qayıdan Juqderdemidyin Qurraqça bir də kosmosa ilk ərəb uçanda düşmüşdü yadıma…
2019-da üç astronavt Beynəlxalq Kosmik Stansiyaya (ISS) uçdular. Oleq Skripoçka (Rusiya), Jessica Meir (ABŞ) və Hazza Əli Əlmansur (Birləşmiş Ərəb Əmirlikləri) ISS-də çalışdılar bir müddət. Hazza Əli Əlmansura baxanda yadıma Juqderdemidyinin qıpqırmızı əlləri düşmüşdü. Ümid edirdim ərəb astronavtın taleyi daha parlaq olacaq.
Amma deyəsən, Əlmansurun taleyi də monqol kosmonavtınkı kimi oldu…
İbrahim Nebioğlu
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.